Əbülhəsən Abbasov: “Milli ideologiya olmadan biz hüquqi dövlət, demokratik cəmiyyət qura bilmərik”
gundemxeber.az Milli ideologiyanın zəruriliyinə, roluna dair mətbuatda vaxtaşırı səslənən bəzi ziddiyyətli fikirlərlə bağlı mövqeyini öyrənmək üçün məşhur elm xadimi, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasova müraciət etdik.
- Əbülhəsən bəy, son günlər mili ideologiyanın zəruriliyi məsələsi yenidən gündəmə gəlib və nə qədər qəribə olsa da, bəzi fikir adamları bütün dünyanın qlobollaşmaya doğru getdiyi bir zamanda belə bir ideologiyaya ehtiyac olmadığını bildirir. Sizcə doğrudanmı artqı milli ideologiyalar dövrü öz ömrünü başa vurub və millətlərin həyatında onlara yer yoxdur? - Milli ideologiya, xüsusən dünyada kapitalist ictimai quruluşu qərarlaşdıqdan sonra, mütləq mənada millətlərin, cəmiyyət və dövlətlərinin mövcudluğu və inkişafı üçün zəruri olan başlıca fenomendir. Milli ideologiyanın lazımsızlığını ortaya atmaq bəşər tarixinin mahiyyətini, ictimai varlığın təbiətini dərindən bilməməkdən və beləliklə də yanlış tezislərdən qaynaqlanan dəbin (güya, demokratiyaya və müasirliyə aparan baxışlar sisteminin) təsirinə düşməkdən irəli gəlir. Yeri gəlmişkən, milli ideologiyaya münasibətdə formalaşmışmış laqeydlik, həmçinin, yanlış mövqe xeyli dərəcədə Sovetlər İttifaqının dağılması ilə bağlı olmuşdur, daha dəqiq desək, bu dağılma prosesini düzgün anlamamaq nəticəsində yaranmışdır. Bu günün özündə də çoxları belə düşünürlər: SSRİ yeganə və vahid bir hakim ideologiya – kommunist ideologiyası çərçivəsində yaşamağa iddialı və qərarlı olduğundan süquta uğradı və dağıldı, ona görə də, əgər biz demokratik cəmiyət qururuqsa, rəsmi hakim ideologiya ola bilməz. Üstəlik, bu cür mülahizə də “əsaslandırma” üçün yarıyır, yəni: cəmiyyətdə milli ideologiya deyilən bir şey olarsa və bu ideologiya rəhbər tutularsa, proseslər sonda totalitarizmə gətirib çıxarır. Məsələn, hörmətli İlham Rəhimov da oxşar fikir söyləyir: “İstənilən ideologiyanı, o cümlədən milli ideologiyanı qətiyyən dövlət hakimiyyəti, dövlət siyasəti səviyyəsinə qaldırmaq olmaz. Çünki bu, labüd olaraq totalitarizmə gətirib çıxaracaq”. Bəziləri isə, bir qədər də yanlışlığa vararaq və qabaqcıl ölkələrin inkişaf tarixindən səhv nəticə çıxararaq, deyirlər: «hər cür ideologiya buxovundan azad olmaq lazımdır», «cəmiyyətin mütərəqqi inkişafı onun ideologiyasızlaşdırılmasındadır”. Onlara elə gəlir ki, bununla liberal-demokratiyanın vacib müddəalarını, tez-tez işlətdikləri “ümumbəşəri dəyərləri” – söz, fikir, vicdan azadlığını, insan haqlarını və s. müdafiə edirlər. Fikir verin, İlham Rəhimovda bu “dəlil-sübut” da işlənir, deyir:” Əgər söhbət demokratik və hüquqi dövlətdən gedirsə, onda biz hər hansı milli ideologiya konsepsiyasından daha çox bütün dünyada qəbul olunmuş ümumbəşəri prinsiplərdən bəhs etməliyik”. Yaxud: “İdeolojiləşdirilmiş hakimiyyət insan hüquqlarının tam qorunmasının qeyri-mümkünlüyünü reallığa çevirir”. Bir qism isə sırf ortodoksal marksist mövqedən yanaşaraq iddia edir ki, ideologiya ayrı-ayrı sosial qrup və siniflərin baxışlarını, maraq və məqsədlərini əks etdirən ideyalar sistemidir, belədirsə, deməli, cəmiyyətdə hamı üçün ümumi, yəni, milli ideologiya ola bilməz, çünki ayrı-ayrı sinif və təbəqələrin maraqları heç də bütün hallarda uzlaşmır, əksinə, əsasən ziddiyyət təşkil edir, məsələn, fəhlə və burjua siniflərinin arasında olduğu kimi. Bu səbəbdən, onların fikrincə, “milli ideologiya” – nonsesdir. Fəlsəfə doktoru Əmralı İsmayılov, məsələn, elə belə də yazır. Bir qədər də şiddətli alınsın deyə vurğulayır – “millətin dünyagörüşü olmur!”