Onunla tanışlıq ömrümün axarını dəyişdirib. Sözün bütün mənalarında. 1991-ci ilin isti avqust günlərində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili mütərcimliyi bölümündən müsabiqədən keçə bilməmişdim. Məni “konkursa salmışdılar.” Atamla birləşib şiddətli müqavimət göstərdik. Respublikanın bütün qurumlarına – başda Ayaz Mütəllibov olmaqla müraciət edəcək, sonra aclıq edəcəkdim. O zaman belə aksiyalar yeri-yerindən oynadırdı.
Bakı Dövlət Universitetindən Prezident Aparatına doğru gəlməli ikən, yolu tanımadığımıza görə, qarışdırdıq. Bir də baxdıq ki, tamam başqa istiqamətdəyik. Atam əsəbi formada bizə bələdçilik edən, bizi Aparata aparan bələdçimizdən soruşdu ki, indi haradayıq. Zatən yorulmuşduq. Məlum oldu ki, “Azadlıq” qəzetinin redaksiyasının yaxınlığındayıq. Atam qərarı qəfildən dəyişdirdi – “Azadlıq” qəzetinin redaksiyasına gəldik. Zatən nəzərimizdə və proqramımızda vardı, yanlışlıq onu birinci saldı.
Biz “Azadlıq” qəzetinin redaksiyasına girəndə, orada az adam vardı. Həyətin ortasında balaca bir hovuz yer almış, ətrafında bir-iki masa düzülmüşdü və Xaliq Bahadır çay içirdi. Bizi görüncə, dinlədi. Haylı-küylü idik. Və dedi ki, elə burada sizi maraqlandıracaq bir adam var – Vurğun Əyyubov. Taleyin işinə bax, sən demə, Vurğun Əyyub Türkiyəyə keçiriləcək qəbul imtahanının elanı xəbərini dərc olunmaq üçün “Azadlıq” qəzetinin redaksiyasına gətiribmiş və bir neçə dəqiqədən sonra çıxacaqmış.
Bir neçə dəqiqədən sonra Vurğun Əyyub çıxdı və biz görüşdük. Bir neçə dəqiqəlik görüş mənim bütün həyatımı dəyişdi. Vurğun Əyyub bizi AXC-nin qərargahında yerləşən imtahan komissiyasına – Ellada Məmmədliyə istiqamətləndirdi. Sənədlərimizi verdik, imtahanlara qatıldıq və Türkiyəyə oxumağa göndərildik. Mən o proses haqqında geniş və ətraflı yazmışam. Zaman-zaman bu yazılar silsiləsi müxtəlif media orqanlarında çap olunub, amma güman ki, onu “Elçibəyin imtahanı” kitabı formasında yaxın zamanlarda nəşr etdirəcəyəm də. Orada yaddaşımda qalan bütün incəliklərinə qədər yazmağa çalışmışam və o kitabın, o imtahanın, o günlərin – ömrümün o hissəsinin qəhrəmanı Vurğun Əyyubdur. İndi “Qaynar Qazan”da 44-cü qonağım olan bu böyük insan.
Vurğun Əyyubla münasibətlərimiz də zaman-zaman ictimai-siyasi olayların fonunda ziqzaqlı olub. Haqqımda dediyi ən tənqidi yazıları və fikirləri “Xural”ın manşetindən yayınlayacaq dərəcədə dəyərli bilmişəm onu. Siyasətin dolambaclı yollarında nə qədər ağrılı-acılı günlərin olmasına baxmayaraq, mən Vurğun Əyyuba hər zaman Atamın gözlərindən baxmağa çalışmışam. Atam həmin o “Azadlıq” qəzetinin həmin o sadə redaksiyasında Vurğun Əyyuba demişdi ki, mən oğlumu bu ölkədən göndərmək istəyirəm, o, burada oxuya bilməyəcək, çünki burada hər yer rüşvətə bulaşıb. Vurğun bəy də demişdi ki, gəl, sənin oğlunu göndərək gedib Türkiyədə oxusun. İkimiz də şok olmuşduq. Türkiyə ikimizin də xəyallarımızın ölkəsi idi. Və… nəticədə mən Türkiyənin Ankara şəhərinə hüquq fakultəsində oxumağa göndərilmişdim. Bax, o zamandan Atam hər zaman deyərdi ki, “Vurğun bəy harada durursa, ora mənim üçün qiblədir!” Ömrünün sonuna qədər də elə bildi. Bizim münasibətlərin gərgin zamanlarında da mənə deyirdi o sözləri hər zaman…
Təbii ki, şəxsi münasibətlərimizin necəliyindən asılı olmayaraq, Vurğun Əyyub Azərbaycanın yaxın tarixində müstəsna rol oynamış şəxslərdən biridir. Milli Azadlıq Hərəkatından əvvəl “Çənlibel”dən başlayan siyasi mübarizə onu Azərbaycanda qurulan Elçibəy hökumətinin nazir statusunda vəzifəsinə qədər gətirdi. Azərbaycanın yaxın tarixinin ən önəmli islahatlarından birinin aparılmasında Vurğun Əyyub müstəsna rol oynadı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri kimi, millətin ona etibar edilmiş ən vacib sahələrindən birinə başçılıq etdi. Hökumətdə bu vəzifəsinin öhdəsindən layiqincə gəldi. İndi, bu müsahibədə bizə aydın olur ki, zamanında onun ortadan götürülməsi planı da olub və baş nazir Pənah Hüseyn bu planın qarşısını almaq üçün onun mühafizəsinin təşkil edilməsi tapşırığını verib.
