Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün Amerikanın Səsinə müsahibəsi
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində son dövrət xəbər saytlarının bloklanmasının səbəbləri və doğuracağı nəticələrdən danışıb.
Amerikanın Səsi: Son vaxtlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti internet media resurslarına məqalələrin saytlardan çıxarılması ilə bağlı xəbərdarlıq edir və dərhal da məhkəməyə verir.Bu qurumun saytdan konkret olaraq hansısa məqalələrin çıxarılması ilə bağlı göstəriş verməsi nə qədər qanunauyğundur?
Osman Gündüz: Ötən ilin mart ayından Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi dəyişikliklər oldu. İnformasiya və informasiyanın mühafizəsi bağlı bir qanun var. Uzun illər bundan öncə qəbul olunub. Səhv etmirəmsə 1998-ci ildə. O qanuna saytların nə zaman bağlana bilməsi ilə bağlı dəyişiklik olundu. Qanuna internet resursların nə zaman bağlana bilməsini, nə zaman məhdudlaşdırıla bilməsini, nə zaman xəbərdarlıq edilməsini nəzərdə tutan bir neçə maddədən ibarət yeni dəyişiklik edildi. Deyirsiniz ki, adı çəkilən nazirliyin qurumu saytları xəbərdarlıq edə bilərmi? Bəli, həmin qanun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu səlahiyyəti verib. Yəni, bu qurum sayta xəbərdarlıq etməlidir. Amma, bu qurumun məlumatlar prokurorluqdan, ədliyyə nazirliyindən və digər nazirliklərdən məlumat daxil ola bilər ki, çünki bu hüquqi prosedurla bağlı onlar rəy verir. Mən sizə deyim ki, informasiya və informasiyanın mühafizəsi ilə bağlı həmin qanunda müxtəlif bəndlər var. Dövlətçilik əleyhinə olanda, milli-mənəvi dəyərlər, ekstremizmə, terrorizmə çağırış və s. belə müddəalar var. Həmin müddəalar da, “KİV haqqında” qanunvericilikdən və konstitutsiyadan götürülüb. İndi, adı çəkilən qurumlar, deyək ki, Baş Prokurorluq və digər qurumlar analiz edəndən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdimat göndərirlər ki, filan saytlara giriş məhdudlaşdırılmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün alt qrumu var, Elektron Təhlükəsizlik Mərkəzi. Bu mərkəzə göndərilir. Bu mərkəz də artıq qanunvericilikdə nəzərdə tutulan qaydada saytlara xəbərdarlıq edir. Müddət qoyur və yaxud da qanunvericilik imkan verir ki, əgər daha ciddi problemlər varsa, o heç xəbərdarlıq eləmədən də saytın bloklanmasını həyata keçirə bilir.
Amerikanın Səsi: Bəs neqativ tərəfləri nədir?
Osman Gündüz: Neqativ tərəfi odur ki, burada söhbət yalnız xəbər saytlarından getmir. Qanunvericilikdə söhbət internet resurslarından gedir. Bu internet resursların içərisində kazinolar, pornoqrafik saytlar, erotik saytlar və digərləri var. Bunlar içərisində Azərbaycan əleyhinə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən analitik saytlar var. Yəni xəbər saytları deyil. Amma, Azərbaycan əleyhinə zərərvericidir. Son dövrlərdə bizim müşahidələr göstərir ki, bizdə bloklanma ilə bağlı qanunvericiliyin tətbiqi daha çox xəbər resurslarına yönəlib. Bilirsiniz, xəbər resursların gəlincə, adətən bütövlükdə resursun özünü bağlayırlar. Axı texnologiya imkan verir ki, hansısa bir zərərli informasiya olan linki mədudlaşdıraq. Bir var kitabxanada bir kitab, bir də var bütöv kitabxana. Yəni bir kitab zərərlidirsə, bütöv kitabxananın qapısına qıfıl vurmağa ehtiyac varmı? Son dövrlər biz bir kitab zərərlidir deyə kitabxananın qapısına qıfıl vurmaq tendensiyasını duyuruq. Bu da təhlükəlidir. Çünki həmin informasiya resurslarında Azərbaycan üçün digər faydalı informasiyalar var. Kimsə elmi iş yazır, analitika aparır. Xaricdən informasiya axtarır. Bu bir informasiya resursudur. Hər bir informasiya resursu Azərbaycanın informasiya təhlükəsizliyi üçün bir dayaqdır. Əlbəttə orada qanunazidd informasiya varsa bu dərhal yığışdırılmalıdır. Amma yığışdırılmağın prosedurunda bir qədər tələskənlik və baltanı kökündən vurmaq tendensiyasını duyuruq.
Amerikanın Səsi: Xəbərdarlıq edilmiş saytların rəhbərləri məqalələrin tənqidi xarakter daşıdığını dediyi halda məhkəmələr bir neçə saat ərzində onların bloklanması ilə bağlı qərar qəbul edir. Məqalələrin hüququi ekspertizası aparılmadan məhkəmələrin belə qərar qəbul etm[b][/b]əsi nə qədər əsaslıdır?
Osman Gündüz: Son dövrlərə qədər, həqiqətən də, Azərbaycan internetində belə ciddi bloklanma tendensiyası olmayıb. Bu ötən ildən başladı. Dünyanın əksər ölkələrində belə bir yanaşma, yəni dövlətçilik əleyhinə, konstitusiya quruluşunun əleyhinə olan çağırışlarla, uşaqların hüquqlarının qorunması ilə bağlı resursların bloklanması praktikası var. Bu qaçılmazdır. Bunu tələskənliyə çevirmək olmazdı. Xəbər resurslarına qarşı yönəltmək, təfsilatlı məhkəmə çəkişməsi olmadan edilməsi bir qədər narahatçılıq doğura bilər. Mən hesab edirəm ki, bu dəqiqə diqqət yetiriləsi məqamlardan biri nədir? Bax, saytların bloklanması ilə bağlı qanunvericiliyin tələbləri tam yerinə yetirilmir. Məsələn, hansısa saytın bloklanmasını, hansı saytın texniki və digər səbəblərdən açılmamasını biz bilmirik. Qanunvericilik tələb edir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanmış saytların siyahısını hazırlamalıdır. Siz hansısa bloklanmış saytı yığanda bilirsiniz monitorda nə çıxmalıdır? Hansısa error saytı (monitorda error yazılması nəzrədə tutulur-red) çıxmalı deyil. Normal hüquqi ölkədə sayt bloklananda monitorda yazılır ki, bu resursa Azərbaycan ərazisində Azərbaycan Respublikasının filan qərarı əsasında giriş qapadılıb. Belə mesajlar çıxmalıdır. Amma, hazırda bu qeydlər monitorda çıxmır. Vətəndaş əvvəldən məlumatlı olmalıdır. Bunun da fikir formalaşmalıdır ki, hökumətin qərarı düzdür, yoxsa səhvdir. Hələlik bu məsələ öz həllini tapmayıb. Eyni zamanda mən düşünürəm ki, məhkəmənin qərarı olmadan saytların bloklanması ən axrıncı addım olmalıdır. Saytda dövlətçilik əleyhinə çağırışlar olmaldır və ya ən dəhşətli bir şey olmaldır ki, məhkəməni gözləməyə ehtiyac olmasın, mütləq qapatmaq lazım gəlsin. Burada bir tələskənlik müşahidə olunur. Bunu da düzgün hesab etmirəm.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?