Gənc, ictimai fəal Raul Qurbanovla Avropa ilə Azərbaycan arasında məmur vətəndaş münasibətlərilə bağlı söhbətlər apardıq.
Raul bəy, Azərbaycanda vətəndaşların öz hüquqlarına münasibətini necə qiymətləndirirsiniz?
Bizim cəmiyyətdə insan hüquqlarının pozulması kütləvi xarakter daşıdığından kiminsə öz hüququ uğrunda mübarizə aparması gülünc görünür. Yəni demokratik görüntü adı altında daha çox imitasiya yaradıldığından insanlar hər hansı sosial problem barəsində də öz hüquqlarını qorumağa maraq göstərmirlər. Digər tərəfdən isə insanlar hüquqlarını müdafiə etməməkdə günahlandırılırlar. Bu mənada belə bir “müstəvi” yaradılır ki, guya insanlar məhkəməni uda bilərlər, hökumət tənqid oluna bilər və s. Əslində isə hansısa hüquqların təmin olunması uğrunda mübarizə aparmaq və müqavimət xarakterli tədbirlər görmək qeyri-mümkündür. Deməli ölkədə olan korrupsiyaya bulaşmış məmurlardan ibarət bürokratik aparat insanların hüquqlarını kütləvi şəkildə pozur. Ən pis halda hansısa müəllim, həkim, jek müdiri cəzalandırıla bilər.
Azərabcyanda vətəndaş-məmur munasibətlərini necə dyərlədirirsiniz?
Məncə insanlardan sadə şəkildə soruşsaq ki, məmurlardan nə dərəcədə razısınız, o zaman məsələ aydın olar. Təəssüf ki, bizim ölkədə vətəndaş istənilən hüququnu əldə etmək üçün məmur əngəliylə qarşılaşır. Bu zaman isə cavabdeh məmura çıxmaq imkanı və hüququnu tələb etmək imkanı tanınmır. Çünki, Azərbaycanda Nazirliklərdə idarə rəislərinin, şöbə müdirlərinin, icra başçılarının və müavinlərinin, polis rəislərinin qəbuluna düşmək faktiki olaraq qeyri-mümkündür. Belə olan zaman da məmur-vətəndaş münasibətlərindan danışmaq qeyri-mümkündür. Faktiki olaraq Azərbaycanda vətəndaşlara problemlər yaradan bir məmur aparatı var, o aparat formal olaraq mövcuddur və vətəndaşlara xidmət göstərmir ki, biz onun adına bürokratik aparat deyə bilərik.
Raul bəy, Sizcə bu məmur özbaşınalığının əsas kökləri nədədir?
Məncə burada əsas səbəb sovet təfəkküründə olan məmurların köhnə qaydalarla idarəetməsidir. Çünki, hər hansı müqavimətdən çəkinməyən, korrupsiya yoluyla vəzifəyə gəlmiş məmur vəzifəsindən çıxarılacağından və cəzalanacağından qorxmadığına görə vətəndaşa qarşı hörmətsiz davranır və öz funksiyasını yerinə yetirmir. Eyni zamanda məmurlar müstəqil məhkəmə hakimiyyətinin olmadığını yaxşı bilirlər və bütün hakimiyyət qollarında qohumbazlıq və tayfabazlıq prinsipi ilə şəbəkəli olduqlarından vəzifələrini şəxsi mülkləri hesab edirlər. Buna görə də bir sıra islahatların həyata keçirilməsinə həmin şəxslər mane olurlar. Çünki, onlar həm parlamentdə, həm nazirliklərdə, həm də regionlarda icra aparatlarında şəbəkələşiblər.
Bir gənc kimi qeyd etdiyiniz bu məsələlərdə Azərbaycanı Avropa dövlətlərindən fərqləndirən əsas cəhətlər hansılardır?
İlk olaraq qeyd edim ki, ölkəmizdə olan neqativ halların böyük əksəriyyətinə Avropada rast gəlmək mümkün deyil. Əvvəla Avropada istənilən vətəndaşın müraciətinə cavab verilir və hüquqlar tanınır. İkincisi, Avropada məmurlar vətəndaşdan qaçmırlar və vətəndaşın problemi həll edilir. Avropada yaşayan gəlmələrin də problemi qanun çərçivəsində öz həllini tapır. Xüsusilə təhsil və peşə sistemi elə qurulub ki, gənclər öz gələcək karyeralarını zəmanətli şəkildə həll etmiş kimi görünürlə. Eyni zamanda məmurlar hesabatlı olduqlarına görə hökumət də hesabatlıdır. Hər bir strukturun büdcəsi şəffafdır. Azərbaycanda hansısa rayonun icra hakimiyyətinin illik büdcəsi haqqında nə qədər vətəndaşın məlumatı var və ya hansısa icra başçısı bununla bağlı açıqlama verirmi?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?