Vurğun bəyi daha çox Müsavat Partiyasının sıralarında və rəhbərliyində gördük hakimiyyətin dəyişməsindən sonra. Yollar oradan da ayırdı onu. İllərlə İsa Qəmbərin yaxın silahdaşı olsa da, partiyadan ayrıldı və hazırda ADR Hərəkatının rəhbərliyində təmsil olunan önəmli simalardan biridir.
Vurğun Əyyubla müsahibəmizdə bütün suallara aydınlıq gətirməyə çalışmışıq. Vurğun bəy danışan adam olmasa da, “Qaynar Qazan”da xeyli şeylər söyləyib. İstər keçmiş silahdaşlarına, istər də olaylara fərqli baxlış ortaya qoyub və güman edirəm ki, bu müsahibə də gündəmi silkələyəcək müsahibələrdən biri olacaq. Təbii ki, onunla bir saat yarımlıq müsahibədə bütün 60 illik ömrünü əhatə etmək mümkün deyil. Ən azından, Vurğun Əyyubun ömründə elə hadisələr var ki, düşünürəm, onlar haqqında ayrıca “Azadlıq salnaməsi”ndə söhbətləşmək lazımdır, amma yenə də bu müsahibə çox maraqlıdır. Məsələn, Vurğun Əyyubun İsa Qəmbərlə və Rauf Arifoğlu ilə bağlı dedikləri cəmiyyət üçün çox maraqlı olacaq…
“Qaynar Qazan”da Azərbaycanın ən maraqlı adamlarından biri Vurğun Əyyubdur.
Əvəz Zeynallı
“Qaynar Qazan”
I hissə
Bəzi ağzıgöyçəklər yazırdılar ki…
– Bugünkü qonağımız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qurucusu və ilk sədri Vurğun Əyyubdur. O, Əbülfəz Elçibəy komandasının önəmli simalarından biridir. Bəy, xoş gəlibsiniz.
– Təşəkkür edirəm. Hamını salamlayıram.
– Əbülfəz Elçibəy komandasının önəmli simalarından biri dedim, düzmü dedim?
– Sözsüz, o komandada olmuşam, olmağımdan da heç bir peşimançılıq hissi keçirmirəm.
– Tam təsadüf nəticəsində diqqət elədim, sosial şəbəkələrdə siz də yazmışdınız ki, bu günlərdə test üsulunun tətbiqinin 25 ili tamam oldu – dünən. Necə xatırlayırsınız o günləri?
– Xatırlayanda indi də həyəcan bürüyür məni. Çünki bütün keçmiş Sovet İttifaqında ilk dəfə olaraq bunu tətbiq edirdik və o zaman bəzi ağzıgöyçəklər yazırdılar ki, biz bunu gedib Türkiyədən olduğu kimi götürüb gətirmişik. Təbii ki, belə deyildi. Mən cəmi Türkiyədə bir həftə olmuşdum. Sizin yaxşı bildiyiniz Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzində. Bir həftə ərzində onların iş prinsipləri ilə tanış olmuşdum. Bir həftəyə elə böyük bir prosesi olduğu kimi öyrənib buraya tətbiq eləmək qeyri-mümkün idi. Biz əsas prinsipləri öyrəndik və Azərbaycan mütəxəssislərinin, təhsil işçilərinin hesabına fərqli bir sistem qurduq. Bu sistem Türkiyə sisteminin təkrarı deyildi, Türkiyədə o sistem çox mürəkkəbdir – balların hesablanmasından tutmuş imtahanların keçirilmə mərhələlərinə qədər. Buna baxmayaraq, biz həyəcanla Əbülfəz Elçibəydən zaman istəmişdik – təxminən 3 ay ərzində biz bu sistemi hazırlayıb tətbiq etməli idik.
İmtahanlara 5 dəqiqə qalmış infarkt vəziyyətində idik
Və noyabr ayının 15-də – imtahanlar olan günü saat 15.00-da imtahanlar başlamalı idi. Bir ara xəbər gəldi ki, iki imtahan veriləcək məntəqəyə suallar çatdırılmayıb. Mən komandanı yığıb dedim ki, 10 dəqiqə vaxt ərzində bu suallar ora çatmasa, imtahanları ləğv edirik. Bu isə şəxs olaraq mənə də, bizim komandaya da, Azərbaycan dövlətinə də çox böyük zərbə olardı. 3-ə 5 dəqiqə qalmış demək olar ki, infarkt vəziyyətində idik.
