Cəmil Həsənli: “İqtidar hakimiyyətə gəlməyin yolunu ölkədən xaricə çıxarıb və digər namizədlərə vaxt məhdudiyyəti yaradır”
Milli Şuranın prezidentliyə ikinci (ehtiyat) vahid namizədi, professor Cəmil Həsənli virtualaz.org saytına müsahibəsində Milli Şuranın prezident seçkilərində iştirakını və şansını şərh edib. O, hazırda ölkədə olan seçki mühiti və aparılan seçki təbliğatı ilə bağlı fikirlərini də bölüşüb.
Müxalifətin prezidentliyə ən real namizədinin vaxtının azlığından ondan bütün suallarımıza cavab almaq mümkün olmadı. Virtualaz.org həmin müsahibəni oxucularına təqdim edir:
- Cəmil müəllim, Milli Şura ilə bağlı hər kəsi düşündürən ilk sual budur ki, qurumda kifayət qədər təcrübəli siyasətçilərin olduğu halda Rüstəm İbrahimbəyovun sənədləri ilə bağlı problemlər ilk başdan niyə araşdırılmadı. Siz də kifayət qədər siyasi təcrübəsi olan Milli Şura üzvlərindən birisiniz. Mart ayından müzakirə olunan bu məsələnin həlli yolları zamanında niyə axtarılmadı?
- Bu məsələlər mart ayından etibarən müzakirə edilsə də Milli Şuranın yaranmasının bəlli bir vaxtı var. Milli Şura rəsmən elan edildikdən sonra vahid namizəd məsələsi gündəmə gəldi. Hər kəs istəyirdi ki, Rüstəm İbrahimbəyov müxalifətin və müxalif düşüncəli insanların vahid namizədi kimi seçkilərdə iştirak etsin. Bu, Azərbaycanda bir ilk olacaqdı ki, Azərbaycan ziyalı elitasının ən yüksək pillədə duran nümayəndəsi müxalif düşərgəni təmsil edəcəkdi. Bu, baş versəydi, çox müsbət bir hadisə olardı. Prezident seçkisi kimi önəmli bir kampaniyaya ayrılan vaxt çox azdır. İndi bu vaxt iki aya endirilib. Əvvəlcə bu məsələnin üzərində dayanmaq lazımdır. 9 miliyon əhalisi olan bir ölkədə bu qədər qısa bir müddət ərzində seçki kampaniyası aparmaq mümkün deyil. İnzibati bölgüsünə görə 80-dən çox rayonu olan ölkədə 21 gün ərzində necə seçki kampaniyası aparmaq olar?! Hakimiyyətin təbliğata ehtiyacı olmadığı üçün digər namizədlərə vaxt məhdudiyyəti yaradır. Dünyanın heç bir ölkəsində seçki kampaniyası ilə bağlı bu qədər vaxt məhdudiyyəti yoxdur. Demokratik ölkələrdə seçkiqabağı namizədlər arasında teledebatlar keçirilir. KİV-də çıxışlar edilir. Bizdə isə bunlara məhdudiyyətlər qoyulur. Hansı ki, hakimiyyətin ona ehtiyacı yoxdur.
- Prezident seçkiləri maliyyə vəsaiti tələb edir. İbrahimbəyova “Milyarderlər ittifaqı”nın və başqa xarici qüvvələrin dəstək olacağı düşünülürdü. Bəs siz dəstəyi haradan və kimdən alacaqsınız?
- O fikirlə razı deyiləm ki, İbrahimbəyov “Milyarderlər ittifaqı”nın üzvüdürsə, onu “Milyaderlər ittifaqı” dəstəkləyəcək. Virtualaz.org və haqqin.az saytlarında belə bir məlumat getmişdi ki, Vahid Ələkbərov Azərbaycanda qeyri-sabitlik törətmək və Azərbaycan prezidentinin devrilməsi məqsədilə 20 milyon dollar pul ayırıb. Belə məlumatların böyük hissəsi reallığı əks etdirmir. Vahid Ələkbərov kifayət qədər ciddi adamdır. Bildiyim qədər Vahid Ələkbərov Azərbaycan hakimiyyətinə yaxınlığı ilə seçilən insandır. Bu informasiyanı təsdiq etmək lazımdır. Belə bir pulun ayrılması ilə bağlı sənədlər varsa, ortaya qoyulmalıdır. Əks halda belə mücərrəd iddiaların səsləndirilməsi doğru deyil. Mən əminliklə deyirəm ki, belə bir şey yoxdur. Bu, müəyyən orqanların ictimai fikrə təsir göstərmək üçün oynadığı bir oyun idi.
