“Seçmələr” rubrikasının bu günkü qonağı üç ildən çoxdur ədəbiyyat cəbhəsindən uzaq düşmüş Seymur Sudur.
-Sizə necə müraciət etsək ürəyinizcə olar?
-Seymur yoldaş, yaxud sadəcə yoldaş
-Bir vaxtlar gənc yazarlar içərisində özünə görə şöhrəti olan, şeirləriylə seçilən Seymur Sunun birdən-birə gözdən itməsinə səbəb nə oldu?
-Əvvəla, mən ədəbiyyata bir sənət kimi baxıram, 20-21 yaşımda ədəbiyyata gələndə də o düşündəcəydim ki, sənətin fərdi, fərdin də o sənət vasitəsiylə cəmiyyəti dəyişdirə biləcəyinə inamım idi. Sonralar isə bir reallığın fərqinə vardım ki, kapitalizmin dominantlıq etdiyi bir vaxtda ədəbiyyatla lokal və qlobal səviyyədə dəyişiklik etmək mümkün deyil. Yəni, kapitalizmdə ədəbiyyatın heç bir gücü yoxdur.
-O zaman belə çıxır ki, bu vaxta qədər yazdıqlarınızı zəif hesab edir yoxsa inkar edirsiz?
-İnkar etmirəm. Bilirsiz, Türkiyədə Səbahəddin Əli, Nazim Hikmət, Əziz Nesin, Orxan Kamal və s. qələm sahibləri kifayət qədər sanballı əsərlərlə cəmiyyətə-xalqa açılsalar da, Türkiyədəki klerikal, fidelizm, nepotizm, törə, kapitalizm dominantlığı və digər naqislikləri aradan qaldıra bilmədilər. Təbii ki, özümü onlarla bir sıraya qoymuram, amma onlar kimi nəhənglər əsərləriylə insanların gerizəkalı düşüncələrində tərəqqi edə bilmədilərsə, mən heç nə edə bilmərəm. Odur ki, bütün sənətlərin, onların bir parçası olan ədəbiyyatın da mövcud reallıqları dəyişdirə biləcəyinə inanmıram.
-Axı, keçmişdə kimlərsə yazdıqları əsərləriylə cəmiyyətə təsir edə bilməyibsə, mən də yazsam eyni aqibəti yaşayacam deyə bir qanun yoxdur. Bəlkə siz davam etsəydiz, uğur sizə doğru addımlayacaq və cəmiyyətə təsir göstərə biləcəkdiniz?
-Gəlin, yaşadığımız indiki reallıqlara, mövcud iqtisadi, siyasi yaşayışa baxaq. SSRİ dağıldıqdan sonra insanlar bir parça çörək tapmaq üçün mübarizəyə başladı, kimisi az maaşla ən ağır istismarçı işlərdə işləməyə məcbur oldu, kimiləri xarici ölkələrə üz tutdular, kimiləri pulu-arxası hesabına daha çox yeməyə başladı. Belə bir iqtisadi-sosial tənəzzüldə qələm gücünə nəyisə dəyişmək mümkünsüzdür, xüsusən də sənin milyonun, milyardın, hətta trilyardın yoxdursa.
-Sizin özünüzün siyasi, iqtisadi, fəlsəfi düşüncələriniz nədir?
-Mənim fəlsəfi, siyasi baxışım sola meyilli nihilizmdir. Düşünürəm ki, solçuluq digər ideologiyalardan daha üstündür, amma radikal sosialistdə deyiləm.
-Azərbaycanda solçuluq birmənalı qarşılanmayan, hətta bəzən daşqalaq edilən ideologiyadır. Seymur yoldaşın solçu baxışları sovet sisteminəmi, hərbi kommunizməmi, yoxsa bəzi Avropa ölkələrindəki bazar yönümlü sosial-demokratiyaylamı uzlaşır?