– Təxribat, sabotaj var idi, yoxsa?
– Onu aydınlaşdırmaq imkanımız olmadı. Ya taksilərdə cavabdeh adamlar sualın çatdırılmasında niyəsə gecikmişdilər, ya da… Vaxta 5 dəqiqə qalmış xəbər gəldi ki, suallar artıq çatdı. Sevincimizin həddi-hüdudu olmadı və saat 3-də imtahanlar başladı.
– Hara çatmamışdı suallar? Bakı ərazisində idi?
– O vaxt imtahanların hamısı Bakı ərazisində keçirilirdi və 4 qrup üzrə bütün imtahanlar Bakıda keçirilirdi. İndi qruplar ayrı-ayrı günlərdə, ayrı-ayrı bölgələrdə keçirilir. Təxminən 140 min abituriyentin bir gündə, eyni zamanda imtahana girməsi, bunların təşkil olunması, təsəvvürünüzə gətirərsiniz ki, nə boyda iş və nə boyda məsuliyyət idi. Amma biz öhdəsindən gəldik.
– Amma imtahanın vaxtı da maraqlı olub, Vurğun bəy – 15 noyabr. Adətən yayda olur axı imtahan?
– İmtahan adətən sovet dövründə bilirsiniz ki, avqust ayında keçirilirdi. Zarafatla o dövrdə buna “məhsul yığımının başlandığı dövr” də deyirdilər. Amma biz hazır deyildik və Əbülfəz Elçibəyə müraciət elədik ki, imtahanların təxirə salınması barədə sərəncam versin və söz verdik ki, 3 ay ərzində biz bu imtahanı keçirəcəyik.
– Maraqlı bir sual var. İsa Qəmbərin qardaşı Rövşən Qəmbər soruşur: “Vurğun bəyi və ədalətli vətəndaşlarımızın hamısını test üsulunun Azərbaycana gəlişinin 25 illiyi münasibətilə təbrik edirəm. Test üsulunun Azərbaycana Türkiyədən gətirilməsini 1991-ci ildə niyə təklif etmədiniz? Hökumətdə olan çox siyasətçinin 1992-ci ildə deyil, 1993-cü ilə ertələməsini ən çox istəyənlərin əsas arqumentləri nə idi? Test üsulunun Azərbaycana gəlməsində və 3 ay gecikərək 15 noyabr 1992-ci ildə tətbiq olunmasında ən çox hansı 10 vətəndaşımızın böyük rolu olub?”
– Təşəkkür edirəm. Rövşən bəy bu 25 il ərzində test sisteminin müdafiəsində çox sabit dayanan insanlardan biridir. Hər il onun ildönümünü şəxsən özü qeyd edir sosial şəbəkələrdə və s.
Sistemin təşəbbüskarı və qızğın tərəfdarlarından bəlkə də birincisi Firudin Cəlilovdur
– Bəli, indi də böyük bir yazı yazmışdı…
– Rövşən bəy əvvəla deyim ki, bir neçə ildir mənə də deyib, yazır da. Ki, bu təşəbbüs onun rəhbərlik etdiyi və sonradan Müsavat partiyasına birləşən Ana Torpaq partıyasına məxsusdur. Ola bilər. Mənim bu barədə məlumatım yoxdur. Qəti bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, Rövşən bəy bu sistemi alqışlayan 10 adam varsa, onlardan biri və bəlkə də birincisidir. Onu da deyim ki, bu sistemin təşəbbüskarı və qızğın tərəfdarlarından biri, bəlkə də birincisi, Firudin Cəlilovdur. Firudin bəy o zaman Nazirlər Kabinetində hümanitar məsələlər üzrə müavin idi.
– Hələ Təhsil naziri deyildi?
– Xeyr. Və mənim bu işlə bağlı Türkiyəyə getməyimin də təşəbbüskarı Firudin bəy olub. Bu sistemin tətbiqi üçün təbii ki, bir siyasi iradə, siyasi bir qərar tələb olunurdu. Bu siyasi iradə və qərar Əbülfəz Elçibəyə məxsusdur. Ölkə prezidentinin iradəsi olmasaydı, təbii ki, biz bu sistemi tətbiq edə bilməzdik. Bu sistemin tətbiqi, onun elmi, texniki bazasının yaradılması isə istisnasız olaraq mənim rəhbərlik etdiyim komandanın zəhmətidir. Bu, yüzdə yüz belədir.