Mənim seçki kampaniyamın maliyyələşməsinə gəlincə isə biz seçki kampaniyasına başlayarkən bankda hesab açmışıq. Bu hesab Azərbaycan Beynəlxalq Bankının rayon şöbələrinin birində açılıb. Həmin hesaba nə daxil olacaqsa, nə qədər vəsait xərclənəcəksə, bunlar şəffaf şəkildə olacaq.
- Cəmil müəllim, sizdən əvvəl Gültəkin Hacıbəylinin də adı namizədlər sırasında çəkilirdi. Amma o dedi ki, müxalifətin siyasi qələbəsini təmin edə bilməz. Bəs siz bu müxalifətin siyasi qələbəsini təmin edə biləcəksinizmi?
- Bunun üçün əvvəlcə azad, demokratik və saxtakarlıqdan uzaq seçkilər keçirilməlidir. Müxalifət nəyə qadir olduğunu dəfələrlə göstərib. Məsələn, 2003-cü ildə keçirilən prezident seçkilərində bunu beynəlxalq və yerli müşahidəçilər də təsdiq etdilər. İndi ölkəmizdə seçki fəallığı xeyli aşağı düşüb. 1998-ci ildən sonra keçirilən parlament və prezident seçkilərindən sonra seçkidə real iştirak edənlərin sayı azalır. Bunun səbəbi əhalinin seçki sisteminə inamsızlığının yaranmasından irəli gəlir.
- Belə hallar Avropada da müşahidə olunur...
- Avropada ola bilər ki, bir seçkidə azalsın, digər bir seçkidə artsın. Avropada bütövlükdə azalma prosesi müşahidə olunmur. Azərbaycanda əhalinin sayında artım olduğu halda seçkilərdə real iştirak edənlərin sayı azalır. Azərbaycanda 5 milyona yaxın seçici var. Bu seçicilərin nə qədəri Azərbaycandadır? Bunun hesabını kim aparır? Putin rəsmən dedi ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Bu insanların seçkilərdə iştirakı necə təmin ediləcək? Səfirlik və konsulluqlar vasitəsilə ola bilər. Amma Rusiyanın ucqar bölgələrindən kimlər gəlib bu seçkilərdə iştirak edəcək? Rusiyanın bəzi bölgələrində azərbaycanılardan ibarət bütöv yaşayış məntəqələri var. Onlar seçkilərdə hansı formada iştirak edəcək? Bu, seçkilərdə bizi gözləyən saxtakarlığın sosial bazasıdır.
- Seçkilərlə bağlı proqnozunuz necədir?
- Azərbaycan xalqının müstəsna konstitusion hüququ var ki, hakmiyyəti özü formalaşdırsın. Azərbaycan xalqı bu haqqından uzaqlaşdırılıb. Onun rəyinə hörmət edən hakimiyyət seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını özü könüllü təklif etməlidir. YAP deyir ki, sonuncu seçkilərdə biz qalib gəldiyimiz üçün MSK və ondan sonrakı seçki strukturlarını biz təşkil etməliyik.
- Ziyalılar Forumu olduğu halda Milli Şura yaradıldı. Müxalifəti Ziyalılar Forumu ətrafında birləşdirmək olmazdımı? Bu iki qurumu bir-birindən fərqləndirən nədir?
