Sərdar Cəlaloğlu: “Dindən kitab yazmaq ağıldan zaylıqdırsa, məndən öncə belə kitabları Fazil Mustafanın özü yazıb”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edirik.
- Sərdar bəy, neçə müddətdir ki, sizinlə deputat Fazil Mustafa arasında mətbuatda bir çəkişmə müşahidə edilir. Bir-birinizə qarşı bəzən kəskin ifadələr işlədirsiniz. Bunun səbəbi nədən qaynaqlanır?
- Mənim Fazil Mustafa ilə bağlı heç bir problemim yoxdur. Sadəcə Fazil Mustafa Azərbaycan tarixi ilə bağlı yanlış mövqe ortaya qoymuşdu, xüsusilə Şah İsmayıl və şiəlik məzhəbi ilə bağlı. Həm də qeyd etmişdi ondan fərqli düşünən kimsə varsa, elmi şəkildə cavab versin. Yəni özü hesab edirdi ki, doğru yoldadır, mütləq həqiqətə çatıb. Əks tərəfdən də mövqe istəyirdi. Mən də Fazil Mustafanın səhv düşündüyünü, Azərbaycan tarixinə yanlış baxdığını, müasir dövrdə təriqətlər arası münasibətlərdə yanlış mövqe tutduğunu əks edən fikirlərimlə ona cavab vermişəm. Bundan sonra Fazil Mustafa mətbuatda və sosial şəbəkələrdə başlayıb haqqımda yazılar yazmağa. Mən ona tərəf müqabilliyi eləmirəm ki, siz deyəsiniz aranızda nə var. Nə varsa Fazil Mustafada var, məndə yoxdur. Çünki mən ona qarşılıq vermirəm. İndi bilmirəm son dəfə məndən nə yazıb.
- Fazil bəy, Feysbukda yazıb ki, Sərdar Cəlaloğlu bəyan edib ki, Quranın elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Əlavə edib ki, özü belə bir cümlə işlədən şəxsin əqli problemi olduğunu yazıb...
- Yazıb, yazıb da. Yəqin Fazil Mustafa həkimdir ki, əqli problemimi müayinə edib nəticəyə gəlsin? Əvvəla mən deməmişəm ki, Quranın elmini yazıram. Əksinə, Quran insanlara elm öyrədir. Yəni Quran insanları tərbiyə edən və öyrədən ilahi kitabdır. Ona görə də, mənim “Qurana elm yazıram” deməm allaha şərik qoşmağım olardı. Demişəm ki, Quranın ayələrini elmi və fəlsəfi əqli elmlərlə izah etməyə çalışacağam. Quranda ayə var və orada deyilir ki, gərək sizin aranızdan alimlər çıxa və ayələrin bəzilərinin elmi və fəlsəfi mənasını sizə izah edə. Quranın anlamağın üç üsulu var. Biri təfsirdir, Allah deyir ki, mənim ayələrim özü özünü təfsir edir. Burada alimin rolu ondan ibarətdir ki, hər hansı bir ayənin mənasını tapmaq üçün Quranın onu təfsir edən ayəsini müəyyən etsin. Təfsir sözünün mənası da bir cümlənin mənasını başqa cümlədə verilməsidir. İkincisi, təvil üsuludur. Burada mətni arxadan önə doğru oxumaqla hansısa cümlənin mənasını tapasan. Üçüncüsü isə izahdır. Məndə elmin və fəlsəfənin son nəaliyyətləri əsasında Quranı bizim vaxta münasib, necə anlaya bilməyimizlə bağlı kitabını yazıram. Mən kitabı yazım, mətbuat onu versin, əlahəzrət Fazil Mustafada kitaba baxın tənqidi fikirlərini yazsın, sübut etsin ki, burada ağılsızlıq var. Məlumat verdiniz ki, Sərdar Cəlaloğlunun işi