– 4 nəfərin adını çəkdiniz, 10 nəfərin yox…
– Yox, çox adlar çəkə bilərəm. Elçibəy hökumətinin müraciət etdiyim hər bir şəxsi bacardığı qədər kömək göstərib. İsa Qəmbər də, Pənah Hüseyn də, başqaları da. O zaman İqtisad Kollecinin direktoru idi, indi İsmayıllının icra başçısıdır, Mirdamət Seyidovdur deyəsən, onun çox köməyi dəyib texniki bazanın yaradılmasında. Bugünkü Odlar Yurdu Universitetinin təsisçisi Əhməd Vəliyevin çox böyük yardımı olub və s. Bu adları çox çəkmək olar.
– Tanınmış jurnalistlərimizdən Xəqani Səfəroğlu soruşur: “Testin 25 yaşı tamam oldu. Vurğun bəyin TQDK-da rəhbərlik etdiyi həmin tarixi komandası ilə əlaqəsi varmı? Kimlərin adını çəkə bilər?”
– Mənim topladığım komanda say etibarilə böyük deyildi. Nəzərdə tutmuşduq ki, gələcək illərdə kadr bankını bir az da genişləndirək. Eşitdiyimə görə onlardan bəziləri bu gün də qalıb işləyir. Onlarla heç bir əlaqəm yoxdur. Komandada olmuş bəzi şəxslər bayramlarda zəng edir, hal-əhval tutur. Məsələn, Emin Hacıyev demək olar ki, hər bayram mənə zəng edir. Bəziləri ilə təsadüfən küçədə, ya da hansısa tədbirlərdə görüşüb-salamlaşırıq.
– Vurğun bəy, TQDK məsələsini mən ayrıca Sizinlə “Azadlıq salnaməsi”ndə müzakirə etmək istəyirdim, amma hər halda mövzu açılıbsa və suallar varsa, soruşum. Bu ideya kimin ağlının məhsuludur? İlkin söhbət nə zaman başladı? Hakimiyyətə gəlməmişdənmi gedirdi bu söhbət, yoxsa gənclik arzularınızdanmı olub? Haradan ağlınıza gəldi bu TQDK, kimin ağlına gəldi?
– Mən 1984-cü ildə ovaxtkı Lenin adına APİ-nin – indiki Nəsirəddin Tusi adına APU-nun aspiranturasına daxil oldum və Bakıya köçdüm. Bakıya köçdükdən sonra bizim hər zaman görüşdüyümüz, müzakirələr apardığımız adamlar vardı – Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi, Firudin Cəlilov və s.
Bütün vəzifələrdən imtina eləmişəm
– O vaxtdan tanışsınız eləmi, Əbülfəz Elçibəylə?
– Bəli. Sonra “Çənlibel”in toplantılarında daha da yaxınlaşdıq və Azərbaycan təhsilində baş verən rüşvətxorluq, daha doğrusu, təhsili xərçəng kimi sarmış rüşvətxorluğun necə aradan qaldırılması barədə çoxlu müzakirələrimiz olub. 1991-ci ildə Sizin də içərisində olduğunuz 50 nəfər tələbəni Türkiyəyə oxumağa göndərdik. O qəbula da Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri olaraq məni rəhbər təyin eləmişdi.
– Qəbul Komissiyasının sədri Siz idiniz, bəli.
– Və artıq 1992-ci ildə Türkiyəyə göndəriləcək tələbələrin sayı çox oldu. Təxminən 2.000 nəfər. Mən o zaman açığını deyim ki, heç bir vəzifə daşımırdım. Mənə hətta bir neçə vəzifə demişdilər, Azərbaycan Televiziyasından tutmuş Təhsil Nazirliyinə qədər.
– Televiziyanın direktoru kimi?
