Bədrəddin Quliyev: “Türkmən torpaqları uğrunda türkmənlərin iştirakı olmadan bazarlıq gedir”
Suriyada, İraqda yaşayan türkmənlər haqqında çox deyilsə də, indi bu toplum öz dövrünün ən ağır günlərini yaşayır. Türkmənlərin taleyinin necə olacağı artıq heç kimi düşündürmür. Bu gün tarixi türkmən torpaqları uğrunda ərəb və kürd qarşıdurması, iddiası ortadadır. Cümhuriyyət Xalq Partiyasının sədri, türkmənlərlə sıx əlaqələrə malik olan Bədrəddin Quliyev “Gündəm Xəbər”in türkmən və milli məsələlər mövzusunda suallarına cavab verib. - Bədrəddin bəy, dünyanın diqqəti Yaxın Şərqdə baş verən proseslərə yönəlib. Bizim üçün Yaxın Şərq həm də türkmənlərin taleyi baxımından əhəmiyyətlidir. Türkmənlərlə yaxın əlaqələri olan şəxs kimi hazırda İraq və Suriyada yaşayan türkmənlərin son durumu haqda nə deyə bilərsiniz?
- İraqda, Suriyada və gələcəkdə Cənubi Azərbaycanda baş verə biləcək proseslərə biz qlobal yanaşmalıyıq. Azərbaycan türkü olaraq bizim ən böyük problemimiz o oldu ki, torpaqlarımızı zaman-zaman itirdik. Vaxt vardı oğuz türklərinin Atabəylər, Səlcuqlar, Səfəvilər, Qacarlar dövləti var idi. Şimalda 1813, cənubda isə 1825-ci ilə qədər bizim varlığımız var idi. Bu bölgələrdə zamanında bizim babalarımız at oynadırdı, bizim dövlətimiz olanda başqa xalqların dövləti yox idi. Atabəylər dövləti Hindistan, Pakistan, Əfqanıstan, İraq, İran, Suriya, Gürcüstan, Orta Asiyaya hökm edirdi. Yəni buralar bizim idi. Lakin tarixi mühit yarandı və nəticədə biz torpaqları itirə-itirə getdik. Calıdıran döyüşündən sonra bizim tarixi torpaqlarımız əldən çıxmağa başladı. Məsələn, Diyarbəkir Ağqoyunlu dövlətinin paytaxtı idi. Amma tarix elə gətirdi ki, orada olan türkmənləri Suriya və İraqa sürgün etdilər. Beləcə tarixi torpaqlarımıza kürdlər və , ermənilər yerləşdirildi. İndi bu ərazilərin harasına gedirsənsə oğuz türklərini, onların izlərini görürsən. Ruslar Osmanlı və Qacarları məğlub etdikdən sonra bizim qara günlərimiz başladı. Ən çox bədəl ödəyən də biz-oğuz türkləri oldu. Şimala, Cənuba, Qərbə, Şərqə parçalandıq, ayrı-ayrı dövlətlərin təsiri altına keçdik. 1815-ci ildə türk sultanının qətliam və sürgün qanununa uyğun olaraq ermənilər sürgün edildi, əsasən bizim dədə-baba torpaqlarımızda yerləşdirildi və nəticədə bizləri oradan didərgin saldılar. Nəticədə Qərbi Azərbaycan, Zəngəzur, Göyçə, Borçalını itirdik. Beləcə tarixi və parçalanan Azərbaycan torpaqları içərisində Ermənistan dövlətini qurdular. İndi regionda ikinci dalğa gəlir. Suriya və İraq coğrafiyasında yaşayan türkmənlər öz torpaqlarından qovulur olub, Kərkük kürdlər tərəfindən işğal edilib, Mosula iddia edirlər. Sentyabrın 25-də kürdlər müstəqillik referendumu keçirmək və tarixi oğuz torpaqları hesabına ərazilərini genişləndirmək istəyirlər. Ən pisi odur ki, biz də daxil olmaqla sanki oğuz türkləri baş verən bu hadisələrə biganə yanaşır. Biz erməni problemi yaşayırıq və qarşıda kürd problemi var. Nəzərə alın ki, İraq Kürdüstanının televiziya kanalı Naxçıvan və Qarabağın hava məlumatlarını verir. Eləcədə onların Urmiya ətrafına iddiaları var. Kürdlər məqsədlərinə mərhələ-mərhələ nail olur. İraq kürdlərinin bir qismi Türkiyəyə sığındı, onların dəstəyi ilə ayağa qalxdı və qərblə əlaqələrini qurdu. İndi də müstəqilliyini elan edir. Faktiki olaraq bölgədə şərtlər dəyişir. Tarixi oğuz torpaqlarında yeni faciə yaşanır, babalarımızın yaşadığı tarixi-coğrafi ərazi əlimizdən çıxır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, uzanması, vaxtında bizim onun üzərinə gedə bilməməyimiz indi bizi ikinci böyük problemlə üzləşdirir.
