Əli Əliyev: “Mütəllibov Moskvanın Azərbaycanla bağlı planlarından məlumatlıdır”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəni təqdim edirik.
- Azərbaycanda siyasətində beşinci “kalon” sözü dəbdədir. Xüsusilə, şimal qonşumuza bağlı olan kalon haqda danışılır. Sizin bu məsələlərə yanaşmanız necədir?
- Azərbaycanda təkcə şimal qonşumuzun beşinci kalonu mövcud deyil. Digər qonşu dövlətlərin də beşinci kalonu var. Mən deyərdim ki, Azərbaycan bir siyasi coğrafiya olaraq siyasi poliqondur. Burada zəif olsa belə, həm qərbin, həm də qonşu İranın beşinci kalonu var. Türkiyədə FETÖ məsələləri zamanı bəlli oldu ki, bizdə Türkiyənin beşinci kalonu da hakimiyyət dəhlizlərində və cəmiyyətdə mövcuddur. Onlar məscidlərdə gizlənirlər, imamları yüksək səviyyədə dövlət postu tutur. Bu hökumətin səhv siyasətinin nəticəsidir ki, Azərbaycan başqa dövlətlərin mövqe uğrunda savaş meydanına çevrilib. Təəssüflər olsun ki, ölkəmizdə beşinci kalon rəngarəngdir. Onun bütün səviyyələrdə və seqmentlərdə öz nümayəndələri var. Düzdür, bu gün Rusiyanın beşinci kalonu daha güclüdür və bunu etiraf etmək lazımdır. Onlar utanmadan və çəkinmədən Azərbaycan dövlətinin SSRİ-nin yeni versiyasında olan bir ittifaqa cəlb etmək təşəbbüsü göstərirlər.
- Bunların içərisində ən təhlükəsi hansıdır?
- Mən hesab edirəm ki, bütün bunların fonunda ən zəif kəsim məhz azərbaycanpərəst qüvvələrdir, Azərbaycanın özünün beşinci kalonudur. Azərbaycanın maraqlarına xidmət etmək dəbdə olmayan fəaliyyət istiqamətidir. Bu yöndə fəaliyyət göstərən siyasi qüvvələr həm hakimiyyət, həm də beynəlxalq çevrələr tərəfindən dışlanır. Təəssüf yaradan odur ki, Azərbaycan hakimiyyəti belə qüvvələrə sahib çıxmır, əksinə, özünün siyasi tavanının zəif olduğunu bildiyindən daha çox beynəlxalq güclərin xahişlərini yerinə yetirir. Bu kalonların hamısının formalaşmasında xarici qüvvələrin xahiş və minnəti durub. Mən inanmıram ki, təsadüfi adamlar Azərbaycan hakimiyyətinin yuxarı pillələrinə xahişlərsiz qalxa bilər, parlamentə yerə ala və mövqe tuta bilərdilər. Bunların hamısı xarici qüvvələrin xahişləri ilə olub. İndi də deyilir ki, Azərbaycan hökumətində kifayət qədər FETÖ-çu qalmaqdadır. Parlamentdə də bunun işartılarını görürük. Baxmayaraq ki, Azərbaycan Türkiyə ilə qardaşlı1q münasibətlərini ifadə edir. Rusiya ilə də eyni mənzərənin şahidiyik. Azərbaycanda kifayət qədər yüksək postunda olan adamlar var ki, Rusiyanın dövlətinin təltiflərinə layiq görülür. Bunun Rusiya ilə birgə olmanın ideoloji işartıları cəmiyyətdə hər addımda qarşımıza çıxır. İranın da burada ciddi qurumları var. Bunlar göstərir ki, hakimiyyət doğru siyasət aparmır. Hakimiyyət azərbaycanpərəst qüvvələrə dəstək vermək əvəzinə, başqa dövlətlərin qulluğunda hazır olan mərkəzlərin formalaşmasına göz yumur. Hesab edirəm ki, gələcək üçün təhdid və təhlükə də budur.
- Azərbaycanın birinci prezidenti Mütəllibovu 5-ci kalona aid etmək olarmı?