– Televiziyada 1-ci müavin, Təhsil Nazirliyində 1-ci müavin, o şərtlə ki, bir neçə aydan sonra nazir və s. Bunların hamısından imtina eləmişəm. Firudin Cəlilovla çox yaxın münasibətdə idik. Bir gün Firudin bəy məni dəvət etdi ki, bəs Türkiyəyə göndəriləcək tələbələrin seçilməsində, prosesin aparılmasında ona kömək edim. Heç bir vəzifə daşımasam da, Firudin bəyə kömək edirdim. Türkiyədən imtahanların təşkil olunması üçün bir mütəxəssis gəlməli idi. Amma bu mütəxəssis gəlib çıxmırdı. Firudin bəy məndən xahiş elədi ki, Türkiyəyə gedim. Həm maraqlanaq ki, bu, niyə gəlmədi, həm də onların sisteminin necə olduğunu öyrənək. Rəhbər kimi mən, o zaman Təhsil nazirinin müavini Misir Mərdanov və İnşaat Mühəndisləri Universitetindən Zakir Hüseynov – akademik Ələşrəf Hüseynovun oğlu, İnşaat Mühəndisləri Universitetinin dosenti idi. Biz üçümüz getdik. Biz gedən günü həmin nümayəndə – Nihal Kalmış adlı bir xanım da bura gəldi. Biz qayıdanda artıq Nihal xanım bir çox işləri görmüşdü. Çox zəhmətkeş, enerjili bir qadın idi. ÖSYM-nin tanınmış və nüfuzlu adamlarından biri idi. Biz də gəldik və o imtahanları keçirdik. O imtahanlar test sualları vasitəsilə keçirildi. Ona test sistemi demək mümkün deyildi. Çünki abituriyentlər sualları əlləri ilə yazıb cavablandırmışdı, sonra müəllimlər o cavabları yoxlamışdılar və Nihal xanım o cavabları götürüb aparmışdı Türkiyəyə. Və öz sistemlərinə uyğun bir şəkildə bir bal sistemi qurmuşdular və nəticəni bizə göndərmişdilər. Yəni bu bir sistem deyildi. Sadəcə olaraq biz abituriyentlərə test sualları təqdim eləmişdik. Nə optik oxuyucu iştirak edirdi orada, nə başqa bir şey. Mən gəldikdən sonra prezident aparatında rəhmətlik Rafiq İsmayılovun rəhbərliyi ilə bir toplantı oldu. Bu toplantıda universitet rektorları və Təhsil Nazirliyinin yüksək vəzifəli məmurları iştirak edirdilər. Mən burada oturanlara bu sistem haqqında məlumat verdim. Aydın oldu ki, sistem haqqında bunların geniş məlumatı yoxdur. Bu rektorlar – bir-ikisini çıxmaq şərtilə – əksəriyyəti belə bir arqument irəli sürdülər ki, biz imtahanları bu sistemlə keçirməyə hazır deyilik, buna Azərbaycan cəmiyyəti də hazır deyil. İslahat birdən-birə olmaz, onu tədricən eləmək lazımdır. Təbii ki, mən onların bəzilərini başa düşürdüm. Bəziləri səmimi şəkildə bunu deyirdilər, bəziləri isə artıq qarşıdan avqust ayında qəbul imtahanları gəldiyi üçün onun həsrətini çəkirdilər. Amma Rafiq müəllim də, mən də bir daha bildirdik ki, bu, Azərbaycan dövlətinin iradəsidir və bunu biz həyata keçirəcəyik. Təbii ki, qəbuldan milyonlarla pul qazanan insanlar da sakit durmurdular, əleyhimizə iş aparırdılar. Hətta mən TQDK sədri olanda, bir dəfə səhər-səhər işə gələndə gördüm ki, 4-5 adam var. Soruşdum ki, xeyir ola, dedilər ki, bəs bizi Pənah bəy göndərib. Zəng elədim Pənah bəyə ki, Pənah bəy, bunlar nəyə lazımdır ki? Pənah bəy mənə dedi ki, Milli Təhlükəsizlik Nazirliyinin araşdırması var, sənə qarşı sui-qəsd təşkil etmək istəyən qruplar var, qəbul imtahanlarında qazanacaqları əllərindən çıxıb və düşünürlər ki, guya mənim aradan götürülməyimlə bu prosesi dayandıracaqlar. Bu cür şeylər olub. Cəmiyyətdə bu sistemə qarşı bir inamsızlıq yaratmaq meylləri var idi, amma o zaman bizim televiziyada ardıcıl çıxışlarımız, şərhlərimiz, camaatla görüşmələrimiz bu inamsızlığı getdikcə aradan qaldırdı.
İndi… o cəsarəti göstərə bilməzdim
– Ən əsas da iş… Oxuyan uşaqların hamısının qəbul olunması…
– O, qəbuldan sonra idi. Amma qəbula qədər o inamsızlığı aradan qaldırmaq lazım idi.
– Vurğun bəy, indi illər keçib – 25 il keçib. O illərə baxanda Sizə necə gəlir? Doğrudan da böyük bir mafiya ilə üz-üzə gəlibsiniz. İndi olsaydı, yenə edərdinizmi?
– Tam səmimi deyim, bəlkə də gəncliyin coşğusu, romantizmi mənə cəsarət verdi. İndi dönüb o illərə, o işin həcminə baxanda, Azərbaycan cəmiyyətinin durumunu göz önünə gətirəndə, indiki ağlımla, ehtiyatlı hərəkət etməyimlə fikirləşirəm ki, o cəsarəti göstərə bilməzdim. Amma o zaman bu cəsarəti göstərdik. Və uğurlu da nəticə alındı.
– TQDK-nın sədri olmağı özünüz istədiniz, yoxsa Əbülfəz bəy dedi?
– İndi insanlar o qədər “mən belə elədim”, “mən elə elədim” deyirlər ki, adam utanır bu barədə danışmağa. Mən doğrudan da heç bir vəzifə tutmaq istəmirdim. TQDK ideyasını mən sadəcə olaraq deyirdim – ki, bax bu, belə olmalıdır, bu cür qurulmalıdır. Bir gün televiziyada eşitdim ki, TQDK yaradılıb və Vurğun Əyyub da bura sədr təyin olunub.