- Milli Şura modeli Ziyalılar Forumunun bir hissəsidir. Milli Şura ideyası Ziyalılar Forumu tərəfindən irəli sürülüb. Onun rəhbəri Rüstəm İbrahimbəyovdur. Ziyalılar Forumu sırf milli, mənəvi və mədəni prinsiplər üzərində qurulub. Milli Şuranın isə siyasi çalarları var. Bunu nəzərə almaq lazımdır. Müxalifət Ziyalılar Forumunun ətrafında birləşsəydi, bu, forumun siyasiləşməsinə gətirib çıxarardı. İndiki halda Ziyalılar Forumunun bir hissəsi Milli Şuradadır. Müəyyən hissəsi isə kənarda qaldı. Bu da onu göstərir ki, bu, düzgün atılmış bir addımdır. Hal-hazırda Ziyalılar Forumu var. Bəzi üzvləri yay tətilində olduğundan qurum aktiv fəaliyyət göstərmir.
- Cəmil müəllim, seçki həm də xarizma tələb edən prosesdir. Sizdə məsələn, Heydər Əliyev, Ərdoğan xarizması varmı?
- Xarizma fərdi xarakter daşıyır. Xarizmanın elə bir modeli yoxdur ki, hamı özünü ona uyğunlaşdırsın. Ona görə də Heydər Əliyevin və ya Ərdoğanın xarizması onların özünə məxsusdur. O çərçivəyə heç kəs sığa bilməz. Xarizmanın xüsusi çərçivəsi yoxdur.
- Milli Şurada olan qüvvələrdən İbrahimbəyovun namizədliyinin təsdiqlənməyəcəyi təqdirdə seçkiləri boykot etməyin tərəfdarı olanlar da var idi. Amma mütləq şəkildə seçkilərdə iştirakın tərəfdarı olanlar da var idi. Artıq vahid namizəd seçilib. Milli Şuranın indiki məqsədi seçkilərdə sadəcə iştirakdır, yoxsa qələbə?
- Şübhəsiz ki, seçkilərə qoşulan qüvvələr qələbə əzmi ilə qoşulurlar. Amma bu qələbə əzmini nümayiş etdirmək üçün Azərbaycan konstutisiyasına və beynəlxalq konvensiyalara riayət etmək lazımdır. Azərbaycanda nə zaman demokratik seçki keçirilib və siyasi qüvvələrin gücünün obyektiv mənzərəsi yaratmaq imkanı olub? Bu, çox ciddi sualdır. Kimin nəyə qadir olduğunu göstərmək üçün demokratik mühit olmalıdır. Son 10 ildə seçki saxtakarlığı ilə bağlı Azərbaycandan Avropa Məhkəmsinə göndərilən şikayətlər təmin olunub və hökumət cərimələnib.
- Bütün bu haqsızlıqlara xalq niyə etiraz etmir? Son mitinqdə gözlənilən və vəd edilən qədər insan olmadı...
- Xalqın etirazının müxtəlif formaları var. Quba və İsmayıllı hadisələri, gənclərin 12 mart çıxışı, “Sədərək” ticarət mərkəzində olanlar da xalqın bir etirazı idi. Bir tarixçi kimi deyə bilərəm ki, Azərbaycanın 70 illik hakimiyyəti dövründə bu il olduğu qədər Azərbaycan gəncinin cibinə narkotik atılaraq həbsə alınmamışdı. Bu gün narkotik ittihamı hüquq-mühafizə orqanlarının simasını müəyyən edən “ittiham”a çevrilib. Müstəqil dövlətimizin hüquq-mühafizə orqanları çox asanlıqla öz vətəndaşının, gəncinin cibinə narkotik qoyur, maşınına, evinə silah atır. Bilirsiniz ki, mən hüququ pozulan insanların müdafiəsində iştirak etmişəm. Rəhmətlik Elmar Hüseynovun müdafiə komitəsində sədr müavini olmuşam. Eynulla Fətullayevin də müdafiəsində iştirak etmişəm. Milli Məclisdə və Ziyalılar Forumundakı çıxışlarımda da bunu bildirmişəm. Bunu deməkdə məqsədim şərlənərək həbs olunanlara diqqəti yönəltməkdir.
- Qələbə qazanmaq üçün mühit uğrunda vuruşmaq lazımdır. Müxalifət bunu niyə etmir? Seçki mühitini yaratmadan seçkilərə getmək nə qədər düzgündür?
