Ustad jurnalist, media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli ilə müsahibədə 142 yaşı tamam olan milli mətbuatımızın bu gününə nəzər saldıq:
- Bugünkü Azərbaycan mətbuatı kənardan necə görünür, onu keyfiyyətli media hesab etmək olarmı?
– Bugünkü mətbuatımız kənardan da, içəridən də eyni cür – yarpaqları saralmış, gövdəsi qurumuş, kölgəsi cəmiyyət üzərinə düşməyən ağac kimi görünür. Bu ağaca baxanda Azərbaycanın hansı havada və necə yaşaması, toplumun hansı problemləri həll etməli olması bilinmir. Yəni bizim mətbuatımız yaşadığımız cəmiyyətin güzgüsü olmaq, onun dərd-sərini demək, millətin gedəcəyi yolu işıqlandırmaq missiyasını yerinə yetirə bilmir, odur ki, bir vilayətin güzgüsü olmaq işini yarıtmayan medianı keyfiyyətli hesab eləmək olmaz.
- Siz konkret nələri mətbuatımızın əsas problemləri hesab edirsiniz?
– Cəmiyyətin ruporu ola bilməməsini, əsas missiyasından uzaq düşməsini, iqtisadi dayaqlarının olmamasını, azadlığın hüdudlarının daralmasını, jurnalistlərin daxili senzuraya məruz qalmasını, peşəkarlığın aşağı düşməsini, müstəqil mətbuatda çalışanların peşə fəaliyyəti ilə bağlı daim maneə və təhlükələrlə rastlaşmasını, eləcə də peşə prinsiplərinin və etik qaydaların tez-tez pozulmasını bugünkü mətbuatımızın əsas problemləri hesab edirəm.
- Bəs bu günə düşməyimizin səbəbi nədir?
– Bunun səbəblərini siz məndən də yaxşı bilirsiniz. Əsas səbəb cəmiyyətdə, ictimai-siyasi həyatda gedən mənfi proseslərdir. Mətbuat içində yaşadığımiz siyasi rejimin rəngini götürdüyündən, onun çərçivəsinə uyğunlaşmağa məcbur olduğundan demokratik dəyərə çevrilə bilimir. Bu halda mənəvi oriyentirlərin dolaşması, redaksiya sərbəstliyinin və jurnalist azadlığının məhdudlaşması, eləcə də ümumi mənəvi mühitin çirklənməsi mətbuatımızın vəziyyətinə ciddi təsir göstərib. Pis odur ki, tənqidçi media qarşısına sədlər çəkilib. Mətbuatın cəmiyyəti doğru-dürüst məlumatlandırmaq və ictimai nəzarətçi olmaq kimi əsas funksiyası, sanki arxa plana keçib, indi üzdə olan media qurumlarının da, jurnalistlərin də əksəriyyəti təbliğat-təşviqatla məşğuldur. Bu səbəbdən də jurnalistlərin ev almaq uğrunda mübarizəsi təəccüblü görünməməlidir.
- Deyəsən, Siz jurnalistlərə ev verilməsinin tərəfdarı deyilsiniz, çünki hələ 2013-cü ildə jurnalistlərə ev verilməsi ilə bağlı açıqlamanızda demişdiniz ki, “bu hal Azərbaycanda müstəqil jurnalistikanı reysdən çıxaracaq, onun inkişafına əngəllər yaradacaq”. İndi necə düşünürsünüz? Eyni fikirdəsiniz, yoxsa…?
– Yox, məsələni belə kateqorik qoymaq və mətləbləri bir-birinə qatmaq doğru olmazdı. Baxın, dünənə qədər mətbuat adamlarına ev verilməsi barədə danışmaq jurnalist etikası və mənəviyyat məsələsi idi, amma bu gün artıq o, məişət söhbətinə çevrilib. Mən imkansız adamlara ev verilməsinə, xüsusən gənc ailələrin sevindirilməsinə humanitar aksiya və savab iş kimi baxıram. Belə vəziyyətdə adam arzulayardı ki, təkcə jurnalistlərin yox, hamının – fəhlələrin, müəllimlərin, həkimlərin, gənc şair və yazıçıların da evi olsun.