. Heç nə demirəm, özünüz bu fəlsəfə doktorunun “əqlinəticəsini” qiymətləndirin. Sadəcə, düşünürəm: görəsən, başsız adamın varlığına bu məmləkətdə inanan coxdurmu? Yəqin ki, dünyagörüşsüz millət varsa, başsız adamlar da tapılar! Başqa bir tədqiqatçı da var –Azər Həsənli. O, Ə. İsmayılovdan fərqli olaraq, marksist mövqedən çıxış etdiyini açıq-aşkar bəyanlayır, belə ki, səmimidir. Hətta “millət” anlayışının tərifini I. Stalinin 1913-cü ildə yazdığı “Marksizm və milli məsələ” əsərindən götürdüyünü bəribaşdan bildirir. Şükürlər olsun ki, milli ideologiyanı qəbul etməsə də, “millətin dünya görüşü yoxdur” demir. Milli ideologiyaya başqa, əyri-düz, yanaşmalar da mövcuddur. Oxucularımızı yormamaq üçün burada hamısının üzərində dayanmaq istəməzdim.
- Həqiqətən maraqlıdır, SSRİ kimi bir nəhəng dövləti onun ideologiyası xilas edə bilmədi, ancaq Cin kimi böyük ölkə bu gün də yaşayır və inkişaf edir, səbəb nədir? Axı, о da kommunist ideologiyasına söykənirdi və söykənir. -SSRİ-nin dağılma səbələri çoxdur, ancaq ən başlıca səbəblərdən biri elə ideologiyanın olmaması, dərin böhrana düşməsi ilə bağlıdır.
-Necə!? Bəs, cəmiyyətə gecə-gündüz yeridilən ideoloji direktivlər, göstərişlər? -Bəli, ideologiyanın böhranı, cəmiyyətdə öz funksiyasını yerinə yetirə bilməməsi SSRİ-ni çökdürdü. Üstəlik də, qlobal kapitalizm bu məsələdə - ideoloji böhranin şiddətlənməsində və qarşısıalınmaz xarakterli olmasında öz işini kifayət qədər elmli, sistemli gördü. Hətta ciddi elmi mərkəzlər, institutlar yaradaraq işə qoşdu. Sonralar, 1983-cü ildə yaradılmış “Mürəkkəblik İnstitutu” (“Santa-Fe institutu” da deyirlər) və orada yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanmış, işə salınmış “İdarəolunan xaos nəzəriyyəsi”, ilk növbədə, bu məqsədlərə xidmət edən ideoloji-geostrateji silah deyildimi! Bu barədə əvvəlki müsahibə və yazılarımda ətraflı söhbət açmışam. Məqsədim də ABŞ-ı, Qərbi günahlandırmaq deyil, hər kəs öz işini səviyyəli görməlidir, görürsə, - halal olsun! Fikrim ideologiyanın zəruriliyini, nəyə qadir olduğunu vurğulamaqdır. Mən yaradıcı, daim inkişafda olan, zənginləşən ideologiyanı nəzərdə tuturam, şəxsi, ailə, tayfa, qrup maraqlarına xidmət edən uydurmalar, ehkamlar, əfsanələr, vədlər yığımının deyil, xalqın, millətin, dövlətin suverenliyini, hamının və hər vətəndaşın maraqlarını təminatlandıran milli ideologiyanın əhəmiyyətini vurğulayıram. SSRI-də, Stalindən sonra, bu pozitiv vektor gözlənilmədi, ideologiya, nəzəri əsaslar inkişaf etdirilmədi, zənginləşmədi, get-gedə daha çox partnomenklaturanın, sovet-təsərrüfat boslarının, bir sözlə, burjualaşmış imtiyazlı aristokratiyanın şəxsi və korporativ maraqlarının qulluğunda dayanan nəsnəyə çevrildi. Aydındır