“Ötən gün baş verən yol-qəza hadisəsini sırf Əli Həsənovun (Baş nazirin müavini nəzərdə tutulur – müəllif) adına bağlamaq doğru hal deyil. Ola bilsin ki, mənim də qohumlarımdan kimsə dələduzluq edir, nalayiq hərəkətlərə yol verir və sairə. Amma bu o demək deyil ki, onların hərəkətlərinin məsuliyyətini birbaşa mən daşıyıram”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Deputat deyib ki, bu cür hallarda valideynlər övladlarının məsuliyyətini birbaşa olaraq daşımamalıdır.
F.Mustafa deyib:
“Tutalım ki, mən deyirəm tərbiyəli olun, onlar isə olmurlar. İndi buna mən nə etməliyəm? Deməyim odur ki, hər bir hərəkətə, məsuliyyətə fərdi yanaşmaq lazımdır. Əgər valideynin həyat tərzi ilə övladın həyat tərzində nəsə əlaqə varsa, o zaman buna ittiham irəli sürmək doğru olar”.
Deputat qeyd edib ki, bu cür avto qəza məsələlərinə bir az fərqli yanaşmaq lazımdır:
“Çünki burada təqsirsizlik prezimpsuiyası var. Yəni, kimin günahkar olması aparılan təhqiqat nəticəsində bilinir. Ona görə də hansısa avtomobil qəza törədirsə, buna dərhal qiymət vermək doğru deyil. Ötən dəfə bir avtomobil sürücüsü də 6 tələbənin ölümünə bais olmuşdu. Onunla bağlı cəzanın az olması deyilirdi. Ancaq general-mayor Novruzəli Orucovun oğlunun məsələsində sürücünün döyülməsi faktı olduğu üçün ona münasibət də fərqli idi. Ona görə də ölkə başçısı səviyyəsində məsələyə reaksiya verildi. Ötən gecə baş verən avtomobil qəzasında günahkarın dəqiq kimdə olması hələ ki, məlum deyil”.
F.Mustafa vurğulayıb ki, bu cür avtoqəzalar hər kəsin başına gələ bilər:
“Sabah mən də avtomobil sürərkən qəzaya düşə bilərəm. Ona görə də bu cür məsələlərdə maksimum araşdırılma aparıldıqdan sonra fikir bildirmək doğru olardı. Bu bir qəzadır və çox ağır nəticələnib. Bu qəzada ehtiyyatsızlıq motivinin nə qədər olması məsələsi mütləq araşdırılmalıdır. Bu hadisəni dərhal “məmur övladının qudurğanlığı” kimi göstərmək doğru deyil. Azərbaycanda uzun illər yüksək dövlət vəzifəsində olan şəxslərin içərisində öz müsbət davranışı və ədəb-ərkanı ilə seçilən insanlardan biri Əli Həsənovdur. Ümumiyyətlə, Əli Həsənov Milli Məclisdə çıxışlarında və problemlərə yanaşmasında da kifayət qədər təmkinli hərəkət edən normal məmurdur. Mən bu obrazı onda gördüyüm üçün nəvəsinin bu cür qəza törətməsini istədiyini güman etmirəm. Ola bilər ki, onun nəvəsi sürət həddini aşaraq və ya təcrübəsizlikdən bu qəzanı törədib. Ona görə də bu məsələ ciddi araşdırıldıqdan sonra hadisəyə qiymət vermək lazımdır”.
Xatırladaq ki, ötən gecə paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər.
Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Onu da bildirək ki, qəzadan sonra hadisənin təfərrüatı məlum olub. Belə ki, qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Qəzaya uğrayan “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur. /ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?