Mirmahmud Mirəlioğlu: “Rəsulzadə ilə bağlı təkliflərimizi hakimiyyətə göndərəcəyik”
Suallara Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu cavab verib. O, əsasən şurada baş verən proseslərdən, struktur dəyişikliyindən, gözləntilərdən, dialoqdan və digər məsələlərdən danışıb.
- Mirmahmud bəy, Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən qəfil istefa edəcəyini gözləyirdinizmi? - Xeyr. Bu mənim və Milli Şuranın üzvləri üçün gözlənilməz addım oldu. Bu hətta Rüstəm İbrahimbəyovun özünün nəzərdə tutduğu planları baxımından da gözlənilməz olub. Əlbəttə, biz Rüstəm İbrahimbəyovun yerinə danışa bilmərik. Ancaq bu bizim üçün gözlənilməz və həm də doğru addım deyildi.
- Nəyə görə, bu istefanı doğru addım hesab etmirsiniz? - Bu gün Milli Şuranın sessiyasındakı çıxışımda bu barədə mövqeyimi açıqlayacağam.
- Sizə elə gəlmirmi ki, artıq Rüstəm İbrahimbəyov tədricən müxalifət düşərgəsini tərk edir? - Bunlar müzakirə mövzusu olan məsələlərdir. Rüstəm müəllimin istefa qərarı, Milli Şura üzvlərinə müraciəti var. Sessiyadakı çıxışdan qabaq mətbuata danışmağı etik hesab etmirəm. Sessiya zamanı fikrimi deyəcəyəm. Ondan sonra isə suallara cavab verə bilərəm.
- Milli Şuranın fəaliyyətinin olub-olmayacağı haqda nə düşünürsünüz? - KXCP olaraq bu haqda sentyabrın 30-da Ali Məclisimizdə müzakirə aparmışıq. Milli Şuranın qalıb-qalmayacağı, forması, bunun yolları və fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələrimiz olub. Biz bu haqda şuranın sessiyasında ümumi şəkildə danışmışıq, işləri necə gördüyümüzü, bunun necə olmalı olduğunu söyləmişik. Amma konkret təkliflərimizi və baxışlarımızı deməmişik, çünki bu haqda məsələ gündəlikdə olmayıb. Amma indi bu məsələlər aktuallıq kəsb etdiyi və ciddi müzakirə istədiyi üçün açıqlamağı planlaşdırırıq. Milli Şuranın fəaliyyəti, eləcə də strukturları təkmilləşməlidir. Bunların hər biri haqda konkret fikrimizi bu gün sessiyada açıqlayacağıq. Milli Şura çevik bir quruma çevrilməlidir. İdarəetmə sistemində dəyişiklik olmalıdır. Təbii ki, partiyaların mövcudluğu, fərdlərin iştirakı kimi məsələlər nəzərə alınmalıdır. Əməkdaşlıq formatı diqqətə alınmalıdır. Daha hər şeyi bir nəfərin çıxışı üzərinə kökləmək doğru deyil.
- Bu günə qədər təklif edilirdi ki, şurada həmsədrlik institutu yaradılsın, Cəmil Həsənli və Rüstəm İbrahimbəyov həmsədrlər olsun. İndi İbrahimbəyov istefa verib. Bundan sonra sədrlik institutu saxlanılacaq, yoxsa həmsədrlik ideyasına üstünlük veriləcək? - Təklif sədrdən gəldiyi üçün bu məsələyə münasibət başqa cür idi. Zamanında da buna münasibət bildirildi. Bir müddət keçdikdən sonra ortaya istefa faktı qoyuldu. Bu mənada bütün bunların bir-birinə bilərəkdən qarışdırıldığını, yoxsa təbii şəkildə qarışdığını bilmirəm. Amma bu gün bütün bunlarla bağlı dəyərləndirmə mütləq olmalıdır. Həm də 2013-cü il prezident seçkilərinin nəticələri haqda oktyabrın 24-də keçirilən sessiya zamanı ilkin müzakirələr olub. Bundan sonra seçkiyə ümumi qiymət verilməyib. Bu məsələlər müzakirəyə çıxarılmayıb.
- Milli Şuranın sessiyasının gec keçirilməsinə səbəb nədir, bu sizi narahat etmirmi? - Bunun müəyyən səbəbləri var. Həm də burada başqa məsələlər də var.
- Hansı məsələlər? - Məsələn, sessiyanın yeri və ya vaxtı ilə bağlı bəzən iki-üç adamın xəbəri olur. Əslində isə bundan hamının vaxtında xəbəri olmalıdır. Bir də deyilir ki, filan məsələ ilə bağlı müzakirə aparılır, konsensusla qərar qəbul ediləcək. Bundan sonra da fikir soruşulur və bununla da məsələ bitir. Məncə, bütün bunlar doğru deyil. Onun üçün də təkmilləşmə olmalı, sessiyalar arası bir qurum fəaliyyət göstərməlidir. İndi bu institut olmadığından məsələlər də çətin olur. Obyektiv səbəblərdən də sessiyaların keçirilməsində gecikmələr olur. Sonuncu sessiya oktyabrın 24-də olub. Əsasnamədə isə iki həftədən bir sessiya keçirilməsi nəzərdə tutulur. Ola bilsin ki, əsasnamədə də dəyişikliklər ediləcək. Öncədən qeyd olunmuşdu ki, ayda bir dəfədən gec olmayaraq sessiyalar keçirilsin. Təəssüf ki, o zaman məsələ hay-küylə müşahidə edildi. Belə vəziyyətdə isə təkliflərin hamısı müzakirə edilmir və ya keçmir. İndi yenidən buna qayıdılır ki, ayda bir dəfədən gec olmayaraq sessiya keçirilsin.
