Qulamhüseyn Əlibəyli: “Tramp Rusiya ilə münasibətləri dəyişsə Qərbi Avropa ölkələri ilə konfliktə girmiş olacaq”
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edirik. Partiya sədri əsasən ictimaui-siyasi durumdan, iqtisadi böhrandan, ABŞ-dakı durumdan, prezident Trampın atdığı və atacağı addımlardan danışıb.
- Qulamhüseyn bəy, neçə müddətdir ki, siz mətbuatda görünmürsünüz. Buna səbəb nədir?
- Xüsusi bir səbəb yoxdur. Ola bilsin ki, jurnalistlər mənə az zəng edir. İkinci səbəb ola bilsin ki, şəxsi işlərimlə bağlıdır. Hazırda Bakı Dövlət Universitetində imtahanlar dövrüdür. Mən də imtahanlarda olduğum üçün bir çox hallarda zənglərə cavab verə bilmirəm. Bundan başqa səbəb ola bilməz. Mən mətbuata açıq insanam.
- Sədri olduğunuz partiyanın fəaliyyəti varmı, varsa nədən ibarətdir?
- Siyasi fəaliyyəti dairəsi daraldığı üçün bizim partiyamızda müəyyən siyasi təşkilatlarla əməkdaşlıq edir. Xüsusi blok şəklində formalaşmamışıq. ADP, KXCP, Azadlıq, AXP və digər partiyalarla əməkdaşlıq edirik. Mütəmadi bir yerə toplaşırıq, bəzi məsələlərlə bağlı vahid mövqe ifadə edirik. Bu mövqe bəzən mətbuata çatır, bəzən çatmır. Biz bu formatda əməkdaşlığımızı davam etdiririk. Bir daha qeyd edim ki, bu nə siyasi blok, nə də siyasi birlikdir. Sadəcə əməkdaşlıq formatıdır.
Sözsüz ki, partiyanın cari işləri də olur. Biz iclaslarımızı keçiririk, çalışırıq ki, yerli təşkilatlarla əlaqələri sabit şəkildə saxlayaq.
- İnsanların partiyaya üzv olması halları varmı, bu mərhələdə partiyanızın əsas məqsədi hansı istiqamətə fokuslaşıb?
- Təbii ki, istənilən partiyanın maraq və məqsədi seçkilərlə bağlı maraqlardır. Seçicilər, əhali arasında iş aparmaq məsələsidir. Biz də, bütün hallarda öz maraqlarımızı növbəti seçkilər üzərində cəmləməyi düşünürük. İndi növbəti seçkilərin parlament və ya prezident seçkiləri olduğunu deyə bilmərik. Çalışırıq ki, partiyanın yerlərdə dayaqları bir qədər də genişləndirilsin. Hələ ki, iki istiqamət üzrə işimizi davam etdiririk. Lakin insanların ümid məsələsi də var. Vətəndaşlarda ümidsizlik də var və bu da bizim işimizi xeyli çətinləşdirir.
- Aydınlar Partiyasının qərargahı varmı?
- Xeyir, bizim qərargahımız yoxdur. Bununla bağlı hakimiyyət strukturlarına müraciət etmişik. Bu səbəbdən də partiyanın iclaslarını bir çox hallarda dostlarımızın oifslərində keçirməli oluruq.
- ABŞ-da Donald Tramp prezident seçildi, baxmayaraq ki, seçkinin saxtalaşdırıldığı da deyilir. Sonra yeni prezident müəyyən qərarlar qəbul etdi. Necə düşünürsünüz, dünyada bir yenilik gözlənilirmi?
- Əvvəla hesab edirəm ki, Donald Trampın prezident seçilməsi Amerika xalqının seçimi olub. Amerika vətəndaşları bu şəxsi özlərinə prezident seçiblər və bu məsələnin bizim tərəfimizdən müzakirəsi də etik olmazdı. Əlbəttə, seçki prosesi zamanı neqativ halların olduğu, guya Rusiyanın güclü təsirinin müşahidə edildiyi iddiaları var. Ancaq mən bu iddiaları ciddi və əsaslı hesab etmirəm. Seçim ABŞ vətəndaşlarının mövqeyini ifadə edib.
