Antirusiya dalğasında “qəhrəman” olanların siyasi maraqları
Rusiyanın son addımları bütün dünyanı çalxalayır. Artıq bir faktdır ki, rəsmi Kreml öz işğalçılıq siyasətini gizlətmir və bütün addımları ilə bunu tam çılpaqlığı ilə ortaya qoyur. Putin XXI əsrin Lenini olmaq arzusundadır və keçmiş postsovet ölkələrində qəti hərəkətə keçib. Krımın işğalı ilə dünyada özünü demokratiyanın qarantı kimi qələmə verən Qərbi əslində mat vəziyyətində qoyan Rusiya sübut etdi ki, onun qüdrəti hələ tükənməyib və lazım olan zamanda öz maraqlarını təmin etmək üçün istənilən varianta hazırdır. Təbii ki, Rusiyanın son hərəkətləri ən çox SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən postsovet ölkələrində əks-səda doğurub. Rusiyanın peyk kimi olsa da öz əhatə dairəsində saxlamaq istədiyi dövlətlərdə bir təlatüm, həyəcan hiss olunmaqdadır. Təhlükə labüddür və bundan heç kimin sığortalanmaq şansı yoxdur. Hamı dərk edir ki, Rusiya hər an imperialist məqsədlərini reallaşdırmaq üçün hərəkətə keçə bilər və bunun üçün onun əlində kifayət qədər işlək mexanizmlər var. Eyni zamanda Rusiya təhlükəsi reallaşdıqca postsovet ölkələrində bəzi qüvvələr yaranmış vəziyyətdən yararlanmaq üçün əlverişli məqam əldə ediblər. Bir çoxları üçün mövcud şərait özünü milli qəhrəman kimi təqdim etmək üçün əlverişli şərait yaradıb. Belə ki, Rusiya təhlükəsi artdıqca bəziləri özünü sığortalamaq, cəmiyyətdə qəhrəman imici formalaşdırmaq üçün yaranmış vəziyyətdən yetərincə yararlanmaq məqsədi ilə populist bəyanatlar səsləndirməkdən, başqalarını ləkələməkdən belə çəkinmirlər. İndiki şəraitdə kimisi özünü Rusiyanın, kimisi də Qərbin sadiq müttəfiqi kimi sığortalamaq üçün fəal hərəkətə keçib. Kimisi keçmişini, kimisi gələcəyini qarantiya altına almağı hədəfləyir. Cəmiyyətdə və siyasi kluarlarda yenidən “Rusiyanın adamı” və “Qərbin adamı” ittihamları güclənib. Bolşevizmin ən dəhşətli silahı olan “xain” axtarmaq üsulu əsas mübarizə metoduna çevrilib. İndi “milli qəhrəman” olmaq üçün əlverişli zamandır. Rahat kabinetlərdə əyləşib Rusiyaya qarşı bəyanatlar səsləndirməklə həm cəmiyyətdə, həm də lazım olan dairələrdə özünəxas imic formalaşdırmaq heç də çətin deyil. Bu gün demokrat olmaq üçün, özünü müəyyən dairələr qarşısında sübut etmək üçün əsl fürsətdir. Ortada qosqoca Rusiya təhlükəsi var və “vətənsevərlik” üçün, özünü doğrultmaq üçün şans zamanı yetişib. İndi kiçik bir işarə kifayətdir ki, kimisə vətən xaini elan edəsən, satqınlıqda ittiham edəsən və bu konteksdə özünün “milli qəhrəmanlığını” gözə soxasan. Putinin “Pyotrluq eşqi” bir çoxlarının əməlli-başlı işinə yarayıb. “Qəhramanlıq” eşqi hətta bir çox keçmiş müttəfiqləri belə üz-üzə qoyub. Vaxtilə başqalarının siyasi kölgəsi altında daldalananlar yaranmış vəziyyətdən istifadə edərək siyasi arenaya çıxmaq, real söz sahibi olmaq fikrinə düşüblər. Söz