“ABŞ, bölgə gücləri və Suriya daxili qüvvələr konsensus əldə etməsə problemin həlli imkansızdır”
Toğrul İsmayıl: “ABŞ-Türkiyə münasibətləri köklü əlaqələrdir və onu bir gündə dəyişdirmək mümkün deyil”
Ankarada yaşayan tanınmış alim, analitik Toğrul İsmayılla müsahibəni təqdim edirik.
- Toğrul bəy, hazırda Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı ciddi müzakirələr gedir. Bəzən bu müzakirələr deputatlar arasında əlbəyaxa davalarla müşayiət olunur. Son vəziyyət nədən ibarətdir?
- Prezident üsul-idarəsinə keçid uzun müddətdir ki, gündəmdədir. MHP başqanı Baxçalı əvvəllər buna qarşı çıxırdı, sonradan onun tələbi ilə başqanlıq sisteminə keçid gündəmə gətirildi. AKP və MHP arasında görüş oldu, tərəflər konstitusiya dəyişiklikləri qərarı verdilər və məsələ Türkiyə Böyük Millət Məclisinin (TBMM) komissiyasında, daha sonra ümumi parlamentin müzakirəsinə çıxarıldı. Yəni maddələr bir-bir səsverməyə qoyuldu və yetərli say aldı. Hazırda bu proses davam edir.
TBMM-də bu dəyişikliklər dəstəklənməlidi. Hazırda MHP və AKP bunu dəstəkləyir. CHP və HDP buna qarşı çıxırlar. Burada müzakirələr zamanı mübahisələr kifayət qədər olur. TBMM dəyişiklikləri sona qədər dəstəkləsə, sonra məsələ xalq səsverməsinə çıxarılacaq.
- Türkiyə seçicisi bu dəyişikliyi dəstəkləyəcək?
- Hazırda cəmiyyətdə müzakirə və mübahisələr var. Odur ki, konkret bir söz demək olmur. Həm də fövqəladə vəziyyət rejimi var. Buna görə aktivlik, etirazlar, mitinqlər yoxdur və ya məhduddur. Bu halda bir söz demək olmur. Amma dartışmalar göstərir ki, bu dəyişikliyi dəstəkləyən və ona qarşı çıxanların səs faizi təxminən bərabərdir. Dəyişikliyi tənqid edənlər var. İlk olaraq Dəniz Baykalın çıxışı diqqəti cəlb etdi. Dəyişikliklərin mahiyyətinin xalqa açıqlanmadığı deyilir. Hakimiyyətə yaxın deputatların açıqlamaları var və müxalif tərəf bunu fəlakət, rejim dəyişikliyi kimi göstərir. Dəyişikliyi dəstəkləyənlər isə deyirlər ki, rejim dəyişikliyi məsələsi yoxdur, sadəcə üsul-idarə dəyişir, başqanlıq sisteminə keçilir. Əsas cəmiyyəti narahat edən məsələ prezident üsul idarəsinə keçiddən daha vacibi hansı prezident üsul-idarəsinə keçilir məsələsidir. Bu məsələdə konkretlik yoxdur. Hazırda alınan qərarlar da tam açıqlanmır. Əslində prezident üsul-idarəsinə keçidlə bağlı müzakirələrdə mütəxəssislərdən və hüquqşünaslardan daha irəlidə siyasətçilər gəlir. Siyasətçilər öndə gəldiyi üçün bəzi məqamlar cəmiyyət üçün tam açıqlanmayıb.
- MHP-də mövcud olan durum nədən ibarətdir, sanki partiya parçalanmağa doğru gedir?
- Ola bilsin ki, MHP partiya olaraq parçalanmır, amma faktiki olaraq elektorat parçalanır. Bu əsas məqamdır. Dövlət Baxçalı təkrar seçkilərdə xüsusi bir şey etmədi və partiya səs itirdi, parlamentdə deputat mandatlarının sayı azaldı, HDP-dən də geri qaldı. Bu da MHP tərəfdarlarını ciddi narahat edir. Əslində isə Türkiyədə qanunvericiliyin uyğun olmasına baxmayaraq MHP daxili müxalifət Baxçalını dəyişdirə bilmədi. MHP başqanı da uğursuzluğa, seçkidə itkilərə səbəb olmasına rəğmən qurultaya getmədi. Əksinə, qanundan öz xeyrinə bəhrələndi. Baxmayaraq ki, əvvəlki dövrdə seçkiləri uduzanda istefa vermişdi və təkrar siyasətə qayıtmışdı. Bu dəfə heç nə etmədi. Ən sonunda isə əvvəllər faciə yarada biləcəyini elan edən prezidentlik üsul-idarəsini sonradan dəstəklədi. Bu da, MHP daxilində ciddi etiraza səbəb oldu. Məsələn, Atilla Kaya buna etiraz edərək başqan müavinliyindən istefa etdi. Belə məsələlər MHP içində durumun ağır olduğunu göstərir. Mütəxəssis olaraq hesab edirəm ki, əgər MHP yeni parlament seçkilərinə gedərsə barajı aşmaya bilər. Baxmayaraq ki, indi Türkiyə daxilində, ətrafındakı gərgin durum normal şərtlərdə MHP-nin xeyrinə işləyir. Lakin buna baxmayaraq MHP indi güc itirən partiya kimi görünür.
