Fikirləşirik, Rusiya ona görə güclüdür ki, o, gücünü bizim zəifliklərimiz və qətiyyətsizliyimiz üzərində qurur. Məsələn, Cənubi Qafqzada Rusiya istədiyini edir və hələ ki bu bölgəni istədiyi kimi idarə edir. Amma Moskva bunu Pribaltikada edə bilmədi, bu bölgənin üç dövləti xüsusi sayıqlıq və həmrəylik nümayiş etdirdi.
Rusiya əfqanlarla da bacarmadı, məcbur olub bu ölkəni tərk etdi. Biz hələ onu demirik ki, dünya xəritəsində nöqtə boyda olan Çeçenistan az qala, rus hərb maşınını əzmişdi. Bir dəfə prezident V.Putin özü də etiraf etdi ki, ölkəsi artıq kiçik Çeçenistanı tanımaq ərəfəsindəydi və onu bundan yalnız təsadüf, çeçen generallarının siyasətçi kimi zəif olması xilas etdi...
Bütün bunları niyə deyirik? Bir müddətdir ki, Ukrayna ilə Rusiya arasında müharibə olacağı haqqında xəbərlər səngimir. Rusiya, əlbbəttə ki, nüvə dövlətidir, amma bu o demək deyil ki, Kreml Kiyevə qarşı nüvə silahı tətbiq edəcək.
Ona görə də Kiyevin Moskva qarşısında zəiflik nümayiş etdirməsi bağışlanılmazdır, xüsusən də nəzərə alanda ki, o, heç də tək deyil, onun ABŞ və bir sıra Avropa ölkələri kimi müttəfiqləri var. Hətta Türkiyə də onu müdafiə edir, baxmayaraq ki, sonuncunun Rusiya ilə yaxşı əlaqələri var.
Bu yaxınlarda ABŞ hərbiçiləri Donbasda oldular. Elə bir gün olmur ki, ABŞ diplomatları Rusiyanın ünvanına kəskin bəyanatlar səsləndirməsinlər. Amma Ukrayna tərəfdən narahatlıq səngimir. Heç sözsüz ki, müharibə heç də ən yaxşı perspektiv deyil, xüsusən də rəqibinin sənin sərhədlərin boyunca qoşunlar yerləşdirməsi haqqında xəbərlər hər gün gələndə. Amma Nikolo Makiavellinin məşhur kəlamı var: "Münaribədən qaçmaq olmaz, onu ləngitmək olar, amma bundan yalnız düşmən udacaq”...
V.Zelenski hakimiyyətə gələndə düşündük ki, proseslər çözümünü diplomatik yolla tapacaq, hərçənd, Krım probleminin diplomatik yolla necə həll olunacağını bu gün də təsəvvür etmirik. Amma ilk günlərdə hərbi əsirlərin və girovların qismən mübadiləsi baş tutdu və bu, bir daha deyirik ki, bizdə ümidləri artırdı. Amma sonradan proses dondu. Onun yerini müharibə ilə bağlı söhbətlər tutdu.
Amma müharibə müstəvisində də Kiyev hələ yerində saymaqla və Rusiyanın mümkün hücumu haqqında xəbərləri tirajlamaqla məşğuldur.
Bəs müharbə olacaqmı? İnanın ki, bu, gündəmin ən çətin suallarındandır. Bu gün kimsə bu suala birmənalı cavab verə bilməz, hətta ABŞ kəşfiyyatı da. Amma bizə elə gəlir ki, yaxın perspektivdə olmayacaq, çünki ruslar kar deyil və onlar ABŞ və digər NATO ölkələrinin bəyanatlarını, özü də çox kəskin bəyanatlarını eşidirlər.
Həm də bir neçə il bundan əvvəl baş vermiş Gürcüstanla müharibə təcrübəsi də var. Əlbəttə, o vaxt Tiflis Rusiyaya qarşı zəruri dirəniş göstərə bilmədi. Amma rusların da planları baş tutmadı. Bəli, onlar Tiflisi tutmaq istəyirdilər. Amma Qərb buna imkan vermədi, müahribəni dayandırdı. İndi Kremldə başa düşməlidirlər ki, heç kim rus tanklarının Kiyevdə də peyda olmasına dözməyəcək və buna imkan verməyəcək.
Ukrayna Suriya deyil ki, burada Moksva özünün hərbi əzələlərini sınasın. Yox, bu olmayacaq. Amma "Nə sülh, nə müharibə” planı da elə də sərf edilən perspektiv deyil. Nə vaxtsa hərbi toqquşma baş verməlidir. Amma nə vaxt? Bir daha deyirik ki, bunu dəqiq heç kim bilmir. Aydın məsələdir ki, NATO bu yaxın dövrlərdə risk edib prosesə qoşulmaq niyyətində deyil. Amma NATO-dan savayı tək ABŞ da var – bəli, o ABŞ ki, addımbaaddım suda və quruda Ukrayna ərazilərinə doğru irəliləyir...
Sorğu
Yeni dizaynımız necədir?