– Yəni təyinatınızı televiziyadan eşitdiniz?
– Bəli. Doğrusunu deyim ki, bu, məni çox hirsləndirdi. Necə yəni, mənim xəbərim olmadan məni vəzifəyə təyin edirlər. 3 gün o vəzifəni icra etmədim. Nəhayət, bir gün Firudin Cəlilovun yanında idim, sən demə, Firudin bəy Rafiq İsmayılov və Pənah Hüseynlə danışıbmış. Bir də gördüm onlar otağa girdilər. Məlum oldu ki, Pənah bəy bu fərmanın hazırlanmasında yaxından iştirak edib və düşünüb ki, mən bu vəzifəni sevinclə qəbul edərəm, çünki arzum idi ki, belə bir sistem qurulsun. Nəsə, Pənah bəylə uzun bir mübahisədən sonra axır ki, bu vəzifəni icra etməyə məni razı saldılar.
– Yəni ilkin olaraq narazı olubsunuz, eləmi?
– Bəli. Yəni mən heç bir vəzifə tutmaq istəməmişəm. May ayının 15-də biz parlamentin binasına gedərkən, “Moskva” mehmanxanasına çatmamış güllə səsləri gəldi. Ətrafdakılar bizi qorumağa çalışırdılar, xüsusən, İsa bəyi. Ara sakitləşəndən sonra İsa bəy mənə dedi ki, xahiş edirəm, get televiziyaya, ora mühüm yerdir. Mən Şəmkirin icra başçısı, sonra isə Kənd Təsərrüfatı naziri olan Qara Tofiqlə birlikdə ora getdim. Gördüm ki, Məmməd Muradı bir küncə sıxışdırıblar, otaqda müxtəlif adamlar var. Onları otaqdan çıxartdım. Televiziyada cəmi bir operator, bir rejissor, bir diktor qalmışdı – hər kəs çıxıb getmişdi. Üç gün televiziyanı mən idarə elədim. Sonra mənə dedilər ki, sən orada birinci müavin olaraq qal, çünki birinci müavin orada siyasi post hesab olunurdu. Mən etiraz elədim ki, mən televiziyada işləmək istəmirəm. Mən sadəcə olaraq 3-4 gün oranı idarə eləmişəm ki, boş qalmasın. Bir həftə də qalıb Məmməd İsmayıla kömək eləmişəm. Hətta belə bir arqument də dedim ki, deməzlərmi ki, Azərbaycan batıbmı ki, sədri də Tovuzdan olsun, birinci müavini də Tovuzdan olsun. Sonra Təhsil Nazirliyini dedilər, dedim, istəmirəm.
– Vurğun bəy, bəs haranı istəyirdiniz, yəqin özünüzün ürəyinizdə bir vəzifə olub…
– Vallah, tam səmimiyyətimlə deyirəm, mən ümumiyyətlə, vəzifə haqqında düşünmürdüm. Vəzifə tutmaq istəmirdim. Bundan başqa nəticə çıxarmaq istəyən var ki, guya komandadan narazılığım olub, nə bilim nə. Qətiyyən! Sözün düzü, özümü heç vəzifədə təsəvvür eləmirdim. Deyə bilmərəm, bu psixoloji hal necə yaranmışdı, amma belə idi.
– Tovuzlulardan danışdınız, amma tovuzlular da çox idi maşallah, çox idi, 14-15 nazir vardı…
– Yox, o qədər deyildi, bir neçə nazir, nazir statusunda olan vəzifələrdə tovuzlular var idi.
– Bunun bir səbəbi var idi, yoxsa bu, tam təsadüfi bir şey idi?
– O suala ancaq rəhmətlik Əbülfəz Elçibəy cavab verə bilərdi.
TQDK Azərbaycandakı mövcud idarəetmə institutları içərisində ən effektiv işləyən qurumlardan biridir
– Jurnalistlərdən Elvin Məhərrəmli soruşur: “İlk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Hazırda bu uğuruna kölgə düşürüldüyünü düşünürmü?”
– Bu suala cavab vermək çətindir. Mən dəfələrlə demişəm, Azərbaycanda idarəetmə institutları içərisində, müqayisədə ən təmiz, şəffaf fəaliyyət göstərən indiki Dövlət İmtahan Mərkəzi, o zamankı TQDK-dır. Əslində, deyim ki, onu Komitə etmək istəyirdilər. O zaman mən etiraz elədim ki, komitə bir az böyük səslənir, gəlin, hələ bir bu qəbulu keçirək, görək nə bacarırıq, bir Komissiya edək, sonra böyüdərsiniz. Və ilkin olaraq bu Komissiya Nazirlər Kabinetinin nəzdində yaradılmışdı. Mən orada qalıb işləməyə razı olduqdan sonra şərtlərimdən biri bu oldu ki, o Komissiya hökumətin tərkibində olmamalıdır, çünki hökumətin tərkibində olarsa, ona müdaxilə etmək arzusunda olanların sayı da çoxalacaq. Buna görə də Komissiyanı Elçibəyin növbəti bir fərmanı ilə Nazirlər Kabinetinin tərkibindən çıxarıb prezidentə tabe elədik ki, bura müdaxilə imkanları olmasın.
