Oqtay Gülalıyev: “Biz qanunlar çərçivəsində sona qədər mübarizə aparacağıq”
Suallara KXCP sədrinin müavini, Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev cavab verib.
- Oqtay bəy, Mili Şuranın və onun vahid namizədi Cəmil Həsənlinin mətbuat katibi vəzifəsini tutursunuz. Hazırda fəaliyyətinizi necə qurursunuz, əsasən hansı işləri yerinə yetirirsiniz? - Bir neçə gün öncə həm Milli Şuranın, həm də vahid namizəd Cəmil Həsənlinin mətbuat xidməti strukturu yaradılıb. Biz işimizi əsasən mətbuat xidməti haqqında mövcud olan müvafiq əsasnamə və Milli Şuranın normativ hüquqi sənədləri əsasında qururuq. Əlbəttə, namizədimiz Cəmil Həsənlinin fəaliyyəti və tapşırıqlarına əsasəndə fəaliyyətimizi aparırıq. Artıq fəaliyyətə başlamışıq. Demək olar ki, mətbuat xidməti lazımı şəraitlə təmin edilib. Bizim fəaliyyətimiz vahid namizədin media ilə əlaqələrini qurmaq, onun fəaliyyəti haqqında dolğun informasiyalar vermək, mesajlarını cəmiyyətə çatdırmaq, seçki platforması və keçirdiyi görüşlər haqda informasiya verməkdən ibarətdir. Hazırda fəaliyyətdəyik və çalışırıq ki, fəaliyyətimizi geniş şəkildə quraq, bütün media qurumları ilə yaxından əməkdaşlıq edək. Bizim əvvəllər də jurnalist dostlarımız, yaxşı əlaqələrimiz olub və hazırda bu imkandan da istifadə edirik. Mətbuat xidməti öz fəaliyyətini başda namizəd Cəmil Həsənli olmaqla Milli Şuranın seçki qərargahı, ictimaiyyətlə əlaqələr komissiyası və digər qurumlarla qarşılıqlı şəkildə qurur. - Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin teledebatlarının vaxtı bəllidirmi, ümumiyyətlə bu proses necə tənzimlənir? - Debatlar keçirilmə qrafiki var. Həftənin tək günləri radio debatları, cüt günlər isə teledebatlar keçirilir. Artıq Cəmil Həsənlini ilk televiziya debatına qatılıb və biz güman edirik ki, bu şəkildə də davam edəcək. Sadəcə olaraq bizim debatların vaxtı ilə bağlı ciddi etirazımız var. - Konkret etirazınız nə ilə bağlıdır? - Təsəvvür edin ki, televiziya debatları İctimai Televiziyada saat 19.00-da başlayır. Debatların başlama vaxtı çox əlverişsizdir. Bu saatda demək olar ki, insanlar ya yollarda, ya da işdə olurlar. Həmin vaxtda insanların televiziyaya baxmaq imkanları məhduddur. Radiolarda isə debatlar saat 21.00-da keçirilir. Hamı da bilir ki, bu saatda insanlar evlərində olur və daha çox televiziyalara baxırlar. Başqa sözlə, hakimiyyət düşünülmüş şəkildə televiziya debatarı ilə radio debatlarının yerini dəyişik salıb. Bu da daha çox seçicilərin namizədlərə qulaq asmaq, təmasda olmaq, onların irəli sürdüyü seçki platformaları arasında seçim etmək imkanının məhdudlaşdırılması deməkdir. Ümumiyyətlə seçki kampaniyası çox qısa vaxtı əhatə edir. Hakimiyyət qanunsuz olaraq bu vaxtı məhdudlaşdırıb.Məqsəd ölkədə seçki ab-havası hiss etdirməmək, seçkiləri məlumaatsız və hədəfsiz etməkdir. Məhz bu səbəbdən də, pulsuz radio və televiziya çıxışını çox pis vaxta salıb. Biz Milli Şura olaraq və eyni zamanda Cəmil Həsənlinin komandası olaraq bu məsələlərə etirazımızı bildiririk. Hesab edirik ki, vaxtlarda dəyişiklik olunmalı, namizədlərin özlərini seçicilərə təqdim etməsi üçün daha münasib vaxt müəyyən olunmalıdır. - Oqtay bəy, vahid namizəd Cəmil Həsənlinin teledebatdakı çıxışları öncədən hazırlanır, yoxsa bu namizədin öz təşəbbüsü ilə həyata keçirilir? - Məlumat üçün deyim ki, artıq Cəmil Həsənlinin seçki platforması hazırdır. Seçki platforması çox dəqiq və geniş hazırlanıb. Sənədin üzərində ciddi iş aparılıb, bir sıra mütəxəssislər müəyyən sahələrlə bağlı