“Media forum” saytı xəbər verir ki, sentyabrın 3-də Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat xidməti Donbas bölgəsində daimi atəşkəs elan olunduğu xəbərini yayıb. Qərarın Pyotr Poroşenkonun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra verildiyi bəyan olunub.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra cənub-şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.
İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün qəti hücuma keçib. Minlərlə insan itkisinə baş gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad olunub.
Sentyabrın 3-də Rusiya və Ukrayna prezidentlərinin telefon danışığı barədə rəsmi açıqlama verilib. Dövlət başçıları Ukraynanın cənub-şərqində qan tökülməsinin qarşısının daha tez alınması üçün ilk növbədə hansı tədbirlərin görülməsi məsələlərini müzakirə ediblər.
Ukrayna və Rusiya prezidentlərinin avqustun 26-da Belarus paytaxtı Minskdə təkbətək görüşü keçmişdi. 2 saat çəkən görüşdə Ukraynadakı hərbi-siyasi vəziyyət, iqtisadi problemlər və qaz nəqli məsələsi müzakirə olunmuşdu. Həmin görüşdən sonra Ukraynada vəziyyət daha da gərginləşib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?