Qulamhüseyn Əlibəyli: “Moskva istəyir ki, Azərbaycan onun əlavəsi olsun”
Aydınlar Partiyasının sədri, Milli Şurasının üzvü Qulamhüseyn Əlibəylinin müsahibəsini təqdim edirik: - Qulamhüseyn bəy, regionda baş verən prosesləri, Ukrayna-Rusiya münasibətləri, bunun ölkəmizə təsiri haqqında nə deyə bilərsiniz? - Aydındır ki, regionda ciddi və mürəkkəb proseslər baş verməkdədir. Şübhəsiz ki, Ukrayna və Rusiya ətrafında yaşanan proseslər Azərbaycana təsirini göstərir. Baxmayaraq ki, bizim dövlət rəsmiləri bu proseslərin Azərbaycana təsir etmədiyini ifadə edirlər. Biz, bu təsirləri müşahidə edirik. Geosiyasi baxımdan da bu təsirlər özünü göstərir. Azərbaycana təzyiqlər bunu deməyə əsas verir. Mən hesab edirəm ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə düzgün addım atdısa, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətini müdafiə etməklə doğru addım atmadı. Əlbəttə, hakimiyyətin bununla bağlı öz arqumentləri var. Bu arqumentləri də bilirik. Ancaq aydındır ki, həm Rusiya, həm də Qərb tərəfindən Azərbaycana təzyiqlərin artacağı ehtimalı var və bu özünü artıq göstərir. - Həm Rusiyanın, həm də Qərbin bizə təzyiqi nə ilə bağlıdır? - Azərbaycan strateji və geosiyasi baxımdan mühüm məkanda yerləşir. Və təbii ki, Azərbaycanın neft-qaz etiyatları gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynaya bilər. Bunu Qərb ölkələri də, elə Rusiyada yaxşı anlayır. Fikrimcə, cari məsələlərlə yanaşı əsas təzyiq bu məqamla əlaqəlidir. Rusiya da çalışır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol almasın. Rusiya istəyir ki, Azərbaycan onun peyki kimi rol alsın. Azərbaycanı özünün təsir dairəsindən buraxmaq istəmir. Rusiya istəmir ki, Azərbaycan dünyada müstəqil bir dövlətə çevrilsin. Səbəb də, odur ki, bizim neft-qaz ehtiyatımız və geosiyasi mövqeyimiz bizi dünyada önə çıxırar, dünyanın enerji təhlükəsizliyində rolumuzu artırır. Bu da, Moskvanın xoşuna gəlmir. - İddia edilir ki, Azərbaycan artıq geostrateji seçimini edib və Rusiyanın yanında yer alıb. Bu haqda siz nə deyə bilərsiniz?
- Mən deməzdim ki, Azərbaycan bu geosiyasi qarşıdurmada Rusiyanın yanında yer alıb. Bakı Ukraynanın ərazi bütövlüyü məsələsində Kiyevə dəstəyini ifadə etdi. Lakin Azərbaycan birmənalı olaraq nə Ukraynanın, nə də Rusiyanın yanında deyil. Azərbaycan çalışır ki, bu konfliktdən ziyansız çıxsın, bir tərəfli görünməsin. Yəni nə Rusiyanın yanında olsun, nə də Ukraynanın yanında olsun. - Heç deyəsən Amerikanın da yanında deyilik... - Azərbaycan yaxşı olar ki, heç bir dövlətin yanında olmasın. Bildiyiniz kimi, mən özüm də bir çox hallarda ölkənin balans siyasətini tənqid edirəm. Balans siyasəti odur ki, strateji müttəfiq olduğumuz bir neçə dövləti çıxmaq şərtilə digər dövlətlərlə konkret məsələlərlə bağlı siyasət qurulsun. Hesab edirəm ki, bu yaxşı addımdır. Ancaq bir daha qeyd edirəm ki, mən Avropa Şurası Parlament Assambleyasında bizim nümayəndə heyətinin Rusiya ilə bağlı addımını səhv hesab edirəm. - Azərbaycanda iqtisadi vəziyyətin