Bəxtiyar Hacıyev: “Milli Şurada dəstək verə biləcəyim insanlarla yanaşı onun gələcəyni sual altında qoyacaq insanlar da var” Suallara gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyev cavab verir. O, əsasən gələcək siyasi planlarından, siyasi partiyalarla münasibətindən, seçkilərdə hansı namizədi dəstəkləməsindən, Milli Şuranın perspektivindən, Türkiyədə yaşanan proseslərdən bəhs edib. -Bəxtiyar bəy, qarşıdan gələn prezident seçkiləri haqqında nə düşünürsünüz, seçkilərdə iştirakınız hansı formatda olacaq? - Seçicilərin maarifləndirilməsi, seçici fəallığının artırılması ilə bağlı bir neçə ideyamız və layihəmiz var. Çox güman ki, bunlar seçkilərə çox az vaxt qalmış reallaşdırılacaq, çünki qarşıdakı bir neçə ay siyasi fəallığın aşağı düşdüyü yay dövrünə təsadüf edəcək. - Namizədlər demək olar ki, bəllidir-İlham Əliyev, Rüstəm İbrahimbəyov, İsa Qəmbər və hökumətə konstruktiv müxalifətdə duran bir neçə şəxs. Konkret olaraq sizin namizədlərdən birini dəstəkləmək ehtimalınız varmı və bu kim ola bilər? - Hazırda tam olaraq, ürəkdən dəstəkləyə biləcəyim namizəd ortada yoxdur. Əgər belə namizəd olsaydı, mütləq mən onun yanında olardım. Prezidentliyə namizədliyini irəli sürəcək şəxslərdən bir neçəsi seçki kampaniyalarının təşkili, sosial şəbəkələrdə kampaniyaların qurulması və idarə edilməsi, seçki ianələrinin qəbulu (fundraising) məsələləri ilə bağlı texniki kömək istəyib və bu sahədə bildiklərimi onlarla paylaşmağa, kömək etməyə hazıram. - Sizinlə müxalifətdə olan partiyalar arasında sanki bir sədd müşahidə edilir. Bu görüntüdür, yoxsa həqiqətdir? - Sədd yox, amma məsafə var. Bunun iki səbəbi var. Birincisi, bizim işlədiyimiz auditoriyalar, istifadə etdiyimiz yanaşmalar, çatdırmaq istədiyimiz mesajlar, cəmiyyətdəki qruplar, çevrələrimiz fərqlidir. İkincisi isə, bəzi müxalifət partiyalarında elə insanlar səlahiyyət sahibinə çevriliblər ki, onlar ən kiçik fikir ayrılıqlarında da başqalarını özlərindən, partiyalarından uzaqlaşdırmağı bacarırlar. - Sizin gələcək siyasi planlarınız bizim üçün maraqlıdır: Siz siyasətdə olacaqsınız, yoxsa hansısa biznes işinə, xaricdə tələbələrin oxuması istiqamətində işləyəcəksiniz? - Bunu zaman göstərəcək. Çoxları düşünür ki, mənim siyasi ambissiyalarım var, amma bu doğru deyil. Mən çox istərdim ki, Azərbaycanda demokratik dəyişikliklər olsun, insanlarımız azad, firavan və xoşbəxt yaşasınlar. Məhz belə bir cəmiyyətdə kiçik bizneslə məşğul olub, sakit bir həyat yaşamaq, dünyanı gəzmək istərdim. Belə bir cəmiyyət qurulana qədər isə öz üzərimə düşən mənəvi məsuliyyəti anlayır və bu prosesə töhfə verməyə çalışacam. - Uzun gözləntilərdən sonra Milli Şura təsis edildi. Sizi ora dəvət etmişdilərmi? - Məni Milli Şura müzakirələri başladığı ilk günlərdən dəvət etmişdilər. Milli Şura elan olunduqdan onar, ilk iclasa qədər də bu dəvəti təkrar etmişdilər. Milli Şurada hörmət etdiyim, dəyər verdiyim və dəstək verə biləcəyim insanlar var. Amma eyni zamanda orada Milli Şuranın gələcəyini sual altında qoyacaq insanlar da var. - Ümumiyyətlə Milli Şuranın perspektivini görürsünüzmü? - Zaman göstərəcək. Mən sadəcə Milli Şuradakı səmimi və ölkədə demokratik dəyişikliklər istəyən insanlara uğurlar arzulayıram. - Hazırda sizinlə hakimiyyətin münasibətləri hansı səviyyədədir? - Hələlik həbsimdən əvvəl olan gərginlik yoxdur və hələlik sakitçilikdir. Mən ümumiyyətlə, nə həbsimdən əvvəl, nə də sonra hakimiyyət ilə müxalifətin düşmən olmasına normal baxmamışam. Normal cəmiyyətlərdə iqtidar ilə