- İraqda ərəb-kürd münasibətləri hansı səviyyədədir?
- Fikrimcə, əgər kürdlər müstəqillik elan etsələr, bu gələcəkdə ərəb-kürd qarşıdurmasına rəvac verə bilər. Bunun nə zaman olacağını yaxın dövrdə görəcəyik. İndi türkmənlərin bir qismi mərkəzi Bağdad hökuməti ilə hərəkət edir. Lakin, bu birliklər çox zəif görünür. Biz İraq Türkmən Xalq Partiyası ilə əlaqə saxlayırıq. Partiyanın sədri Turxan Müftioğlu İraqda regional əlaqələr üzrə naziridir. Faktiki olaraq İraq türkmənlərinin vaxtında silahlanmaması, öz ərazilərinə sahib çıxmaması, təriqət davası içində olması, bir qisminin İrana, bir hissəsinin Bağdada, digər qrupun Türkiyəyə bağlı olması səbəbindən türkmənlərin vahid mövqe olmadı. Eləcədə türk xalqlarının da onlara dəstəyi olmadı. Faktiki bu bölgədə hamının əlində silah oldu, bircə türkmənlərdən başqa. SSRİ dağılan zaman erməni separatçılığı başladı, o zaman Qərbi Azərbaycanda və Qarabağda bizim əlimizdə silah olmadı və nəticə də ortadadır. İndi də Suriya və İraqda türkmənlər eyni taleyi yaşadı. Beləcə orada bütün bazarlıqlar oğuz türkmənlərinin torpaqları üzərində gedir, amma bu prosesdə türkmənlərin özü iştirak etmir. Biz sanki günlə yaşayan millətik. Tarixi nöqteyi-nəzərdən strateji hədəflərimizi ortaya qoyub mübarizə apara bilmədik. Milli baxımdan birləşib ölkə daxilində məsələləri ortaya qoya bilmədik. Sanki hakimiyyət hərisliyimiz, hakimiyyətə olan mövqeyimiz, şəxsi maraqlarımızı milli maraqlara çevirə bilmədik. Bütövlükdə Böyük Azərbaycanla, strateji hədəflərlə bağlı sistem qurmalı, öz problemlərimizi həll etməli və ətraf bölgədə gedən proseslərdən öz payımızı götürməli idik.
- Demək istəyirsiniz ki, bizdə milli institutlar zəif oldu?
- Biz müstəqillikdən bu günə qədər bədbəxt qonşularımızın, İran və Rusiyanın təsirləri nəticəsində milli institutlarımızı qurub inkişaf etdirə bilmədik. Xüsusilə, Rusiyanın təsiri güclüdür. Dolayısı ilə Azərbaycana sintez olan dini cərəyanlar, transmilli korporasiyalar, qlobal təsirlərin əsas hədəfi Azərbaycanda milli sistemin qurulmaması idi. Biz də millət olaraq hamımız bu prosesdə iştirak etmirik. Millətin 80-85 % gündəlik işi ilə məşğuldur, 15 % isə milləti idarə edir. Bu 15 % içində millətin strateji hədəfləri ilə bağlı məsələni, vəziyyətdən çıxmaq üçün milli institutumuzu qoymalı idi ki, bütün proseslərə hazır olaq. Biz onu qura bilmədik. Milli institutlarımız olsaydı milli kadrların irəli çəkilməsi baş versin. Bəzən dövlətin deyə və edə bilmədiyi məsələləri bu milli institutlar deməli idi. Həm də dövlətin özündə milli kadrlara üstünlük verilməlidir. Milli ruhun qaldırılmasında əsas avanqard rolunu belə kadrlar oynayır. Bu işi elə aparmaq lazım idi ki, qaş düzələn yerdə vurub göz çıxarmayaq. Beləcə dostlarımız da, düşmənlərimiz də bizimlə hesablaşmalı idi. Aprel döyüşlərində bir qədər irəliləməyimiz baxın görün hansı milli ruhu oyatdı. Ancaq gözləmə mövqeyində olmağımız, kənardan nəsə ummağımızla heç kim bizim milli problemimizi həll etməz. Biz ancaq özümüz üçün yaşamırıq, biz həm də millət, dövlət, gələcək milli hədəflərimiz üçün yaşayırıq. Hər kəs özünü düşünür. Son zamanlarda sanki hamı durğunluq içindədir, özündən başqasını düşünmək yoxdur. Belə olsa, bu bizim yaşam tərzimizə, həyat durumumuza mənfi təsir göstərəcək, biz tamamilə kosmopolit millətə çevriləcək. Hansı millət mübarizə aparır, torpaqları və azadlığı üçün qan tökürsə, dünyada onu müdafiə edirlər. Biz bundan qorxmamalıyıq.