Nobel Komissiyasına təqdim edilib, gizli səsverməyə çıxarılır. Götürüb yazdılar ki, Sərdar Cəlaloğlu ağıldan kəmdir və s. İnsanlar bir şeyə baxmadan, mahiyyətini düşünmədən danışırlar. Fazil Mustafa bəyəm ağıl ekspertidir ki, Quran haqqında kimsə nəsə deyəndə proqnoz versin ki, onun ağlı kəmdir, yerində deyil və s? Fazil Mustafa yüz cürə fikir deyir. Özünün fikridir. Əgər mənim dediyim fikri yanlış hesab edirsənsə, niyə təhqirə keçirsən, fikrini de. Mən dəfələrlə Fazil Mustafanı elektron media və ya televiziyada debata dəvət etmişəm. Çıxaq xalqın qarşısına tarixlə, dinlə, mədəniyyətlə, elmlə bağlı mövqelərimizi ortaya qoyaq. Yoxsa ki, nə yaşına, nə başına, nə də cibində gəzdirdiyi şübhəli mandata uyğun olmayan tərzdə danışmağı ona yaraşdırmıram. Belə də danışa bilər. Mən öz vəzifəmi həyata keçirirəm. Bu il Nobelə yenidən müraciət etmişəm. Odur ki, belə fikirlər mənə vız gələr. Baxın, mən ilk dəfə elan etdim ki, Quran ayələrinin fəlsəfi və elmi izahları ilə bağlı izah yazıram. Bundan sonra akademik Rzayev və Vaqif Hacıbəyli Fazil Mustafa kimi danışdılar. Dedilər öz işi ilə məşğul olsun. Fazil də durub deyir ki, onun ağlında problem var. Məndən öncə Fazil Mustafa Türkiyədə qaldığı dövrdə dini mövzuda 7-8 kitab yazıb. Əgər dindən kitab yazmaq ağıldan zaylıqdırsa, məndən öncə belə kitabları Fazil Mustafanın özü yazıb. İkincisi, mənim otağımda islam alimlərinin 30 clidlik islam ensiklopediyası var. Bu əsərlərdə minlərlə islam alimi ayələrlə bağlı izah yazıblar. Belə çıxır ki, bu insanların hamısı Fazil Mustafanın gözündə başdan xarabdırlar? Bu nə mövqe, nə yanaşmadır? Quranda əgər Allah əmr edirsə ki, alimlər ayələrin izahını yazsın və məndə bunu icra edəm. Fazil Mustafa belə sözlərlə mane olmaq istəyirsə özü bilər. Amma namaz qılana mane olmaq nədirsə, Fazil Mustafanın da hərəkətləri ona yaxındır. Fazil Mustafa bilmir ki, mən nə yazmışam, nə cür izah edirəm. Amma bilmədiyi bir şey haqda deyir ki, bunlar ağıldan kəm insanın sözüdür. Sizcə, bilmədiyi şey haqda hökm verən şəxs ağıldankəm olar, yoxsa bir şey bilməyə, öyrənməyə çalışan adam? Mən belə adamları anlaya bilmirəm.
Bir gün Harun Əl Rəşid Bəhlul Danədandan soruşur ki, qarşıdakı hovuzdakı su neçə qap tutar. Danəndə də deyir ki, baxır qaba. Hovuz boyda qab olsa bir qab tutar, onun yarısı boyda qab olsa iki qab tutar. Yəni belə şeyləri insanların ağlı müəyyən edir. Əgər ağlın bir kubdursa, deməli ondan artığını deyə bilmərsən. Ağıl genişləndikcə daha irəliyə baxmaq olar. Hesab edirəm ki, Fazil Mustafanın məni dəyərləndirməsinə həm də ağlının dairəsi konteksində yanaşmaq lazımdır. Yəni burada qüsur ölçüləndə deyil, ölçünün qabındadır.
- Fazil bəy həm də sizi Şeyx Nizami, Fərabi, Məhəmməd Fizuli ilə “müqayisə” edib...