prosesə cəlb edilib. Proqram artıq çapa verilib. Cəmil müəllimin də, çıxışları əsasən seçki platformasının əsasında qurulur və həyata keçirilir. Təbii ki, onun öz fikirləri də olur və bu da deyilir. Qeyd edim ki, seçki platformasının özü də Cəmil Həsənlinin irəli sürdüyü tezislər üzərində qurulub. Hesab edirik ki, bu mükəmməl bir seçki platformasıdır, Azərbaycan problemlərini, reallıqları əks etdirən və ondan çıxış yolunu göstərən sənəddir. Ümid edirəm ki, təkcə bu seçki platformasının özü həm Milli Şuraya, həm də Cəmil Həsənlinin özünə seçicilərin rəğbətlə yanaşmasını şərtləndirəcək. Güman edirik ki, bu son illər təqdim olunan seçki platformalarının içərisində ən uğurlu sənədlərdən biridir. Onu da qeyd edim ki, Cəmil Həsənlinin çıxışları bundan sonra da seçki platformasının üzərində qurulacaq, amma eyni zamanda namizəd öz fikirlərindən də yeri gəldikdə istifadə edəcək. - Teledebatlarda sona qədər Cəmil Həsənlinin özü çıxış edəcək, yoxsa onun səlahiyyətli nümayəndələri olan AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “El” Hərəkatının sədri Eldar Namazovda bu imkandan istifadə edəcək? - Bununla bağlı gözləntilər var. Biz bəzi məsələlərlə bağlı fikirlərimizi ifadə etmişik. Konkret suala gəldikdə deyim ki, bu istiqamətdə müəyyən dəqiqləşdirmələr gedir. Zamana uyğun olaraq da qərarlar veriləcək. Hələ ki, Cəmil Həsənlinin özü teledebatda iştirak edib. Radioda gedən debata isə onun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı qatılıb. Biz hesab edirik ki, ilk teledebatlarda pis nəticə göstərməmişik. Sözsüz ki, bundan sonra baş tutacaq teledebatlarda Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri də iştifadə edəcək. - Təbliğat-təşviqat kampaniyası başlansa da, Cəmil Həsənlinin fotolarına və təşviqat materiallarına rast gəlinməyib. Siz bu sahədə hakim partiyaya uduzduğunuzun fərqindəsinizmi? - İlk dəfə “Gündəm-Xəbər” vasitəsilə bildirək ki, sentiyabrın 20-də Cəmil Həsənlinin seçki platformasının və təşviqat materiallarının ictimaiyyət üçün təqdimatı keçiriləcək. Bunun üçün yer və vaxtda müəyyənləşib. Biz sözsüz ki, media üçün əlavə məlumat verəcəyik. Demək olar ki, sentiyabrın 20-dən də bu işlərə start veriləcək. Təşviqat materillarının içərisində seçki platforması, bukletlər, tezislər, şüarlar, plakatlar və digər materilların yayımına başlanacaq. - Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin seçicilərlə görüşmək üçün mitinq keçirməsi haqda qərar qəbul edilib və Bakı Şəhər İcra Hakimiyyətinə mitinqə yer ayrılması üçün müraciət olunub. Bu istiqamətdə işlər nə yerdədir, hazırlıqlar gedirmi? - Milli Şurada kütləvi tədbirlərlə bağlı mitinq komitəsi yaradılıb. Bu işlərlə əsasən mitinq komitəsi məşğul olur. Sentiyabrın 22-nə ilk görüş mitinqin keçirilməsi qərara alınıb. Artıq Bakı meriyası mitinqə rəsmən icazə verib. Bu Cəmil Həsənlinin prezidentliyə namizəd kimi keçirdiyi ilk aksiyadır. Hazırda aksiyaya ciddi hazırlıq gedir. Aksiya “İnşaatçılar” metrosunun yaxınlığında baş tutacaq. - Seçki dövründə namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan əraziləri məqbul hesab etmək olarmı? - Biz Milli Şura və Cəmil Həsənlinin seçki kampaniyasını aparan şəxslər olaraq hesab edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə Mərkəzi Seçki Komissiyasının namizədlərin insanlarla görüşməsi üçün ayırdığı yerlər qanedici deyil. Bu yerlər şəhərdən kənardadır, əlverişsizdir. Eyni zamanda burada hakimiyyətin müəyyən məqsədləri var. Adətən namizəd seçicinin ayağına gedərək