- Milli Şuranın gələcəyi ilə bağlı iki təklif var: Milli Şura indiki formatda saxlanılsın və ya müxalifətin məsləhətləşmə mərkəzi kimi fəaliyyətini davam etdirsin. Siz bu təkliflərin hansını müdafiə edirsiniz? - İki təklif deyil, daha çox təkliflər var. Bütün hallarda Milli Şura saxlanılacaq. Amma bu cür iş prinsipi olmaz. Bu mənada dəyişikliklər mütləq olmalıdır. Əvvəlki dövrdə məsələləri daha çox mitinqlər və debatlar həll edirdi. Seçki Qərargahının vəkilləri, yerlərdəki səlahiyyətli nümayəndələrin işləri də asanlaşırdı. Başqa sözlə, daha iş görməyə ehtiyac qalmırdı. Amma indi bütün bunlar yoxdur. Odur ki, dəyişikliklər və təkmilləşmə həyata keçirilməlidir.
- Rəsul Quliyevin Milli Şuradan istefasını necə qiymətləndirirsiniz? - İstefaları normal qəbul etmək, bəzilərini də təəssüflə qarşılamaq lazımdır. Nəhayət ki, Azərbaycanda bu məsələlər tədricən düzəlir. Həm də hazırda söhbət etdiyiniz şəxs Azərbaycanda ən böyük istefa müəllifidir. Mən millətin verdiyi mandatdan imtinanın müəllifiyəm. Hesab edirəm ki, bu istefaların heç biri qərəzlə müzakirə edilməli deyil. Hər şey normal formada getməli və əsas fikir dartışması olmalıdır.
- Müəyyən partiyalar Milli Şuradan getdi, İbrahimbəyov sədrlikdən, Rəsul Quliyev üzvlükdən istefa verdi. Sizcə, müxalifətin yenidən bir çətir altında toparlanması üçün yeni təşəbbüslərə ehtiyac varmı? - Milli Şuranın opponentlərinin dedikləri çox zaman qulaqardına vurulur. Onların dediklərində elə məsələlər var ki, nəzərə alınmalıdır. Milli Şuranın fəaliyyəti iki mərhələli qiymətləndirilməlidir. Birinci mərhələdə seçki bitdi və şuranın seçki ilə bağlı missiyası başa çatdı. İkinci mərhələ indiki mərhələdir ki, burada yeni dəyərləndirmə olmalıdır. Burada da söz axtarışına çıxanlar var. Yəni Milli Şurada olanlar, oradan gedənlər və gələcəkdə bu quruma gələnlər hazırkı vəziyyətdə münasibət və mövqelərini dəyişdirib yeni münasibət formalaşdırmayacaqlarsa, qarşıya qoyulan məqsədə çatmaq da çətin olacaq.
- Hakimiyyət-müxalifət dialoquna ehtiyac varmı? - Bununla bağlı bizim fikrimiz olub və bunu da açıqlamışıq. Mən bilmirəm, jurnalistlərlə dövlət başçısı arasındakı görüşün hazırlanması üçün nə qədər vaxt həsr edilib. Siyasi partiyalarla görüş də, bu qədər vaxt aparacaq bir məsələdir. Gündəlik formalaşdırıla və belə bir müzakirə aparıla bilər. Bunu da ancaq hakimiyyət edə bilər. İkinci bir ciddi məsələ var. Dövlət başçısının çıxışında dialoq ifadəsi işlədilmədi. Əksinə, dövlət başçısı münasibətlər haqqında xüsusi danışdı. Məncə, dialoq məsələsini bilərəkdən ortaya atırlar ki, hakimiyyətdə bir qıcıq yaransın və son nəticədə bu baş tutmasın. Amma görünən budur ki, Məhəmməd Əmin Rəsulzadənin yubileyinin qeyd edilməsi, özü də təkliflərin ancaq Nazirlər Kabinetində irəli sürülməməsi yaxşı haldır. Qeyd edim ki, bu istiqamətdə təkliflər çoxdur. Bu məsələ ilk dəfə olduğundan ictimaiyyətin də təklifləri nəzərə alınmalıdır. KXCP-nin də Rəsulzadənin 130 illik yubileyinin qeyd edilməsinə dair təkliflər zərfi var. Biz bu təklifləri hakimiyyətə göndərəcəyik. İqtidara təqdim edəndən sonra mediaya da açıqlayacağıq. Bütün bunların özü artıq müəyyən addımların reallaşacağından xəbər verir. Amma yenə də, top iqtidardadır.
- Azərbaycan hakimiyyətinin nə Avropa, nə də Rusiya ilə bir blokda olmamaq yanaşmasını necə qiymətləndirirsiniz? - Bu müvəqqəti haldır və həm də dəyərləndirilməlidir. Əlbəttə, bu bir müddət yüksək qiymətləndiriləcək. Amma Azərbaycanın Avropaya inteqrasiyası daha çox olmalıdır. Əlbəttə, biz Avropa ilə çoxsaylı müqavilələr imzalamışıq və bu çox yaxşı haldır. Biz Avropaya inteqrasiyanın tərəfdarıyıq. Bir müddətdən sonra Azərbaycan seçim qarşısında qalacaq. Bu seçimi nə cür edəcəyini isə hökumətdən savayı heç kim deyə bilməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?