ADO (Azərbaycan Dağınıq Oda teatrın) təsisçi və bədii rəhbəri Elmin Bədəlovun Amerikanın Səsinə müsahibəsi
Amerikanın Səsi: Bu gün ölkədə Gənclər günü qeyd olunur. Siz də gəncsiniz.Eyni zamanda daha çox gənclərdən ibarət “Ado” (Azərbaycan Dağınıq Oda teatrı) teatrında çalışırsınız.Yaradıcı gənc olaraq bu günü bir bayram olaraq hiss edirsinizmi ?
Elmin Bədəlov: Belə deyim ki, mən nəinki bu ili nəzərdə tutsaq, mən gənc olandan bəri “Gənclər gününü” özümə bir bayram kimi görə bilmirəm. Çünki hər il ölkədə olan bəzi problemlər üzündən bunu görmək olmur. Əvvəl başqa sahədə idimsə, indi mədəniyyət sahəsindəyəm. Mədəniyyət sahəsində də bu qədər problemlərin içərisində və sən də bir gənc olaraq çalışırsansa sənin üçün xüsusi problem yaranır. Bu problemlərdən dolayı insan bu bayramı hiss eləmir, şəxsən mən hiss eləmirəm. Çox pessimist danışmaq istəmirəm. Amma fakt budur və mən belə düşünürəm.
Amerikanın Səsi: Sizin teatr əsasən gənclərdən ibarətdir. Dövlət tərəfindən hansısa qayğı varmısizin teatra?
Elmin Bədəlov: Problemlər olmasın.Əslində insan arada düşünür ki, problem törədilməsin. Onda qayğıya ehtiyac duymur. Amma hər hansı problem yaradılmasın. Biz elə yenicə başlamışdıq ki, ilk qapımızı döyən polis oldu. Sonra tearımızı bağladılar. Sonra açıldı, sonra işığmızı, suyumuzu kəsdilər. Belə gileylənmək kimi olmasın, sadəcə olaraq bu hadisələr baş verəndən sonra düşünürdüm ki, yaxşı biz nə yer istəyirik , nə hansısa bir dəstək istəyirik sadəcə problem olnmasın. Belə şeylər düşünürdük. Hətta belə deyim ki, bizi festivallara dəvət edirlər, gənclərin festivallarına,Gürcüstanda ,Fransada olmuşuq, İranda hətta festivalda olmuşuq. Bu yaxınlarda İtaliyada keçiriləcək bir festival dəvət almışıq. Mən hər dəfə sərhədi keçəndə saxlanılıram.Səbəbini bilmirəm. Onlar haraya getdiyimi soruşur. Ayaqqabının içinədək yoxlayırlar. Sonra buraxırlar. Belə deyim ki, gəncə qarşı bu münasibəti görürəm. Bunu bir az başa düşməkdə çətinlik çəkirəm.
Amerikanın Səsi: Ümumiyyətlə gənc nəsli indi daha çıx nə maraqlandırır? Gənclər tamaşalarınza maraq göstərirmi?
Elmin Bədəlov: Son zamanlar daha çox bizə müraciət edən , tamaşalarımıza gələn kütlənin əksəriyyəti gənclərdi. Onlar arasında yaşlı nəslin nümayəndələri də olur. Amma çoxluq gənclər təşkil edir. Əslində biz teatrı yaradanda da bu çoxluğu gənclər təşkil edir. Onların marağı müasir tamaşalaradı. Çünki artıq gənclik ənənəvi klassik teatr və tamaşalara getmək istəmirlər.Teatrlara mütamadi olaraq gedirəm və baxıram ki, artıq gənc nəsil tamaşalara gəlib baxmır. Hətta bunu özümüzdə də müşahidə eləmişəm.Tamaşalar daha modern üslubda olduqca , daha yeniləndikcə bu onların diqqətinə səbəb olur.İndiki gənclər daha çox yenilik istəyir. Çünki onlar artıq standart eyni şeylərigörməkdən yorulublar. Biz də çalışırıq ki, müəyyən mənada təmin bu məsələdə təmin edək.
Amerikanın Səsi: İndiki gənclərə bir sözünüz varmı? Necə görmək istərdiniz indiki gəncləri?
Elmin Bədəlov: Hər bir insanı, eyni zamanda gəncləri azad ruhlu görmək istəyirəm.Təbii bu azadlıq bir şeydən ibarət deyil. Mən onu bir mənaya yozmaq istəmirəm. Ümumi mənada onların işlərində, yaradıcılıqlarında, geyim tərzlərində, insanlara münasibətlərində mən onları azad və müasir görmək istəyirəm. Təbii son illərdə bu artmağa doğru gedir. Amma bu surət o qədər də yaxşı deyil. Mən istərdim ki, onların mədənəiyyətə, incəsənətə, teatra marağı daha da artsın. Onların yaratma gücü daha çox olsun. Bunu öz şəxslərində yox , şəxsi geyimlərində yox , şəxsi işlərində yox, ümumi cəmiyyət üçün yararlı olmaq, cəmiyyət üçün müasir incəsənət yaratmaqda davamlı olmalarını istəyərdim.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?