- Əgər söhbət bizim regiondan gedirsə, sizdə etiraf edərsiniz ki, bəzən regional proseslər bizim istəyimizdən asılı olmur, daha çox böyük oyunçuların istəyi əsasında baş verir...
- Belə təsirlər hər zaman var. İsrail-Fələstin münaqişəsinə dair BMT bir qovluq qətnamə qəbul edib. Ancaq İsrail bildiyini edir. Sistemini qurub, yeni texnologiyası var, mübarizə aparır, Yaxın Şərqdə dominantlığını edir. 1947-ci ildən bu yana mübarizə aparır, üstəlik 22 ərəb ölkəsinin əhatəsində və həm də söhbət kiçik bir xalqdan gedir. Onda İsrail desin ki, mübarizə aparmıram və taleyimlə barışıram? Əksinə, haqlı bildiyi istiqamətdə mübarizəsini aparır. Bu gün kürdlər də mübarizəsini aparır. Ermənilər I Dünya Müharibəsindən sonra Türkiyəyə xəyanət etdi, xristian dünyasını arxasına alıb torpaq qazandı, ərazilərimizdə dövlət yaratdı. İndi də beynəlxalq hüquqa zidd olaraq ərazilərini zor gücünə genişləndirir və müttəfiqlərini də artırır. Ancaq regionda ən ciddi enerji layihələrini biz həyata keçiririk, Avropanı qaz və neftlə təmin etməyimizə baxmayaraq biz orada iş apara bilmirik. Bəlkə də, səfirliklərdə düz iş qurulmayıb. Rusiya faktoru var ki, ondan çəkinirik və s.
- Bəli, Rusiya nəhəng dövlətdir və onun maraqlarını birbaşa gözardı etmək olmaz...
- Rusiyaya qarşı sanksiyalar güclənir. ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar haqqında danışılır. Rusiyanın energetika sahəsinə sanksiyaların altına düşəcək. Yaranan bu vəziyyətdən Azərbaycan kifayət qədər istifadə edə bilər. Bir müddətdən sonra sanksiya altında qalan ruslara Azərbaycan hava və su kimi lazım olacaq. Azərbaycan istər dünya, istər ətraf ölkələr, istərsə yaxın gələcəkdə yaranacaq şəraitdən çox səmərəli istifadə edə bilər. Bunun üçün bizim strateji hədəflərimiz, daxildə gücümüz olmalıdır. Bir sözlə, biz hər bir şəraitə hazır olmalıyıq. Başqa sözlə, regionda yaranacaq yeni şəraitə uyğun olaraq başqalarının maraqları üzərinə bizdə öz maraqlarımızı qoya bilək. Bizim maraqlarımıza uyğun olmayan proses gedəcəksə, biz o prosesdə yoxuq. Əgər regionda İranla bağlı proses gedəcəksə, istər Rusiya, itərsə də ABŞ-ın maraqları var. Rusiya Yaxın Şərqdən çıxacaqsa, onun əsas dayaq məntəqəsi Xəzər ola bilər. Ümumiyyətlə indi Rusiyanın dünyada cəmi 4 ölkədə hərbi bazası var. Rusların Azərbaycanla münasibətləri yaxşı olmalıdır ki, burada öz varlığını saxlaya bilsin. Amma gələcəkdə Rusiyaya, İrana təzyiqlər olacaqsa, kürdlər, bəluclar və başqaları öz mübarizəsini aparacaqsa, bu zaman oradakı oğuz türklərinin hansı rolu oynayacağını strateji olaraq millət düşünməlidir. İkincisi, dünyada yeni enerji rəqabəti başlayırsa, bu prosesə töhvə verən ölkələrdən biri kimi bizim də maraqlarımız