Müsahibimiz Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Almaniyada siyasi mühacirlik həyatı yaşayan Rəşad Məlikovdur.
- Rəşad bəy, Azərbaycan gəncliyinin bu günkü durumunu necə dəyərləndirmək olar?
- Azərbaycan gəncləri ölkədə ən böyük yaradıcılıq potensialı olan və ən böyük işçi qüvvəsi sayılan böyük sosial qrupdur. Bu o deməkdir ki, hökumətin gənclərə yönəlik xüsusi siyasəti olmalıdır. Bu siyasət gənclərin peşə təliminin təşkilinə, təhsil almasına, müasir dünyagörüşlü formalaşmasına, kreativ potensialının həyata keçirilməsinə, işlə təmin olunmasına, cəmiyyətdə müxtəlif fikirliliyi təmin etmək üçün demokratik dünyagörüşlü yetişməsinə, azad biznes və sahibkarlıq mühitinin yaradılmasına xidmət etməlidir. Gənclərə yönəlik siyasət elə formalaşdırılmalıdır ki, onlar inansınlar ki, öz xəyallarında olan ideallarını gerçəkləşdirə bilərlər. Çünki, bu günkü gənclik sabahın idarəedənləri, hökuməti, biznesmeni, pedaqoqu, həkimi və gələcək nəsilə yolgöstərənidir. Deməli, bu günkü gəncliyi nə qədər sağlam və demokratik düşüncəli formalaşdıra bilsək gələcəyimiz o qədər sağlam olacaq. Çox vacib şərtlərdən biri qeyd etdiyimiz məsələlərə nail olmaq üçün azad fəaliyyət imkanlarının yaradılmasıdır ki, bu gün bizim cəmiyyətdə bu o qədər də ürəkaçan vəziyyətdə deyil. Bu mənada Azərbaycan gəncliyinin bu günkü durumunu qənaətbəxş hesab etmək olmaz. Bir anlığa təsəvvür edin ki, ali məktəbdə təhsil almayan gənclər nə işlə məşğuldurlar? Bu, çox ciddi sosial təhlükədir. Çünki, təhsil almayan, işi olmayan, biznes qura bilməyən gənclər zərərli vərdişlərə meyllənə bilərlər. Bu isə çoxsaylı sağalmaz xəstəliklər yarada bilər. Ya da həmin insanlar hansısa xarici ölkəyə getməlidir. Orada onları sığortasız həyat, qeyri-normal yaşayış şəraiti, qeyri-qanuni əmək fəaliyyəti və s. gözləyir. Buna görə də Azərbaycanda gənclərə yönəlik siyasətdə ciddi islahatlar aparılmalıdır. Bu islahatlar başqa sahələrdə də aparılmalıdır ki, gənclərin inkişafına yardımçı olsun. Məsələn, istehsal müəssisələri yaranarsa, potensial işçi qüvvəsi olan gənclər bu imkandan yararla bilərlər.
- Rəşad bəy, Azərbaycanın potensial gəncləri var ki, onlar ən yüksək dövlət sektorlarında da təmsil olunurlar. Bu gənclərə göstərilən qayğı deyil?
– Əlbəttə, vaxtilə 26 yaşlı gənc də deputat seçilmişdi. Hal-hazırda da gənclər var ki, müəyyən mövqelərdə təmsil olunurlar. Amma bütün bunlar çox azdır və sayıla biləcək qədərdir. Siz deyin görək son illər Azərbaycanda nə qədər gənc biznesmen formalaşıb. Nə qədər ictimai əsaslı gənclər təşkilatları yaranıb. Konkret olaraq nə qədər gənc dövlət qulluğuna qəbul edilib. Minlərlə gənc var ki, 3-4 ildir dövlət qulluğu imtahanından keçib, amma işlə təmin olunmurlar. Çünki, onların arxasında dayanan vəzifəli şəxs və ya rüşvət verməyə pulları yoxdur. Sisyasi fərqli fikir ortaya qoymuş çoxlu sayda gənclərimiz var ki, onlar bu mövqelərinə görə həbs olunublar və işgəncəyə məruz qalırlar. Belə olan halda isə nə demokratik dünyagörüşdən, nə plüralizmdən söhbət gedə biməz. Ümumiyyətlə son on ildə nə qədər istehsal müəssisəsi yaradılıb ki, heç olmasa beş yüz nəfərlik işçi qüvvəsi olsun. Görəsən nə qədər Azərbaycan gənci Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda əmək fəaliyyəti göstərir və onların hər gün həyatları təhlükəylə üz-üzədir. Azərbaycanda korrupsiyayla öz həyatlarını qurmuş məmurlar belə şeylər barəsində düşünmək istəmirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?