- Amma söhbət jurnalistlərə pulsuz mənzil verilməsindən gedir…
– Hə… Bax, burada bir neçə incə nüans var ki, o barədə susmalı və özümüzü bilməzliyə vurmalı deyilik. Əvvəla, Azərbaycan jurnalistlərinin Etika kodeksinə görə, jurnalist fəaliyyətini işıqlandırdığı qurumdan, ilk növbədə isə hökumətdən heç bir bəxşiş, heç bir pay ala bilməz. İkincisi, sizcə, hökumətdən ev alan jurnalist bu hökumətin fəaliyyətini necə obyektiv işıqlandıra bilər, onun işində olan nöqsanları necə tənqid edə bilər? Belə şey ağlabatandırmı? Digər tərəfdən, yaşadığımız cəmiyyətdə başqa peşə sahibləri bu məsələdə sosial ədalətin pozulduğunu zənn edərək soruşurlar ki, hansı qeyri-adi xidmətlərinə görə jurnalistlərə ev verilməlidir? Deyirlər ki, niyə bu cəmiyyətə daha çox töhfə verən ibtidai sinif müəllimlərinə, maarif-mədəniyyət işçilərinə, kirayədə yaşayan gənc alimlərə, qocaman universitet professorlarına, mühəndislərə, insan həyatını xilas edən cərrahlara, tibb bacılarına ev vermirlər, amma jurnalistlərə belə bir iltifat göstərilir?
- Demək istəyirsiniz ki, jurnalistləri tənqiddən çəkindirmək üçün onlara ev verirlər?
– Mən demirəm ki, indiki şəraitdə bizim jurnalistlər həqiqəti yazmaq hissi ilə alışıb-yanırlar, heç bu fikirdə də deyiləm ki, ev məsələsi həqiqətin ağzına daş basmaq, adamları tənqid yazmaqdan çəkindirmək, onları hökuməti vəsf etməyə həvəsləndirmək üçündür. Amma təbii ki, başqa maddi ehtiyac və umacaqlar kimi, ev söhbəti də adamlarda əvvəlcə yarınmaq hissini gücləndirir, sonra isə uzunmüddətli asılılıq yaradır. Bu asılılıq isə gerçəyi görməyə, onu dilə gətirməyə mane olur. Yazılmamış bir qayda var: sən bu konfeti məndən almısansa və bunu almaq üçün çalışmısansa, deməli, yanımda dilin qısadır və sənin üzərində mənim müəyyən bir üstünlüyüm var. Bu mənada jurnalistlər üçün növbəti binanın bünövrəsinin qoyulması xəbərinin yayılması ev almayanları ruhdan düşməməyə, özlərini “yaxşı” aparmağa çağırışdır…
- Yaxşı, bəs bu yazıq jurnalist normal yaşamaq üçün nə etməlidir?
– Cəmiyyətin digər “yazıq” üzvləri kimi jurnalist də insandır, onun da evi, yaşamaq üçün normal şəraiti olmalıdır. Yaxşı olardı ki, qəzetlər bol reklam bazarı şəraitində çalışsın, jurnalist yaxşı maaş, yüksək qonorar alsın, bahalı layihələrdə iştirak etsin, səs-küylü araşdırmalar aparıb pul qazana bilsin, sonra da o pulnan ev, maşın alsın və heç kimdən də asılı vəziyyətə düşməsin, heç kimin yanında gözükölgəli, dili qısa olmasın. Bunun üçün jurnalist vəzifə adamlarına, rüşvətxor məmurlara, oliqarxlara deyil, həqiqətə və dəyərlərə xidmət etməlidir, gerçəyi yazmaqla ləyaqətli cəmiyyətin qurulmasına öz töhfəsini verməlidir. Mən bunu arzulayıram.
- Jurnalistin “yaxşı araşdırmaları olsun, yaxşı yazıları olsun” deyirsiniz. Umumiyətlə, son 3-5 ildə Azərbaycan jurnalistikasında yaxşı yazıya, araşdırmaya rast gəlmisiz?
