Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev regionda və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.
- Elxan müəllim, ABŞ-da prezidentliyə namizədlər Hillari Klinton və Donald Trampin ilk debatı keçirildi. Görünən budur ki, debatdan 4 saat sonra Klintonun reytinqində qalxma müşahidə olundu. Sizcə, dünyanın siyasətinə təsir edəcək ABŞ seçkilərində namizədlərin son durumu və şansı necədir?
- Debat yenicə başa çatıb. Normalda debatdan sonra ABŞ-mediasını və qəzetlərini izləmək lazımdır. Çünki bir çox hallarda media da sorğular təşkil edir. Yəni debata baxmadan, habelə yazılı medianı izləmədən birmənalı söz demək doğru olmazdı. Hazırda mən bu prosesi izləyirəm. Debat maraqlı olub. Düzdür, bu bir neçə saat əvvəl başa çatıb və indidən konkret söz demək düz deyil. Məsələn, mən özüm səhər bir sıra kanallara baxdım. Hər kanal debatla bağlı bir cür fikir səsləndirirdi. Fikrimcə, yazılı mətbuata da diqqət etmək lazımdır. İkincisi, nəzərə alın ki, bu əsas namizədlər arasında ilk debatdır. Bundan sonra namizədlər arasında daha iki debat təşkil ediləcək. Hesab edirəm ki, bu debatları sona qədər izləmək faydalıdır. Ancaq o həqiqətdir ki, keçirilən debatlar namizədlərə imkan verir ki, daha çox elektoratı öz ətrafına toplaya bilsin.
- ABŞ seçkiləri həmdə ona görə maraqlıdır ki, seçki öncəsi Ağ-Ev Suriyanın Mosul və Rakka şəhərlərində hərbi əməliyyatlar keçirməyi planlaşdırır...
- Fikrimcə, bu məsələ hələlik çox dumanlıdır. Çünki ABŞ prezidenti Obama daima bu işə dərin qarışmağın əleyhinə olub. İndi isə Obama prezidentlik dövrünü başa vurur və prezidentlik postunu yeni seçilən şəxsə verəcək. Belə bir məqamda onun böyük bir hərbi əməliyyata start verəcəyi dumanlı və riskli görünür. Baxmayaraq ki, prezident Obamanın müdafiə naziri bu məsələlərdə qətiyyətlidir, ancaq istənilən halda siyasi rəhbərliyin siyasəti daima bu məsələlərdən kənarda durmağa yönəlib.
- Prezident Ərdoğan ABŞ-dan qayıdarkən təyyarədə açıqlamışdı ki, ABŞ oktyabrda Mosul və Rakkanı İŞİD-dən təmizləmək üçün hərbi əməliyyatlara başlamağı planlaşdırır. Prezident əlavə etmişdi ki, ABŞ-a bu məsələdə birgə iştirak etmək təklifini verib...
- Amerika bu məsələlərdə Ərdoğanın iştirakını istəmir. Səbəb də, odur ki, arada çoxlu problemlər var. Həm də Mosul İraqda olduğundan İraq hökuməti Türkiyənin bura daxil olmasının əleyhinə olduğunun şahidi olmuşuq. İndiyə qədər də, Türkiyəyə qarşı alçaldıcı bəyanatdan sonra İraqla Türkiyə arasında münasibətlər soyuqdur. ABŞ İraqda verdiyi qurbanlara görə, burada vahid söz sahibi olmaq niyyətində və əzmindədir. Üstəlik Ağ-Ev Rusiyanın da bura qarışmasını əsla istəmir. Bu baxımdan Mosul əməliyyatına bir qədər ehtiyatlı yanaşıram.
- Yeri gəlmişkən, Şimali İraq Kürd Muxtariyyəti ilə rəsmi Bağdad arasında Mosulda referendum keçirilməsinə dair razılıq əldə olunub. Referendumla Mosul əhalinin kürd muxtariyyətinin, yoxsa İraq mərkəzi hökumətinin idarəçiliyində olacağı müəyyənləşəcək. Bu yeni hadisədir?