- Əslində Mütəllibovun bu gün siyasətlə məşğul olduğuna inanmıram. Çünki bu adam təqaüdlə yaşayır, dövlət imtiyazlarından istifadə edir. Bu gün açıq formada kiminsə oyunçusu olmaq iqtidarında deyil və zatən arxasında da ciddi siyasi güc də yoxdur. Sadəcə olaraq Mütəllibovun 8 dekabr bəyanatı təsadüfi hesab olunmamalıdır. Mütəllibov kifayət qədər məlumatlı şəxsdir, xüsusilə Rusiyada baş verən hadisələrdən, Rusiyanın Azərbaycan istəyi ilə bağlı geniş məlumat bazasına malikdir. Mütəllibov fərqindədir ki, uzun illər onu Rusiya ərazisində Azərbaycandan gizli saxlayan və onun hakimiyyətə gəlməsində iştirakı olan Moskvanın Azərbaycanla bağlı planları nədir. Bir növ Mütəllibov borcunu qaytararaq belə bəyanatlarla çıxış edir. Çalışır ki, hakimiyyət daxilində və Kremlidə Azərbaycanla bağlı işləyən şəxslərin marağında olsun. Bununla bir növ hakimiyyət daxilində Rusiyapərəst qüvvələrə dəstək verir, həm də ideoloji olaraq cəmiyyəti hazırlayır ki, Azərbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çevrilməsində heç bir təhlükə mövcud deyil. Yeri gəlmişkən, iki gün əvvəl Qarbaçov SSRİ coğrafiyasında yeni dövlətin və ittifaqın yaranmasının mümkünlüyü barədə bəyanat verib. Bu da təsadüfi deyil. Rusiya siyasi ideoloqları keçmiş nüfuzu bərpa etmək üçün SSRİ coğrafiyasında yeni dövlətin yaranması təşəbbüsünü göstərirlər. Neçə illərdir ki, bu proses gedir, bunun müəyyən konturları görünür. Avrasiya İttifaqı, Gömrük Sazişi və son hərbi müqavilə gələcək dövlətin siyasi elementləri kimi qiymətləndirilməlidir. Fikrimcə, bu münasibətlər sistemi dərinləşəcək. SSRİ-nin yaranma tarixinə diqqət etsək, 1920-ci illərdə SSRİ-nin yaranması yumşaq sazişlərdən, ideoloji birliklərdən başlayır, 1930-cu illərin ortasından isə dəmir əllə ideoloji imperiyaya çevrildi.
- Ayaz Mütəllibov bəyan edib ki, Ermənistan-Rusiya birgə hərbi qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil. Sizcə, sabiq prezident bu fikrində haqlıdır?
- Mən onun bəyanatını mənfi qiymətləndirirəm. Mütəllibovun ümumiyyətlə belə məsələlərdə susması daha düzgün olardı. Çünki belə çıxır ki, belə fikirləri ilə Mütəllibov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını təklif edir. Bildiyiniz kimi Ermənistan və Rusiya MDB çərçivəsində yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfləridir. Azərbaycanın da bu şuraya süründürülməsi bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun deyil.
- Əslində belə görüntü var ki, siz Mütəllibovla qarşı kəskin mövqedə durursunuz, ona nifrətiniz var...
- Əslində bunu siz dediyiniz kimi təqdim etmək istəyən maraqlı qüvvələr var. Mən bunun siyasi pərdəarxasının nədən ibarət olduğunu bilirəm. Ancaq mənim Mütəllibova münasibətim aydındır. Mütəllibova bir Azərbaycan ixtiyarı kimi yanaşıram, ona qarşı şəxsi məsələlərdən qaynaqlanan neqativ münasibətim yoxdur. Ömrümdə Mütəllibovu cəmi bir dəfə, ailə üzvünün yasında görmüşəm. Mütəllibovun Azərbaycan dövlət müstəqilliyində rol oynayan şəxs kimi qiymətləndirmişdim. Ancaq onun bu ilin 8 dekabrda müsahibəsi oldu. Həmin müsahibə söhbət 1991-ci ilin 8 dekabr tarixində SSRİ-nin dağılmasıın 25 illiyinə həsr edilmişdi. Mən həmin müsahibədə səsləndirilən fikirlərə etiraz etmişəm. Bu müsahibəyə qədər mən Mütəllibovla heç bir problem yaşamamışam və yaşamaq niyyətim də olmayıb. Mütəllibov Azərbaycan siyasətinin dünənidir, o artıq təqaüd dövrünü yaşayır, yaşı 80-ə yaxınlaşır. Mənim ona Azərbaycanın keçmiş rəhbəri və Azərbaycanın dövlət müstəqilliyinə imza atan şəxs kimi hörmətim var. Ancaq təkcə Mütəllibov deyil, ondan başqa kimsə Azərbaycanın dövlət müstəqilliyini hədəf alacaqsa, mənim Mütəllibova olan münasibətim həmin şəxsə də olacaq. Münasibətim bu qədər bəsit və aydındır. Mövqeyim dövlət və milli maraqlarımızla bağlı olan mövqedir.
- Yəni qarşıdurma daha çox ideoloji mövqelərlə bağlıdır?