– Əlbəttə, belə yazılar var, yəni və hər şey tünd rəngdə deyil. Bizdə az da olsa, istedadlı, azad düşüncəli və məsləkli qələm sahibləri, o cümlədən peşə ləyaqətini üstün tutan müstəqil araşdırmaçı jurnalistlər, blogerlər var. Mətbuatda, xüsusən saytlarda yaxşı yazılar da, ictimai rezonans doğuran araşdırma materialları da ara-sıra gözə dəyir. Təəssüf ki, son dövrlərdə məlumat toplamaq və informasiyaya çıxış imkanları məhdudlaşdığına görə, dediyiniz ciddi araşdırma materiallarının sayı azalıb. Ümumiyyətlə, son illərdə vətəndaş cəmiyyəti ilə yanaşı, mətbuatımız da zəifləyib, mövqelərini, ictimai rəyə təsir imkanlarını itirib.
- Yəqin buna görədir ki, jurnalistikamız heç də nikbin görünmür?
– Bu danışdıqlarımızdan sonra media necə nikbin görünə bilər? Yəni nikbinlik üçün əsaslar ciddi şəkildə zəifləyib. 10-15 il əvvəl həqiqətə xidmət və qürur mənbəyi olan jurnalistika indi cazibəsini və cəmiyyətin ona olan inamını itirib. Bu sahənin dəyərli təmsilçilərinin çoxunun fəaliyyəti müxtəlif yollarla məhdudlaşdırılıb, mediada diletantlar və əxlaqsız adamlar çoxalıb. Baxın, son 7-8 ildə jurnalistikada önə çıxarılan kimlərdir? Əksəriyyətinin şəxsi yaradıcılığı, cəmiyyətdə nüfuzu və gerçək liderlik keyfiyyəti yoxdur, çoxu təsadüfi adamlardır. Redaktorların rayon icra hakimiyyətləri ilə davamlı kollektiv təmaslarından belə təsəvvür yaranır ki, mediamız məmurlara xidmət etməyə başlayıb, jurnalistlər daha çox piar və təbliğat işlərinə cəlb olunub. Halbuki, bunların heç biri bilavasitə jurnalistikanın vəzifəsi deyil. Bu proseslərə baxanda jurnalistikamızın sabahı ilə bağlı necə nikbin düşünmək olar?
- Qulu müəllim, bir neçə gün əvvəl mətbuatda qəzetlərə dövlət yardımı ayrılması barədə KİVDF-nin məlumatı yayıldı. Çoxları bu maliyyə bölgüsünü ədalətsiz hesab edir, siz buna necə baxırsız?
– Dövlətin medianın inkişafı üçün maliyyə ayırması yaxşı haldır, amma təəssüf ki, bu pul azad medianı inkişaf etdirmir. Bu yardımlar, onsuz da çoxu lövbərsiz gəmi kimi yırğalanan qəzetlərin asılılığını artırır. Pis odur ki, bu gün bizdə satış və azad reklam bazarı da yoxdur və bu səbəbdən qəzetlər yalnız dövlət yardımının ümidinə qalıb. Əslində dövlət yardımı ucdantutma hamıya yox, cəmiyyət üçün gərəkli olan qəzetlərə, plüralizmi genişləndirən media qurumlarına verilməlidir. Bu mənada sonuncu bölgüdə mən də bəzi ölçülərin aşkarca pozulduğunu gördüm. Məsələn, “Mövqe” qəzetini “Yeni Müsavat”, yaxud “525”-lə eyniləşdirmək doğru deyil. Yaxud, qəzetdən çox daha çox pinti təşviqat vərəqinə oxşayan “Səs”ə informativliyi və materiallarının keyfiyyəti ilə fərqlənən “Bizim yol” və “Şərq”dən xeyli çox vəsait vermək mənə ədalətsizlik kimi göründü. Həftəlik olsa da, “Türküstan” kimi cəmiyyətə fayda verən, “Reytinq” kimi ara-sıra tənqidi materiallar dərc edən həftəlik qəzetlərlərə dəstək daha çox lazımdır. Bir də region mətbuatı tamamilə unudulub. Bəyəm Masallıda çıxan və kifayət qədər nüfuz qazanmış “Cənub xəbərləri”nə maliyyə ayırmaq KİVDF-ni kasıb salacaqdı?