-Birbən-birə sosial cəmiyyətin qurulması mümkün deyil. Çünki, sırf kapitalizm xəmiriylə yoğurulmuş insanlarımızı, əsas da yeni nəsili qəfildən sosial cəmiyyətin ağuşuna atmaq mümkünsüzdür. Onları zaman-zaman, hissə-hissə, yoğura-yoğura sosializm reallıqlarını başa salmaq lazımdır. Ona görə də, mən sosial-demokratiya tərəfdarıyam.
-Gəlin etiraf edək ki, sosial-demokratiyanın özündə də nöqsanlar hədsizdir. Məsələn, Skandinav ölkələrindəki sosial-demokratların çoxu liberal-faşistlərin piyadasıdır. Həmin ölkədə sosial təminatlar, yaşayış səviyyəsi yüksəkdir, amma bununla yanaşı ailəsizlik, qeyri-ənənəvi ailə - eynicinslərin evliliyi, LGBT-in çoxluqlar üzərində, mədəniyyətdə, ictimai, siyasi fəaliyyətlərdə dominantlıq və s. bu kimi naqislikləri də təbliğ edir. Sizcə bu cür sosial-demokratiya xalqımızı daha da zəlalətə sürükləməzmi?
-Mən də o sadaladıqlarınızı qəbul etmirəm. Zatən sosial-demokratiya dedikdə insanların normal sosial təminatının, ən azından Kanada, Norveç, İsveçrə kimi ədalətli maaş sisteminin olmasının istəyirəm. Bu dediklərim olsa, insanlar içində kiməsə atmaq, oğurluq, yeyinti, rüşvət, intiharlar, fahişəlik minimuma enər, polisin də işi azalar.
-Axı, fahişəlik, rüşvət, intihar, korrupsiya yalnız iqtisadi-sosial tənəzzüllə bağlı deyil. Məsələn, sizin çox təriflədiyiniz Skandinav ölkələrində maaşlar, sosial təminatlar yüksək səviyədədir, lakin intiharlar da yüksək səviyədədir. Yaxud insanlar var ki, bədənlərini satmaqdan zövq alır, fahişəliyi də özü üçün peşə bilir. Əminsinizmi ki, bizdə sosial-iqtisadi təminatlar yüksək vəziyyə gətirilsə bu naqisliklər olmayacaq?
-Bu gün Azərbaycan İsveç, Norveç kimi dövlətlərin iqtisadi-siyasi modelləri üçün acdır. Məsələn, beş-on manatlıq mal satmaq üçün balasının canına and içib, onu qəbrə qoyan insalarımız var. Bu tip çoxluq təşkil edən insanlarımız ancaq qarnını düşünür. Məhz belə insanlarla “zəngin” Azərbaycanda dürüst kommunist. sosialist yetişmir, yetişənləri də tapdalayıb, dəyişdirirlər. Eləcə də işsizlikdən, istismardan, normal sosial təminatın olmamasından dolayı əyri yollarla yaşayan, intihar edənlərdə çoxalır. Ən azından yuxarıda qeyd etdiyim dövlətlərdə insanlar sosial-iqtisadi tənəzzüldən dolayı fahişəlik etmir, intihara əl atmır.
-Sizə elə gəlmirmi ki, insanlara Norveç-İsveçdəki kimi yüksək sosial-maddi təminatlar verərək intihar qapısını açaraq, əhali içində demoqrafiq fiasko və pis örnəklərlə sağalmayan yaralara gətirib çıxarar?
-Bu günkü intiharlara baxaq, iş tapmayan, işində alcaldılaraq istismar edilən, ərindən, arvadından, ailəsindən yarımayan insanlardır. Qoyun, bir az da maddi sorunu olmayan, amma acgözlüklə utopik xəyallar quran insanlar intihar etsin.
-Olmazmı kütləvi intiharları evtanaziyalar əvəz etsin?
-Şəxsən mən özüm səlahiyyətli bir fiqur olsaydım, rahatlıqla evtanaziyaya hə deyib, onu qanuniləşdirərdim. İnsan istədiyi həyatı yaşamalıdır, istədiyi həyatın da 90 %-i maddiyat üzərindən qaynaqlanır. Əgər insana normal maddi təminat verilsə, o da maddi ehtiyacların hər birini ödəyərək artıq mənəvi baxımdan yoxsul olduğunu anlayan şəxs mənəvi zənginliyini axtarır və bunu tapa bilmirsə, həyatdan bezib vidalaşmaq istəyir. Ona görə də insanlara evtanaziya ilə həyatını sonlandırmaq şansı verilsin.