içindən söz çıxartmaq bu günkü siyasi mühitin reallığına çevrilib. Son günlər Rusiya ilə bağlı aparılan diskusiyalarda ən çox müzakirə predmetinə çevrilən mövzulardan biri də Bütöv Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin fikirləridir. Millət vəkilinin dediyi sözlər cəmiyyətdə geniş rezonans doğurub və demək olar ki, ölkənin bütün aparıcı siyasi qüvvələri mövqe sərgiləyiblər. Lakin maraqlı məqamlardan biri də odur ki, bir zamanlar deputatla eyni siyasi düşərgədə yer alan, onun imkanlarından yararlanan bir çox qüvvələr bu gün əks mövqe tutmaqla siyasi dividentlər qazanmağa çalışırlar. Qüdrət Həsənquliyevin mövqeyini istədiyi şəkildə şərh edən siyasilər cəmiyyətdə daha çox xal qazanmaq uğrunda sanki yarışa çıxıblar. Diqqətimizi bu günlərdə bu sahədə xüsusi fəallıq göstərən Ərəstun Oruclunun mövqeyi daha çox cəlb etdi. İndiyə qədər siyasi dairələrdə Qüdrət Həsənquliyevin adamı kimi tanınan, deputatın nüfuzundan yetərincə faydalanan Ərəstun Oruclunun son bəyanatları xüsusilə cəlbedicidir. Əldə etdiyimiz məlumatlara əsasən, öz siyasi fəaliyyəti dövründə Ərəstun Oruclunu Qüdrət Həsənquliyevlə sıx bağlayan bir çox tellər mövcuddur. Ə.Oruclu siyasi karyerasını qurmaq üçün millət vəkilinin “siyasi çətirindən” xeyli istifadə edib. Redaksiyamıza daxil olan ilginc məlumatlara əsasən, Ərəstun Oruclu “Rusiya təhlükəsi”nə qədər bütünlüklə Qüdrət Həsənquliyevin “siyasi nüfuz” dairəsində olmuş, lakin son proseslərdən sonra yaranmış vəziyyətdən yararlanaraq “müstəqil siyasətçi” imici forrmalaşdırmağa çalışaraq aqressiv bəyanatlar səsləndirməyə başlamışdır. Müxalifət və iqtidar kluarlarında hamının “Qüdrət Həsənquliyevin adamı” kimi tanıdığı Ərəstun Oruclu birdən-birə əks mövqe sərgiləyərək fərqli fikirlər səsləndirməyə başlayıb. Əldə etdiyimiz məlumatlara əsasən, onun Mili Şura ilə yollarını birləşdirən əsas vasitə də elə Qüdrət Həsənquliyev olub. Millət vəkilinin tövsiyyəsi ilə Milli Şuraya daxil olan Oruclu buranın ən fəal üzvünə çevrilib. Rusiyanın “prezidentlik layihəsi” olan Rüstəm İbrahimbəyovun dəstəklənməsi yolunda xeyli çaba sərf edən Ərəstun Oruclu nədənsə bu gün antirusiya dalğası ilə qəhrəmana çevrilmək istəyir. Vaxtilə siyasi karyerasında yüksəlmək üçün sadiqlik nümayiş etdirdiyi Qüdrət Həsənquliyevi Rusiyanın “beşinci kalonu” olmaqda ittiham edən şəxs görəsən öz siyasi keçmişini niyə unudur? Dünənə qədər Qüdrət Həsənquliyevlə birlikdə olan şəxs necə oldu ki, birdən-birə tamam fərqli mövqe sərgiləməyə başladı? Görünən odur ki, öz siyasi keçmişini unudaraq bu günün “qəhrəmanı” olmaq istəyi Ərəstun Oruclunun gözlərini tamam örtüb. Vaxtilə “beşinci kalonu”olduğu şəxsləri indi beşinci kalon olmaqda ittiham etmək nə qədər səmimidirsə, Ərəstun Oruclunun indiki mülahizələri də o qədər səmimidir. Nicat Mahmudov
Sorğu
Yeni dizaynımız necədir?