Son günlər müzakirə olunan məsələlərdən biri də millət vəkili Xanhüseyn Kazımlının banka kredit borcu olduğu üçün villasının müsadirə olunmasıdır.
O, “Yapı Kredi Bank Azərbaycan”dan 400 min manat kredit götürüb. Borcu ödəmədiyi üçün də villası 446 min manata müsadirə edilib. Bu isə 400 min manatın faizi üçün çox aşağı göstəricidir. Belə olan halda isə müəyyən suallar və şübhələr yaranır. Ola bilərmi ki, bu, deputatın yeni biznes növüdür. Hər halda Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovun Azərbaycan İpoteka Fondunun sədri olması şübhələri bir qədər də artırır.
Məsələ ilə bağlı yenicag.az-a danışan tanınmış hüquqşünas Əkrəm Həsənov bildirir ki, Xanhüseyn Kazımlı Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla yaxın münasibətinə görə banklardan sərfəli şərtlərlə iri məbləğli kreditlər götürə biliblər:
“Əvvəla, Azərbaycanda deputatlar düşünülən qədər nüfuzlu və ciddi təsirə malik insanlar deyil. Xüsusilə, Xanhüseyn Kazımlı kimi parlamentdə heç bir çıxışı və ya irəli sürdüyü qanun layihəsi ilə yadda qalmayanın biri. Sadəcə bəzi şəxsi əlaqələri var. O cümlədən, Elman Rüstəmovla yaxındır. Buna görə də oğlu Fəxri uzun illər Elman müəllimin portfel daşıyanı, adyutantı idi. Sonra da Elman müəllim onu İpoteka Fonduna rəhbər etdi. Halbuki, nə bilik, nə də digər keyfiyyətlərinə görə həmin vəzifəyə layiq deyil. Heç bir neçə cümləni səhvsiz yaza bilmir. Buna görə də həmin Fondu reallıqda həmişə Elman Rüstəmov idarə edib. Bu baxımdan nə ata və oğul Kazımovlar elə də ciddi çəkiyə malik insanlar deyillər. Sadəcə Rüstəmovla yaxınlıq müqabilində banklardan sərfəli şərtlərlə iri məbləğli kreditlər götürə biliblər. Lakin bankların onlara borcu yoxdur ki. Xüsusilə, Yapı Kredi Bank kimi ümumən sağlam və müstəqil bankın. Buna görə də təəccüblüsü bank tərəfindən deputatın əmlakına tutma yönəldilə bilməsi deyil. Təəccüblüsü odur ki, bu, niyə belə gec baş verib”.
Əkrəm Həsənovun sözlərinə görə, Xanhüseyn Kazımlının villasının təxmini qiyməti 260 min manatdır. Bunun üçün o, hələ də banka borcludur:
“Bank uzun illər boyu deputatla məhkəmələrdə vuruşub və yalnız indi qələbəyə müvəffəq olub. Böyük ehtimalla deputat bu proseslərdə də bütün əlaqələrindən istifadə edib. Amma əvvəl-axır məhkəmələr labüd qərarı verib: borc ödənilməli, girova tutma yönəldilməlidir. Necə ki, digər vətəndaşların kreditləri üzrə belə baş verir. Sadəcə onların əlaqələri yoxdur deyə məhkəmələri daha tez uduzurlar. Göründüyü kimi, deputatın satılan əmlakının qiyməti təxmini 260 min manatdır. 400 min manat əsas borcdur. Deməli, banka hələ azı 140 min manat borcu qalıb. Yəqin ki, hələ faiz və cərimə borcu da var. Təbii, həmin 140 min manatı da ödəməlidir. Başqa əmlakı yoxdursa, deputat maaşının yarısı tutulmalıdır. Odur ki, şübhəli bir şey yoxdur. Şübhəli o olardı ki, villası yüksək qiymətləndirilərdi və hələ bankı da borclu çıxardardı ki, artıq pulu qaytar. Bütün bunlar iki şeydən xəbər verir. Bir: Azərbaycanda borc problemi getdikcə dərinləşir və hətta nə qədər təsadüfi adam olsalar da, deputat və dövlət fondunun rəhbəri də problemlərini əyri yollarla artıq həll edə bilmirlər. İki: bəzi qiymətləndiricilərin saxta optimist bəyanatlarına baxmayaraq, daşınmaz əmlakın qiyməti düşməkdə davam edir”.//Muxalifet.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?