- Fazil Mustafa bir vaxtlar şiəliyi söyürdü. Məhəmməd Fizulidə İmam Hüseyn qəbrinin xidmətçisi olub. İndi necə oldu ki, şiəliyi söyən biri üçün Məhəmməd Füzuli belə böyük şəxsiyyət oldu? Həmin müqayisəsində guya məni lağ obyektinə çevirir. Mətbuat vasitəsilə Fazil Mustafaya çatdırıram: mən özümü elm sahəsində nə Fizulidən, nə Nizamidən nədə adını çəkmədiyi şəxslərdən kiçik adam hesab etmirəm. Mənim özüm haqqında düşüncəm budur. İstəyirsən bunu eqoizm, istəyirsən ağıldankəmlik kimi qəbul elə. Özün bilərsən. Sənin məni necə qəbul etməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Kimin mənim əməyimə necə qiymət verməsi öz işidir. Hazırda çalışıram ki, beynəlxalq miqyasa çıxam, özümün kim olduğumu sübut edəm. Bunun üçün də Nobellə əməkdaşlığımı davam etdirirəm, kitablarımı yazacağam. Özünü bilən, kitablarımla tanış olan şəxslər mənim hansı səviyyədə adam olduğumu bilirlər.
İkincisi, Azərbaycan heç vaxt tarixdə yetişdirdiyi şəxsiyyətlərlə kifayətlənə bilməz. Bir xalq yalnız min əvvəl Nizami yetişdirməklə və ancaq onun üzərində durub biz böyük xalqıq deyə bilməz. Hər bir xalq həm də müasirləri ilə fəxr etməlidir. Əgər müasiri yoxdursa, tarixdə istinad etdiyi şəxsləri özəlləşdirib deyə bilməz ki, Nizami ancaq bizimdir. Adama deyərlər ki, sənin Nizamin, Fizulin və digərlərin olubsa, bəs müasir dövrdə niyə heç nəyin yoxdur. Ona görə də, mən Fazil Mustafadan fərqli olaraq Nizaminin, Fizulinin, Xətainin, Şah Qacarın və digər böyük şəxsiyyətlərin Azərbaycanın olduğunu sübut etmək üçün özüm də çalışıram ki, elm və fəlsəfə sahəsində uğurlar əldə edim. Fazil Mustafadan fərqli olaraq mənim iddiam budur. Fazil Mustafa düşünür ki, babalarımız nəsə edibsə bu kifayətdir, bizim boynumuza vəzifə düşmür. Müasir dövrdə bizi ermənilər, ruslar, yəhudilər üstəməlidir, elmidə dilimizi açmamalıyıq, elə özünün dediyi kimi 66 min kvadrat kilometrə sıxışıb qalmalıyıq. Mən bu cür düşünmürəm. Hesab edirəm ki, Fazilin bəyənmədiyi dahilər yetişdirən xalqın müasir dövrdə də dahiləri olmalıdır. Bu müasir dahilərin adı Fazildə, Sərdar da, Rafiq Əliyevdə, başqa alimlər də ola bilər. Sadəcə olaraq belə insanların qarşısına daş itələmək lazım deyil.
Üçüncüsü, Fazil Mustafa tarix deyil ki, insanları imtahan etsin. Tarixin imtahanı bir nəfərin ağlı ilə müəyyən edilmir. Sənin yaratdığın məhsul uzunömürlü və faydalı olsa tarix özü əsərlərini yaşadacaq. Yox, əgər yaradıcılığında bir şey yoxdursa sağlığında bu aradan çıxacaq. Odur ki, Fazil Mustafa hələ tələsməsin. Yeni nəsil gəlsin, qərəzsiz və kindən uzaq formada yazdığımız əsərləri təhlil etsin.
Bir qayda olaraq belə fikirlər var ki, dahilər müasirlərindən xəbərsiz doğulur, yaşayır, yaradır və ölürlər. 50-100 ildən sonra bəlli olur ki, həmin şəxs dahi imiş. Fazil Mustafa deyir ki, Sərdar Cəlaloğlu dəlidir. Dahilərin faciəsi odur ki, öz dövründə hamı onlara dəli deyib. Peyğənbərimizə birinci ittiham kimi onun dəli olduğunu iddia etmək olub. Nuh peyğənbərə də dəli deyiblər. Çünki onlar aydın ideyalarla çıxış ediblər. İndi Fazil Mustafada ola bilsin ki, məndə aydınlıq müşahidə edir, amma öz ağlı ilə təhlil edəndə düşünür ki, Sərdar dəlidir. Bu da məni narahat etmir. Əksinə, Fazil Mustafanın ağlının ölçüləri ilə mənim dəli olmağım haqda fikirləri əslində mənim kim olmağımı mənə yaxşı tanıdır. Ancaq mən dahi olmaq iddiasında deyiləm, narahat olmasın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?