Ancaq Tramın seçki kampaniyası zamanı verdiyi vədlər, prezident kimi atdığı ilk addımlar Amerikanın gücləndirilməsinə hesablanıb Mən hesab edirəm ki, bu addımlar həm də Amerikanın bir qapalı dövlətə çevrilməsinə gətirib çıxara bilər. Eləcədə digər dövlətlərlə münasibətlərin pozulmasına səbəb ola bilər. Məsələn, son dövrlər Trampın bəzi müsəlman ölkələri haqda qərar qəbul edib, yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişi qadağan olundu. Hesab edirəm ki, bu həm də ABŞ-ın əvvəlki xarici siyasətinin dəyişməsinə gətirib çıxara biləcək, iştirak və əməkdaşlıq etdiyi, bir çox hallarda təsir etdiyi həmin dövlətlərin hökumətləri ilə münasibətlərin pozulmasına səbəb olacaq. Ancaq nələrin olacağını gələcəkdə daha aydın görə biləcəyik.
- Yəni yeddi müsəlman ölkəsi ilə bağlı qərarı səhv hesab edirsiniz?
- Sözsüz ki, terrorizmlə mübarizə aparmaq lazım və vacibdir. Ancaq hesab etmirəm ki, bu mübarizə bütövlükdə bir və ya yeddi ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulması ilə aparılmalıdır. Bu sadəcə olaraq ABŞ-ın özünün seçdiyi demokratiya, insan hüquqları dəyərlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir. Terrorizmə qarşı mübarizə apar, tədbirlərini gücləndir, genişləndir. Təbii ki, yoxlamaları da sərtləşdirə bilərsən. Ancaq yeddi ölkə vətəndaşına qadağa qoy ki, mən mübarizə aparıram, siz bura gəlməyin, bu daha çox mübarizənin effektini aşağı salır. Heç mübarizə üsulu da deyil. Bu mənada həmin qərarın doğru və ədalətli olduğunu söyləmək yersiz olardı.
- Bu bütövlükdə müsəlman aləminə qarşı addımdır və islamafobiyanı gücləndirirmi?
- Bu müsəlman dünyasına təsir göstərən amildir. Ancaq məlum qərarın əssaslandırılması məhz həmin ölkələrin dini mənsubiyyəti ilə əsaslandırılmır. Bildiyiniz kimi terrorizmə qarşı mübarizə ilə əsaslandırılır. Bu baxımdan həmin ölkələrə və müsəlman dünyasına qarşı yönələn fəaliyyətdir.
- Tramp dövründə Suriyada vəziyyət nədən ibarət olacaq?
- Mən proqnoz verməkdə bir qədər çətinlik çəkirəm. Amma ola bilsin ki, gözlənilməz qərarlar qəbul edilsin. Məsələn, Amerika Suriyadan çəkilə bilər. Trampın xüsusiyyətində gözlənilməz qərarların qəbul edilməsi mümkündür.
- Tramp Meksika ilə sərhəddə dəyəri 10 milyard dollardan çox olan hasar çəkə biləcəkmi?
- Bu qərar da qanunsuz imiqrasiya ilə bağlı məsələləri özündə ehtiva edir. Ancaq qeyd edim ki, SSRİ-də Berlinin içərisində bir hasar çəkmişdi. Sonradan bu hasar dağıdıldı. Bu mənada hasar vasitəsilə qanunsuz miqrasiya prosesinin qarşısını almaq o qədər də uğurlu siyasət deyil. Və bunun nəticələrinə şübhə ilə yanaşıram.
- Hazırda hər kəsi ABŞ-Rusiya münasibətlərinin gələcək perspektivi maraqlandırır. Artıq iki lider telefonda müzakirələr aparıb. Sizcə, bu gərgin münasibətlərin perspektivi necə olacaq?
- Qərarlar gözlənilməz olduğu kimi, bu iki ölkə arasında münasibətlər də dəyişə bilər. Amma bütün hallarda Tramp Rusiya ilə münasibətləri dəyişəcəksə, Qərbi Avropa ölkələri ilə konfliktə girmiş olacaq. Mən hesab edirəm ki, verdiyi bəyanatlara baxmayaraq Tramp Avropa ölkələrindən çəkinəcək, nəinki Rusiya ilə bağlı münasibətlər məsələsində. Ola bilsin ki, Rusiya ilə münasibətləri bir qədər yumşaldacaq, amma düşünmürəm ki, buna qədər ki, Rusiya siyasəti tam dəyişəcək. Tramp açıq qeyd etdi ki, Rusiyaya qarşı sanksiyalar davam etməlidir, bunun aradan qaldırılması tezdir. Bu o deməkdir ki, ABŞ Avropa ölkələri ilə münasibətləri kəskinləşdirmək istəmir.
- Sizdəmi hesab edirsiniz ki, NATO artıq lazımsız qurumdur?