kəskinləşməsi ehtimalı varmı? - Özünüz də bilirsiniz ki, son günlər manatla bağlı problem yarandı. Mərkəzi Bankda valyuta mübadiləsini sərbəst buraxdığını elan etdi. Təbii ki, Rusiyanın iqtisadi baxımdan blokadaya alınması, dünya bazarında neftin qiymətinin düşməsi müşahidə edilir. Şübhəsiz ki, bu Azərbaycan iqtisadiyyatına təsir edəcək. Birincisi, Azərbaycan əhalisinin müəyyən hissəsi Rusiyada yaşayır, işləyir və burada olan ailələrinə maliyyə göndərir. Azərbaycan əhalisinin xeyli hissəsinin Rusiyanın hesabına dolandığını hər kəsə məlumdur. Rusiyada vəziyyət kəskinləşdikcə bunun bizə də təsiri olacaq. İkincisi, neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsir edir. Çünki büdcə gəlirlərinin xeyli hissəsi neft məhsullarının gəliri hesabına formalaşır. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında çökük olmasa da, geriləməninin olacağı, inkişaf tempinin aşağı düşəcəyi, müəyyən sahələrdə böhran olacağı gözlənilir. - Demək istəyirsiniz ki, bütün bu hallar sosial gərginliyə səbəb olacaq? - Təbii. Əgər vəziyyət pisləşəcəksə, demək bu gərginlik olacaq. - “Azadlıq-2015” Seçki Blokunda siz də təmsil olunursunuz. Burada təmsil olunmaqda partiya olaraq məqsədiniz nədir? - Blok qarşıdan gələn parlament seçkilərinə hazırlıq məqsədilə
formalaşdırılıb. Təbii ki, seçki kampaniyasının təşkilində, kampaniyada birgə iştirak etmək, öz fəaliyyətimizi birləşdirmək məqsədilə yaratmışıq. Hazırda blokun seçki komissiyası formalaşdırılır. İlkin olaraq blokda seçki dairələri üzrə namizədlərin müəyyənləşdirilməsi, blokun proqramı, şüarı həll ediləcək, seçkilərdə birgə müşahidənin təşkili həyata keçiriləcək. Ancaq bildiyiniz kimi? Müsavat Partiyası, ADP və Ümid seçki blokunda təmsil olunmaq istəmədi. Məndə olan informasiyaya görə, Müsavat Partiyası mart ayına qədər seçkilər və bloklar mövzusunda müzakirə aparmayacaq. Yalnız martdan sonra bu məsələlərlə məşğul olacaq. “Qarabağ” Blokuna daxil olan partiyalar isə seçki blokunda təmsil olunmaq istəmədilər. Onlar son anda bunu açıqladılar. Təbii ki, siyasi partiyalar seçki bloklarında təmsil olunub-olunmayacağı məsələsində sərbəstdirlər, bu istiqamətdə müstəqil qərarlar vermək hüququna malikdirlər. - Azərbaycan təcrübəsində bloklar yaranır və sonra isə qarşılıqlı ittihamlar müşahidə olunur. Sizin blok da bunu müşahidə edə biləcəyik? - Təbii ki, vaxtaşırı bloklar yaranır, fəaliyyət göstərir və sonra da fəaliyyətinə son qoyur. Seçki blokunun hədəfi seçkilərdir. Qarşılıqlı ittihamlar daha çox siyasi bloklar dağılanda müşahidə olunur. - Siz uzun illərdir ki, siyasi arenadasınız. “Azadlıq-2015” Seçki Blokunun perspektivinə inanırsınız? - İnanmasaydıq, bu blokun tərkibinə daxil olmazdıq. Parlament seçkilərində blok kimi iştirak edərək Milli Məclisdə təmsilçiliyə çalışacağıq. Ədalət naminə qeyd edim ki, parlamentdə çoxluğa iddia etmək doğru olmazdı. Ancaq söhbət orada təmsilçilikdən gedir. Məqsəd budur. - Müxalifət düşərgəsində mövcud olan durumu necə şərh edirsiniz? - Hələlik ümumi ab-hava süstlükdən o yana keçmir. Ötən illə müqayisədə bir qədər fəallıq müşahidə edilir. Elə bizim blokun yaranması da, bu fəallaşmanın nəticəsidir. Ola bilsin ki, seçkilər yaxınlaşdıqca parlamentə düşməkdə iddialı olan siyasi qüvvələrin də fəallaşması müşahidə edilsin. - Siz həm “Azadlıq-2015” Seçki Blokunda, həm də Milli Şurada təmsil olunursunuz. Bu, problem yaratmayacaq? - Mən Milli Şuranın üzvüyəm. Ancaq Milli Şura seçki bloku deyil,
