Tarixçi-alim, tarix elmləri doktoru Altay Göyüşov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ilin siyasi yekunları, bələdiyyə seçkiləri və növbədənkənar parlament seçkilərindən öncə mövcud durumu şərh edib.
Altay Göyüşov Azərbaycanda siyasi həyata yeni gənc nəslin daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri gənclərin siyasi təcrübə toplaması və ölkədə hansısa dəyişikliklərə nail olmaq üçün addım atmasına müəyyən şərait yaradırdı.
Tarixçi alim seçkilərdə iştirakın əhəmiyyətini vurğulayıb və bu dəfə cəmiyyətdə seçkilərə marağın artmasının müşahidə olunduğunu deyib.
“Bu dəfə gənclər seçkidə iştirak etdilər və bu ilk dəfə idi ki, sözün əsl mənasında, 1999-cu ildən sonra bələdiyyə seçkilərinin camaat arasında nisbətən, az da olsa maraq doğurmasının şahidi olduq. Əvvəla, bütün ölkə üzrə, əsasən də Bakıda harada ki, müstəqil insanlar seçkiyə qoşulmuşdu, o məntəqələrdə, o dairələrdə hökumətin apardığı o çılöaq saxtakarlığın, bütün çılpaqlığı ilə meydana qoydu. İndi sosial şəbəkələr buna imkan verib və faktiki olaraq seçkinin hər hansı şəkildə demokratik keçirilməsini iddia eləmək üçün Mərkəsi Seçki Komissiyasına, Azərbaycan hökumətinə demək olar ki, heç bir əsas qoymadı, heç bir imkan vermədi."
Altay Göyüşovun bildirdiyinə görə, səsvermə məntəqələrində insanların daha aktiv olduğu yerlərdə “hökumətin saxtakarlıqlar etməsinə ciddi problemlər yaradıldı”.
O, 2020-ci ildə fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak və ictimai fəallığın əhəmiyyətini önə çəkib.
“Əgər namizədlər hər hansı şəkildə seçicinin seçkiyə gəlməsini kifayət qədər təmin edə biləcəksə, mən hesab edirəm ki, hökumətin saxtalaşdırmaq imkanlarını, ən aşağısı o karusel vasitəsilə saxtalaşdırmaq imkanlarını çox ciddi aşağı salacaq. İndi burada iştirakdan asılıdır."
Altay Göyüşov bildirib ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərinin seçici fəallığının yüksək olduğu şəraitdə keçməsi seçki pozuntularına yol verildiyi halda, “demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərini öz dəyərləri hesab edən Qərb”dən də fərqli reaksiyanın göstərilməsinə gətirib çıxara bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?