- Trampın NATO ilə bağlı fikirləri ortadadır. Mənim fikrimcə, artıq NATO zəruri olmayan bir hərbi qurumdur. Çünki NATO zamanında SSRİ-yə qarşı yaradılan hərbi alyans idi. Bu qurum həm də sovetlərin hakimiyyətinin fəaliyyəti ilə uyğunlaşırdı. O zaman NATO-ya qarşı SSRİ-nin liderliyində qurulan Varşava paktı var idi və bu hərbi blokda dağıldı, 25 ildir ki, fəaliyyəti yoxdur. Bu baxımdan NATO-nun hərbi blok kimi Avropada nə iş görəcəyi hələ məlum deyil.
- Tramp zamanında Vaşinqton-Tehran münasibətlərinin taleyi necə olacaq?
- Əvvəla deyim ki, Amerikanın İranla bağlı mövqeyi yeni mövqe deyil. Bu mövqe XX əsrin 70-80-ci illərdə formalaşıb. Həmin dövrdən bu yana İranla bağlı siyasət dəyişməyib. Sadəcə olaraq son dövrlər Rusiyaya qarşı qərbin birləşməsi, sanksiyalara başlaması konteksində İranla əməkdaşlıq ön plana çıxdı. Bu səbəbdən də İrana neft satmağa icazə verdilər. Hesab edirəm ki, ABŞ-ın İran siyasətində indiyə qədər qoyulan məsələlər davam edir və bundan sonra da edəcək. Mümkündür ki, daha kəskin sanksiyalar qoyulsun. İrana 30 ildir ki, sanksiyalar tətbiq edilir. Məncə, bu siyasət davam edəcək.
- ABŞ daxilində Trampa qarşı davamlı etirazlar var. Bu etirazlar hansı nəticələr yarada bilər?
- Birinci onu qeyd edək ki, etirazlar ifadə etmək hər bir xalqın və təşkilatın hüququdur. İstənilən siyasətə qarşı etirazı təbii qəbul etmək lazımdır. Amma mən bu etirazların ciddi nəticəsini gözləmirəm. Sadəcə etiraz edirlər, fikirlərini bildirirlər. Tramp bu etirazlarda səsləndirilən fikirləri nəzərə almalıdır. Mümkündür ki, gələcəkdə ABŞ hakimiyyət sferalarında prezident Trampa qarşı əks addımlar atılsın. Bu impincment cəhdlərinə qədər gedə bilər.
- İmpincment ehtimalları realdırmı?
- ABŞ-da hakimiyyətlər arasında bölgü var. ABŞ-ın dövlət quruculuğu məsələsində fikrimcə, impincment real görünür. Əgər hesab edilsə ki, prezident ABŞ konstitusiyasını pozur, bu halda istənilən zaman prezidentə qarşı iş qaldırıla bilər. ABŞ-ın hüquq sistemi mürəkkəb olsa da, belə məsələlərin qaldırılmasını təkzib etmir. Məncə, bu məsələ istənilən zaman qaldırıla bilər.
- Böhran və onun Azərbaycana təsiri haqqında nə deyə bilərsiniz?
- Hesab edirəm ki, hakimiyyət qurumları, məmurlar və ölkə başçısı tərəfindən deyilib. Əslində böhranın olduğu keçən ilə qədər hesab olunmurdu. Arqument bu idi ki, biz uğurlu siyasət aparmışıq və ona görə də iqtisadi böhran Azərbaycana təsir etməyib. Belə bir fikir yürüdülürdü. Bununla paralel olaraq Azərbaycan vətəndaşları həmin böhranın nəticələrini məmurlardan fərqli olaraq öz üzərində daha çox hiss edirdi. Bu gündə əslində “biz iqtisadi böhrandan çıxmışıq”, “böhran Azərbaycandan yan keçib” kimi fikirlər deyirlər. Ancaq iş ondadır ki, bir qərarla, bir qanunu qəbul etməklə, guya gömrükdə olan inhisarçılığı formal ləğv etməklə iqtisadi böhrandan çıxmaq mümkün deyil. Əslində isə günbəgün Azərbaycanın milli valyutası ucuzlaşır. Son iki ildə milli valyuta 3 dəfə ucuzlaşıb. Üstəlik Azərbaycan əhalisi işsizliyin və həm də ərzaq məhsulları almağın çətinliyini yaşayırsa, deməli biz hələ böhrandan çıxmamışıq. Əksinə, böhran davam edir. İndi “böhrandan çıxmışıq” deyənlərə cavab budur ki, böhran hər gün dərinləşməkdədir. Və böyük ehtimalla da dərinləşən xətt üzrə davam edəcək. Çünki Azərbaycanda böhrandan çıxmaq üçün edilən cəhdlər daha çox görüntü xarakteri daşıyır və faktiki olaraq heç bir real təsirə malik deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?