Məmməd Əlizadə: “İstefama səbəb Prezident Administrasiyasında olan insanların şəxsimə tənqidi münasibəti idi” Suallara Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təsisçisi və bu təşkilata 20 il müddətinə sədrlik edən Məmməd Əlizadə cavab verib. O əsasən son zamanlar DADP-nin Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi haqda qərarını şərh edib. - Məmməd müəllim, DADP-nin Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürməsini necə qarşıladınız? - Açığını deyim ki, mən bu haqda iki gün əvvəl mətbuat vasitəsilə xəbər tutmuşam. Guya Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi məsələsini müzakirə ediblər. Əslində bu heç Mehriban xanımın namizədliyinin irəli sürülməsi də deyil. Amma bütün hallarda bu yanlış hərəkətdir və yolverilməzdir. Bu özbaşınalıqdır. Xüsusən də, ölkənin tanınmış insanlarının adı ilə bağlı qərarlar çıxarmaq ciddi nöqsandır. Sizdə bilirsiniz ki, hakim partiya var və bu partiya olduqca güclüdür, hakim siyasi elitanı təmsil edir. Eləcədə hakim partiya ölkənin ictimai-siyasi həyatında müstəsna rol oynayır. Bu partiyanın razılığı olmadan onun sədrinin müavininin namizədliyinin irəli sürülməsi yanlış və anlaşılmazlıqdır. Ancaq konkret olaraq Mehriban xanımın namizədliyinin irəli sürülməsinə gəldikdə deyim ki, ölkənin birinci xanımının gördüyü işlər, fəaliyyəti ortadadır və o bir dövlət xadimi kimi prezidentliyə namizədliyə layiq simadır. Söhbət məsələnin bu aspketdən qiymətləndirilməsindən getmir. Sadəcə olaraq YAP sədri, hazırkı prezident İlham Əliyevinin namizədliyinin irəli sürüldüyü təqdirdə iqtidaryönlü bir partiya olaraq DADP-nin başqa mövqedən çıxması doğru deyil. Çünki biz hələ bir il əvvəl dilə gətirmişik ki, iderimiz İlham Əliyevdir və DADP olaraq onun siyasətini birmənalı dəstəkləyirik. Həm də Məşvərət Məclisinə daxil olan bütün hakimiyyətyönlü partiyaların prinsipial mövqeyi belədir ki, seçkilərdə İlham Əliyev dəstəklənsin. Belə bir məqamda özbaşınalıq nümayiş etdirərək başqa mövqedən çıxış etmək yanlış hərəkətdir. Əlbəttə ki, bu cür addımlar razılaşdırılmış şəkildə və məsləhət əsasında atıla bilər. - Siz DADP-nin Mehriban Əliyevanın namizədliyini irəli sürməsini özfəaliyyət hesab edirsiniz? - Təbii. Mən bilmirəm ki, kimlərin nə əlaqəsi var. Amma bütün hallarda mənim mətbuat və internet vasitəsi ilə əldə etdiyim xəbərlər göstərir ki, bu öz fəaliyyətdir və belə şey olmamalıdır. - Mehriban xanımın razılığı və xəbəri olmadan hansısa partiya onun namizədliyini irəli sürə bilərmi? - Mən də deyirəm ki, bu səhv yoldur. Bütün hallarda bu baş verəcəksə, cənab prezidentin iradəsi əsasında baş verəcək. Çünki Məşvərət Məclisində təmsil olunan bütün qüvvələr İlham Əliyevin liderliyini qeyri şərtsiz qəbul edirlər. Liderlik qəbul edilirsə, deməli biz cənab İlham Əliyevin iradəsindən sonra kimisə dəstəkləyə və ya namizədliyini irəli sürə bilərik. Bu bizim uzunmüddətli fəaliyyətimizdə əsas istiqamət olub. - Bu gün DADP-nin özündə vəziyyət nədən ibarədir? - Mən bir il əvvəl partiya sədrliyinən istefa verdim, səlahiyyətləri müavinim Mirkazım Seyidova verdim. Mirkazım müəlim isə iki ay müddətində partiyada yaranan problemlər, narazılıqlar, baş verən konliktlər səbəbindən çıxıb getdi. Bundan sonra onlar guya təşkilat komitəsi yaradaraq sədr seçdilər. Qısa zaman kəsiyində isə bu partiya yenidən parçalandı. Yəni ortaya yeni bir narazılar qrupu çıxdı və onlarda özlərini DADP olduqlarını bəyan etdilər. Həm də başqa bir şəxsi sədr seçdilər. Yəni bu gün partiyada parçalanma, müəyyən qrupların bir tərəfə yığılması baş verir. Partiyanın üzvü olan ziyalıların isə təşkilatdan kənarlaşması müşahidə olunmaqdadır. - Mehriban