-Sadaladığınız nöqsanları aradan qaldırmaq üçün hansı çıxış yolunu tövsiyyə edə və ya bir yazar kimi hansısa bir əsər yazaraq xalqı maarifləndirmək barədə düşünürsünüzmü?
Müsahibənin əvvəlində dediyim kimi hansısa bir əsərlə, hətta möhtəşəm bir əsərlə belə cəmiyyətimizdəki mövcud sosial, iqtisadi, siyasi reallıqları dağıdacağıma inanmıram.
-Yenə də cəhd göstərmək olmazmı?
-Cəhd göstərmək olar, amma mən buna vaxt itkisi kimi baxıram. Mən, Cek London, Teodor Drayzer sayağı əsərlər yazsam belə, bu xalqım üçün feysbuk paylaşımından başqa bir şey olmayacağına əminəm.
-Ən azından sizdən sonra gələnlərin ağ günə çıxmağında maraqlı deyilsiz?
-Sosialist mübarizənin daha modern üsulları var. Ən gözəl üsul ABŞ mühəndisi, futuroloqu Jan Freskonun “Venera layihəsi”dir. Bu texnososialist üsuldur. Yer kürəsində faydalı qazıntıların tükənəcəyinə, həyatın bitəcəyinə dair qorxu, şübhə və s. ilə bağlı 40 ilə yaxın vaxtını sərf edərək fiziki, kimyəvi, texnoloji üsullarla nəzəriyyə, metodları var. Yəni, zamana uyğun hərəkət etməlisən. Bu gün Lenin-Trotski sayağı yollarla mübarizə dövrü deyil. Çünki bu gün trotskistlərin qarşısındakı polis-jandarmalar yoxdur. Bu gün sənin qarşında daha ciddiyətli, kamera təsvirli, xüsusi çiplərlə, yeni mübarizə metodları ilə təmin olunmuş hüquq-mühavizə nümayəndələridir. Ona görə də onların qarşısına daha ağır şəkildə çıxa biləcək kütlə, xalq formalaşmalıdır.
-Bir vaxtlar Azərbaycanda “Telefonçu qız” filmindəki kimi qadın-qızlarımız aya-kosmosa çıxmaq barədə düşünürdüsə, bu gün qadınlarımız içində “azadlıq”, feminizm adı altında kimlə gəldi seksual seanlar coğrafiyasını genişləndirməyi, kişilər beş-on manat qazanıb “Allah sənə şükür” deyirsə, qanunların aliliyinə hörmət əvəzinə söyüş və qorxulardan dolayı səhv əməllərdən qaçanların üstünlük təşkil etdiyi bir cəmiyyətdə texnososialist mübarizə nə dərəcədə realdır?