ki, xalq bu nəsnəni dəstəkləyə bilməzdi və dəstəkləmədi. İndi siz heç də təəccüblənməyin ki, nə üçün postsovet məkanında həmin aristokratiya, onların balaları və əlaltıları təntənə ilə kapitalizm qururlar, özü də ən qəddar, amansız formada! Mənfəətə, gəlirə, başqalarının istismarı və aşağılanmasına söykənən “Yeni”ni qurmağa onlar çöx-çöx əvvəllərdən – sovetlər dönəmindən öyrəniblər və bir çoxlarının yanlış olaraq düşündüyü kimi heç də kommunizmin revanşı ilə məşğul deyillər. Çünki nə o vaxtlar kommunist olmayıblar, nə də indi hamı üçün cənnət qurmaq fikirləri yoxdur. Ruslar demiş, тaк-что, дорогие, не ждите демократии, çünki cəhənnəmdə demokratiya, insan haqqı-zad olmur. Ən yaxşı halda qondarma sənətçilər, alimlər, akademiklər, deputatlar və...müxalifət olur. Yaxşı şeylər ideya, söz, fikir, əməl, vicdan paklığı,təmizliyi olan yerdə mümkündür! İdeya paklığından söhbət düşmüşkən dahi şəxsiyyət, yazıcı M. Şoloxovun bəzi fikirlərini xatırlatmaq istərdim. O, 1974-cü ilin 14 iyul tarixində “Pravda” qəzetinə verdiyi müsahibədə deyirdi: “İdeyanın təmizliyi, ona təmənnasız və sədaqətli qulluq heç vaxt unudulmamalıdır. Təsəvvür edin ki, Tolstoy öz oğlunun əlyazmasını önə keçirmək üçün “Niva”nın redaksiyasına gəlir, yaxud da Raxmaninov Şalyapindən məşhur tamaşada onunla birgə bacısı qızına oxumaq imkanının verilməsini xahiş edir. Yaxud, daha yaxşı, Mendeleyev institut təsis edir və oğlunu ora direktor vəzifəsinə yerləşdirir. Bu barədə düşünmək lazımdır. Və yalnız ona görə yox ki, belə gənc insanlar layiq deyillər, istedadsızdılar. Qətiyyən yox! Lakin yaradılmış asan imkanlarla, ola bilsin ki, onlar daha güclü istedadların üzə çıxmasının qarşısını alır, inkişafını ləngidi. Görürsüzmü, bu – hər kəsin şəxsi işi deyil, ümumxalq məsələsidir”. Yəqin ki, xüsusi şərhə ehtiyac yoxdur!
- Çinlə əlaqədar da, xahiş edirəm, fikirlərinizi açıqlayaydınız. - Bu ölkə barədə hələ çox-çox əvvəllər kitab və məqalələrimdə ətraflı yazmışam. Onların ideya-nəzəri məsələlərə həssaslığı, idarəetmə fəlsəfəsinə, tarixi-mədəni irsə, milli maraqlara prinsipal münasibətləri həmişə məni valeh edib, diqqətimi çəkib. SSRİ-dən fərqli olaraq, Çində vaxtında düşünülmüş və sistemli islahatlar aparıldı, müsbət də nəticələr əldə edildi. Burada da boyük uğurların, ağillı və məhsuldar ictimai rekonstruksiyanın, iqtisadi yeniləşmənin başlıca qarantı elmə, tarixi təcrübəyə və ənənəyə, milli səciyyəyə söykənən və zamanın tələblərinə, ölkənin maraqlarına cavab verən mükəmməl ideologiya deyildimi!? Böyük mütəfəkkir və dövlət xadimi Den Syaopin 1978-ci ildə islahatı başlasa da, ondan iki il əvvəl, faktiki olaraq, rəhbər kadrlara, aparata bilgi verilməsi həyata keçirilibdir ki, islahatı düşünülmüş dəqiqliklə, səliqə-sahmanla, inam və ardıcıllıqla apara bilsinlər. Əməldən əvvəl cəmiyyətə ciddi nəzəri əsaslar verilib, Çinin fəlsəfi ənənəsinə məxsus bilgilər təzədən ictimaiyyətə, idarəetmə korpusuna gətirilib. Partaparat, kadrlar, idarərtmə sisteminin bütün məsul şəxsləri “Ronfutsi məktəbi”ni yenidən keçməli olub. Beləliklə də ölkə həm bütövlüyünü və simasını saxlayıb, həm də gələcəyə doğru etibarlı inkişaf zəminləri əldə edib.