onunla görüşər, seçiciyə öz fikir və ideyalarını, görmək istədiyi işlər haqda danışar. Amma hakimiyyətin müəyyən etdiyi yerlərə diqqətlə baxsaq görərik ki, burada seçici əziyyət çəkərək namizədin ayağına gəlməlidir. Bəzən insanlar bu meydanlara gəlmək üçün üç marşurut dəyişməli olur. Bu yanaşma qəbuledilməzdir. Çünki bu yerlər gediş-gəliş üçün münasib olmayan, köhnə, uçuq-salxaq, illərlə təmir aparılmayan yerlərdir. Hesab edirik ki, bütün bunlar hakimiyyətin yürütdüyü yarıtmaz seçki siyasətinin tərkib hissəsidir. Məqsəd isə, alternativ fikrin insanlara çatdırılmasının qarşısını almaqdır. Özünün indiyə qədər yürütdüyü siyasətin davam etdirilməsi və bir növ cəmiyyətdə qapalılıq yaratmaq, namizədlərlə seçicinin görüşünə əngəl yaratmaqdır. Biz buna etirazımızı ifadə edirik və hazırda da səylərimizi davam etdiririk. - Hakimiyyətin namizədi siz deyən ərazidə mitinq keçirməyəcəkmi? - Mən hesab edirəm ki, hakimiyyətin bu xalqa deyiləsi sözü qalmayıb. Bu hakimiyyət iyirmi ildir ki, Siyavuş Novruzovun timsalında xalqı aşağılayaraq sözünü və əməlini göstərir. İkincisi, hakimiyyət bütün günü sözünü deyir. Təsəvvür edin ki, Azərbaycanda olan müstəqil və dövlətin nəzarətində olan televiziya kanallarında hakimiyyət təmsilçiləri danışır, izinsiz olaraq hər bir ailənin evinə daxil olaraq İlham Əliyevin kampaniyasını aparır. Bu sutka ərzində bəzən 5 saata qədər davam edir. Ayrılan yerlərə hakimiyyətin ehtiyacı yoxdur. Əlbəttə inzibati metodlarla, büdcə təşkilatında çalışan insanları məcburi şəkildə ora toplaya bilərlər. Çünki onların aksiya keçirmək metodunun kökündə insanları məcburi şəkildə aksiyaya gətirmək durur. Bu düzgün olmasa da, hakimiyyətin taktikasıdır. Hər halda hakimiyyət namizədinin bu ərazilərdə görüş keçirib-keçirməyəcəyi bəlli deyil. Söhbət Azərbaycanda normal seçki mühitinin yaradılmasından, namizədlərin seçicilərlə görüşməsi üçün normal yerlərin müəyyən edilməsindən gedir. Biz hesab edirik ki, hakimiyyətin müəyyən etdiyi yerlər məqbul olmamaqla yanaşı daha çox seçki aktivliyinin boğulmasına, əhalidən gizli şəkildə kampaniyanın aparılmasına xidmət edir. Məhz bu səbəblərdən biz etirazımızı ifadə edirik. Şəhərdə kifayət qədər normal yerlər var. Hesab edirik ki, bu yerlərdə bütün iddialı namizədlər üçün bərabər imkanlar yaradılmalıdır, hər kəs sözünü deməlidir. Xalqda deyilən sözlərə və əməllərə baxıb öz seçimini etməlidir. - Siz seçkilərdən nə gözləyirsiniz? - Biz bu başdan seçkilərin nəticəsi haqda konkret söz deyə bilmərik. Amma bu ölkədə yaşayan, mövcud durumu bilən, ölkənin son 20 illik gününü öz üzərində yaşayan şəxs olaraq deyə bilərik ki, əhalinin böyük hissəsi bu hakimiyyətdən narazıdır. İnsanların əmək haqları, sosial güzəranları ilə bağlı ciddi problemlər var. Eləcədə ölkədə tüğyan edən korrupsiya, təhsilin bərbad vəziyyətə salınması, hərbdə son zamanlar müəmmalı əsgər ölümlərinin artması, səhiyyənin uçuruma yuvarlanması deməyə əsas verir ki, ölkədə vəziyyət çox pisdir. Bu səbəbdən də, insanların mütləq əksəriyyəti bu iqtidardan narazıdır. Belə olan təqdirdə demokratik qüvvələrin geniş potensialını özündə birləşdirən Milli Şuranın vahid namizədi, professor, tanınmış ziyalı Cəmil Həsənlinin qalib gələcəyinə inanırıq. Onun qələbəsi şəksizdir. Amma Azərbaycan reallığını da nəzərə alırıq. Hakimiyyətin seçkiləri saxtalaşdırmaq cəhdlərini də bilirik. Amma bütün bunlara rəğmən Cəmil Həsənlinin dediyi kimi biz qanunlar çərçivəsində sona qədər mübarizə aparacağıq.
Sorğu
Yeni dizaynımız necədir?