- Bilirsinizmi, bu məsələ ola bilsin ki, sizin üçün yenidir. Ancaq illər öncə bu məsələ müzakirə mövzusu idi. Başqa sözlə, müzakirələr Mosul və Kərkük ətrafında gedirdi. Ancaq bununla bağlı son qərar yox idi. Müşahidələr göstərir ki, İraq mərkəzi hökuməti gücləndikcə Mosulun kürd muxtariyyətinin idarəsi altında olmasının əleyhinə olacaq. Bu dəqiqdir. Lakin indiki halda İraq hökumətinin Mosul ətrafında İŞİD-ə qarşı gücü yoxdur ki, burada hərbi əməliyyat keçirsin və peşmərgə dəstəyi olmadan ərazini İŞİD-dən təmizləsin. Başqa sözlə, Mosul əməliyyatı olacaqsa, ABŞ qüvvələri havadan dəstək versə belə, Bərzani qüvvələrinin iştirakı olmadan bura quru qüvvələrinin daxil olması çətindir. İndiki məqamda həmin ərazidə daha qətiyyətli olan kürd qüvvələridir. Başqa sözlə, kür muxtariyyətinin hərbi qüvvələridir. İraq hökuməti də, buna şübhə ilə yanaşır. Düşünür ki, Bərzani qüvvələri Mosula daxil olacaqsa, İŞİD təmizləndikdən sonra şəhər kürd muxtariyyətinin rəhbərliyi altında qalacaq. Odur ki, Mosulla bağlı belə ziddiyyətlər mövcuddur. Əslində Mosulun indiyə qədər İŞİD qüvvələrinin nəzarəti altında qalmasının səbəblərindən ən əsası da budur.
- Ərdoğan elan etdi ki, onlar istənilən halda Suriyada hərbi əməliyyatlarını davam etdirəcək. Görünən budur ki, Ağ-Ev Türkiyənin bu addımlarını dəstəkləmir. Bu durumda hansı vəziyyət ortaya çıxa bilər?
- Mən düşünmürəm ki, Türkiyə hərbi qüvvələri təkbaşına Suriya ərazisinə daxil olsun. Hazırda Türkiyənin müəyyən qüvvələri Suriyaya daxil olub. Lakin bu Amerika ilə deyil, Rusiya ilə razılığa əsasən daxil olub. Rusiyanın razılığı olmadan Suriyaya daxil olan Türkiyə qüvvələri Rusiyanın əks hücumuna məruz qala bilərdi. Putinlə görüşdən sonra çox da dərin məsələlər üzrə deyil, əsasən Türkiyə ilə sərhəddə yaxın və kürdlərin ələ keçirdiyi ərazilərin ərəblərin nəzarətinə verməsi siyasətini apardı. Fikrimcə, bu Moskva ilə əldə edilən razılığa əsasən edilir. Odur ki, Türkiyə ilə ABŞ arasında narazılıq davam edir. Bunun fonunda ABŞ PYD qüvvələrini silahlandırmaqda davam edir. Türkiyənin Suriya ilə sərhəddə azad etdiyi ərazilər isə əsasən İŞİD və PYD-nin ələ keçirdiyi bölgələr olub.
- Hazırda Türkiyə daha çox El-Bab və Menbiç bölgəsini ələ keçirmək istəyir. İddiada budur ki, İŞİD qüvvələrini burada cəmləşdirir. Əgər Türkiyə bu əraziləri tutsa nəticəsi necə olacaq?
- Dediyiniz ərazilər hazırda İŞİD-in nəzarətindədir. Əlbəttə, əgər Türkiyə bu ərazilərə daxil olacaqsa, Rusiyanın razılığı ilə baş tutacaq. Üstəlik burada ABŞ-ın fiziki gücü yoxdur ki, vəziyyəti dəyişsin. Başqa sözlə, ABŞ bu addıma görə Türkiyədən narazı qala bilər, lakin onun vəziyyətə təsir etmək imkanı yoxdur. Üstəlik bu ərazilər İŞİD qüvvələrinin nəzarətində olduğu üçün anti İŞİD
kampaniyası çərçivəsində türk qüvvələri bu ərazilərə daxil olur. Bu addım həm də Bəşər Əsədin maraqlarına cavab verir. Türkiyə bu əraziləri azad etdikdən sonra yerli ərəblərə verir. Zatən bu ərazilər ərəblərin məskunlaşdığı yerlər olub. Türkiyə ehtiyat edir ki, PYD buranı ələ keçirə, etnik təmizləmə edərək kürd dəhlizinə çevirə bilər. Odur ki, Ankara bu addımları ataraq bölgədə PYD varlığını aradan qaldırmaq istəyir.
- Qəribədir, Moskva ilə Ankara yaxından əməkdaşlıq edir, lakin prezident Ərdoğan həmkarı Pareşonko ilə görüşdə bəyan etdi ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir...
