Fazil Mustafa: “Türkiyənin əleyhinə olan şəxsin adına küçə var, amma Azərbaycanı xilas edən Nuru Paşanın adına küçə yoxdur”
Məlum olduğu kimi Milli Məclisdə konstruktiv müxalifət partiyası kimi tanınan üç təşkilatın sədri və deputat Azərbaycan hökumətinə müraciət edərək Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılmasını tələb edib. İlham Əliyevə bu məqsədlər göndərilən müraciətə BQP sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov imza atıb. Deputatlar bir zamanlar Bakını işğaldan azad edən, Azərbaycan milli hökumətinin Gəncədən Bakıya köçməsi imkanı yaradan, azəri türklərinin erməni silahlı dəstələri tərəfindən qətliam olmasının qarşısını alan Nuru Paşanın layiqli qiymətinin verilməsini istəyirlər və bu məqsədlə də kampaniyaya başlayıblar. Qeyd edək ki, Azəbaycan hökuməti M.Ə.Rəsulzadənin adının əbədiləşdirilməsindən çəkindiyi kimi Nuru Paşanı qısqanmaqda da davam edir. Nuru Paşaya belə sayğısız münasibətin Türkiyə hökumətinin rəsmi Bakıdan narazı qalmasına da səbəb olub. Bütün bu məsələlərlə bağlı BQP sədri Fazil Qəzənfəroğlu danışıb. - Fazil bəy, İlham Əliyevə müraciət edərək Nuru Paşanın adının əbədiləşdirilməsi üçün addımlar atmasını xahiş etmisiniz. Sizi belə bir müraciət hazırlamanıza nə səbəb olub? - Bildiyiniz kimi biz artıq kampaniyaya başlamışıq. Kampaniya “Nuru Paşanı tanıyaq və ondan halallıq alaq” adı altında keçirilir. Şəxsən mən hesab edirəm ki, Nuru Paşa Azərbaycan tarixində ən böyük ədalətsizliklə üzləşən tarixi şəxsiyyətlərdən biridir. Azərbaycan xalqının əgər azca da olsa qədirşünaslıq duyğusu varsa Nuru Paşanın haqqını qaytarmalıdır. Yəni bizi erməni quldurlarının cəngindən qurtaran, Azərbaycan üçün həyatı boyu fədakarlıq edən ən böyük qəhrəmanlardan biridir. Amma bu günə qədər Azərbaycanda bu dahi şəxsiyyətin adını xatırladacaq heç nə yoxdur.Açığı bu situasiya mənə çox ağır gəlir. Ona görə də, Nuru Paşanın Azərbaycan cəmiyyəti tərəfindən tanınması üçün hansı addımlar atılması haqqında ciddi düşünürəm. Bu şəxsiyyətin gördüyü işləri cəmiyyətimiz bilməli və həmdə onu qiymətləndirməlidir. Məhz buna görə kampaniya başlatdıq və sosial şəbəkələrdə olan dostlarımıza təklif etdik ki, bu istiqamətdə bizə təkliflərini versinlər. Açığını deyim ki, bizə çoxlu sayda təkliflər aldıq. Sonradan bu təklifləri ümumiləşdirərək müraciət halına saldıq. Millət vəkillərindən BAXCP sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov bu müraciətə imza atacaqlarını, bu kampaniyaya qoşulacaqlarını bildirdilər. Onlar dedikləri kimi də etdilər. Artıq prezidentə üç millət vəkilinin adından müvafiq müraciət göndərilib. Onu da qeyd edim ki, biz bu kampaniyanın bir hissəsini həyata keçirmişik. Daha bir qisim işlər var ki, onları da həyata keçirəcəyik. Biz bütün bu hallarda Nuru Paşa məsələsini gündəmə gətirəcəyik. Əlbətə ki, araşdırma yazılar, məqalələri, video film göstərilə olacaq. - Deyirsiniz ki, Nuru Paşanın haqqını qaytarmalıyıq. Bu haqqı kim qaytarmalıdır: Lerikin dağ kəndində yaşayan bir vətəndaşmı, yoxsa hakimiyyətmi? - Əslində Nuru Paşanın haqqını həm xalqımız, həm də hökumət qaytarmalıdır. Çünki xalqın təmsilçisi qismində hökumət çıxış edir. Hökumət də xalqın iradəsinə uyğun hərəkət etməlidir. Sadəcə olaraq xalqın özünün iradəsi bu mövzuda bilgisizliklə doludur. Birinci, xalqda bilgi yaratmaq lazımdır. Nuru Paşa haqqında danışanda hər kəs bilməlidir ki, bu qəhraman haqqında danışılırsa, hər bir evdə onun şəkili olmalıdır. Əgər qəhraman deyiriksə, Azərbaycanı xilas edən bu şəxsi heç olmasa gündə bir dəfə rəhmətlə anmalı, ruhuna dualar