təmin olunmalıdır. Yəni burada söhbət təkcə bazara neft və ya qaz satmaq deyil, bizim strateji hədəflərimiz qoyulmalıdır. İstər İraqın da, istər Suriyasında, istərsə də İranın da. Əgətr biz gözləyirik ki, kimsə gəlib Qarabağ başda olmaqla problemləri həll edəcək, bu çox yanlış yanaşmadır. Əslində sizə deyim ki, Qarabağ məsələsində bizim ATƏT formatında bu prosesə qoşulmağımız səhv idi. Üstəlik rusların iştirak etdiyi danışıqlar iştirak etməyə dəyməz. Rusiya oğru qanunları ilə hərəkət edir. Onlarla hansısa şərtə getmək olmaz. Eləcədə ABŞ və Fransa ilə. Bir həmsədr ölkə Ermənistana maliyyə yardımı edir, digəri silah verir, başqası təbliğatını aparır və s. Biz 5 milyard verib silah alırıq, erməniyə pulsuz silah verirlər. Cümhuriyyət dövründə ermənilər Zəngəzura iddia edirdi. O zaman Həbib Bəy Səlimovun rəhbərliyi ilə ordu Zəngəzuru darmadağın edərək mərkəzi hökumətə tabe etdirdi. Az sonra bizim cənub bölgəmiz İran Gilanına tabe idi. Yenə Səlim Bəy Səlimovun rəhbərliyi ilə ordu gedib oranı cümhuriyyətə tabe etdirdi. Sonda da ordu Qarabağa getdi, buradakı bütün ermənilər ağ bayraq qaldırdı. Beləcə Qarabağda tam hakimiyyət bərqərar edildi. O zaman hər bir dövlət, Birləşmiş Millətlər Liqası Azərbaycana böyük dəyər verdi. Çünki demokratik respublika idi və demokratiya dünyada danışıq dilidir. Biz dünya ilə onun dilində danışmalıyıq. Daxildə demokratik sistemimizi, millətin hədəflərini qurmalıyıq və bunun üzərində mübarizəmizi aparmalıyıq. Hər şeyi də dövlətin üzərinə yıxmaq olmaz. Biz millət olaraq da bu prosesdə iştirak etməliyik. Prezident Ərdoğan separatçı deputatları həbsə basdı. Avropa bəyanat verdi. Türkiyə dövləti bunu saydımı? Hələ Suriyada təhlükəsizlik bölgə yaratdı, Firat Qalxan əməliyyatı həyata keçirdi. Biz də ümidimizi ona-buna bağlamamalıyıq. Lazım gəlsə Qarabağda əməliyyat keçirməliyik. Kənara gediriksə, hamı eyni mövqedən çıxış etməliyik. Bilirsinizmi, adama deyirlər niyə mübarizə aparmırsınız, ümidinizi tikmişiniz xaricə, ona, buna? Bəyəm, ermənisi, başqası Azərbaycanı, Bakını özbaşına tərk etdi? Bizim nəsil Bakını milliləşdirdi. Azərbaycanda milli baxımdan Bakını milli şəhərə çevrilməsi bizim nəslin əməyidir. Təəssüflər olsun ki, separatizmlə, qiyamla Azərbaycanı geriyə atdılar. Hətta 1995-ci ilə qədər bizə təzyiq etdilər, burada terror aktları belə törətdilər. İndi niyə qorxmalı, çəkinməliyik? Hər dövrün öz imkanları və şansları var. Biz güc olaraq bu prosesin üzərinə getməsək, daxildə bir-birimizə güvənməsək, öz problemimizi dərk edib mübarizə aparmasaq kənardan kimsə bizə dəstək olmayacaq. Bu problem bizimdir və problemdən qaçdıqca, bizi daha çox problemlər gözləyəcək.
Sorğu
Yeni dizaynımız necədir?