– Yəni strukturun formalaşmasında da Sizin – belə deyək, şərtiniz olub, eləmi?
– Bəli, əslində struktur yox idi. Sadəcə olaraq bir fərman var idi ki, TQDK yaradılsın, filankəs də ora sədr təyin olunsun. Qalan strukturun hamısını indiki Müəllif Hüquqları Agentliyinin sədri – o zaman mən onun birinci müavin təyin olunmasında çox təkid elədim – Kamran İmanovla birgə həll etdik. Onunla birlikdə təkliflərimiz verdik, Əbülfəz Elçibəy də onlara heç bir düzəliş eləmədən təsdiq etdi. Yəni bu mənada TQDK Azərbaycandakı mövcud idarəetmə institutları içərisində ən effektiv işləyən qurumlardan biridir. Təbii ki, onun fəaliyyətində məni narazı salan cəhətlər də var və bu barədə dəfələrlə mətbuatda fikrimi demişəm. Məncə, oradakı qüsurların bir çoxu TQDK-nın rəhbərliyinin və ya kollektivinin günahından deyil, daha yuxarı instansiyalarda hökumətin götürdüyü səhv xəttin nəticəsində ortaya çıxan qüsurlardır. Bu il belə bir qərar qəbul elədilər ki, universitetlərin nəzdində hazırlıq kursları yaradılacaq və o hazırlıq kurslarının imtahanlarının nəticəsində ali məktəblərə qəbul olunacaq. Məsələn, mən hesab edirəm ki, bu, tamamən yanlış yoldur.
– Geriyə dönüşdür…
– Sovet dönəmində belə bir şey var idi və hər kəs bilir ki, bu, qəbul imtahanlarına müdaxilə etməyin “qanuni” yolu idi. Hədsiz dərəcədə səhv mərkəzləşmə davam edir. Bu, olmamalıdır. Bunun olmasının səbəbi odur ki, Azərbaycanda qanunda əksini tapmasına baxmayaraq, ali məktəblərin müstəqilliyi və muxtariyyatı yoxdur. Ona görə də Dövlət İmtahan Mərkəzi də o cür sərt mərkəzləşmiş siyasət yürüdür. Hesab edirəm ki, bu 25 il ərzində tələbə qəbulu ikimərhələli olmalı idi. Mən 1992-ci ildə bunu demişdim. Ki, bir neçə ildən sonra biz ikimərhələli imtahan sistemini tətbiq edəcəyik. Bu, nə demək idi? Bu, o demək idi ki, birinci mərhələ orta məktəbin buraxılış imtahanları ilə əvəzlənəcək, orada biz 8 əsas fənndən abituriyentlərin bilik səviyyəsini yoxlayacaqdıq. İndi abituriyentlər hansı ixtisasa gedirlərsə, ona uyğun fənnləri öyrənib o biriləri öyrənmirlər, bu da onların hərtərəfli inkişafına və yetişməsinə əngəl olur. Bu olmayacaqdı. Müəyyən bir bal həddi qoyacaqdıq. Bu bal həddini keçən abituriyentlər ali məktəbə sənəd verə bilər. O zaman ancaq seçdiyi ixtisasa aid fənnlərdən imtahan verəcəkdilər. Keçə bilməyənlərə isə, biz ancaq orta məktəbi bitirmək haqqında attestat verəcəkdik. Çox təəssüf ki, bu, olmadı. Bunun olmamasının nəticəsidir ki, orta məktəblər öz funksiyasını itirib. Ali məktəbə getmək istəyən, abituriyent olacaq şagirdlər, konkret fənnlərdən repititora gedirlər, heç məktəbə də gəlmirlər və o biri dərslərə də hazırlaşmırlar. Bu da təhsilin bəlasına çevrilir.
Məleykə Abbaszadə bacarıqlı kadrdır
– Faktiki elədir… Vurğun bəy, Məleykə Abbaszadə sizin dövrün kadrıdır, yoxsa?
– Yox. Məleykə Abbaszadə güman ki, indi qarşımdan gəlsə, bəlkə də tanımaram. Ancaq elə tanıya bilərəm ki, televizorda-filanda görmüşəm. Mən o xanımı tanımamışam. Heç indi də tanımıram. Salam əleykimimiz də yoxdur, amma hesab edirəm ki, bacarıqlı kadrdır. Əgər siyasi hakimiyyət onun qarşısına düzgün tələblər qoysa, o, bu işləri yerinə yetirə bilər.
