“Milli Şura olsa da, olmasa da yenə də bu mübarizə davam edəcək” Müsavat başqanı İsa Qəmbərin “Qafqazinfo”ya müsahibəsi:
- “Yeni Müsavat” qəzetinin keçirdiyi abunə marafonunda siz də iştirak etdiniz. Qəzetlərə qarşı təzyiq nədən xəbər verir?
- Hakimiyyət azad sözə davamlı deyil. Çünki hakimiyyət saysız-hesabsız cinayətlərin, qanun pozuntularının içindədir. Hakimiyyətin Konstitusiyanı, qanunları pozması haqqında yüzlərlə, minlərlə faktlar var. Azad söz olan yerdə bu faktlar gün işığına çıxır və hakimiyyət ifşa olunur. Ona görə də azad sözə dözməyərək tam özünün nəzarəti altında olan media istəyir. Necə ki, televiziyaları demək olar ki, tam şəkildə öz nəzarətinə götürüb. Yazılı medianı da tam nəzarətə götürmək istəyir. Çox az sayda qəzetlər qalıb ki, müstəqilliklərini qoruyub saxlamağa çalışırlar. Hakimiyyət seçkidən sonra bu qəzetlərə qarşı növbəti hücum dalğasını başlatdı. Bir neçə qəzetdən söhbət gedir. Çünki hər halda metro stansiyaları ərazisində və şəhərin mərkəz nöqtələrində 3-4 qəzetin adı çəkilir ki, onların satışı hakimiyyət tərəfindən yasaqlanıb. Aydındır ki, bu yasaqlar aparıcı mediaya- ilk növbədə “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinə qarşıdır. Çünki Azərbaycanda azad söz və ifadə azadlığı, müstəqil mətbuatdan söhbət gedəndə ilk növbədə bu iki qəzet yada düşür. Bizim də borcumuzdur ki, bu qəzetləri təzyiqdən qoruyaq. Mən düşündüm ki, bizim edə biləcəyimiz işlərdən biri də abunə kampaniyasıdır. Ona görə də hər kəsi abunəyə çağırdım. “Yeni Müsavat” da öz ofisində abunə marafonu təşkil etdiyini bildirdi və hamını dəvət etdi. Biz də məmnuniyətlə iştirak etdik. Mən özüm iki aylıq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə abunə yazıldım. Bir neçə başqa şəxsin də abunə yazılması üçün vəsait təqdim etdim. Eyni zamanda yüzlərələ müsavatçının da “Yeni Müsavata” abunə yazılması istiqamətində konkret addımlar atıldı. Bu kampaniya davam etsə, problemlərdən birinin həllinə yaxınlaşarıq, yəni qəzetlərin davamlı maliyyə bazasının olmasını təmin etmək olar. Yeri gəlmişkən burda başqa məqam da var ki, prinsip etibarilə qəzetlərə abunə yazılmağa adət etməliyik. Əgər gündə kimsə 40, 80 qəpik, 1 man 20 qəpik xərcləyib qəzet alırsa, öz büdcəsini planlaşdırıb abunə yazılmaq da olar. Bu həm oxucular üçün rahat olar, gündə qəzet axtarmazlar, qəzetlər üçün də rahat olar ki öz işlərini daha yaxşı şəkildə planlaşdıra bilərlər. Bu istiqamətdə məsləhətləşmələrimizi davam etdirəcəyik. Bizim səylərimizə baxmayaraq problem ağır olmaqda qalır. Xüsusən də dünən “Azadlıq” qəzetinin bağlanması çox xoşagəlməz hadisədir. “Azadlıq” qəzeti kimi Azərbaycanda azad mətbuatın simvollarından biri, müstəqillik dövründəki mübarizədə ön cəbhədə olan strukturlardan birinin bağlanması çox xoşagəlməz hadisədir. Bu həm də Azərbaycan hakimiyyətinin olmayan reputasiyasına növbəti bir zərbədir.
- Sizcə, bu çətinlik nə vaxta kimi davam edə bilər?
- Azərbaycanda avtoritar bir hakimiyyət mövcuddur. Bu hakimiyyətin məntiqsizliyini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Biz özümüzə aid olan işi etməliyik.
- Çox vaxt bu iki qəzetin məsul şəxsləri və əməkdaşları arasında “biz daha obyektiv və radikalıq” kimi mübahisələr olur. Bir oxucu kimi sizin fikrinizi bilmək istəyirəm. Hansı qəzet daha obyektivdir?