- Əgər bu ölkədə korrupsiyanın olduğu sənədlə-sübutla ortaya qoyulursa, bu korrupsioner düşərgə bundan utanmırsa, bunu kimə sübut edə bilərsən? Müxaifət nə etsin? Müxaliftə ancaq qəzetdə yazır. İnformasiya vasitələrində deyir. Hakimiyyət orqanları isə beynəlxalq qalmaqallarda təsdiq olunan cinayət və korrupsiya faktlarını araşdırmaq istəmir. Amma müxalifət düşərgəsindən olan insanlara ehtimallarla ittihamlar irəli sürürlər.
- Belə çıxır ki, xalq qorxudulduğu üçün meydanlara çıxmır...
- Şübhəsiz.
- Bəs 1988-ci il, diktatura, SSRİ, bolşevizm? Xalq rayonlardan Azadlıq meydanına piyada gəlirdi...
- Bir şeyi nəzərə almaq lazımdır ki, o zaman yerli hakimiyyət mitinqlərin keçirilməsində maraqlı idi. Yerli hakimiyyət vətəndaşları təqib etmirdi. Sadəcə olaraq Moskvadan tapşırıq olarkən bu təqiblər baş verirdi. O zaman mitinqlər ayrı müstəvidə keçirilirdi. Biz o mitinqlərdə müstəqillik və Qarabağ uğrunda mübarizə aparırdıq. Müstəqillik qazandıq və sevindik. Amma gördük ki, müstəqllik hələ azadlıq demək deyil. Azad olmaq üçün də bir mübarizə yolu keçmək lazımdır.
- Milli Şura üzvləri Londona səfər edəcək...
- İqtidar hakimiyyətə gəlməyin yolunu ölkə içərisindən xaricə çıxarıb. Bunu ölkənin öz içinə qaytarmaq lazımdır. Bir anlıq Putinin Bakıya səfərini düşünək. Bəzi jurnalistlər təhlil yazırlar ki, Putin istədiyini ala bilmədi. Putin böyük bir dövlətin başçısıdır və kifayət qədər də ciddi siyasətçidir. Onun razılaşmadığı məsələlər olsaydı, o, Bakıya gəlməzdi. Putinin gəlişi Azərbaycan hakimiyyətinə lazım idi və o, nümayiş etdirmək istəyirdi ki, Rusiya onun arxasındadır. TAP layihəsi də şübhəsiz ki, yaxşı layihədir. Azərbaycanın təbii ehtiyatları sərfəli və əlverişli bazarlara çıxarılmalıdır. Ancaq bunun seçki astanasında elan edilməsi seçkiyə münasibətin formalaşmasına təsir edən bir amildir. Azərbaycan hakimiyyəti xalqın pensiyasının niyə seçkilərə bir neçə ay qalmış qaldırır? Özü də ki, seçki kampaniyası başlayandan sonra. Namizədlərdən birinin dövlət resurslarından öz seçki kampaniyası üçün istifadə etməsi Seçki Məcəlləsini birbaşa pozur. Televiziyalarda seçki təbliğatının aparılmasına qadağa qoyulur. Amma namizədlərdən birinin hər gün təbliğatı aparılır. Maaşı qaldırılan adamlar televiziyada həmin namizədə öz təşəkkürünü bildirirlər. Biz maaşların və pensiyaların artmasına qarşı deyilik. Azərbaycan xalqı daha ləyaqətli şəkildə yaşamağa layiqdir.
- Milli Şura London səfərindən hansı nəticələr əldə edəcək? Danışıqlar hansı istiqamətdə aparılacaq?
- London səfərimizdə Azərbaycan dövlətinin və millətinin maraqlarından kənar heç bir şey ola bilməz. Biz bu müstəqillik uğrunda mübarizə aparmışıq, çalışmışıq. Elmi, praktiki və intellektual fəaliyyətimizlə bu müstəqillik uğrunda əlimizdən gələni ortaya qoymuşuq. Biz o adamlardan deyilik ki, gedək haradasa Azərbaycanın maraqlarının əleyhinə danışıqlar aparaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?