- Yəqin ki, başqa ölkələrdə də belə uğurlu islahatlar təcrübəsi var? - Bəli, özü də kifayət qədər! ABŞ, Avropa ölkələri, Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur və s. Hamısında modernizasiya ciddi ideya-nəzəri təmələ söykənib, kor-koranə cəmiyyət üzərində eksperiment aparılmayıb.Məsələn, konfutsian kapitalizminin banisi Sibusava Eydzi(1840-1932) də özünün Yaponiyanın modernləşdirilməsi və müasir menecmentin təşkili nəzəriyyəsini ölkəsinin səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla əsasən Konfutsinin “Lun Yuy” (“Mülahizələr və söhbətlər”) əsərinin reinterpretasiyası üzərində yaradıb. Görürsüz, qədim mətn feodal Yaponiyasının modernləşməsinə cəlb olunub. Bundan əlavə, o, sonralar Meydzi islahatlarının akkumlyatoru rolunda çıxış edib. Bir məqamı xüsusi vurğulamaq istərdim: öz ölkəsi, milləti naminə yeni dövr (kapitalizm quruculuğu) üçün nəzəriyyə yaradan Eydzi mənəvi fundamentin, əxlaqi meyarların kamilliyinə xüsusi diqqət və önəm verib. Bəlkə də ona görədir ki, öz nefti, qazı, daş kömürü faktiki olmayan Yaponiya “təfəkkür iqtisadiyyatı” qura bilir, elmdə, texnika-texnologiyada möcüzələr ortaya qoyur, məsul vəzifələrə insanlar itedadına, bacarığına, zəhmətsevərliyinə, həqiqi milliliyinə gorə irəli çəkilir. Dövlət rəsmilərinin təmiz, pak, ləkəsiz işləməsi onlar üçün bir aksiomadır. Belə olanda, əlbəttə, xalq öz rəhbərlərinə, dövlətə dəyər verir, daha da yaxşı olmağa çalışır və qüdrətli, fədakar, abırlı-həyalı millətə çevrilir. Namusa-qeyrətə də addımbaşı and içmirlər!
- Bizdə isə bu bir adətdir. - Anaları ağlar, körpələri qidasız, gəncləri işsiz, vətəndaşları ümidsiz və çıraqsız qoyub, saxta elmi titullarla yüksək postlarda əyləşmiş rəsmilərin əlində çabalayan məmləkətdə, görünür, elə belə də olmalıdır! Yeganə yol – olmayan namusa, qeyrətə, mərifətə istinaddır. “Kişiliyi” yalnız belə dəbərtmək olar. Baxın, gündə nə qədər “namus üstündə” arvad-kişi baltalanır, ancaq neçə-neçə quldura, rüşvətxora, zalıma, adi bir icra başçısına, nazirə “dayan” deyən tapılmır. Vaxtilə “Demokratiya: zərurət və reallıq” adlı kitabımda “millət”ə tərif verərkən belə yazmışdım: “Millət” məfhumu, bütün hallarda, yalnız antropoloji və etnik mənsubluğu nəzərdə tutmur. O, ilk növbədə və daha çox fərdin sosial, mədəni, siyasi-hüquqi, dövləti mənsubluğunu ifadə edir. Millət – sosio-mədəni, siyasi-hüquqi tarixi birlikdir”. Bizdə, belə çıxır ki, insanları məqsədli surətdə yalnız antropoloj-ietnik məzmun-mahiyyətdə saxlamaq istəyirlər. Buna da şükür!
- Çox şükür! - Hegel, yəqin ki, belə təfərrüatları nəzərə alaraq yazırdı: insan nə qədər çox təbii mahiyyətində qalırsa, bir o qədər vəhşiləşir, bu vəhşiyə isə kənardan azadlıq vermək həm mümkün deyil, həm də təhlükəlidir. Əlqərəz... Hər bir millətin öz maraqları mövcuddur. “Milli maraqlar” deyilən məfhum ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, milli təhlükəsizlik kimi məsələlərdən tutmuş sosial-siyasi təşkilatlanma, idarəetmə fəlsəfəsi, iqtisadi və mənəvi inkişaf problemləri də daxil çoxçeşidli məqsəd və vəzifələri özündə ehtiva edir. Həm daxili, həm də xarici aləmə təqdimatda milli maraqları ifadə edən başlıca fenomen milli ideologiyadır. Dövlətçılık ideologiyası isə milli ideologiyanın mühüm, müəyyənedici tərkib hissəsidir, belə ki, tutumuna və məzmun yükünə görə milli ideologiya daha geniş əhatəli məfhumdur. Millət, xalq, ölkə yaşayırsa, o, milli maraqların reallaşması hesabına yaşayır. Əgər milli maraqlarunudulursa, həyata keçirilmirsə, təmin olunmursa həmin xalq, həmin millət və ölkə ölümə məhkumdur.