- İnşallah “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin bu problemləri arxada qalar, rahat şəkildə qəzetlər çıxmaqda davam edərlər, o zaman mən də bu qəzetlər barədə fikirlərimi deyərəm. Bu gün mən onları təhlil etmək istəmirəm. Çünki aydındır ki, hər iki qəzetin nöqsanları və çatışmayan cəhətləri var. Bunu mən də, başqaları da görür. Sadəcə olaraq oxucu kimi bizim fərqli yanaşmalarımız var. Qəzetlərin də fərqli qəzet siyasətləri var. “Yeni Müsavat”dan tələb etmək olmaz ki, o “Azadlıq “ kimi yazsın, və ya əksinə. Əslinə qalsa elə Azərbaycan cəmiyyətinin iki “Azadlıq” və ya iki “Yeni Müsavat” qəzetinə ehtiyacı yoxdur ki. Azərbaycan cəmiyyətinin “Azadllıq” və “Yeni Müsavat” qəzetlərinə ehtiyacı var. Qəzetlərin gücü də onların müəyyən dərəcədə fərqli olmasındadır. Qəzetlər özləri həll edirlər ki, azad sözə, cəmiyyətin tələbatına nə cür xidmət göstərsinlər. Və oxucular da özləri qərar verirlər ki, onlara öz xidmətini təklif edən qəzetlərdən hansına üstünlük verirlər. Məsələ dünyada bu cür həll olunur, Azərbaycanda da bu cür həll olunmalıdır və olacaq da.
- Mediada yazılanlara görə, Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri postundan çıxarılması ilə bağlı mövqeyini ortaya qoyub...
- Yanlış informasiyadır, bizim belə bir fikrimiz yoxdur. Sadəcə olaraq seçkidən sonrakı mərhələdə Milli Şura ilə bağlı müzakirələr gedir. Bu da təbiidir. Çünki biz desək də ki, Milli Şura yalnız 2013- cü ilin prezident seçkiləri üçün yaradılmayıb, amma hər halda o seçki ilində yarandı. O həmin seçkiyə köklənərək yarandı. Seçkilər də hakimiyyətin saxtalaşdırdığı şəkildə keçdi. Hələ seçki ilə bağlı siyasi proseslər bitməyib. Seçkini saxtalaşdırmağın, 3-cü dəfə hakimiyyətə getməyin bədəlini bu hakimiyyət ödəyəcək. Amma hər halda demokratik düşərgə yaxın gələcəyə baxmalıdır. Yaxın gələcəyə də baxarkən Mili Şuranın hədəflərinin dəqiqləşdirilməsi, idarə olunmasının təkmilləşdirilinməsi və.s bu kimi məsələlər var. Məsələlərin müzakirəsi gedir. Fərqli yanaşmalar ola bilər. Bu olmasa, təəccüblü olardı. Müzakirələrin yekununda hansı nəticələr ortaya çıxarsa, cəmiyyətə bilgi veriləcək.
- Milli Şuranın dağılması təhlükəsi nə qədər realdır?
- Demokratik düşərgədəki birləşmələr və parçalanmalar haqqında Azərbaycan cəmiyyətində və mediasında süni bir mövzu var. Süni şəkildə də mövzu davam etdirilir. Ancaq məsələnin mahiyyəti ondadır ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bir neçə partiya, bir neçə QHT, bir neçə Gənclər Təşkilatları, bir neçə KİV, tanınmış intelektuallar var. Və bunlar hərəsi öz gücünə uyğun mübarizə aparırlar. Bu qüvvələrin əməkdaşlığında ən səmərəli formatlar hər zaman axtarılır. Milli Şura olmamışdan əvvəl də Müsavat, AXCP, digər strukturlar da mübarizə aparırdı. Milli Şura olanda da mübarizə apardı. Və Milli Şura olsa da, olmasa da yenə də bu mübarizə davam edəcək. Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid gerçəkləşənə kimi proses davam edəcək. Demokratik düşərgə buna nail olandan, xalqın iradəsi ilə hakimiyyət formalaşandan sonra gündəm xeyli dəyişəcək. Artıq o zaman məsələ Azərbaycanın problemlərinin həlli olacaq.
- Milli Şurada həmsədrlik institutunun yaradılmasına tərəfdar və qarşı çıxanlar var. Siz necə düşünürsünüz?
- Biz hesab edirik ki, önəmli olan demokratik düşərgənin məqsədyönlü, səmərəli fəaliyyətini təmin etməkdir. Bu saat vəzifə bölgüsü, kimin həmsədr və sədr olub-olmaması mənim dediyim məsələlərlə müqayisədə ikinci dərəcəlidir.
- Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin Amerika səfəri nəyə hesablanıb?
- Seçkilər hüquqi cəhətdən bitsə də, siyasi cəhətdən bitməyib. Prosesin önəmli cəhətlərindən biri də bizim beynəlxalq əlaqələrimizdir. Hesab edirəm ki, bu səfər də önəmli bir səfərdir. Nəticələri də dəyərləndiriləcək.
- Ümumi nəzər saldıqda demokratik düşərgədə proseslərə qarşı inamsızlıq yarandığını deyənlər var...
- Buna hər kəs özü cavab verə bilər. Müsavatda prosesə heç bir inamsızlıq yoxdur. Əksinə, bu mərhələdə Müsavat öz qərarlarının doğruluğuna bir daha inandı və vəziyyətin tezliklə dəyişəcəyinə inamımız daha da artdı.
- Müsavat Partiyasının qurultayının ilin sonuna kimi keçirilməsi planlaşdırılırmı?
- Müddət təəssüf ki, bizdən asılı deyil. Asılı olsaydı, qurultay çoxdan keçirilərdi. Biz qurultayı keçirtməyə hazırıq. Onu keçirmək üçün bizə 800-1000 nəfərlik zal lazımdır. Hakimiyyət inadkarlıq göstərərək bizə bu imkanı yaratmır. Biz isə bu imkanı yaratmaq üçün çalışırıq. İlk imkan yaranan kimi qurultayımızı keçirəcəyik.
- Hakimiyyət deyir ki, yer məsələsi Müsavatın bəhanəsidir. Əslində İsa Qəmbər başqanlıqdan getmək istəmir...
- Bilirsiz, hakimiyyətlə müxalifət fərqli sözlər deyə bilərlər. Amma jurnalistlərin borcudur ki, kimin yalan-doğru dediyini dəqiqləşdirsin. Biz deyirik ki, bizə yer verilsin, qurultayımızı keçirək. Siz də bilirsiniz ki, ökədəki zallar hakimiyyətin nəzarətindədir. Əgər hakimiyyətin nəzarətindən kənar normal bir zal varsa, media bunu araşdırıb bizə təqdim etsin.
- İsa bəy, çıxışlarınızda növbəti dəfə başqan seçilmək niyyətinizin olmamasını vurğulamısınız...
- Bu mövzu da hakimiyyətin yersiz inadları nəticəsində uzanan bir mövzudur. Müsavatın nizamnaməsində olduğu kimi məsələlər həllini tapacaq.
- Nizamnamənin dəyişdirilməsi ehtimalı varmı?
- Nəzəri ehtimal hər zaman var. Amma mən düşünürəm ki, belə bir hadisə baş verməyəcək.
- Namizədiniz var?
- Hesab edirəm ki, Müsavat Partiyasının kifayət qədər təcrübəli, güclü siyasi xadimləri var. Və müsavatçılar onlardan birini partiyamıza başqan seçəcəklər.
- Bu həftə sonu partiyanın Gənclər Təşkilatına da sədr seçkisi ilə bağlı toplantı olmalıdır. Ötən seçkidə müəyyən problemlər yaranmışdı. Bu seçikinin nəticəsindən nə gözləyirsiniz?
- Müsavatın Gənclər Təşkilatı ölkədə ənənəvi olarq ən güclü gənclər təşkilatı olub. İndi də bu davam edir. Və Gənclər Təşkilatında hər zaman rəqabət olub. Gənclər öz güclərini təqdim etməyə çalışıblar. İndi də hesab edirəm ki, maraqlı bir rəqabət olacaq.
- Yəqin ki, namizədinizin adını açıqlamayacaqsız yenə...
- Mən gənclərimizin hər birinə öz övladım kimi yanaşıram. Onlardan hər hansı birinə üstünlük verməyim düzgün olmazdı.
- Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Qəzetlərin yazdığına görə, Türkiyə XİN rəhbərinin bu barədə İsveçrə rəsmi dairələri ilə apardığı danışıqlar da var. Düzdür, hər dəfə bu məsələ gündəmə gəlir, amma real nəticəsi olmur. Bu dəfəki gündəmə gəlişdən ciddi nə isə gözləmək olar?
