“Demokratiya və Qadın Hüquqları İnstitutu” İctimai Birliyinin sədri Xuraman Bağırova bizimlə qadınların ictimai həyatda tutduğu mövqeylə bağlı fikirlərini bölüşdü
Xuraman xanım, təşkilatınızın profili qadın hüquqlarının müdafiəsi ilə bağlıdır. Qadınların xüsusi müdafiəsinin kökündə nə dayanır?
– Şərq cəmiyyətlərində hələ də qadın ikinci plandadır. Bu bir mənalıdır və indiki dövrdə Azərbaycanda bir şərq dövləti kimi qadınların hər anlamda hüquqlarının pozulması daha çox rast gəlinir. Xüsusilə ictimai, sosial, mədəni, siyasi həyatda qadınlar olduqca az iştirak edir. Bir neçə deputatın xanım olması, təhsil və səhiyyə sektorunda qadınların daha çox iştirakı hələ qadınların aktiv ictimai həyatda iştirakı demək deyil. Çox təəsüf ki, qadınlar hələ də idarəetmədə çox az iştirak edirlər. Eyni zamanda seçkili orqanlarda da qadınların iştirakı arzuolunan səviyyədə deyil. Bu gün Azərbaycan üzrə bələdiyylərin tərkibinə baxsaq, xüsusilə region bələdiyyələrində yalnız bir neçə qadın bələdiyyə üzvü vardır. Belə ki, yerliözünüidarəetmə orqanlarında qadınların iştiraka marağı yoxdursa, deməli qadınlar hələ də öz hüquqlarını qorumağa cəhd göstərmirlər. Bu mənada demokratik inkişaf yolunu seçən ölkələrdə qadınların inkişafı vacib elementdir.
-Xuraman xanım Azərbaycanda qeyd etdiyiniz istiqamətlərdə islahatlar aparılır, qanunlar qəbul edilir, dövlət orqanı yaradılmışdır, Sizcə bunlar yetərli deyil?
– Təbii ki, Gender Bərabərliyi haqqında qanun qəbul edilmişdir, dövlət komitəsi yradılmışdır, eyni zamanda qadınların ictimai-siyasi həyatda aktivliyini artırmaq üçün dövlət proqramları qəbul edilmişdir. Amma, bütün bunlar heç də qadınların bütün proseslərdə aktiv iştirakını göstərmir. Reallıq ondan ibarətdir ki, idarəetmə və yerliözünüidarəetmə orqanlarında təmsil olunan qadınların sayı olduqca azdır. Paralel olaraq əgər səhiyyədə qadınlar daha çoxdursa da, idarəetmədə bu nisbət əksinədir. Yəni əksər səhiyyə müəssisələrinin həlledici şəxsləri kişilərdir. Bu misalı biz təhsil müəssisələrinə də şamil edə bilərik. Çünki, məktəb direktorları, təhsil şöbəsinin müdirləri, o cümlədən təhsil naziri də qadın deyildir. Tibb bacılarının çox olması qadınların idarəetmə strukturlarında daha çox təmsil olunması demək deyildir.
-Sizcə, o zaman vəziyyəti dəyişmək üçün nələr etmək lazımdır?
– Prosesi dəyişmək üçün bir çox işlər görülməlidir. Belə ki, hökumət bir sıra islahatlar edə bilər. Paralel olaraq qadınların inkişafı üçün tədbirlər görülməlidir. Regionlarda bu istiqamətdə təlimlər, seminarlar təşkil edilməlıdir. Seçkili orqanlarda kvota müəyyənləşə bilər və s. Lakin, indiki dövrdə bunları etmək çox çətindir, çünki hökumət strukturlarında təmsil olunan köhnə fikirli mühafizəkar adamla bu prosesin inkişafında maraqlı deyillər. Yaşayaq görək necə olacaq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?