-Doğrusu, bu gün pulun “Tanrı” olduğu dünyadayıq. Demək olar pulun satın almayacağı nəsə qalmayıb. Pulla insanlar əqidəsini, əxlaqını, ləyaqətini, siyasi baxışlarını dəyişir, şəxsiyyətini satır. Yəni, bu günkü kapitalizmin qarşısında Lenin-Stalin ideologiyası, soyuq müharibə yoxdur. Məsələn, ABŞ-da zəncilərə qarşı haqsızlıq əsirlərdir davam edir, Fransada son illərdə olan reformist hərəkətlər belə nəticə vermir. Çünki, hökumətlər, dövlətlər hər hansı vəd, maddiyyat gücünə etiraz dalğasının inkişafına imkan vermir. Əgər əhalisi bizdən çox və daha proqressiv olan ABŞ ilə Fransadakı sosialistlər, kommunistlər, sosial-iqtisadi təminatın yaxşılaşdırılması üçün meydana çıxanlar nəsə edə bilmirsə, bizdə beş manat pul qazananda şükür edən sadə insanlar qalsın bir kənara, özünü solçu adlandıran, hətta kommunist partiyasının rəhbəri olan şəxslər XXI əsrdə yaşamalarına baxmayaraq, hələ də XX əsrin 30-40-cı illərin təfəkküründə qalanlarla nəyəsə ümid etmək nizə-qılıncla tank qarşısına çıxmaq kimidir. Ona görə bu gün yeganə yol maariflənmə və maarifləndirməkdir. Qaldı ki, proqressiv düşünmək əvəzinə qurşaqdan aşağı ehtiyacları üçün meydana tökülüşənlərə, bunun səbəbi odur ki, dialektik-materiaslt dünyada yaşaya-yaşaya heç bir labüd dəyişikliyə uğramamağımızdadır. Yəni, bizim texnologiya, internet aləminin hüdudsuz inkişafına və zamana uyğunlaşmalar, dəyişiklik olmalıydı, o cümlədən əxlaq konteksində də. Mən liberal-feminizmin qarşısındayam. Sadəcə onların meydana çıxmasına səbəb dialektik-materializmin güclü olmaması, bir çox naqisliklərin, çürümüş mental dərəbəyliklərin mövcudluğundadır. Məhz bu sadaladıqlarıma qarşı ölkədə sükunət var. Bu sükunət məhv olmasa, onuz da naqisliklərlə zəngin olan cəmiyyətimizi daha betər naqisliklər ayaq açacaq. Eyniylə də naqisliklərlə sağlam düşüncəli insanlar yox, naqis düşüncəlilər mübarizə aparır. Məsələn, bu gün erkən nikahlara qarşı hüquqi müstəvidə mübarizə aparmaq əvəzinə, küçələrdə şüvənlik etmək, əxlaqsız çağırışlar etmək, cinsi orqanlarını plakatla reklam yaxud qızının ali təhsil almasına mane olan valideynləri tənqid edib maarifləndirici işlərlə məşğul olmaq əvəzinə onları aşağılama, təhqirlər yağdırmaqla dəridən-qabıqdan çıxırlar. Bu da cəmiyyətdə güclü qarşıdurma, feminizmə, liberalizmə, demokratiyaya və bütün növ ideoloji müasirliyə qarşı kəskin nifrət doğurur.
-Sizcə, sükut necə dağıdılmalı, naqisliklərə qarşı necə mübarizə aparılmalıdır?
-Əvvəla, İslam dinində deyilən “Qadın sizin tarlanızdı, ora istədiyiniz vaxt girib-çıxa bilərsiniz”, eləcə də cəmiyyətimizdə qatı maskulinum diqqtəsi olan : “Mən kişiyəm, mənə hər yerdə yaşıl işıqdı, istədiyim hər şeyi edərəm” və s. bu kimi düşüncələr qarşı mübarizə aparılmalı, maarifçilik yoluyla onların yalnış, çürümüş bir düşüncə olduğunu sübut etmək lazımdır. Məsələn, həm oğul, həm qız atası olan kişiyə başa salmaq lazımdır ki, oğluna verdiyi sərbəstliyi öz kürəkəninə də verməlidir. Yəni, oğlu gündə sağda-solda gəzəndə, onlarla qadın-qızlarla izdivaclar edəndə, həmin əməlləri kürəkəni də təkrarlayıb, qızına qarşı xəyanətlər edəndə dözümlü münasibət göstərməlidir. Əgər hər hansı ata öz qızına qarşı xəyanət edən kürəkənini bağışlamırsa, gəlininə qarşı xəyanət edən oğlunu da bağışlamamalıdır. İnsanları ədalət, mərhəmət, empatiya hisləriylə maarifləndirmək, tərbiyə etmək lazımdır.
-Bəs, ifrat feminizmin dominantlığı sayəsində kişilərin aşağılanması, alçaldılması, qadınların ərlərinə xəyanətlərin həndəsi silsiləylə çoxalması, kütləvi boşanma, ailə dəyərlərinə tüpürülməsi və s. kimi halların Azərbaycanda ayaq açması nə dərəcədə doğrudur?