xanımın namizədliyini irəli sürənlər DADP-nin adına iddia edən legitim qrupdur, yoxsa partiyanın parçalanmasından sonra ortaya çıxan tərəf? - Mən dünən səhər tezdən araşdırmalara başlamışam. Bu qərarı verənlərin legitim DADP olub-olmadığını müəyyən etmək məqsədilə araşdırmalara başlamışam. Partiya daxilində o qrupların kim olması, hansı tərəfin qurultay keçirməsi, rayon təşkilatlarında konfransların olub-olmadığı ilə maraqlanırıq və yaxın zamanlarda bu haqda mövqeyimizi ifadə edəcəyik. - Bu qərarı verən DADP-nin sədri kimdir? - Mən bildiyim qədər bu Əlsahib Hüseynovun sədri olduğu DADP-nin qərarıdır. - Bu şəxs sizin DADP sədri olduğunuz zaman partiya rəhbərliyində təmsil olunubmu? - Mən sədr olanda bu şəxslərlə yaxınlığım və münasibətim olmayıb. Bu adamlar da mənim sədr olduğum 20 il müddətində partiya rəhbərliyində təmil olunmayıblar. Əgər Ədliyyə Nazirliyi yoxlama aparsa və bu şəxslərin partiya biletlərinə baxsa görər ki, o sənəddə mənim imzam yoxdur. Yəni istəsələr məsələni araşdıra bilərlər. Mən ümumiyyətlə bunların kim olduğunu bilməmişəm. Mən sonralar bu məsələlər haqqında məlumat almışam. Mən siyasətdən getmək haqqında qərar verdim və bundan sonra da sədrlikdən istefa etdim. Ondan sonrada partiyanın həyatı ilə əaqəmi kəsdim. - Yeri gəlmişkən, siz nədən 20 il sədri olduğunuz DADP-dən istefa verdiniz, sizin istefanız bu məsələlərlə bağlı deyildimi? - Yox. Mənim partiyadan getməyimin əsas səbəblərindən biri Prezident Administrasiyasında və bəzi dövlət qurumlarında olan insanların mənim şəxsimə və ya partiyaya tənqidi münasibəti ilə bağlı idi. Çünki bələdiyyə və Milli Məclis seçkiləri zamanı mənə və partiyamıza qarşı qərəzli mövqedə duranlar var idi. Bu baxımdan mən düşündüm və fikirləşdim ki, bu insanlarla mübarizəyə başlamalıyam. Bu da başqalarının dərimanına su tökmək kimi nəticələnə və ya qiymətləndirilə bilər. Çünki mən cənab prezidentin apardığı siyasəti birmənalı dəstəkləyitəm, habelə milli lider Heydər Əliyevin fəaliyyətinə dair çoxlu sayda kitabların müəllifiyəm. Mənim işim Heydər Əliyev tərəfindən ortaya qoyulan siyasətin müdafiə olunması ilə bağlı olub. Heç vaxt liderlik iddiasında olmamışam. Həmin dövrlərdə həm də DADP üzərinə bəzi iftiralar atılmağa başladı. Guya DADP kiminsə partiyasədər və ya ikinci iqtidar partiyasıdır. Beləcə mən sədrlikdən istefa verdim. - Siz sədr olanda belə xəbərlər yayılmışdı ki, DADP Mehriban Əliyevanın nəzarətinə keçib. Bundan az sonrada birinci ledinin namizədliyinin məhz DADP tərəfindən dəstəklənməsi xəbəri ortaya çıxdı. Bunlar bir-birilə bağlı məsələlər deyilmi? - Qətiyyən bir-birilə bağlı məsələ deyil. Ola bilsin ki, bu da bir dalğadır. Amma birmənalı şəkildə bəyan edirəm ki, mənim fəaliyyətim dövründə belə fikir və mövqe qoyulmayıb. Sadəcə olaraq mən Bakı ətrafı kəndlərdə və regionlarda insanlarla görüşlərim zamanı Heydər Əliyevin keçdiyi ömür yolu, İlham Əliyevin ölkəmizdə gördüyü və gələcəkdə görəcəyi işlər, habelə Mehriban Əliyevanın fondun rəhbəri kimi gördüyü təqdirəlayiq işlər, yetimlərə sahib çıxması haqda fikirlərimi qeyd etmişəm. Bildirmişəm ki, yolumuz haqq yolu-millət yoludur. Bu da özünü rəsulzadəçilərin, elçibəyçilərin, nərimanovçuların və əliyevçilərin yolunda özünü ehtiva edir. Partiyamız qısa müddətdə sürətlə inkişaf etdi. Bunun da subyektiv və obyektiv əbəbləri var. Məsələn, bir səbəb odur ki, 8 il müddətində Məşvərət Məclisinə sədrlik etmişdim. Mənim sağlam düşüncələrə sədaqətli olduğumu sübut etməyə ehtiyac yox idi. Mən də bunu əsas götürərək DADP-ni gücləndirdim. Partiyaya belə bir axının olmasında təsadüfi səbəblər də olub. Məsələn, bir təsadüfi səbəb