- Sizcə Azərbaycanda milli ideologiyanın sistemli bir şəkildə işlənməsinə ehtiyac varmı?
- Şübhəsiz, milli ideologiya və onun prinsiplərini işləyib hazırlamaq, sistemləşdirmək vacibdir. Dövlət rəhbərləri, müxalifətdə olan insanlar, ziyalılar, ağıl və dərrakə sahibləri milli ideologiyanı işləməlidirlər. Çünki milli ideologiya ilk öncə nəzəri biliklər sistemidir. Burada keçmiş də, indi də, gələcək də nəzərə alınır. Nəticədə isə əsas, aparıcı ideya və prinsiplər, təsəvvürlər sistemi ortaya qoyulur. Bu, kifayət qədər bilik, böyük zəhmət və məsuliyyət tələb edən bir məsələdir. Dediyim istiqamətdə müəyyən işləraparılıb. Lakin bir çox problemlər hələ də qalmaqdadır. Ümumiyyətlə, bu, daimi işdir.
- Hazırda mövcud problemlərdən biri milli ideologiya ilə milli ideyanı eyniləşdirməklə bağlıdır. Sizcə, milli ideologiya ilə milli ideyanı eyniləşdirmək nə dərəcədə doğru və məntiqlidir? - Qeyd etdiyiniz kimi, bu günün özündə birçoxları milli ideologiyanı milli ideya ilə eyniləşdirirlər. Milli ideologiyanın hansısa aparıcı tərkib hissəsi bütövlükdə milli ideologiyanın adından çıxış edir. Buna misal olaraq azərbaycançılıq prinsipini götürmək olar. Azərbaycançılıq, mənim fikrimcə, çox mühüm bir ideya-prinsipdir. Bu prinsip, lazımınca anlaşılsa və ona düzgün əməl olunsa, bizim üçün çox böyük perspektiv vəd edir. Lakin bütövlükdə milli ideologiyanın mahiyyətini bu prinsipə bağlamaq yanlışdır. Bu zaman biz tamı təhrif etmiş oluruq. Çünki milli ideologiyada başqa prinsiplər də mövcuddur. Azərbaycançılıq prinsipi xüsusi diqqət tələb edir. Bu istiqamətdə iş gücləndirilməli, intensivləşdirilməlidir. Rəsulzadənin irsində azərbaycançılığa doğru ciddi transformasiya var. Vaxtilə Stalinin azərbaycançılığı gündəmə gətirməsi, praktiki müstəvidə reallaşdırması də, ola bilsin ki, müəyyən qədər buradan qaynaqlanıb. Bu məsələdə, çoxlarından fərqli olaraq, Stalinin rolunu yüksək dəyərləndirirəm Müasir dövrdə, 90-cı illərdə, Heydər Əliyev bu prinsipi yenidən önə gətirdi. Çox doğru bir addım idi. Bu, hakimiyyəti vahidləşdirmək, sosial-siyasi, iqtisadi, etno-milli, dini-mədəni müstəvilərdə müəyyən nizam yaratmaq, xalqı səfərbər etmək, bütövlükdə, prosesləri daha ardıcıl aparmaq üçün gərəkli idi və bu gün də gərəklidir.
- Necə hesab edirsiniz, özünü demokratiya və milliyin avanqardı hesab edən ölkə müxalifəti bu məsələyə lazımınca diqqət ayırırmı? - Mən təəssüflənirəm ki, demokratik düşərgədə, müxalifətdə bu məsələyə kifayət qədər diqqət yetirmirlər. Demək olar ki, bu məsələyə onlarda, ümumiyyətlə,maraq azdır. Müxalifət aktual problemə, nədənsə, çox laqeyd yanaşır. Bu isə əlbəttə ki, düzgün deyil. Iqtidarda isə bununla bağlı müəyyən hərəkət var. İ.Rəhimovun yazısı da yanlış axına xidmət edir. Biz müstəqilliyimizin 20 illiyini də qeyd etdik. Lakin yenidən ortaya ideologiyanın lazım olmaması tezisini atırlar. Bu, cəfəngiyyat bir şeydir. Məsələyə belə yanaşmaq o deməkdir ki, insanın varlığını qəbul edəsən, ancaq onun düşüncə orqanını, beynini rədd edəsən. Milli ideologiya millətin məfkurə orqanıdır. Bundan imtina etmək heç bir məntiqə sığışmır.