- Son dövrlərdə elektron mətbuata, saytlara da dövlət yardımı ayrılması məsələsi gündəmdədir. Buna münasibətiniz necədir?
– Mən saytlara maliyyə yardımı ayrılmasının əleyhinəyəm, çünki yazılı mətbuatla bağlı tendensiya eynilə burada da gedəcək. Yəni, birinci il digərləri ilə yanaşı, bir-iki müstəqil sayta da pul ayrılacaq, sonra əsas maliyyə hökumətyönlü portallara və oliqarxlara məxsus “lazımlı” saytlara yönəldiləcək, adı da olacaq ki, dövlət bu sahəyə yardım edir. Bundansa, dövlətin puluna qənaət etmək lazımdır, bu maliyyəni informasiya müharibəsində Azərbaycanı irəli çıxaracaq yeni elektron resursların yaradlmasına və bu sahə üçün ixtisaslı mütəxəssislər hazırlanmasına yönəltmək daha yaxşı olardı.
- Belə çıxır ki, bu yardımlar medianı düzgün istiqamətə aparmır və heç bir ciddi problemini həll etmir?
– Bəli, mən bu fikirdəyəm ki, cəmiyyətdə səsi, media platformasında mövqeyi olmayan qəzetlərə maliyyə ayrılması, vəsaitin “hər kəsə xidmətinə və hər kəsə münasibətə görə” prinsipi ilə paylanması mətbuatın heç bir ciddi problemini həll edə bilməz. Bu gün KİVDF-dan vəsait alan çox mənasız qəzetlər var, yazdıqları heç kimdə maraq doğurmur, köşklərdə ağzıgünə yatıb qalır və onları heç kim alıb oxumur. Bəs dövlət niyə onlara ildə 100-120 min manat pul xərcləməlidir? Təbii ki, yardım əhəmiyyətsiz də deyil və jurnalilistlərin maaş məsələlərinin həllinə qismən kömək edir.
- Reklam medianın ən ağrılı yeridir… Reklam bazarı olsaydı bu gün Azərbaycan daha fərqli mətbuata sahib olardımı?
– İllüziyalarla yaşamaq çətindir, amma əlbəttə, yaxşı reklam bazarı və ölkədə azad bazar iqtisadiyyatı olsaydı, medianı biznes sahəsi kimi irəlilətmək, maddi problemlərini həll etmək mümkün idi. Mən 1998-ci ildə ABŞ-a səfər zamanı “NyuYork tayms”da da olmuşdum. Orda bizə deyəndə ki, qəzetin büdcəsi üç milyard dollardan çoxdur və bunun xeyli hissəsi reklamın hesabınadır, heyrətlənmişdim, çünki onda heç Azərbaycanın büdcəsi o qədər deyildi. Yəni sərbəst bazar və yaxşı qurulmuş iqtisadiyyat azad medianı da yaşadır və onu cəmiyyətin həqiqi gücünə çevirir. Təəssüf ki, bizdə reklam bazarı çox kasaddır. Baltikyanı ölkələrdə media üçün bir miyarda yaxın reklam pulu var. Mən hələ Türkiyə təcrübəsindən danışmıram, çünki orda reklam bazarı təxminən 5-7 milyard dollard həcmindədir. Bizdə isə bazar kiçikdir. Bu rəqəm hardasa 20 milyon civarındadır. Bunun da 70-80 faizini televiziyalar götürür. Qəzet və saytlara qəpik-quruş qalır.