- Türkiyə NATO üzvüdür. Üstəlik dünya birliyinin mövqeyi odur ki, Ukraynanın ərazi bütövlüyü müdafiə edilməlidir, ən azı siyasi bəyanatlarda vurğulanmalıdır. Rusiyada artıq bu münasibətə öyrəşib. Rusiya ilə Azərbaycanın münasibətləri yüksəkdir. Ancaq biz də Ukraynanın ərazi bütövlüyünü bütün forumlarda dəstəkləyir. Türkiyə ilə bağlı məsələyə də bu konteksdə yanaşmaq lazımdır.
- Hazırda Ukrayna ilə Donetski və Luqanski arasında hərbi aktivlik müşahidə edilir. Sizcə, bu hansı nəticələrə səbəb ola bilər?
- Mənim qənaətimcə, indiki mərhələdə rəsmi Kiyev hərbi aktivliyə başlayarsa, bu addım onun özü üçün mənfi nəticələrə səbəb ola bilər. Çünki Minsk razılaşması var. Minsk razılaşması Ukraynanın bütövlüyünü və suverenliyini təsdiq edir. Lakin Ukrayna hökuməti hələ də həmin əraziləri tamamilə Ukraynanın suverenliyində görmək arzusudur. Amma Azərbaycanın illər əvvəl düşdüyü durum, torpaqlarımızın işğalı təcrübəsi bizə deyir ki, Ukrayna hökuməti çox səhvlər edir. Onlar indidən və gecikmədən həmin ərazilərə status verməyə hazır olmalıdırlar. Zaman keçdikcə Ukrayna hökuməti indi qarşı tərəfin istədiyi statusu verməyə razı olacaq, lakin ruslar bundan çoxunu istəyəcək. İndiki mərhələdə Kiyev hesab edir ki, məsələni bir qədər yubatmaq və bunun fonunda iqtisadi, siyasi, hərbi imkanları qüdrətlənə bilər. Odur ki, bu məsələdə süni ləngimələrə yol verir. Bu baxımdam indi Ukrayna hərbi qarşıdurmaya gedərsə Rusiya tərəfindən ağır zərbə alacaq. Üstəlik hərbi toqquşma Minsk razılaşmasının pozulmasına apara bilər. Bu da Ukraynanın maraqlarına uyğun deyil. İndiki dönəmdə Ukrayna həmin ərazilərə status verməklə suverenliyini bərpa etmək, Rusiya ilə normal münasibətlər quraraq ölkəni inkişaf etdirə bilər. Ancaq indi bu məsələni daxili siyasətə çevirərək uzadarsa, o zaman həmin ərazilərdə Ukrayna suverenliyi qeyri-müəyyən olacaq.
- Qonşu və düşmən Ermənistanda da mürəkkəb siyasi durum müşahidə edilir. Faktiki hökumət istefaya göndərilib, yeni hökumət qurulur, daxildə ciddi narazılıq var. Bu vəziyyəti necə şərh edirsiniz?
- Əvvəla Ermənistanda hakimiyyət dəyişikliyi baş verməyib. Sadəcə olaraq Rusiyaya daha yaxın şəxs baş nazir postuna gətirilir. Guya yeni baş nazir yeni ideyaları və baxışları, habelə əlaqələri ilə erməni iqtisadiyyatını dirçəldəcək. Amma yeni baş nazir etiraf edir ki, erməni iqtisadiyyatı ağır vəziyyətdədir və vədlər vermir ki, vəziyyəti düzəldəcək. Bu daha çox ağır vəziyyətdə olan xəstənin müalicəsinə oxşayır. Daha yaxşı həkim gətiriblər ki, xəstəni müalicə etsin, amma xəstənin vəziyyəti də çox ağırdır. Ermənistandakı durum daha çox buna oxşayır.
- ABŞ-da prezident seçkilərindən sonra Rusiyaya münasibət və siyasət dəyişəcəkmi?
- Bu daha çox kimin prezident seçiləcəyindən asılıdır. Əgər Hillari Klinton prezident seçiləcəksə, bu zaman Rusiya ilə münasibətlərdə indiki siyasətə oxşar siyasət yürüdüləcək. Donald Tramp prezident olacaqsa bu zaman dəyişiklik edəcək, Rusiya ilə siyasətdə yeni münasibət quracaq. Bu baxımdan ortada fərqli iki namizəd var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?