Gundemxeber.Az bildirir ki, millət vəkili, BAXCP-nin sədri Qüdrət Həsənquliyev Publika.az-a müsahibə verib.
- Qüdrət bəy, Şərqi Aralıq dənizində baş verənlər Türkiyəni NATO üzrə öz müttəfiqləri ilə böyük müharibəyə sürükləmir ki?
- Türkiyə bu qarşıdurmada tam haqlı olduğu üçün müharibə təhdidlərindən qorxmayaraq, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Ərdoğan cəsur və müdrik dövlət adamıdır. Bilir ki, geri çəkilsə, Türkiyənin həyati mənafelərinin olduğu digər regional məsələlərdə də daha alçaldıcı tələblər irəli sürəcəklər. Gözəl el məsəlimiz var: "Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi". Bəzən dövlət maraqlarının ortada olduğu zamanda beynəlxalq məsələlərdə dəliqanlı olmaq lazımdır. Çox vaxt qorxaqlıqla ehtiyatlılığın sərhədlərini müəyyənləşdirmək olmur. Müharibə olacaqsa, deməli olacaq. Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabadın borcudur ki, kömək etsin, dünyada içi biz qarışıq alçaldılmış müsəlman dövlətlərindən qeyrəti olan daha biri nüvə dövlətinə çevrilsin. Ermənistana silah daşınmasına icazə verən "müsəlman" ölkələri kimisi yox. İstiqlal savaşında Türkiyə müttəfiqlərə yaxşı dərs vermişdi. Türkiyəyə hörmət etməsələr, görünür, növbəti belə bir dərsə ehtiyac olacaq. Müharibə olacaqsa, Azərbaycan istiqlal savaşında olduğu kimi indi də Türkiyənin yanında olmalı, ona maddi və hərbi dəstək verməlidir.
- Qüdrət bəy, Azərbaycanın etirazlarına baxmayaraq, Rusiya Ermənistana müasir silahlar göndərməkdə davam edir. Sizcə nə etməliyik?
- Həmişə demişəm, bir daha təkrar edirəm. Qarabağın azadlığı üçün biz danışıqları Rusiya ilə aparmalıyıq. Əgər Rusiya indiki siyasətini davam etdirəcəksə, Azərbaycan neytrallıq siyasətindən imtina etməli, MDB-dən çıxmalı, müvafiq qanunları dəyişməklə ölkədə Türkiyənin hərbi bazalarını yerləşdirməlidir. Biz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə etməliyik. Ciddi qərarlar qəbul edib, qətiyyətli addımlar ata bilməsək, indiki siyasətlə Ermənistanla bir neçə 30 il də danışıqlar aparsaq, heç bir nəticəsi olmayacaq. Parlamentin payız sessiyası başlayan kimi mən Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təşəbbüsü ilə çıxış edəcəm. Müstəqil dövlət olub, müstəqil siyasət yürütdüyümüzü deyib, hətta bunu edə bilməyəcəyiksə, onda torpaqlarımızın azad olunmasını gərək yuxuda da görməyək. Rusiya torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarı ola-ola biz ona "vasitəçilik", əslində isə işğalçılıq siyasətinə görə təşəkkür edib, strateji müttəfiqlikdən danışmamalıyıq. Biz özümüz-özümüzə hörmət etməliyik ki, başqaları da etsin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?