Mehriban Vəzir: “Bakı dünyanın ən bədbəxt paytaxt şəhərdir ki, onun belə meri var”
Suallara İctimai Palatanın Loordinasiya Şurasının üvzü, publisist Mehriban Vəzir avab verib. O, müxalifətin durumundan,birləşmə tendensiyasından, Milli Şuradan danışıb, prezident İlham Əliyevin son bəyanatlarını şərh edib, Bakı meri Hacıbala Abutalıbovun mətbuatla bağlı fikirlərini qiymətləndirib.
- Mehriban xanım, bu gün real müxalifətin addımları ölkədə baş verən ictimai-siyasi proseslərə nə dərəcədə adekvatdır? - Mən hesab edirəm ki, adekvatdır. Lakin bu gerçəklik ona görə görünmür ki, xalqın proseslərə münasibəti adekvat deyil. Müxalifətin gücü xalqdadır. Hər hansı bir etiraz gücünün ortada olması üçün mütləq xalqın müxalifəti dəstəkləməsi lazımdır. Bu səbəbdən də, ola bilsin ki, müxalifətin proseslərə adekvat münasibəti zahirən görünməsin, amma əslində adekvatdır. - Siz İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunursunuz. Orada birlik varmı, əgər birlik varsa, nədən vahid namizəd yoxdur? - Birlik var və bu aydındır. Əgər birlik olmasaydı İctimai Palata iki ildən çox müddətdə ortada olmazdı, proseslərə münasibət ifadə etməzdi. Qısası, bu qurum diridir və mövcuddur. Bu o deməkdir ki, birlik var. Birlik olmasaydı İctimai Palata çoxdandan bitərdi. Sadəcə olaraq vahid namizəd və digər gözləntilər ona görə, ortada deyil ki, bunun özünün əhəmiyyəti bir o qədər də böyük deyil. İctimai Palatanın Koordinasiya Şurasında bu məsələlər daima müzakirə edilir, daima gündəmdədir. Mən deyə bilmərək ki, Koordinasiya Şurası xor oxuyur. Bu belə deyil. Əlbəttə, həm müxtəlif, həmdə qarşı-qarşıya duran fikirlər var. Sadəcə bu müstəvidə sərbəst təşəbbüslə çıxış etmək, fikirlərini azad olaraq çatdırmaq imkanı var, həmdə ki, bu fikirlər dağıdıcı və partladıcı deyil. Yəni fikir fərqliliyi tərəfləri masadan qaldırıb bir-birinə üz çevirəcəyi qədər ziddiyyətli deyil. Amma şübhəsiz ki, zidd fikirlər də olur və bu müzakirə olunaraq ortaq mövqeyə gəlinir. Amma niyə vahid namizəd yoxdur? Çünki birincisi tam anlaşma yoxdur. Bu həqiqətdir. İkincisi də, hətta bu anlaşma belə Azərbaycan üçün nəticə verə bilməz. İctimai Palatada olan tərəflərin bir arada olması bizim arzuladığımız ideal birlik üçün yetərli deyil. Daha geniş çevrədə bir arada olmağı vacib hesab edir və bunu arzulayırıq. Yəni daha geniş çevrələrin birləşməsindən doğulacaq vahid namizədin olmasını arzu edirik. Fikrimcə, proses bu istiqamətdə gedir. - Sizcə, müxalifət vahid namizədlə seçkiyə getməlidir, yoxsa fərqli namizədlər ola bilər? - Düşünürəm ki, fərqli namizədlər olacaq. Vahid namizəd ümumiyyətlə mümkün deyil. Çünki heç zaman belə bir şeyin olması gözlənilmir. Amma vahid namizədə yaxın olan demokratik düşərgənin əsas namizədi hesab olunacaq bir isim ortaya çıxa bilər. Fikrimcə, seçki ərəfəsində bu hədəfə nail olmaq üçün ciddi müzakirələr gedir. Ümid edirəm ki, bu müzakirələrin nəticəsində böyük birlik və əsas namizəd alınacaq. - Koordinasiya Şurasının üzvü olan Rafiq Manaflı bəyan edib ki, İctimai Palata seçkilərdə vahid namizədlə iştirak etməsə, palatanı tərk edəcək... - Normal haldır və mənim bəyanata münasibətim yaxşıdır. Çünki əslində hamımızın arzusu budur ki, İctimai Palatanın vahid namizədi olsun. Ancaq bəzilərimiz bu istəyimizi