- Təəssüf ki, bu məsələdə də bir yenilik yoxdur. 2009-2010-cu ildə də bu məsələ müzakirə olunarkən mən demişdim ki, burda önəmli olan Türkiyə tərəfinin öz xoşgörüsünü dünyaya bəyan etməsi, təqdim etməsidir. Çünki onsuz da müəyyən beynəlxalq qüvvələr və Ermənistanın içindəki qüvvələr sərhədlərin açılmasına imkan verməyəcəklər. Və elə də oldu. Bu günə qədər də sərhədlər açılmayıb. Türkiyə hakimiyyəti dəfələrlə deyib ki, Qarabağ məsələsinin həllində ədalətli addımlar atılmasa, sərhədlərin açılması mümkün olmayacaq. Ona görə də Azərbaycan medyası Türkiyə-Azərbaycan münasibətlərində daha ciddi, daha real mövzuları araşdırmalıdır. Xeyli məsələlər var ki, Azərbaycan mediasının diqqətindən kənarda qalıb, ya da diqqət yetirilmir. Məsələn, bu yaxınlarda mən eşitdim ki, Türkiyədə Azərbaycandan gələn və müalicə olunmaq istəyən şəxslərin müalicə qiymətləri digər xarici ölkələrdən gələn vətəndaşlarla bərabər həddə qaldırılıb. Halbuki əvvəl burdan gedən vətəndaşlara güzəşt edilirdi. Bir media araşdırsın ki, Türkiyə bunu etməyə niyə məcbur olub? Bəlkə bu uzun illərdir Azərbaycan hakimiyyətinin viza məsələsinin həll etmək istəməməsinə bir reaksiyadır. Nəticədə Azərbaycanda bərbad vəziyyətdə olan səhiyyədən əziyyət çəkən insanlarımız Türkiyədəki yüksək səviyyəli səhiyyə imkanlarından yararlanmaq imkanını itirir. Azərbaycan hakimiyyətinin bizim yeganə təbii müttəfiqimiz olan Türkiyə ilə yaratdığı problemlərin açılması və cəmiyyətə təqdim olunması bəlkə daha faydalı olar.
- Rusiyada azərbaycanlı miqrantlara qarşı edilən münasibət göz qabağındadır. Bu günlərdə Azərbaycanlı miqrasiya xidmətinin rəhbərinə qarşı da sui-qəsd planı baş verib. Bu tip hallar davamlı ola bilərmi?
- Azərbaycan hakimiyyətinin apardığı bərbad siyasət nəticəsində vətəndaşlarımız başqa ölkələrə çörək pulu qazanmağa getməyə məcbur olublar. Onların önəmli bir qismi də Rusiyadadır. Təəssüf ki, Azərbaycan hakimiyyəti Rusiyada yaşayan soydaşlarımızın hüquqlarını yetərincə müdafiə etmir. Burada Rusiya hakimiyyətinin də avtoritar mahiyyəti nəzərə alınmalıdır. Rusiya hakimiyyəti də öz cəmiyyətinin problemlərini gerçəklərdən yayındırmağa çalışır. Həm də miqrantlara təzyiq göstərməklə postsovet məkanına təzyiq göstərmək istəyir. Azərbaycan hakimiyyətinin bərbad siyasəti və Rusiya hakimiyyətinin insanlara bu cür sayğısız münasibəti davam etdikcə bu problemlər olacaq. Bir gün birini öldürəcəklər, sabah başqasını. Məsələnin köklü həlli isə Azərbaycanda da, Rusiyada da demokratiyanın bərqərar olmasındadır.
- Qəbul edilmiş 2014-cü ilin dövlət büdcəsinə münasibətiniz necədir. Siyasi partiyalara yenə 2 milyon yarım vəsait ayrıldı...
- Siyasi partiyalara heç bir vəsait ayrılmayıb. Hakimiyyət öz nəzarətində olan qüvvələrə vəsait ayırır. Siyasi partiyalara vəsait ayrılmasında söhbət getsəydi, Azərbaycann ən güclü partiyaları da bu siyahıda olardılar. Hakimiyyətin büdcə siyasəti də korrupsiya maraqlarına xidməıt edən bir siyasətdir. Azərbaycanın inkişafına, xalqın rifahına deyil, hakimiyyətdəkilərin daha da zənginləşmək, sərvət əldə etmək istəyinə uyğunlaşdırılan bir büdcədir.
- Seçkidən öncə demokratik düşərgə 2013-cü ildə düşərgənin namizədinin hakimiyyətə gələcəyini bildirirdi. Amma bu baş vermədi. Növbəti dəyişiklyin zamanı nə vaxtdır?
- Dəyişiklik artıq baş verib. Azərbaycan xalqı artıq dərk edir ki, bu cür yaşamaq olmaz. Hakimiyyətdəkilər özləri də bilirlər ki, müvəqqətidirlər və hakimiyyətləri bitmək üzrədir.
Sorğu
Yeni dizaynımız necədir?