- Hazırda Türkiyə-ABŞ münasibətləri nədən ibarətdir və münasibətlərdə gərginlik hansı həddədir?
- Hesab edirəm ki, hamı yanvarın 21-ni gözləyir. Yəni Donald Trampın Ağ-Evə yerləşdikdən sonra verəcəyi qərarlar fonunda siyasətin hara gedəcəyini. ABŞ-Türkiyə münasibətlərinin çox pis durumda olduğunu düşünmürəm. Yalnız Suriya məsələsində yanaşmalar üst-üstə düşmür. Türkiyə daha çox ABŞ-ın kürdlərlə işləməsini qəbul etmir. Amma bu Ankara-Vaşinqton münasibətlərində çox kiçik bir hissədir. Türkiyə bu hala etiraz edib, bu etiraz çox qabarıq olduğu üçün münasibətlərin bitdiyi və ya Türkiyənin tamam fərqli bir siyasət aparacağını düşünülür. Məncə, belə deyil. ABŞ-Türkiyə münasibətləri köklü əlaqələrdir və onu bir gündə dəyişdirmək mümkün deyil və imkansızdır. Unutmaq lazım deyil ki, Türkiyə həm də NATO ölkəsidir, ABŞ-la bu sahədə müttəfiqdir. Xüsusilə, hərbi və siyasi sahədə dərin əlaqələr var. Başqa sözlə, bu əlaqələri bir gündə qırmaq mümkün olacaq iş deyil.
- Amma sanki Rusiya-Türkiyə münasibətləri daha yaxındır, nəinki ABŞ-Türkiyə əlaqələri...
- Türkiyə-Rusiya münasibətlərini Suriya fonunda izləyirik. Xüsusilə, təyyarə böhranı hər iki ölkəni bir-birini diqqət almağa vadar edir. Ən son anlaşma isə tərəflərin Suriyada bir-birinin ayağını tapdalamamaq üçün əldə edilən anlaşmalardır. Rus-türk münasibətlərində məncə, Suriya kiçik məsələdir. Suriyada bir nüfuz bölünməsi məsələsidir ki, bunu iki ölkə təkbaşına edə bilməz. ABŞ, Səudiyyə Ərəbıstanı, Qətər və bölgədəki digər gücləri də nəzərə aldıqda Suriya məsələsi həll edilə bilər. Bu yerdə iki ölkənin münasibətlərinin yaxşı getdiyi kimi görünür. Amma diqqət etdikdə Rusiya Cənubi Qafqazda, Qara dənizdə, Xəzərdə, Baltik regionu ilə sərhəddə hərbi gücünü artırır, silahlanmaya gedir, Krımdakı əsgəri gücünü iki dəfə artırır. Həmçinin rus-türk münasibətlərində vəziyyət təyyarə krizisindən əvvəlki vəziyyətə gəlməyib, səfri Karlovun öldürülməsindən sonra viza prosesinin dayandırılması kimi hallar göstərir ki, iki ölkə arasında münasibətlər istənilən səviyyədə deyil. Sadəcə Suriya məsələsində bu iki ölkə anlaşıb və boşluqdan yararlanır, bölgədə güclənməyə çalışır. Açığı, Obamanın Suriya siyasəti fiasko oldu, nəticəsiz qaldı. Rusiya və Türkiyə yaranan boşluğu doldurmağa çalışır.
- Türkiyə-Avropa Birliyi münasibətləri indi hansı nöqtədədir?