oxumalıdır. Biz bunları etməliyik. Bunu eləməsək qədirbilən xalq anlayışından çox-çox uzaq qalmış olarıq. Bu baxımdan mən Nuru Paşa məsələsinə çox böyük önəm verirəm və hesab edirəm ki, gec-tez hökumətdə xalqın böyük qismində bu istək olduğ təqdirdə Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Söhbət ondadır ki, bu gün Bakının mərkəzi küçələrinin biri Mustafa Süphi adlı şəxsin adına daşıyır. Bu şəxs Türkiyədə Kommunist Partiyasının rəhbərlərindən olub və dənizdə boğulub. Təsəvvür edin ki, Bakda Türkiyəyə qarşı çıxış edən bir şəxsin adına küçə var, amma Azərbaycanı xilas edən Nuru paşanın adını xatırladacaq bir löhvə yoxdur. Məncə, bu çox ağır və acınacaqlı haldır. - Sizcə, hakimiyyət niyə bu məsələni həll etmir, prinsipcə, bu ciddi problem deyil? - Problem ondadır ki, bəzi tarixçilər dövlət səviyyəsində rəy yaratmağa çalışırlar ki, guya Nuru Paşa Azərbaycanı işğal eləməyə gəlibmiş və Azərbaycanın dövlət müstəqilliyini istəmirmiş. Halbu ki, Nuru Paşa gəlib ölkənin regionlarını və paytaxtı düşməndən təmizləyib, milli hökumətə deyib ki, Bakıya köçün. Bundan başqa, Nuru Paşa Qarabağa gedib, oradakı erməniləri cəzalandırıb, Şuşada hərbi parad təşkil edib. Həmdə başqa yerə getməyib, Azərbaycana gələrək burada mübarizəsini davam etdirib. Hansı haqla onun barəsində böhtan və iftira səsləndirmək olar? Bu təsəvvürlər var. Şəxsən mən, bir neçə vəzifəli şəxslərlə görüşmüşəm və onlarda belə təsəvvürlərin olduğunu görmüşəm. Əlbəttə, bu yanlış təsəvvürlərdir. Çünki onsuzda Azərbaycanın yaradıcı düşüncəsi olmayan tarixçiləri var və onlar tarixi təhrif etməkdə müəyyən dərəcədə iz qoyublar. Sadəcə Nuru Paşa ilə bağlı tarixi təhrif etmək ədalətsizlikdir. Və bu kişinin əməyi, haqqı verilməlidir. - Sizə elə gəlmirmi ki, Nuru Paşanın haqqının verilməməsi heç də, tarixçilərin yaratdığı saxta rəylə bağlı deyil, bu sadəcə siyasi məsələdir və hakimiyyətdə olan şəxslər Nuru Paşanı qısqanırlar? - Əlbəttə burada siyasi məsələ var. Eləcədə qısqanclıq məsələsi var. Hansısa türk generalını niyə özümüzə qəhraman edək kimi yanaşma da var. Amma bacımız, anamız, qardaşımız erməni süngüsü altında olanda xilaskar axtarırdıq. Məmməd Əmin Rəsulzadə deyirdi ki, Nuru Paşa Gəncəyə gələndə camaat onu sanki göydən bir mələyin endiyi kimi qəbul edirdi. Bu həmin xalqdır ki, xilaskar kimi baxdığı bir adama bu gün üstündən 95 il keçəndən sonra adını belə xatırlamır. Buna necə barəət ola bilər? Ona görədə bu məsələdə hansı siyasi yanaşma olur-olsun, bu gün azərbaycanlıyam deməyi özünə fəxr bilən şəxs bu haqqı Nuru Paşaya qaytarmalıdır. - Şəhidlər Xiyananın yanında Türkiyənin inşa etdiyi məscid var. Həmin məscid hazırda fəaliyyət göstərirmi? - Yox. Mən bildiyim qədər siz deyən məscid qapalıdır. - Sizə elə gəlmirmi ki, bütün bunlar bir-biri ilə bağlı məsələlərdir? - Ola bilər ki, bunlarda müəyyən bir əlaqə var. Bunu istisna etmirəm. Amma mən hesab edirəm ki, məscid qapatmaq doğru addım deyil. Xüsusilə, bir türk məsçidini qapatmaq heç bir normal məntiqə sığmır. Əslində mən bu məsələni araşdırmışam və demişdilər ki, yaxın zamanda məscid açılacaq. Amma yaxın zaman artıq iki il müddətindən çox çəkdi. Fikrimcə, biz yanlış davranışları yığışdırmalı və belə şeylərdən uzaq olmalıyıq. - İddia edilir ki, əslində Nuru Paşaya abidə qoyulmaması, məscidin bağlanması daha çox Azərbaycan-Türkiyə münasibətlərində olan problemlərlə bağlıdır və Ərdoğan hakimiyyəti bu iki haldan ciddi şəkildə narazıdır... - Müəyyən problemlər əlbəətə ki, olmamış deyil. Amma mən bu məsələni mürəkkəbləşdirməmək üçün o tərəflərə varmağı məqbul hesab