-Mən zatən yuxarıda sadaladığınız feminizmə qarşı olduğumu dedim. Hansı tərəfin etməsindən asılı olmayaraq xəyanət istənilən halda xoş deyil,. Amma xəyanətə görə ərin arvadına, arvadın da ərinə qarşı zorakılıq, xüsusi qəddarlıqlarla qətl törətməsinin tərəfdarı deyiləm. “Ezel” seriyalında gözəl bir ifadə var : “Xəyanət edən, zatən özünə xəyanət etmiş olur”. Xəyanət baş verdikdə, boşanıb onu özündən uzaqlaşdırmaq bəs edir. Amma xəyanətlərin kökünüdə araşdırmaq lazımdır. Burda sosial-iqtisadi xüsuslarda az rol oynamır. Bir kişini düşünün. Adam hər gün günəş çıxmadan yuxudan oyanaraq, zəngin olmayan səhər yeməyini yeyib, işə qaçır. Onun gün ərzində gördüyü işin izafi dəyəri 50-100 manat olduğu halda, qabağına dilənçi payı olan on manat atılır. Üstəgəl, bütün günü müdir-rəis tərəfindən üzünə itin sözü deyilir, süründürülür, istismar olunur. Bütün bunları hər gün yaşayan adam evinə gəlincə, həyat yoldaşının vatçapında, feysbuk yazışmalarında hansısa kişilərlə erotik söhbətləri, onlar arasında seks videolarını gördükdə, arvadını oynaşı ilə tutanda, yeganə sahib olduğu, sevdiyi qadının da ona xəyanət etdiyini görəndə, ümidi, həyatı sönmüş halda alçaldığını görür. Nəticədə ya qadını qətl edir, ya özü intihar edir, ya da ən yaxşı halda boşanıb əyyaşa çevrilir. Bu dediklərim eyniylə kişi xəyanətləriylə üzləşən qadınlara da aiddir. Deməyim odur ki, xəyanəti yalnız, əxlaq, iradə zəifliyi, mənəvi yoxsulluğa bağlamaq düzgün deyil. Sosial-iqtisadi tənəzzül də çox rol oynayır.
-Sizə elə gəlmirmi Xoşqədəm, Zaur, Tolik, Nanə kimilərin apardığı verlişlər Azərbaycan qadınını daha da aşağıladı, əxlaqsızlaşdırdı?
Əxlaqsızlaşdırmadı, yazıqlaşdırdı! Azərbaycan qadınları ərlərinin xəyanətlərini həmin verlişlərdə etiraf edərək, özlərini yazıq, miskin, bədbəxt kimi göstərdilər.
-Yoldaş, Azərbaycan feministləri qadınlarımıza qarşı mənfi təsir göstərmirmi?
-Mən ədalət tərəfdarıyam, maskulist, qudurğan, xəyanətkar, həyat yoldaşlarına, qız övladlarına qarşı əssasız, haqsız yerə diskriminasiya edən kişilərə qarşı feminist mübarizənin tərəfdarıyam. Bizdəki feministlər ədalətçi yox, anarxistdirlər. Məsələn, ərinin haqlı səbəbdən etdiyi tənqidə, vurduğu şilləyə qarşılıq olaraq anarxist feministlərdən təsirlənib, bir çox qadınlarımız əvvəlcə özlərini “mən azad qadınam, kefim istədiyimi edərəm, ər kimdi ki, mənə məhdudiyyət qoyur” deyərək xəyanətlər etmək eşqinə düşür, ardınca da ailəsini dağıdır. Sonra da həmin qadının başı daşdan-daşa dəyəndə çox gec olur. Ruhlandığı feministlər isə ona sahib çıxmır. Yəni, bizdəki feministlər biz qadınlar kişilərdən üstünük deyərək, qadını təzyiq altından çıxarıb quduz it kimi kişinin üzərinə atır.