müxalifət rəqib olmalıdır, düşmən yox. Bizdə isə əksinədir. Hər iki tərəf bir-birini düşmən kimi görür, düşmən kimi davranır. Bir müxalif liderlə iqtidar təmsilçisi şəhərin mərkəzində oturub çay içə və problemləri müzakirə edə bilərlərmi? Yaxud AXCP Gənclər komitəsindən bir gənc oğlanın İRƏLİ üzvü bir xanımla ailə qurması xəbərini eşidəcəyinizi təsəvvür edirsinizmi? Nəinki belə məsələlər, hətta Qarabağ münaqişəsinin həlli üçün belə iqtidarla müxalifətin bir masa ətrafında oturmasını çoxları təsəvvür edə bilmir. Bu isə normal deyil. - Siz hakimiyyətin apardığı siyasəti necə qiymətləndirirsiniz, konkret olaraq hansı sahələrdə problemlər var və sizcə buna səbəb nədir? - Hakimiyyətdə problem həddindən artıq çoxdur. Sahələri və problemləri saymaqla bitməz. Amma məsələ burasındadır ki, hakimiyyətin bu problemləri kənardan kiminsə saymağına və həll yolu göstərməyinə ehtiyacı da yoxdur. Onlar hamıdan yaxşı bilirlər ki, hansı sahələrdə hansı problemlər var. Əsas məsələ siyasi iradə nümayiş etdirib bu problemlərin həllinə nail olmaqdır. Əslində, hakimiyyətin əlində çox gözəl fürsət var ki, problemləri özləri həll edərək, ictimai dəstək qazansınlar və seçkilərdə saxtakarlıq etməyə ehtiyac qalmasın. Bu gün hakimiyyətin əlində olan güc və resurslarla elə islahatlar etmək olar ki, hakimiyyət xalqın böyük əksəriyyətinin dəstəyini qazanar. - Bəxtiyar bəy, bu gün həbsdə onlarla gənc var. Siz özünüzdə zamanında həbsdə olmuşunuz. Həbsdə olan gənclərin müdafiə edilməsi prosesində iştirak edirsinizmi, ümumiyyətlə onların müdafiəsi sizcə, yetərli qədər qurulubmu? - Maksimum dərəcədə onların müdafiəsində iştirak edirəm, çünki həbsdə olan gənclərin bir çoxu fəal gənc olmaqdan əlavə, həm də mənim dostlarımdır. Həm ölkə daxilində, həm ölkədən kənarda olduğum müddətdə onların müdafiəsi ilə bağlı hər addımda fəal olmağa çalışıram. Amma düşünürəm ki, bu gənclərin müdafiəsi, onlarla bağlı Azərbaycan daxilində və dünyada yaxşı bir müdafiə kampaniyası qurulmayıb. Bu da çox güman ki, həbslərin adiləşməsi ilə əlaqədardır. O qədər gənc həbs olunub, azadlığa çıxıb ki, artıq bir gənc həbs olunanda insanlar bunu adi qarşılayırlar. - Siz bu yaxınlarda bir neçə ölkədə səfərdə olmuşunuz, son dayanacağınız isə İstanbulda olub və orada da etiraz aksiyalarının getdiyi anda olmuşunuz. Bu səfəriniz nə ilə bağlı olub və Türkiyədə baş verənləri və bu gündə davam edən aksiyaları necə qiymətləndirirsiniz: türklər nə istəyirlər, bu türk baharıdırmı? - Səfər mənim öz işlərim ilə bağlı idi və səfərdən qayıdanda bir neçə saatlıq İstanbulda Taksim meydanında baş verənləri izlədim. Orada etiraz edənlərin böyük əksəriyyəti Ərdoğan hakimiyyəti tərəfindən unudulduğunu, Ərdoğana səs verməyənlərin səslərinin eşidilmədiyini düşünürdülər. Bu, demokratiyanın hər zamankı problemidir. Demokratik seçkilərdə seçilmiş rəhbər ona səs verməyən azlığı unudursa, bu azlıq da etiraz edir. Ədalət və İnkişaf Partiyası ilk günlərdən hadisələri sakitləşdirə bilərdi. Bunun üçün sadəcə etirazçıların qarşısına çıxıb, yumşaq ifadələrdən istifadə etmək lazım idi. Ərdoğan hakimiyyəti isə tərsinə, güc tətbiq etməyə başladı və bu etiraz dalğasını daha da genişləndirdi. Bu prosesi “Türkiyə Baharı” adlandırmaq üçün hələ çox tezdir, çünki Ərdoğanın reytinqi nə qədər düşsə də, onun tərəfdarlarının sayı da az deyil. İkincisi, ərəb ölkələrindən fərqli olaraq, Türkiyədə müxalifətin seçki yolu ilə hakimiyyəti dəyişmək imkanı da var. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?