etmirəm. Və Azərbaycan-Türkiyə münasibətlərini də qeyd etmirəm. Mən sadəcə deyirəm ki, bu haqqdır və bu haqqı Azərbaycan verməlidir. İndi bu türk zabitidir və ya avar, ləzgi millətinin təmsilçisi olaraq gəlib azərbaycan xalqı üçün bir qəhramanlıq göstəribsə, onun haqqı verilməlidir.Yoxsa bunu Türkiyə ilə münasibətlər konteksində götürsək məsələ mürəkkəbləşər. - Fazil bəy, son zamanlar dini kəsimlə bağlı yaranan problemləri necə qiymətləndirirsiniz. Açıq-aşkar şəkildə görünür ki, şiə təriqətinə mənsub olan dindarlar həbs edilir? - Burada birmənalı şəkildə hökuməti də günahlandırmaq olmur. Hökumətin də müəyyən dərəcədə narahat olduğu məqamlar var və bunda da haqlıdır. Bu istər İran, istərsədə başqa ölkələr yönümlü dil anlayışlarında olsa da, problemlər qalmaqdadır. Bir qədər diqqətli olmaq lazımdır ki, bu problemlər dərinləşməsin. Bunun həlli istiqamətində ağıllı addımlar atılmalıdır. Din siyasəti Azərbaycanda yetərli səviyyədə püxtələşməyib. Ona görədə dinə bir təhlükə kimi baxılması tendensiyası var. Bu da üzücü haldır. Bunu ortadan qaldırsaq problemlərin çoxu həll olunar. Ümumiyyətlə məscid qapatmaq yanlışlıqdır. Məscidin içində yanlışlıq varsa onu düzəltmək lazımdır.Allahının evinin hər hansı şəkildə bir qınaq obyektinə çevrilməsi doğru deyil. - Konkret olaraq niyə məhz şiə təriqətinə mənsub olan dindarlar həbs edilir, məhz onların istiadə etdiyi məscidlər qapadılır, bu onların güclənməsi ilə bağlıdırmı? - Əslində sizə deyim ki, burada söhbət yalnız şiələrdən gedə bilməz. Radikal yönümdə olan bütün dini kəsimlərə qarşı sərt mübarizə ortaya qoyulub. Əgər araşdırılsa görərsiniz ki, daha çox bu istiqamətdə hüquq və qanuna tabe olmayan bir anlayışla hərəkət edən qüvvələr qarşı davranış var. - İran meylli qüvvələr Azərbaycanda mövcuddurmu və onlar nə dərəcədə təhlükəlidir? - Hər halda İran meylli qüvvələr təhlükəli deyil, İranın özü təhlükəlidir. İran Azərbaycanın dövlət müstəqilliyinə qarşı çox sərt münasibət sərgiləyir. Problem bundadır. Yoxsa İran meylli qüvvə nəyisə dəyişdirəcək və ya problem yaradacaq imkana sahib deyil. Çünki dövlət kifayət qədər güclüdür. Sadəcə oradan gələn diktə ilə hərəkət edilir. Məsələn, Türkiyə meylli dindar fərdi olaraq problem yarada bilər, amma onun arxasında dövlət dəstəyinin olması mümkün deyil, çünki Türkiyə Azərbaycana dost ölkədir. Dost ölkənin isə Azərbaycana münasibətdə pis niyyətləri ola bilməz. Amma İranla bağlı bunu demək olmaz. - Azərbaycanda siyasi islamın təhlükəsi və buna doğru tendensiya varmı? - Əslində islamın siyasiləşməsinin getdiyini iddia eləmək doğru olmazdı. Bizdə islam adına partiyalar sağlam və cəmiyyətin böyük hissəsini əhatə edəcək potensiala sahib deyillər. Odur ki, bu qorxu yaratmır. Sadəcə bunu bilərəkdən qorxuya çevirirlər. Əslində islam adına partiya yaratmağın özü bir cahillikdir. Eləcədə islam adına dövlət rejimi qurmaq da cahillikdir. Bunu quranlar əslində islamı dünyəviləşdirərək nüfuzdan salmağa səbəb olurlar. Əlbəttə ki, bu da yanlış bir haldır və cəhalətin bir nümunəsidir. Bu baxımdan islam bizdə siyasiləşmir. Sadəcə islamı eybəcərləşdirməyə çalışışan insanlar var ki, bu da qınaq obyektinə çevrilir. - Son illər insanların kütləvi şəkildə islama meyllənməsini necə izah etmək olar? -Bu təbii prosesdir və islama meyl çoxalır. Çünki insanlar bütün hallarda ədalət duyğusu və gələcək həyatla bağlı rahatlıqlarını dində tapırlarsa və ibadətlərini səviyyəli şəkildə həyata keçirirlərsə, biz buna müsbət yanaşmalıyıq. Yəni bu prosesdən qorxmaq lazım deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?