– Rahim Məmmədov soruşur: “Test üsulunun müəlliflərindən biri sizsiniz. Sizcə, bugünkü gündə test üsulunu niyə ləğv edirlər?”
– Mən deyə bilmərəm ləğv edirlər. Yəqin ki, ləğv etməzlər də. Amma o sistemdə öz arzularını həyata keçirmək üçün boşluqlar yaratmaq meylini mən görürəm və bu, yaxşı hal deyil.
– Bəzi institutlarda – məsələn, Gəncədə – test sistemi ləğv olunub. Əməlli-başlı artıq sözlü imtahanların dövrü başlayıb…
– Vallah, mən qəbul imtahanlarında elə hallarla qarşılaşmamışam…
– Qəbul yox, amma daxili imtahanlarda…
– Əvəz bəy, ali məktəblərdə semestr imtahanlarının necə keçiriləcəyini məncə, universitetlərin və müəllimlərin özləri müəyyən etməlidirlər. Məsələn, “Xəzər” Universitetində biz bir semestr ərzində iki imtahan keçiririk: aralıq imtahanları, sınaq imtahanları.
– Bu, sözlü olur, yoxsa testlə?
– Bu, müəllimdən asılıdır, məsələn, mən tələbələrimə deyirəm ki, əgər aralıq imtahanında 30 ballıq imtahan keçiririksə, məsələn, 10, ya da 5 ballıq bir açıq sual salacam. Və mən bilirəm ki, açıq sualın bir çox qüsurları var. Hərçənd ki, keçmiş sovet təhsilində çalışan adamların hər biri indi açıq suallardan ağız dolusu danışırlar. Test suallarının guya tapmaca olduğu barədə danışırlar. Bu, daha geniş söhbətin mövzusudur. Amma açıq suallar istənilən halda subyektivizm deməkdir. Açıq sualı mənə versələr mən bir cür qiymətləndirəcəm, Əvəz Zeynallı başqa cür qiymətləndirəcək, ya da professor filankəs başqa cür qiymətləndirəcək.
– Bir az da məntiq məsələsidir, deyirsiniz, eləmi?
– Yanaşma məsələsi var. Sən tələbənin qarşısına açıq sualları qoyarkən, hansı tələbləri irəli sürürsən və s. Amma mən nə qədər baş ağrıdan olsa da, bu sualları salıram. Tələbələr üsyan eləsə də, salıram. Niyə? Çünki bunlar filoloq olacaqlar, istəyirəm ki, bunların yazılı nitqi formalaşsın. Fikirlərini yazılı şəkildə ifadə etməyi bacarsınlar. Bax, o zaman orta təhsilin fəlakətləri ortaya çıxır. Məsələn, mənim bir tələbəm vardı, savadı, bilik dairəsi çox gözəl idi. Adam yazı yaza bilmirdi. Bu, o deməkdir ki, orta məktəbdə bu işlə məşğul olanlar öz işlərinin öhdəsindən gəlməyiblər. Və bu adama attestat verib ali məktəbə göndəriblər. Hamı bunun günahını testə atır. Burada testin nə günahı var? Bəs orta məktəbin məsuliyyəti hanı? Axı 10 il bu adam orta məktəbdə oxuyub? Axı bu adam orta məktəbi bitirəndə imtahan verib? Bəs niyə buraxmısınız bunu? Belə fəlakətlər üzə çıxır… Məsələn, “Xəzər”də müəllim özü müəyyənləşdirir…
– Firəddin Əlioğlu soruşur: “Bir pedaqoq kimi Azərbaycan təhsilinin müasir səviyyəsini necə qiymətləndirir?”
– Firəddin bəy təcrübəli bir təhsil işçisidir. Mən bilirəm ki, onun özü bu sualın cavabını bilir, sadəcə olaraq məndən eşitmək istəyir. Mən müasir Azərbaycan təhsilinin səviyyəsini çox aşağı hesab edirəm və bunu millətimizin fəlakəti kimi qəbul edirəm.
– Zülfüqar Qubad bir maraqlı sual soruşub: “Eşitdiyimizə görə müxalifət funksionerlərindən birinin yaxın qohumunun imtahanlarda çox cüzi balı çatmayıb və həmin insan Əbülfəz Elçibəydən xahiş edib. Elçibəy də Sizdən xahiş edib ki, bəs bu uşaq filankəsin yaxın qohumudur, buna kömək et, qoy keçsin, bunun çox cüzi balı çatmır. Sizsə ərizənizi yazıb Bəyin stolunun üzərinə qoyubsunuz ki, mən işdən çıxıram, amma onu edə bilmərəm. Bəy də Sizə deyib ki, ərizənizi götürün, çox sağ olun, mənə Sizin kimi insanlar lazımdır.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?