hikkə ilə ortaya qoyuruq. Yəni “belə olmasa mən burda olmayacağam” şəklində ortaya qoyulur. Bəziləri isə “mən burda olmayacağam” ifadəsini ortaya qoymazdan öncə bu işin alınmasına kömək etmək istəyir. Mən hər iki mövqeyə hörmət edirəm. İnsanlar hikkə ilə danışa bilər, çünki əsəblər tarıma çəkilib. Bu mənada insanlar haqq edərək bu cür danışırlar. Eyni zamanda digər tərəfi də təqdir edirəm ki, daha çox işləmək, cəhd etmək, son ana qədər buna nail olmaq variantına üstünlük verirlər. Belə hallar olur. Amma eyni zamanda düşünürəm ki, İctimai Palata hətta ortaya vahid namizəd qoysa belə, bu məsələninin həlli və seçkidə qələbə çalmaq anlamına gələ bilməz. Birinci seçki öncəsi vəziyyət bərbad gündədir, Seçki Məcəlləsi demokratik seçkilər üçün uyğun deyil, ictimai-siyasi vəziyyət demokratik deyil, hakimiyyətin vəziyyətə və seçkilərə münasibəti normal deyil. Yəni biz en qədər səbəb sayaraq deyə bilərik ki, təkcə İctimai Palatanın vahid namizədi deyil, bütün tərəflərin bir araya gələrək ortaya vahid namizəd çıxarsa belə, bu işin uğurlu alınacağı dəqiq deyil. Çünki vahid namizədin və seçkidə qələbənin ən ciddi səbəbkarı xalqımız ola bilər. Xalqın istəyi, ortaya çıxaraq öz sözünü ifadə edəcəyi günə qədər bütün tərəflərin bir araya gələrək vahid namizəd ortaya qoymasının elədə əhəmiyyəti yoxdur. Əlbəttə, birlik faktoru çox vacibdir. Amma bu birlik faktoru ağılın və məntiqin göstəricisi olar. Bu ağılı və məntiqi yürütmək üçün isə güc lazımdır. Bu güc də xalqdadır. - Son zamanlar Milli Şura ideyası ortaya atılıb və bu istiqamətdə müzakirələr aparılır. Sizcə, Milli Şuranın yaradılması yaxşı hal ola və effekt verə bilərmi? - Mən bu ideyaya çox müsbət yanaşıram. Əslində Milli Şura elə İctimai Palatanın böyüməsi və genişlənməsi deməkdir. Sabah Milli Şura yaranacaqsa, bunun zəmni, təkanvericisi qüvvəsi İctimai Palata olacaq. Siz özünüz də, bilirsiniz ki, İctimai Palata strukturlaşmış bir orqandır, yetmişdən çox regional təşkilatı var. Milli Şuranın isə belə bir bazası yoxdur. Milli Şura mən qeyd etdiyim bazaya əsaslanaraq formalaşa bilər. Həmdə Milli Şura ideyasının meydana gəlməsinin kökündə İctimai Palata və onun iki ildən çox çəkən fəaliyyəti durur. Hesab edin ki, İctimai Palata qurdugu bir strukturu daha da genişləndirir. Əlbəttə, burada müəyyən struktur dəyişiklikləri, təkmilləşmələr, fərdliliklər ola bilər. Çünki İctimai Palata Milli Məclis seçkilərinin yenidən keçirilməsi məqsədilə yaradılıb. Prezident seçkiləri isə bir yer uğrunda aparılan mübarizədir. Bu baxımdan struktur dəyişikliyi ola bilər. - İlham Əliyev atasının 90 illik yubileyində bəyan edib ki, Azərbaycanda yoxsulluq həddi 50 faizdən 6 faizə düşüb, habelə milli gəlirlər ədalətli şəkildə bölüşdürülür. Siz bu fikirlərlə razısınızmı? - Əlbəttə , bu belə deyil. Mən bəzən belə bəyanatlara təəccüb edirəm. Düşünürəm ki, gerçəklik bəlkə prezidentə təqdim edilmir, bəlkə baş verənlərdən xəbəri yoxdur. Ölkədə vəziyyət tamam başqa cürdür. Bu xalqın milyardlarla ölçülən sərvəti vətəndaşa çatmır. Əksinə, bu milyardlar barmaqla sayılacaq bir neçə nəfərin arasında bölüşdürülür, xarici banklara ötürülür. Bununla bağlı çoxlu dəlillər var. Təkcə internetə baxmaq kifayət edər ki, beynəlxalq mətbuatda bu haqda nələr yazılır. Yoxlulluğun