- Münasibətlər gərgindir, dayanma nöqtəsindədir. Azərbaycan mediası bəzən hər şeyi prezident Ərdoğana və ya AKP-yə yükləməyə çalışır. Amma unutmamaq lazımdır ki, Türkiyə hər dəfə Avropa Birliyi ilə bir mərhələni aşdıqdan sonra Avropa Birliyi Türkiyə qarşısında başqa şərtlər qoyub. Məsələn, 2007-ci ildə çox gözəl münasibətlər var idi. Amma buna baxmayaraq Avropa Birliyi Türkiyə qarşısında elə şərtlər qaldırdı ki, Ankara bu şərtləri yerinə yetirməyəcəkdi. Çünki həmin şərtlərin yerinə yetirilməsi insanın öz ayağına güllə vurmaq kimi bir şey idi. O dövrdən bu yana münasibətlər ləng gedirdi. Xüsusilə, iqtisadi böhrandan sonra Avropa Birliyi Türkiyənin üzvlük məsələsinə o qədər də isti yanaşmadı. Ən son isə qaçqınlar məsələsində anlaşma əldə olundu. Bu zaman Türkiyə üzərinə düşəni həyata keçirdi. Avropa Birliyi isə razılaşmaya görə, Türkiyə vətəndaşlarına viza sərbəstliyi verməli və qaçqınlara dəstək üçün 3 milyard avro dəstək göstərməli idi. Baxmayaraq ki, Ukrayna və Gürcüstana bu viza sərbəstliyi var, amma Türkiyəyə yoxdur. Ancaq bu anlaşmanı Avropa Birliyi yerinə yetirmədi. Bunu anlamaq mümkün deyil. İkincisi, tutaq ki, Türkiyə vətəndaşlarına viza sərbəstliyi verildi. Türklərin hamısı Avropa Birliyinə qaçacaq deyil. Sadəcə 1 milyona yaxın türkün pasportu var, onlardan sadəcə 300 min nəfəri beynəlxalq standartlı pasportlara malikdir və onlar onsuz da Avropa Birliyi ölkələrinə vizasız gedir. Azərbaycanda bunu bilmirlər deyə bəzən başqa cür yazırlar, Ərdoğana diktator deyirlər. Əlbəttə, Türkiyə hər şey yerində olsaydı bu ölkə indi dünyada super güc halında olardı. Türkiyə inkişaf etməkdə olan dövlətdir və Avropa Birliyi ilə münasibətlərdə bir çox qanunları uyğunlaşdırmağa çalışır. Təsəvvür edin ki, 72 məsələnin 67-ni Türkiyə yerinə yetirib. Sadəcə milli təhlükəsizliklə bağlı 5 maddəni qəbul etmədi. Türkiyə coğrafiyasında son terrorlar bir daha göstərdi ki, Ankara bu 5 maddəni qəbul etməməkdə haqlıdır. İndi siz Avropa Birliyinin yanaşmasına baxın. Əgər Avropa Birliyi Ərdoğana qarşı bu cür sərtdirsə öz daxilində aşırı sağ partiyaları necə qəbul edir? Ən azından Ərdoğan Türkiyə xalq seçkisi yolu ilə hakimiyyətə gələn prezidentdir. Sən onun nəyinsə bəyənməyə bilərsən, amma Türkiyə həm də parlamentli respublikadır. Burada “siz Ərdoğanı sevməyib bütün türk xalqını niyə cəzalandırırsınız” kimi ritorik sualda meydana çıxır. Məncə, onlar Türkiyə siyasətini bilərək oyunbazlıq edirlər. Türkiyə hələ prezident respublikası deyil. Onlar bəhanələr üzərinə bəhanələr uydururlar. Burada Türkiyəni tənqid edildiyi qədər Avropa Birliyini də tənqid etmək lazımdır.
- Yanvarın 23-də Astanada Suriya toplantısı keçiriləcək. Siz, bu toplantı Suriya problemini həll edə biləcəkmi?
- Məncə, Astana görüşü Suriya probleminin həllində ciddi bir cəhddir. Amma yekun deyil, bu istiqamətdə ilk addımdır. Ən azından orada olan tərəflərin bir qismi problemlərin həlli yollarını axtarır. Bu baxımdan bəzi məsələlər Astanada diqqətə alınacaq. Baxaq görək qərarlar nə olacaq. Mən belə görüşlərə müsbət yanaşıram, amma düşünmürəm ki, bu görüşlər Suriya probleminin həllində əsas olacaq. Əksinə, buna oxşar daha neçə görüşlər keçiriləcək və buna ehtiyac da var. Diqqət edin, Suriyada əldə edilən atəşkəsdir çox kövrəkdir. Türkiyə tərəfi atəşkəsin dəfələrlə pozulması haqda məlumatları Rusiya tərəfinə ötürməkdə davam edir. Yəni bu həssas atəşkəsdir. Mənim fikrimcə, super güc ABŞ, habelə bölgə gücləri, Suriya daxili qüvvələr bir araya gələrək konsensus əldə etmədən problemin həlli imkansızdır.
Sorğu
Yeni dizaynımız necədir?