İctimai fəal Rəhim İbrahimov gənclərin narkomaniyaya meyllənməsi və qarşısının alınmasında olan problemlərlə bağlı “Gündəm Xəbər”in müxbirilə söhbətində maraqlı açıqlamalar verdi:
- Rəhim bəy, gənclərin işsizliyi və zərərli vərdişlərə meyllənməsiylə bağlı sosial şəbəkələrdə və mətbuatda maraqlı açıqlamalarınız var. Narahatçılığınızı bizimlə də bölüşərsinizmi?
Bəli, Siz sağ olun ki, bizim bu narahatçılığımızın ictimailəşməsinə dəstək olursunuz. Azərbaycan cəmiyyətində işsizlikdən əziyyət çəkən ən böyük sosial qrup gənclərdir. Bunun obyektiv səbəbi odur ki, gənclər iş və fəaliyyət təcrübəsi az olan, lakin potensiallı, yeni ideyalar həyata keçirmək istəyən və hər an dəyişiklik istəyən cəmiyyətin hərəkətverici qüvvəsidir. Cəmiyyətdə normal münasibətlər olduqca gənclər əmək fəaliyyətində adaptasiya prosesini daha rahat keçirlər. Azərbaycanda isə işsizlik bir problem olduğundan, bir çox iş yerlərində yaşlı nəslin nümayəndələri çalışdığından gənclərin işə başlaması çətin olur. Eyni zamanda gənclər işsiz və məşğuliyyətsiz olduqları zaman sadəcə gün keçirmək istəmirlər. Potensiallı və hərəkətli olan yeni nəslin nümayəndələri öz enerjilərini təbii olaraq harasa sərf etmək istəyirlər. Bu zaman isə işsiz gənclər ya oğurluğa, ya dini qruplara, ya alkoqolizmə, ya da ki, narkomaniyaya meyllənirlər. Bunların isə bütövlükdə cəmiyyət üçün zərərli olması hamıya məlumdur. Azərbaycanda isə bu deyilənlərin qarşısını almaq üçün hər hansı sistemli, strateji addımlar atılmır, bir çox hallarda isə addımlar atmaq istəyənlərin qarşısı alınır. Çünki, elə qruplar var ki, onlar bu zərərli vərdişlərin genişlənməsində maraqlıdırlar.
Dediyinizdən belə çıxır ki, müəyyən adamlar zərərli vərdişlərdən fayda götürürlər?...
Bəzi məqamlara ətraflı aydınlıq gətirildikdə məlum olur ki, bəzi zərərverici işlərə məmurlar dolayısı yolla dəstək verirlər. Məsələn narkomaniyayla aparılan mübarizənin yetərincə effekt verməməsi sərhəd-keçid mənqtəqələrinin qeyri-qənaətbəxş fəaliyyəti və ya bəzi polis əməkdaşlarının prosesə göz yummasıyla bağlıdır. Çünki, narotika satan şəxsin ərazi üzrə polis əməkdaşlarından gizlənməsi faktiki olaraq mümkün deyil. Biz dəfələrlə şahidi olmuşuq ki, narkotik maddə satan şəxs həbs edilir, istifadəçi kimi cəzalandırılır, iki-üç ildən sonra həbsxanadan çıxır və yenidən əvvəlki fəaliyyətə başlayır. Buradan görsənir ki, rüşvət hallarıyla cinayətkarın cəmiyyətdə “öz işi” ilə məşğul olmasına şərait yaradılır. Zəncirvari olaraq fikir formalaşır ki, bu işə polis inspektoru göz yumursa, yəqin bölmə rəisi, cinayət-axtarış şöbəsinin rəisi, bu işə baxan istintaq orqanları və ya məhkəmələr də göz yumurlar. Yəni mən proses olaraq nəticə çıxarmağa çalışıram. Amma birbaşa demək olmaz ki, filan rəis narkotik satan adamı müdafiə edir. Həm də Hacı Məmmədov həbs edilən zaman onun avtomobilindən də narkotika çıxmışdı, halbuki həmin şəxs Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı idi. Bu yaxınlarda narkotikanın satışı və dövriyyəsilə məşğul olan polis əməkdaşı 10 il həbs cəzası alması da dediklərimə sübutdur.
- Sizcə narkomaniyayla mübarizəni ancaq hüquq-mühafizə orqanları tərəfindən aparılmalıdır?
Əlbəttə ki, bu mübarizəylə təkcə polis məşğul olmamalıdır və bu mümkün də deyil. Çünki, polis və ya ümumilikdə hüquq-mühafizə orqanları yalnız baş verən hadisəni dəyərləndirir və cəzalandırır. Narkomaniya ilə mübarizə aparmaq üçün onun fəsadları barəsində insanları, xüsusilə gəncləri məlumatlandırmaq lazımdır. Bu məlumatlandırma böyük auditoriyalar – Tv verilişlər, seminarlar, info-sessiyalar, təlimlər və tədris şəklində həyata keçirilməlidir. İctimai təşkilatlar bu işdə ön planda olmalıdır. Lakin 2014-cü ildən ictimai təşkilatlar fəaliyyət göstərə bilmirlər. Çünki, Azərbaycanda bu sektorun fəaliyyəti iflic edilib. Bu gün ictimai təşkilatların da fəaliyyət məhdudluğu prosesə qarşı mübarizəyə mane olan əsas səbəblərdəndir. Çünki, həmin maarifləndirmə tədbirləri daha çox ictimai təşkilatlar tərəfindən həyata keçirilməlidir.
Sorğu
Yeni dizaynımız necədir?