-Olmazmı qeyd etdiyiniz bütün naqisliklərə qarşı feminizmlə yox, başqa alternativlərlə mübarizə aparılsın? Məsələn, bayaq İslam dininin adından danışdınız, din qadına qarşı zorakılıqları qadağana edir. Dinin məhz həmin hökmünü qabartmaq düzgün deyilmi? Yaxud dünyagörmüş, müdrik ağsaqqal-ağbirçəklər vasitəsiylə nələrsə etmək mümkün deyilmi? Lap bütün bunlar effekt vermirsə, sırf dünyavilik prinsipini qabardaraq, dövlətin qanunlarıyla mübarizə edilməməlidirmi?
-Dediklərinizə ardıcıllıqlar cavab verim. Birincisi, din qadını aşağılamağa, zorakılığı yol verməsə də, din xadimləri, klerikalist-fidelist düşüncəsində olan insanlar (əsasda kişilər) Allahın kəlamını tərsinə yerinə yetirirlər. Ona görə də bir çox qadınlar və gənc nəsil içində dinə qarşı nifrət, ikrah var. İkincisi, bu gün bizə ədəb-ərkandan, böyük-kiçiklikdən, mədəniyyətdən, əxlaqdan dəm vuran ağsaqqal-ağbirçəkləri daha çox harda görürük?! Təbii ki, çayxanalarda ağızlarında siqaret nərd-domino şaqqıldadanda, xəngəlxanada anqıra-anqıra piyalə döyüşdürərək sağlıq deyəndə, məhəllədə onun-bunun haqqında qeybət “müzakirəsi” aparanda, metro qatarında sıxlıq zamanı qızı-nəvəsi yaşında qızlara kərkinəndə və s. nadurist hərəkətlər edəndə. Məsələn, mənim özümün dost-tanışlarım içində tez-tez rast gəldiyim hallardan birini deyim. Ailədə nə ata, nə ana işləyir. Hərçənd öz yaşlarına uyğun iş tapa bilərlər. Bütün ailənin maddi yükü satıcı, fəhlə, sürücü işləyən oğulun üzərindədir. Hələ bu azmış kimi ata oğulun maaş kartını cibində saxlayır, həmin kartla kef çəkir, sonrada oğlu evə 15-20 dəqiqə gec gələndə başlayır dişinin dibindən çıxanları deyərək, övladını çöldə gecələtdirir ki, “vaxtında rədd olub gəlməməyinin cəzasını çək”. Bu cür ağsaqqal-ağbirçəklərimiz olduqca çoxdur. Belə insanlarla baş alıb gedən problemlərə necə məlhəm ola bilər?! Üçüncüsü, hüquqi müstəviyə gəldikdə, burda həm orqanların, həm də xalqın mütlək əksəriyyətində çatışmazlıqlar var. Yəni, vətəndaş hüquqlarını tələb edəndə, ona qarşı laqeydlikdir, hüquq-mühavizə orqanları vətəndaşlara qarşı haqsızlıqla mübarizə aparanda, onlar biganəlik edərək şikayət etmirlər.
-Dünyada öz texnoloji gücünə, elmi ixtiralarıyla tanınan Yaponiya kimi ölkədə tarixən, hətta bu günün özündə belə, böyüklərə hörmət-ehtiram ən ali milli dəyərlərdən biridir. Yəni, siz daha çox nadürist, naqis ağsaqqal-ağbirçəklərdən, valideynlərdən nümunələr çəkdiyiniz halda, yaxşıları heç demirsiz. Nə üçün 92 yaşında olmasına baxmayaraq hələ möhtəşəm sənət nümunələri, məşhurlarımız qəbirüstü abidələrini yaradan qocaman heykəltaraş Ömər Eldarovdan, 92 yaşında yazıb-yaradan Vidadi Babanlıdan, Rasim Balayevdən eləcə də onlar kimi üzdə olmayan ağsaqallarımızdan niyə örnək gətirmirsiz? Məgər bu günkü gənc nəslimiz bu qədər idealdı?
