Dünən bozqurdçular ilə AXH-ın bəzi üzvləri mərhum Daxili işlər naziri, general-leytenant İsgəndər Həmidovun məzarı başında 28 May I Respublika gününü yad etdilər. Bir çox şəxslər çıxış edərək nitq söylədilər. Bozqurd partiyasının dönəm sədri, İsgəndər Həmidovun silahdaşı İlyas Abdullayevin fikirlərini diqqətinizə çatdırırıq
- İlyas bəy, 28 May gününün İsgəndər Həmidovun məzarı başında qeyd etmək bozqurdlar üçün nə anlama gəlir?
- İsgəndər Həmidovun tez-tez söylədiyi “Ömrümün sonuna kimi zindanda qalmağa hazıram, təki başımın üstündə Azərbaycanın üç rəngli bayrağı dalğalansın”. Onun bu ifadəsi məzarı daşında da həkk olunub. İsgəndər bəy, 28 Mayda əldə olunan müstəqil dövləti yenidən Azərbaycan coğrafiyasında bərqərar və daimi olması üçün varından, malından, rütbəsindən, vəzifəsindən, canından keçməyə hazır olub və bunu dəfələrlə sübut etmiş, ömrünün sonuna qədər bu yolda mücadilə vermiş insandır. Hər 28 Mayda Azərbaycan bayrağı dalğalanıb I Respublika günü qeyd edildikcə, İsgəndər Həmidovun adı da onunla birgə çəkiləcək.
- Son vaxtlar Tərtər İcra Hakimiyyətinin İsgəndər Həmidovun ata-baba yurdunu ələ keçirmək üçün basqılar var. Bu nədən qaynaqlanır?
- Əvvəla onu deyim ki, Azərbaycanda bütün icra başçıları öz vəzifə borclarından başqa hər şey edirlər. Elə bir icra başçısı yoxdur ki, onun barəsində müsbət filkirlər söylənilsin. Hətta icra başçılarının qanunsuz əməlləri, korrupsiya cinayətləri, əhaliyə zülm etmələri ilə bağlı elə iqtidarın özü artıq dilə gələrək, öz nümayəndələrini ifşa edir.
İsgəndər bəyin ata mülkiyətinə gəldikdə isə hələ sovet dönəmində həmin torpaqlar Kəlbəcərdən Tərtər rayonunun ərazisinə verilib, Məcid Həmidov (İsgəndər Həmidovun atası -A.İ) da həmin torpaqları qanuni olaraq tarixi ata-baba yurdunu özəlləşdirib. Bugün Tərtər icra başçısı Müstəqim Məmmədov kimi naqis birisi bu cür “iddia” ilə vəzifəsindən sui-istifadə edərək bu cür hərəkət etməsi düşünürəm planlı, məqsədyönlü şəkildədir.
- Belə çıxır Müstəqim Məmmədov kimlərinsə sifarişini yerinə yetirir?
- Bilirsiz, qan yaddaşımız olan 31 Martda düşmənimiz ermənilər koronavirusun olmasına baxmayaraq, əvvəlcə Qarabağda qanunsuz “prezident, parlament” seçkiləri keçirdi, ardınca da bizim mədəniyyət, musiqi diyarımız olan Şuşada qondarma inaqurasiya tədbirini də icra etdilər. Bu xoş olmayan hadisələrdən sonra dövlət məmuru deyə bilməyəcəim Müstəqim Məmmədov kimi birisi Qarabağ müharibəsi zamanı ermənilərə qarşı qəhramancasına vuruşaraq, Tərtər və bir çox ərazilərimizin işğal olunmasına yol verməyən İsgəndər və Sərdar Həmidov qardaşlarının ruhunu təhqir etmək, o qəhramanları gözdən salmaq, xalqın tutuna biləcək tabularını yox etmək istəyirlər.
Sözsüz ki, Müstəqim Məmmədova havadarlıq edənlər var. Çünki heç bir icra başçısının hünəri deyil ki, başda Tərtər əhalisi olmaqla xalqın rəğbət bəslədiyi Həmidovlar tayfasına qarşı belə qarayaxma siyasəti aparsın. Biz Həmidovlar nəslinə bu cür mənəvi terror edənlərə qarşı mübarizə aparacaq, həmin yurdun varisi Şəhriyara (Sərdar Həmidovun oğlu) da hər cür dəstəyimizi əsirgəməyəcəyik.
Bozqurd partiyasının sabiq sədri, İsgəndər Həmidovun əqidədaşlarından olan Qələndər Muxtarlının da fikirlərini öyrəndir
- Qələndər bəy, 28 May və İsgəndər Həmidov vəhdədi nə deməkdir?
- Hər ikisi Azərbaycan tarixində mücadilə deməkdir. Yarımçıq, parçalanmış olan nəsə heç vaxt güc ola bilmir. Biz həm torpaq, həm də millət olaraq bölünmüşük. Bir anlıq təsəvvür edin, Kəlbəcərsiz Tərdər diri deyil, onun ağacı da, torpağı da diri deyil. Vətən bütöv olmayanda millətdə də diriliş olmur. 28 May və İsgəndər Həmidov vəhdədinin fəlsəfi məzmunu : daimi mübarizə, savaş apararaq milləti ayağa qaldırıb Vətəni bütövləşdirmək deməkdir.
- Sizcə İsgəndər Həmidovun vaxtsız ölümü qeyd etdiyiniz milli-azadlıq hərəkatını laxlatdımı?
- Mən elə düşünmürəm. Çünki milli-azadlıq hərəkatı fərdlərlə bağlı prosses deyil. Milli-azadlıq hərəkatı geosiyasi dünyavi anlamda yaranan mühitin diqtəsi ilə baş verən prossesdir. Bu prossesdə fərdlər qəhramanlıq nümunəsi göstərə bilir. İsgəndər bəydə bu nümunələrdən biridir. O, bu nümunəsi ilə Azərbaycan xalqının tarixinə möhürünü vuraraq əbədi yaşayanlardan biri oldu. Mübarizə milli-azadlıq xarakteri daşıyaraq millətin, torpağın bütövləşməsinə yönəldiyindən onu laxlada bilməz. Əksinə İsgəndər bəy, fəaliyyəti kimi, ölümü ilə də mübarizəyə yeni bir məzmun, ölməzlik nümunəsi verdi.
- Gəlin etiraf edək ki, İsgəndər Həmidovun yoxluğu özünü göstərir.
- Heç şübhəsiz. Hələ zaman-zaman da bu yoxluq özünü göstərəcək. İsgəndər bəyin hədəfində olan ciddi məsələlər vardı. Belə tez aramızdan getməli deyildi. Buna rəğmən biz onun ideaları uğrunda bir araya gəlib, mübarizə aparacağıq. Bu bizim həyatımızın mənasıdır.
- Sizcə İsgəndər Həmidovun adını əbədiləşdirmək üçün hansı addımlar atılmalıdır?
- İndiki şərtlər çərçivəsində bunu düşünmürəm. Amma zaman gələcək onun adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılacaq. Onun Azərbaycan dövlətçiliyinin quruculuğunda və Qarabağ savaşında oynadığı rollar heç vaxt unudula bilməz. Həmin dövrdə qurululan müstəqilliyimizin beş memarından biri İsgəndər Həmidovdur. Millət özü onun adının əbədiləşdirilməsində ciddi addımlar atacaq.
- Sonda nə demək istəyərdiniz?
- Respublika günümüz mübarək, İsgəndər Həmidovun isə ruhu şad olsun!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?