Ötən həftə yenə vaxt tapıb yolumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrına baş çəkdim. Səhnədə "Bir dəfə Bağdadda" tamaşasıydı. Sağolsun teatr rəhbərliyi media nümayəndələrini həmişə ön sıralarda və rahat müşahidə apara biləcək yerlərdə əyləşdirir. Tamaşanın startından öncə mənlə bir cərgədə əyləşən ahıl kişi diqqətimi çəkdi. Onu məşhur heykəltaraşımız Ömər Eldarova bənzətdim. Amma yaxınlaşmağa tələsmədim. 1-ci pərdə bitəndən sonra yaranan fasilədən istifadə edib, salonda nəzarətçi xanım işçidən qoca seyrcinin kim olmasını dəqiqələşdirdikdən sonra qənaətimdə yanılmadım. Tamaşa bitdikdən sonra dəyərli sənətkarımıza yaxınlaşıb özümü təqdim etdikdən sonra qısa dialoqumuz baş tutdu.
- Ömər müəllim, tamaşa haqqında fikirləriniz maraqlıdı...
- Çox gözəl tamaşaydı. Sanki, nağıllar aləmindəydik. Baxdıqca zövq aldım. Düşünürəm ki, seyrcilərin də səhnə əsərindən xoşlandılar.
- Tamaşaya gələnlər bir qədər az idi. Sizcə, bu səhnə əsərinin rus dilində olmasıylamı bağlıdı?
- Elə deməzdim. Bu gün bütün dünyada internet, telefon çox şeyi 2-ci plana keçirib. Tamaşalarda bu siyahıya aiddi. Amma sevindici haldı ki, teatrlarımıza kifayət qədər gələn insanlar var.
- Eldar müəllim, 96 yaşınıza rəğmən hələ də yaradıcılıqla məşğulsunuz. İşguzarlığınızın səbəbi peşənizə olan məhəbbətdi yoxsa "insanı əmək ucaldır" şüarına sadiqsiz?
- Hər iksini qeyd edərdim. Bundan başqa insan dünyaya göz açırsa, demək ki, onun bu həyatda bir təyinatı var. Mənim də təyinatım heykəltaraşlıqdı. 75 ildən çoxdu özümü bu peşəyə həsr etmiş, onunla ət-dırnaq olmuşam. Bundan sonra da nə qədər ömrüm qalıbsa, yenə yaradıcılığla məşğul olacam.
- Hətta, 100-150 ildə yaşasaz da?
- Əgər sağlamlıqla bağlı problemim olmayacaqsa, bəli
- Sonda həm ağsaqqal, həm də sənətkar kimi xalqımıza nə deyərdiz?
- (Azərbaycanca bir qədər fikrini ifadə etməyə çətinlik çəkir. Rus dilində ifadə etmək üçün icazə istəyir. Problem yoxdu cavabımdam sonra dilə gəlir) Bu həyatda ən böyük nemət can sağlığıdı. Ona görə bütün soydaşlarımıza möhkəm can sağlığı arzulayıram. Sağlamlığımız yerindədisə, qalan hər məsələlər həl olunandı. Odu ki, xalqıma can sağlığı və əmin-amanlıq içində yaşamağı arzu edirəm.
Sənətkarla dönə-dönə əl sıxıb, ona möhkəm can sağlığı, uzun ömür arzuladıqdan sonra xoş əhval-ruhiyyədə teatrı tərk etdim. Sahil metrosunu qədər addımlayarkən 3 il öncə yazdığım "Faydalı məşhur qocalar və Fəttah Heydərov" adlı tənqidi məqaləmdə Ömər Eldarovla bağlı fikirlərimi yenidən xatırladım:
"Ömər Eldarov yaşı 92-ni keçməsinə rəğmən, əksər həmyaşları kimi arxasını kresloya yapışdırıb, çəliyə güc verərək qəbiristanlığa boylanmır. Əksinə, işgüzarlığı, yaratdığı sənət əsərləri, aktiv fəaliyyətiylə sübut edir ki, heç də boş-boşuna Azərbaycanın bir nömrəli heykəltaraşı adını almayıb. Dediklərimi qüvvətləndirmək üçün daha bir faktı da qeyd edim. Lütfi Zadə vəfat edən zaman (06.09.2017-ci il), alimin qəbirüstü abidəsi üçün heç bir “heykəltaraşımız” doğru-dürüst eskiz nümunələri təqdim edə bilməyəndə, yenə də ömrünün 90-cı baharını yaşayan Ömər Eldarov qızıl əlləriylə bacarığını ortaya qoydu".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?