Qulu Məhərəmli: “İndi əsas vəzifə azad mətbuatı qorumaqdır” Ölkə prezidentinin ötən bazar günü Zağulbadakı iqamətgahında media nümayəndələrini qəbul etməsi və toplantıda müzakirə olunan məsələlər mətbuatda geniş müzakirə olunmaqdadır. Tanınmış media eksperti, professor Qulu Məhərəmli Gunxeber.com-un “Prezidentin media mənsbları ilə ilə görüşünü necə qiymətləndirirsiniz”sualını belə cavablandırıb:
“Prezidentin jurnalistlərlə birbaşa təması, media rəhbərləri ilə görüşməsi, şübhəsiz ki, olduqca müsbət hadisədir. Mətbuatımızın indiki durumunda bu cür görüşlər ikiqat əhəmiyyət daşıyır. Adətən, dövlət başçısı ilə belə görüşlər ugurları göstərməklə yanaşı, həm də mətbuatın problemlərini qaldırmaq, xüsusən azad mətbuatın üzləşdiyi çətinlikləri göstərib onların həlli ilə bağlı məsələləri qabartmaq baxımından əla fürsət sayılır. Amma təəssüf ki, Zağulba görüşündə “Yeni Müsavat”ın baş yazarı Rauf Arifogludan başqa heç kim bu problemləri dilə gətirmədi, hətta ən pisi odur ki, onun həyəcan təbili çalan çıxışına həmkarlarımız qol-qanad vermədilər. Mən başa düşürəm, bir az rəsmiyyətçilik, protokol və s. var. Amma axı ölkə başçısı jest edərək jurnalistləri öz iqamətgahına dəvət edir, deməli, həm də problemləri dinləməyə hazır olduğunu göstərir. Bəs onda niyə medianın dərdlərini deməkdən çəkinməliyik? Xüsusən də nəzərə alsaq ki, prezident özü görüşdə mətbuatla bağlı problemlərə həssas yanaşdığını nümayiş etdirdi.
Mən bu görüşü media konfransına qatıldığım Odessadan izləyirdim. İştirakçıların bir çoxunun sıxıntısını hiss edirdim. Hələ nə yaxşı ki, Rauf bəy danışdı və göstərdi ki, mediadakı mövcud problemləri yalnız heç kimdən asılı olmayan müstəqil və fərqli düşüncəli adamlar qaldıra bilər. Ona görə də mən hesab edirəm ki, prezidentlə görüşdə Arif Əliyev, Mehman Əliyev, Elçin Şixlı kimi azad və ağıllı adamların da olması işə böyük fayda verə bilərdi”. Professor Q.Məhərrəmli sonda qeyd edib ki, hazırda boz və gərəksiz qəzetlərin sayının artdığı bir şəraitdə tənqidçi mətbuatın “əriməsi” Azərbaycan mediasının faciəsidir. Bu gün bizə nöqsanları obyektiv və qərəzsiz tənqid edən, dialoq mühiti yaradan, milli inkişafla bağlı cəmiyyətə ciddi mesajlar verən azad media qurumları lazımdır. Həm də axı bunlarsız demokratik cəmiyyət ola bilməz. Media həm söz azadlığına xidmət etməli, həm hakimiyyəti və onun opponentlərinin ictimai tənqidçisi olmalı, həm də cəmiyyəti fikir müxtəlifliyinə və tolerantlığa alışdırmalıdır. Bax bütün bunlara görə də indi əsas vəzifə sayı azalmaqda olan azad mətbuatı qorumaqdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?