"Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrliyinə namizədliyimi elan etdikdən sonra partiya daxilindən və kənardan çox saylı suallar alıram. Verdiyim vədə uyğun olaraq həmin sualların növbəti hissəsini cavablandırıram".
Sual; Nəyə görə KXCP sədrliyinə namizədliyinizi Facebook üzərindən elan etdiniz?
Cavab; Bəli, mən namizədliyimi Facebook üzərindən elan etdim. Harda etməli idim ki? Bunu partiya daxilində etməyimi istəyənlərə bildirim ki, mən hazırda partiyanın heç bir strukturunda təmsil olunmuram. KXCP sədrinin müavinliyindən və İdarə heyətinin üzvlüyündən kənarlaşdırılmışam. Bu yaxınlarda isə heç bir əsas və özümün iştirakım omadan Nizamnaməyə zidd olaraq partiyanın Ali Məclisinin üzvlüyündən də kənarlaşdırılmışam. Belə olan təqdirdə mən partiyanın hansı stkrukturunda namizədliyimi elan etməliydim?
Digər tərəfdən dünyanın ən nüfuzlu və ciddi şəxsləri, siyasətçilər, dövlət adamları, ictimai- siyasi xadimlər öz fikirlərini geniş izləyici auditoriyasına Facebook üzərindən çatdırırlar. Necə ola bilir ki, biz bütün fikirlərimizi, qərarlarımızı, hətta təbriklərimizi və baş sağlıqlarını Facebook üzərindən edə bilirik, amma hansısa ciddi ictimai- siyasi qərarımızı, fikrimizi elan edə bilmirik? Əksinə sosial şəbəkənin bir növü olan Facebook üzərindən insanlara fikir bildirmək şəffaflığın, cəmiyyətə açıqlığın təzahürüdür.
Namizədliyimin Qurultayda elan edilməsinin "gərəkliyini" bildirən dostlara isə bildirim ki, biz partiya daxili diskusiyadan, demokratik müzakirələrdən qaçmamalıyıq. Əksinə biz cəmiyyətdən, hakimiyyətdən demokratiya istəyiriksə ilk növbədə özümüz olduğumuz çevrələrdə, təşkilatlarda buna çalışmalıyıq. Təşkilatdaxili demokratiyanı gücləndirib seçki öncə normal müzakirə mühiti yaratmalıyıq. İmkan verməliyik ki, partiyada müxtəlif namizədlər olsun. Onlara imkan verməli, şərait yaratmalıyıq ki, partiya üzvləri ilə öz fikir və dünya görüşlərini bölüşsünlər. Təşkilatın inkişafı ilə bağlı platformalarını bildirsinlər. İmkan verməliyik ki, namizədlər partiya üzvləri ilə qurultay öncəsi görüşlər keçirib onlarla müzakirə aparsınlar. Bunun nəyi pisdir? Məgər biz prezident, parlament, bələdiyyə və s. seçkilərində namizədliyi seçki günümü elan edirik? Yoxsa öncədən namizədliyi elan edib seçki kapmaniyası aparırıq? Əgər namizədliyin seçki günü irəli sürülməsi vacibdirsə onda seçki kampaniyası nəyə lazımdır? Və belə olan halda biz hansı əsasla İlham Əliyev hökümətinə etiraz edirik ki, seçki təbliğat kampaniyası dövrünü azaldıb 20 günə endirdi? Biz "partiyada qurultay öncəsi namizədliyə və təbliğata ehtiyac yoxdur" fikrini irəli sürməklə İlham Əliyevin seçki təbliğat gününü 60 gündən 20 günə endirilməsi kimi anti- demokratik yanaşmasına əsas vermirikmi?
Digər sual ondan ibarətdir ki, mən partiya rəhbərliyinə müraciət edərək partiyanın rayon (şəhər) şöbələrinin konfranslarında iştirak etməyimə şərait yaratmağı və konfransların vaxtı barədə mənə məlumat verməyi xahiş etmişdim. KXCP Şirvan şöbəsi mənə açıq məktub yazaraq sual edir ki, "KXCP Nizamnaməsinin hansı maddəsinə əsasən, siz dediyiniz imtiyazları tələb edirsiz?"
Cavab; Əvvalə həm KXCP- nin, həm də bildiyim qədəri ilə digər bir çox partiyaların Nizamanməsində namizədliklə bağlı geniş maddələr yoxdur. Əslində bunlar müəyyən boşluqlardır. Yəqin bu boşluq ordan irəli gəlir ki, Azərbaycanda olan siyasi partiyalarda sədr seçkisi ilə bağlı bərabər, rəqabətli seçki mühitinin yaradılması nəzərdə tutulmur (!?). Görünən odur ki, bizdə partiya sədrləri ömürlük seçilmək və ya o vəzifədə özlərini ömürlük görmək istəyirlər. Ona görə də nə onlar, nə də partiya aparatı Nizamnamədə belə bəndlər yazmağı qəbahət sayırlar. Əslində bu yanaşmalar təbii ki, yol verilməzdir. Partiyaların müvafiq sənədlərində rəqabətli seçki mühitinin yaradılması, namizədliyin irəli sürülməsi və seçki öncəsi bərabər, açıq təbliğat- təşviqat kampaniyalarının aparılması ilə bağlı müddəlar olmalıdır... Sualla bağlı qeyd edim ki, nə bizim partiyanın Nizamnaməsində təəssüf ki, belə bəndlər var, nə də mən əlavə imtiyazlar istəmirəm. Sadəcə onu xahiş etmişəm ki, rayon (şəhər) şöbələrində keçirilən konfransların vaxtı ilə bağlı məlumat versinlər. Niyə də konfransların vaxtı və yeri gizli saxlanmalıdır ki? Bəyəm Nizamnamədə belə bənd varmı? Əksinə, yaxşı olar ki, Nizamnaməyə və təşkilata sevgisi olan dostlarımız partiya rəhbərliyindən soruşsunlar ki, onlara müraciət edən partiya üzvlərinin məktubunu qəbul etməmək, sorğularına aylarla cavab verməmək Nizamnamənin və "İnformasiya əldə etmək" haqqında Qanun hansı maddəsində əks olunub? Partiya Nizamnaməsi kiməsə belə imtiyaz verirmi?
Növbəti sualları da yaxın günlərdə cavablandırmağa çalışacam. Mənim fəaliyyətim bütün partiya üzvləri və cəmiyyət üçün açıqdır. Bütün çətinliklərə, manelərə baxmayaraq fəaliyyətimiz davam edəcək. Güclü Azərbaycan güclü və demokratik vətəndaş cəmiyyəti, siyasi partiyalar hesabına qurulacaq. Yola davam!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?