- Sosial şəbəkələrdə ixtisaslı və qeyri-ixtisaslı jurnalistlər mövzusu gündəmdədir…
– Peşə təhsili məsələsi hansısa rakursda dartışma mövzusu ola bilər, lakin bu medianın problemi deyil. Media üçün əxlaqlı, vicdanlı və mənəviyyatsız jurnalist problemi var. Bu sahəyə təsadüfən düşmüş və yaxud elə buranın bataqlığında böyümüş natəmiz adamlar jurnalistika üçün ciddi problemlər yaradır. Ola bilər ki, kimsə heç universitetdə peşə təhsili almayıb, amma medianın bütün prinsiplərini gözləyir, dürüstdür və yaxşı da qələm sahibidir. Bunun əksi də mümkündür, amma bütün hallarda vicdanlı və dürüst insanlar bir yerdə olanda mətbuat öz prinsiplərinə sadiq qalır, eyni zamanda vəzifə sahiblərinin, məmurların deyil, Vətənin və dövlətin maraqlarını da qoruya bilir. Dövlət marağı başqa şeydir. Üzeyir bəy nə deyirdi? Mİllət, dövlət , Vətən marağı olan yerdə digər söhbətlər aradan qalxır.
- Mətbuat Şurasının fəaliyyətini necə dəyərləndirirsiz?
– Mətbuat Şurasında yaxın dostlarımız var, amma ölkədə söz və mətbuat azadlığına cavabdeh olan, cəmiyyət maraqları ilə medianın maraqlarını uzlaşdıran bir qurum kimi bu təşkilatın effektli çalışdığını söyləmək çətindir. Düzdür, mediaya yardım və ev bölüşdürülməsi kimi məsələlərdə MŞ və onun sədri diqqət mərkəzində olur, fəqət azad mətbuatı qorumaqda bu qurum gücsüzdür.
- Son vaxtlar Mətbuat Şurası, sanki tənqid yazan jurnalistləri deyil, məmurları, vəzifəli şəxsləri müdafiə edir.
– Bu, ciddi problemdir, belə yanaşma MŞ-ya başucalığı gətirmir, onu gözdən salır, vəzifəli şəxslərin mətbuatın, jurnalistlərin üzərinə yeriməsini stimullaşdırır. AzTV sədri məni məhkəməyə verəndə MŞ rəhbərliyində bu tendensiyanı sezmişdim, amma nahaq yerə. Şura da, məmurlar da bilməlidir ki, jurnalistika, media, cəmiyyət adından ictimai nəzarəti həyata keçirir. Bu, onun əsas missiyasıdır. Ona görə də mediaya bir az həssas və dözümlü yanaşılmalıdır.
- Qulu müəllim, məsələ onadır ki, bir məmuru və ya deputatı tənqid edən kimi Mətbuat Şurasına zəng edirlər. Şura da, az qala, onların vəkili kimi çıxış edir…
– Çox nahaq yerə. Sizin tənqidiniz əsaslıdırsa, məqsədiniz təmizdirsə, heç kimdən çəkinməli deyilsiniz. MŞ isə mətbuat üçün direktiv orqan deyil ki, sizə göstəriş versin. Məsələn, qanuna görə, deputat bizneslə məşğul ola bilməz, amma necə olur ki, onların az qala yarıdan çoxunun biznes şəbəkəsi var? Yaxud, məmur bizneslə məşğul ola bilməz. Amma baxın, görün nə qədər yüksək vəzifəli məmur öz vəzifəsini əmtəəyə çevirərək ondan bəhrələnir. Jurnalistlər belə qanun pozuntularını tənqid etməlidir. Biz dövlətimizin qüdrətini zəiflədə biləcək bütün nöqsanları tənqid etməliyik. Tənqid edilmək istəmirsənsə dürüst olmalısan, dəqiq işləməlisən, xalqın cibinə girməməlisən, büdcəni soymamalısan, oğurluq etməməlisən, rüşvətə və korrupsiyaya qurşanmamalısan. Baxın, M.Ə.Rəsulzadə hələ 1919-cu ildə “Azərbaycan” qəzetində yazırdı ki, tarix gələcəkdə alimləri tənbəlliyinə görə qınayacaq, hərbçiləri zəruri müdafiə tədbirləri ala bilmədiklərinə görə, kütləni nadanlığına və məsləksizliyinə görə, jurnalistləri isə nöqsanları görüb yazmadıqlarına görə qınayacaq. Ona görə də biz tarixin qınağına məruz qalmamaq üçün nöqsanları tənqid etməliyik ki, cəmiyyət onu görsün, bilsin və bundan nəticə çıxartsın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?