- Bəli, söhbət ideoloji yanaşmalardan gedir. Azərbaycan xalqının dövlətinin adı Azərbaycan Respublikasıdır. Həmin respublikanı 1991-ci ildə parlamentdə dövlət müstəqilliyi aktının qəbulu ilə əlaqədar xalqımız bərpa etməyə müyəssər olub. Dünyada yaşayan 50 milyonluq Azərbaycanlıların bir siyasi coğrafiyası var. Bu da Azərbaycan Respublikadır. Bu respublikaya hörmət və qayğı göstərmək, onun maraqlarını qorumaq bütün azərbaycanlıların konstitusiya borcudur. Əlahiddə olaraq da, bu dövlətə rəhbərlik edən şəxslərin vəzifələridir. Bu baxımdan Mütəllibovun 8 dekabr müsahibəsini ona yaraşdırmamışam və Mütəllibovun etdiklərinin ziddi kimi qəbul etmişəm. Çünki Mütəllibovun imzası təkcə müstəqillik aktında olmaqla bərabər 1918-1920-ci illərdə Rəsulzadə cümhuriyyətinin versiyası ilə bağlı onun fəaliyyəti, ölkəyə rəhbərlik dövründə Vəzirovdan fərqli olaraq ermənilərə qarşı tutduğu prinsipial mövqe, onların Dağlıq Qarabağdan təmizlənməsi üçün addımları, müstəqillik aktından sonra Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində göstərdiyi xidmətləri var. 18 oktyabr bir mərhələ idi, bundan sonra Azərbaycanın müstəqilliyi dünya dövlətləri tərəfindən tanınmalı idi. Bu tanınma istiqamətində Mütəllibovun qərarı ilə formalaşan parlament nümayəndə heyətinin Türkiyəyə səfəri və SSRİ mövcud olduğu halda Türkiyənin Azərbaycanın müstəqilliyini tanınması istiqamətində göstərdiyi təşəbbüsü yüksək qiymətləndirirəm. Və 8 dekabr 2016-cı ildə verdiyi bəyanatı da Azərbaycan qarşısında göstərdiyi bu xidmətlərin ziddi hesab edirəm. Bu baxımdan kimsə yenidən həmin mövqe nümayiş etdirəcəksə, bizim tərəfimizdən sərt reaksiya ilə üzləşəcək.
- Mütəllibov haqqında yüksək fikirlər söylədiniz. Ancaq siz həm də onu təsadüfi siyasətçi hesab etdiyinizi açıqlamısınız...
- Mütəllibov həqiqətən də siyasi baxımdan peşəkar deyil. Bunu təkcə mən demirəm. Mütəllibovu birmənalı siyasətçi kimi qiymətləndirmək doğru deyil. O, iqtisadiyyatı yaxşı bilsə də, siyasi proseslərdə qeyri ardıcıllıq nümayiş etdirir. Məsələn, 1991-ci ilin 18 oktyabra qədər olan mərhələdə həmin ilin avqustunda Moskvada baş verənlər və Mütəllibovun buna reaksiyalarını qeyd edə bilərəm. Avqustda QKPC adlı qurum Qarbaçovu devirmək cəhdində bulundu, Qarbaçov mühasirəyə alınmışdı. Bu hadisələr zamanı Mütəllibov qeyri peşəkar siyasətçi olduğunu ortaya qoydu. Təsəvvür edin ki, qısa müddətdə bir-birinə zidd olan iki bəyanatın müəllifi oldu. Əvvəl QKCP-ni dəstəklədi, sonra bu qurum uğursuzluğa düçar oldu. Bundan sonra Mütəllibov Yelsinin bayrağı altında mövqeyini ifadə etdi. Eləcədə 1991-ci ili martında SSRİ-nin saxlanılması məqsədilə ölkəmizdə referendum keçirilməsi iradəsi Mütəllibov tərəfindən nümayiş etdirildi. Və referendumda yüksək səs faizi ilə xalqımızın imperiyanın tərkibində yaşamaq istəyi ifadə edilib. Mən inanmıram ki, bu xalqımızın mövqeyi idi. Sadəcə olaraq Mütəllibov bir siyasətçi olaraq SSRİ-nin dağılması tendensiyasını duymamışdı və belə mövqe nümayiş etdirmişdi. Başqa sözlə, 1991-ci ilin martında SSRİ-nin saxlanılması üçün referendum keçirən Mütəllibovla, 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqillik aktına imza atan Mütəllibov ziddiyyətli və bir-birindən diametral fərqi olan mövqedə idi. Üstəlik müstəqilliyi 25 ildir əldə etməyimizə baxmayaraq bu şəxs SRRİ-nin dağılmasını faciə kimi qiymətləndirir. Bu onun siyasi baxımdan səbatsız və qeyri ardıcıl olduğunun göstəricisidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?