-Mən ideal gənc nəslimiz var demirəm. Təbii ki, faydalı ağsaqqal-ağbirçəklərdə var. Amma indiki gəncliyin fəsad, xüdpəsənd, naqisliklərlə zəngin olmasında yenə yaşlı nəsil günahkardır. Son 15 ildə feysbuk və digər sosial şəbəkələr bizdə ikinci saxta “kimlik” yaradan kimi indiki yaşlı nəslin də 1985-1991-ci illərdə kapitalistlərin, liberalların, demokratların vədlərinə alqış edərək, “yenidənqurma” siyasətinə hə deməklə özləri üçün saxta “kimlik” yaratdı. Yəni, içlərində xəbislik, mənfəətcillik, ulitarizm olan indiki ağsaqqal-ağbirçəklərin əksəriyyəti Qərbin liberal “dəyər”lərinə inteqrasiyaya qol çəkdilər. Nəticədə Qorbaçov kimi insanlar istədiklərini etdilər ki, böyük coğrafiyada yaşayan xalqların yaşlı və cavan nəsli arasında uçurum yarandı. Bundan başqa bu gün səhiyyədə, təhsildə, jek idarələrində rüşvət alan, əyər-əskik işlərlə məşğul olan, seçkilər zamanı sinələrində-qarınlarında-ciblərində bületenlər gəzdirərək seçki saxtakarlığı edənlərin mütləq əksəriyyəti də, həmin “yenidənqurmaya” alqış edən nəsilin nümayəndələridir. Bütün bunlardan sonra durub gənc nəsildən əxlaq, mədəniyyət, hörmət tələb etmək hansı məntiqə sığır?! Onu da səmimi olaraq qeyd edim ki, gənc nəsilin yaşam tərzi, düşüncələri ürək açan deyil. Amma bu gün interneti, sosial şəbəkələri maariflənmək üçün yox, tanışlıq, seksual ehtiyacları ödəmək üçün portnyor axtarışına çıxanlar, ifrat demokrat, liberal-feminizmin, realçıların, nidaçıların və s. qruplar, birliklər çoxu sırf yaşlı nəsilə etiraz olaraq ortalığa çıxanlardır. Yəni, indiki gənc nəsildə beş günah varsa, bunun ən azı üçü yaşlı nəslin keçmişdə və bu gündə etdikləri naqis əməllərdən doğub.
-Yoldaş Seymur, sizin bir çox şeirləriniz “Yumruq Ədəbi Birliyi” tərəfindən nəşr olunan “30+1” sonra isə özünüzün nəşr etdirdiyiniz “Sentimentiyabr” kitabında çap olunub. Növbəti kitabınız hansı olacaq?
-Növbəti kitabım Orxan Fikrətoğlunun redaktəsiylə yeni şeirlərimin yer aldığı “Xülasə” olacaq. Həmin kitabımda bu günə qədər yazdıqlarım bütün şeirlərimdən imtina olmasa da, düşüncələrimi artıq nihilizm dominantlığı üzərində qururam. İmkan olsa o kitabı türk dilinə tərcümə etdirib Türkiyədə ixracını da düşünürəm.
-Bəs nəzm janrından bir qədər uzaqlaşıb nəsr əsərləri yazmağı düşünürsünüzmü?
Səmimi etiraf edim ki, mənə görə nəsr yazmaq, nəzm yazmaqdan daha çətindir. Amma buna baxmayaraq, illərdir “Üç” adlı bir roman üzərində işləyirəm.
-“Üç” adlı romanınızın məzmunu nədir?
-Bir ailədəki ata, ana, oğul və onların üçü arasındakı məişət, siyasi, sosial, iqtisadi baxışlardakı toqquşmalar, qarşıdurmalarla bağlı mövzuları əhatə edir.
-Yaşlı və gənc nəsilə nə deyə müraciət edərdiniz?
-Yaşlıları gənclərin doğrularıyla, gənclərə də yaşlıların doğrularını qəbul edərək, yəni, yaşlılara cavab qaytarmaq olmaz, gəncin sözü ilə də oturub durmaq olmaz kimi tabuları sındırmaqla qarşılaşmağı, çoxlu müzakirələr-dialoqlar aparılmasına çağırış edirəm.
-Yoldaş Seymur, sizə maraqlı söhbət üçün təşəkkür edirəm
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?