belə olub ki, 2008-ci ildə DADP-nin konfranslarının birində Laçın alayının sabiq komandiri Arif Paşayevdə iştirak edib. Bundan sonra bəzi qəzetlər yazdılar ki, ağsaqqal və ziyalı Arif Paşayev DADP-nin konfranslarında iştirak edib. Mən nə qədər bəyanatlar versəm, təkziblər haqda çıxış etsəm də, bunun qarşısını tam ala bilmədim. Məsələnin kökü burdadır. - DADP-nin bu addımı iqtidarı da ciddi narahat edir. Sizdə bu partiyaya 20 il sədrlik etmisiniz. Bəs bu gün sizə kimlərsə zəng açıb baş verənlərlərlə bağlı maraqlanırlarmı? - Bu gün səhər saatlarından başlayaraq bütün təbəqələrdən mənə zənglər edilib. Mən ad çəkmək istəmirəm. Hakimiyyət təmsilçilərindən də mənə zənglər edilib və baş verənlərlə maraqlanıblar, bunun qaydaya qoyulması haqqında fikirlər səsləndirilib. Mən çox güman ki, təsisçilik səlahiyyətimdən istifadə edərək radikal addımlar atacağam. - Ancaq DADP-nin icraçı katibi bəyan edib ki, onlar partiyanın əvvəlki sədrini belə DADP sıralarından qovublar... - Xeyr. Onlar məni nəzərdə tuta bilməzlər. Ola bilsin ki, Fatma Əliyevanı nəzərdə tuturlar. - Siz hansı addımlar atacaqsınız, bu qərarı verən tərəflə əlaqələriniz varmı, zəng edib narazılığınızı ifadə etmisinizmi? - Mənim partiya ilə düz bir ildir ki, əlaqəm yoxdur. Amma başqa yol da yoxdur. Bu məsələlərə obyektiv və düzgün qiymət verilməsi üçün müəyyən addımlar atacagam. - Konkret hansı addımları nəzərdə tutursunuz? - Mən DADP-də gedən prosesləri tam öyrənib təhlil etdikdən sonra mövqeyimi söyləyə bilərəm. - Sizə zəng edib deyiblərmi ki, Məmməd müəllim, bu sizin partiyanızdır, gedin problemi yoluna qoyun? - Bəli,mənə belə fikirlər söylənilib. - Siz seçkilərdə hansı namizədi müdafiə edəcəksiniz? - Cənab prezidenti. Bu birmənalıdır. - Siz cənab prezidenti müdafiə edəcəksiniz, DADP isə Mehriban Əliyevanı? - Partiyanın qurultayı keçirilməyib. Namizədliyin irəli sürülməsi haqqında qərarı isə ali orqan hesab olunan qurultay verə bilər. Qurultay keçirilmədən namizədin elan edilməsi və irəli sürülməsi doğru deyil. Namizədi ancaq qurultay tədiq edə bilər. Əlbəttə ki, 50-60 nəfər bir araya gələrək qurultayın adından qərar verə bilməzlər. Mənim fikrimcə, ola bilsin ki, bu adamlar o iddiada olmayıblar. Sadəcə olaraq özlərini reklam, xidmətlərini təklif etmək məqsədilə məsələni bu şəkildə qoyublar. Yəni reklam mənasında. - Siz bu insanlarla əlaqə saxlamısınızmı? - Mən bu gündən ciddi şəkildə araşdırmalar aparır, informasiyalar alıram. Bütün fikirləri almaq niyyətindəyəm. - Milli Şura haqqında nə deyə bilərsiniz? - Hər zaman müxalifətə və müxalif düşüncəli insanlara, sivil və demokratik vətəndaş cəmiyyəti təşkilatlarına ehtiyac var. Dövlət quruculuğunda bu institutlar rol oynaya bilər. Belə qurumların seçki öncəsi olması təbiidir. Amma Azərbaycanı poliqona çevirmək, ölkədə anarxiya yaratmaq yolverilməzdir. Biz ərəb ölkələrində gedən prosesləri görürük. Azərbaycanın uzun illər yaşatdığı müstəqilliyi təhlükə altına qoymağa heç kimin haqqı çatmır. Azərbaycan 1993-cü ildə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Biz bu dövrü yaxşı görmüşük. O zaman Azərbaycan böyük təhlükə ilə üzləşmişdi. Çünki burada marağı olan böyük dövlətlər var. Özü də onlar yaxın qonşularımızdır. Onlar Azərbaycanın güclənməsini, qüdrətli dövlətə çevrilməsini istəmirlər. Hər vəhclə çalışırlar ki, məkirli planlarını həyata keçirsinlər və Azərbaycanda stabillik olmasın, vətəndaş müharibəsi olsun və s. Düşünürəm ki, bu hala qətiyyən imkan vermək olmaz. Müxalifət sadəcə olaraq sivil olmalıdır, namizədllərini irəli sürməli, sivil və demokratik seçkilər keçirilməlidir. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?