- Bir çox ziyalılar hesab edir ki, azərbaycançılıq ideyasına son qoyulmalı və türkçülük prinsipi əsas götürülməldiir. Onların fikrincə, azərbaycançılıq sözünün özü belə sovet Rusiyasının türk dünyasını bölmək, onu mənəvi baxımdan parçalamaq təşəbbüsündən başqa bir şey deyil. Sizcə bu qənaət doğrudurmu? - Məsələ bundadır ki, azərbaycançılığı qəbul etmək türkçülükdən imtina etmək deyil. Türkçülik, islamçmılıq, azərbaycançılıq aparıcı prinsiplər kimi öz sinergizmini tapmalıdırlar. Aparıcı ideyaların qarşılıqlı fayda verən birliyi olmalıdır. Milli ideologiyanın işlənməsində bu metodologiya mühüm əhəmiyyət kəsb edir. M.Ə.Rəsulzadənin irsinə dərindən yanaşanda bu işartıları sezirik. Onun əsərlərində bu ideyaların sinergizminə yönəlik bir cəhd var. Düşünürəm ki, bunu fundamental surətdə həyata keçirmək olar. Bizdə bəzən məsələyə yanlış yanaşırlar. Türkçülükdən bütövlükdə imtina edərək azərbaycançılığı təqdir edirlər. Yaxud əksinə. Hər iki yanaşma səhvdir. Biz azərbaycançılığı qəbul ediriksə, türkçülüyü də qəbul etməliyik, önəmli saymalıyıq. Ancaq türkçülüyü qəbul etmək o demək deyil ki, millətləşmə prosesində etnik rəngarəngliyə, müxtəlifliyə dəyər verməyək. Əksinə, bu platformada mövcud müxtəliflik daha çox önə gətirilməlidir. Konfutsinin əsas ideyalarından biri də müxtəliflik vasitəsi ilə birliyə nail olmaqdan ibarətdir. Azərbaycançılıq da türkçülük və islamçılıqla bir yerdə vahid millətləşmə prosesinin reallaşdırmasında ciddi rol oynamalıdır.
- Əbülhəsən bəy, sizcə milli ideologiya olmadan hüquqi dövlət qurmaq və milləti öz milli dəyərlərinə sədaqət hissi ilə gələcəyə aparmaq mümkündürmü? - Bildiyiniz kimi, 100 il bundan qabaq bizim mütəfəkkirlər müəyyən fikirlər səsləndirib, ideyalar ortaya qoyublar. Indi biz o fikirlədən primitivcəsinə sui-istifadə etsək, bu, düzgün olmaz. Çox istərdim ki, indi səsləndirəcəyim tənqidə bir az dözümlü yanaşsınlar. Müsavatın bu gün öndə gedən şəxsləri bu reallığı nəzərə almırlar. Irsin ən gözəl varisliyi odur ki, vaxtilə ortya qoyulan ideyaları, nəzəri əsasları inkişaf etdirəsən. Şagird o vaxt yaxşı şagird olur ki, müəllimin dediyini uzun müddət təkrarlamır. Müəllimin dediklərindən faydalanıb özü ortaya yeni, faydalı şeylər qoyur. Bu gün Müsavatı təmsil edən cənablar bu missiyanı yerinə yetirməlidirlər. Lakin mən diqqət yetirib görürəm ki, onlar bu məsələni gündəliyə belə gətirmirlər. Bunun nədən qaynaqlandığını deyə bilmərəm, amma bu, hər kəsin gözü önündə olan bir gerçəklikdir. Həqiqi müsavatçılıq odur ki, şagird müəllimin kölgəsindən çıxsın və özü işıq saçsın. Mükəmməl əsas – milli ideologiya olmadan biz hüquqi dövlət, demokratik cəmiyyət qura bilmərik. Hüququ dövlətin qərarlaşması milli səciyyə daşıyır. Bu, cəbri-riyazi bir məsələ deyil ki, bunu hardansa götürüb Azərbaycanda tətbiq edəsən.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?