azaldılması 50 faizdən 6 faizə necə enə bilər ki, bizim müəllimlərlə həkimlərin aldığı əmək haqqı ortadadır. Mən hələ milyonlarla işsiz ordusunu bir kənara qoyuram. Elə həkim və müəllim zümrəsinin əmək haqları yoxsulluq həddindən aşağı olacaq bir durumdadır. Bu ortada olduğu təqdirdə yoxsulluq həddinin bu qədər aşağı düşməsini necə iddia eləmək olar?. Mənə elə gəlir ki, bunlar gerçəkliyi əks etdirən bəyanatlar deyil. - Prezident bəyan edib ki, Azərbaycanda ciddi siyasi sabitlik var, ancaq başqa ölkələrdə insanlar küçələrə çıxaraq etirazlar edir, vətəndaş müharibəsi olur və s... - Əslində ciddi ölkələrdə sabitlik insanların emossional vəziyyətləri ilə ölçülür. Küçələrə çıxmaq artıq son həddir. Yəni insanlar daxilən hansı rahatlıqdadır, insanların düşüncələrini, qəlblərini narahat edən və həyatlarını böhrana gətirən nədir? Dövlət vətəndaşın nə düşündüyünü öyrənməlidir. Çünki bütün perspektiv, strategiya və taktika bunun üzərində qurulmalıdır. Azərbaycan hakimiyyəti ölkənin sabitliyini vətəndaşının emossional vəziyyətinin üzərində qura bilmir. Çünki bu çox böyük elmlər, biliklər və gerçəklikləri bilmək istəyi tələb edir. Ona görə, bunu edə bilmir ki, bütün bunlar sonda gətirib elmi idarəçiliyə dayanır. Azərbaycanda isə idarəçilik üslubu elmi deyil. İkincisi də, vətəndaşı saymırlar, onun metofizikası bir yana, heç fizikasını belə diqqətə almırlar. Üçüncüsü də, bu ona səf etmir. Səbəb sadədir:bu məsələyə ciddi yanaşılsa bir an öncədən islahatlara gedilməlidir. Çünki partlayış öndədir, qapının ağzındadır. İnsanların içi dolub, problemləri var, onlar əzilib, incidilib. Bu əzilən və incidilən insanın atacağı addım və nə edəcəyi bəlli deyil.Və bunu görmür və görmək istəmirlər. Dünyada “hakimiyyət korluğu” deyilən məşhur sindrom var. Azərbaycanda bu baş verir. Azərbaycanda məmurlar özlərinin bank hesabında korrupsiyadan daxil olan pulların həcminin artdığını gördükcə elə bilirlər ki, vətəndaşda yaxşı yaşayır. Amma bu proseslə bağlı xalqın da öz sözü var: toxun acdan xəbəri yoxdur. Məhz Azərbaycanda hakimiyyət toxdur, xalq isə acdır. Hakimiyyətin xalqdan xəbəri yoxdur. Ona görə də sabitlikdən danışılır. Siz də bilirsiniz ki, sabitlik zor hesabına qorunur. Rayonlarda olan etirazlardan və üsyanlardan xəbərimiz var. Bu haqda dünya mətbuatı belə yazır. Ticarət Mərkəzlərində, Azərbaycan Ordusunda baş verən hadisələrdən xəbər var. Bunlar lokal hadisələrdir və insanların qəlbindən kiçik vulkanlar bu yolla çıxır. Amma bu vulkanlar birləşəndə çox ağır olacaq. Bu mənada Azərbaycan hakimiyyətinin gerçək vəziyyəti duya bilməməsi təəssüf doğurur. - Bakı meri Hacıbala Abutalıbovun “jurnalistləri görəndə qəbrdə ölü görürəm” bəyanatını necə qiymətləndirirsiniz? - Bakı meri olmaq böyük intellekt tələb edir. Həmdə deyilənə görə, bu adam alimdir, texniki elmlər doktorudur. Amma belə bəyanatlar təəccüb doğurur. Təsəvvür edin, bu hal ABŞ-da, Avropada və ya demokratiyanın boğulduğu Rusiyada baş verə bilərmi? Əlbəttə yox. Bu sözü heç elmi dərəcəsi olmayan merdə deməyi özünə yaraşdırmaz. Ona görə də, belə bəyanata insan həm təəssüf edir, həmdə Bakıya yazığı gəlir. Bakı dünyanın bəlkədə ən bədbəxt şəhərdir ki, onun gülməli vəziyyətdə olan meri var. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?