siyasi təşkilat və ya qurumdur. Düzdür, Milli Şuranın fəaliyyəti son dövrlər hiss edilmir. Yalnız bu yaxınlarda bir bəyanat verdilər, qarşıdan gələn parlament seçkilərində şura olaraq iştirak etmək istəklərini ifadə etdilər. Ancaq eyni zamanda dedilər ki, mümkündür ki, hadisələrin inkişafından asılı olaraq seçkiləri boykot etsinlər. - Milli Şura seçki blokuna çevrilsə və seçkilərdə iştirak etsə necə olacaq? - Yəqin ki, belə olan halda mən yaranacaq seçki blokunda təmsil olunmayacağam. Hələ ki, Milli Şura üzvü olsam da, başqa seçki blokunda təmsil olunuram. Eyni anda iki seçki blokunda təmsil olunmaq mümkün deyil. Odur ki, əgər Milli Şura seçki blokuna çevrilsə, mən orada iştirak edə bilməyəcəyəm. - Müxalifət partiyalarının yenidən bir araya gəlmək ehtimalı nə qədərdir? - Reallıqlar, elə Azərbaycan təcrübəsi də göstərir ki, müxalifət partiyalarının hamısının bir araya gəlməsi, vahid blokdan çıxış etməsi mümkün deyil. Amma ayrı-ayrı partiyaların hansısa məqamda bir araya gəlməsi mümkündür. Elə Milli Şura da bunun nəticəsidir və hansısa məqamda bir araya gəlmək istəyən qüvvələrin birliyi olub. Bir sözlə, mən ümumi müxalifətin bir araya gələcəyini gözləmirəm. Belə ehtimal yoxdur. Əgər olsaydı, bunun işartıları görünər və ya hamı bir yerdə olardı. Bir çox partiyalar Demokratiya və İnsan Hüquqları Mərkəzində əməkdaşlıq edirdi. Ancaq bəziləri seçki blokuna daxil olmadı. Bunun özü o deməkdir ki, hamının bir arada olması ehtimalı yoxdur. - Müxalifətin birlik ehtimalı yoxdur, buna səbəb nədir? - Nəzəri cəhətdən bütün partiyaların birgə olması mümkündür. Ancaq real olaraq proseslər göstərir ki, hamının bir araya gəlməsi mümkün deyil. Çünki bir tərəfdən ideoloji müxtəliflik, digər tərəfdən partiya baxışları və maraqlarının fərqliliyi ola bilir. Bu partiyaları yalnız müxalifət mövqeyində dayanmaları ümumi birləşdirir. Ancaq bu o demək deyil ki, hamısı birləşməlidir. Yəni ümumi siyasi xətt baxımından müxalifətdə dayanmaq hələ o demək deyil ki, bu partiyalar təşkilati və mövqe baxımından birdirlər. Ona görə də, əslində ümum müxalifətin birliyi ideyası real deyil və ciddi də qəbul edilmir. - ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nauland dialoq
prosesini dəstəkləyib. Bunu necə qiymətləndirmək olar? - Sözsüz ki, ABŞ tərəfi bu məsələyə münasibət bildirirsə, prosesi dəstəkləyirsə, deməli, biz də cəmiyyət üçün faydalı iş görürük. Odur ki, mən bu prosesin daha intensiv şəkildə davam etdirilməsini, konkret nəticələrə nail olunmasını gözləyirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?