Millət vəkili Fazil Mustafa maraqlı açıqlama ilə çıxış edərək məktəblərin qapısını uğurlu insanların üzünə açılmasının və müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarıyla görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. F.Mustafa bildirib ki, bununla da şagirdləri o dar çərçivədən çıxarmaq olar və məktəblərimizdə arzuolunmaz hadisələrin qarşısı alınar.
Məsələyə münasibət bildirən professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında millət vəkilinin təklifinin təqdirəlayiq olduğunu və bu gün bir çox gənclərimizin şairlərimizi, yazıçılarımızı tanımadığını bildirdi:
“Fazil bəy sözün doğrusunu deyir. Məktəbdə şagirdin, ali məktəbdə tələbənin mükəmməl yetişməsi, dünyagörüşünün olması, həyatı bilməsi, ətraf mühitə baxıb boylana bilməsi üçün təkcə dərslik kitabları kifayət etmir. Onlar həyatı duymalıdır, münasibətləri görməlidir, cəmiyyəti tanımalıdır. Təəssüf ki, bizdə təkcə məktəblər deyil, televiziyalara, radiolar da baxın. Bu gün ekranda olan, görüşlərə gedən, cəmiyyətə sırınan adamların hamısı şou əhlidir, cəmiyyətə intellektual baxımdan heç bir şey verə bilməyən adamlardır. Yəni tələbələr də, şagirdlər də bu adamları qəhrəman hesab edir və cəmiyyətin ideallarını, həyatı yaşamağın, düşüncənin mənasını görə bilmir.
Müasir gənclərimizdən nə Bəxtiyar Vahabzadəni, nə Ramiz Rövşəni, nə də Səməd Vurğunu tanıyan var. Bir sözlə, süni şəkildə bu insanlar dəyərlərdən uzaqlaşdırılır. Bilmirəm bu siyasətdir, yoxsa yox. Amma bu bir xətt kimi görünür. Düşünürəm ki, bütün hallarda məktəblərin, institutların qapılarını bizim dəyər daşıyan insanların üzünə açmaq lazımdır. Onlar ağı-qaradan, yaxşını-pisdən seçməyi bacarmalıdırlar. Fazil bəy tərəfindən bu cür fikirlərin səsləndirilməsi cəmiyyət üçün bir həyacan təbilidir. Təhsili, yeniyetməni bu şəkildə həyatın özündən ayırmaq düzgün deyil. Ziyalı mühitiylə, ziyalılarla, tanınmış şəxsiyyətlərlə, dəyər daşıyıcılarıyla cəmiyyət arasında bu qədər sədd yaratmaq olmaz”.
Sorğu
Yeni dizaynımız necədir?