“İndi sən qiyməti qaldırmalısan, məni də ayaqlayıb əzməlisən?”
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə “Qafqazinfo”ya müsahibə verib.
Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni öz oxucularına da təqdim edir
- Vilnüs sammiti keçirildi. Rusiya prezidenti bu ərəfədə Ermənistana səfər etdi və regiona yönəlik bir sıra mesajlar verdi. Bu aspektdə Cənubi Qafqaz regionunda baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Cənubi Qafqaz coğrafiyası yeni bir mərhələyə qədəm qoyub. Ya Rusiya ilə ənənəvi müttəfiqlik, köhnə Sovet Birliyinin yenidən formalaşması mərhələsinə qədəm qoymalıdır, ya da Avropaya inteqrasiya etməlidir. Rusiyanın təzyiqləri, Avropanın isə bu təzyiqləri tam şəkildə önlüyə bilməməsi bəzi tərəddüdlər yaradır. Amma ölkələr açıq şəkildə mövqelərini bildirirlər. Gürcüstan və Moldova Avropaya inteqrasiyanı və assosiativ sazişi qəbul etdilər. Azərbaycan qismən qəbul edərək Avrasiya İttifaqına “yox” dedi. Ukraynada tərəddüdlər və proseslər davam edir. Belarusiya və Ermənistan isə birmənalı şəkildə bu proseslərdən kənardadır. Güman edirəm ki, Azərbaycan da qəti mövqe ifadə etməlidir. Azərbaycan da Avrasiya İttifaqı ilə bütün münasibətləri ikitərəfli müstəviyə keçirməli, Avropa ilə isə assosiativ sazişi imzalamalıdır. Bununla da Avropanın tərkib hissəsi olduğunu açıq şəkildə ortaya qoymalıdır. Gələcək siyasətinin prioritetlərinin Avropa ilə bağlı olduğunu bəyan etməlidir. Təbii ki, Rusiya regiondan çıxmamaqla burda ciddi problemlər saxlamaq istəyir. Çünki Cənubi Qafqazdan Rusiyanın çıxması növbəti mərhələdə şimali Qafqazda yeni proseslərin başlaması və Rusiya dövlətinin içərisində yaranacaq problemlərin əvvəlcədən anonsunu verir. Ona görə də Putin Ermənistana səfərində açıq şəkildə ifadə etdi ki, regiondan çıxmaq niyyətləri yoxdur və regionda möhkəmlənəcəklər. Bu əslində, Cənubi Qafqazın təhdid olunmasıdır. Əgər Gürcüstan və Azərbaycan istəmirsə və əslində Azərbaycanın istəməməyi də göz önündədir, Ermənistan istəyirsə, ordan çıxmaya bilər. Amma gəlinən qənaət odur ki, Ermənistanda da bunun əleyhdarları çoxdur. Putinin səfəri zamanı xalq etiraz aksiyaları keçirirdi. Bəzi strateji yanaşmalarda yol verilən yanlışlıqlar məsələlərin bu nöqtəyə gəlib çıxmasına səbəb olub. Xüsusilə 2009-cu ildə imzalanmış Sürix protokolunda Ermənistan Türkiyə sərhədlərini açılması məsələsi qoyulanda Azərbaycan Türkiyəyə dəstək verməli idi.
- Siz qeyd etdiniz ki, Avropa Birliyi qəti mövqeyini ortaya qoymayıb. Siz bunun səbəblərini nədə görürsünüz?
- Avropanın bu ölkələrə müdaxilə və müdafiə imkanları Rusiyadan olduqca azdır. Çünki Rusiya ilə ənənəvi bağlılıq var. Azərbaycandan gedən xeyli sayda adamlar Rusiyada çalışır. Regionda etnik milli konfliktləri Rusiya qabarda bilir. İctimai-siyasi proseslərə təsir imkanlarını hər zaman saxlayır. Avropa isə proseslərə daha uzaqdan baxır. Avropanın qalxıb da köhnə sovet respublikaları ilə mübarizə aparmağı çətin görünür. Ukraynada proses elə həddədir ki, həm Şərqi Ukraynanın taleyi, ordan səslənən bəyanatlar, hətta Rusiya qoşunlarının dəvət olunması, Krımın fərqli şəkildə mövqe ifadə etməsi, ayrı-ayrı bölgələrin mövqələrinin fərqli bölgüyə sürüşdürülməsi Rusiyanın təsir imkanlarının olduğundan xəbər verir. O cümlədən Rusiyanın qaz və o cümlədən Ukraynada istehsal olunan malların alınmaması , bazarda sıxışdırılıb çıxarılmaması Rusiya ilə bağlılığını daha sıx göstərir.
- Qəbul edirik ki, Avropanın qucaq açmaq imkanları məhduddur, Putin də bir tərəfdən təhdid edir. Azərbaycana təzyiqlər olarsa, Avropa hansı mövqedə olacaq?
- Azərbaycanın bu gün 95 faiz ixracatı neftin üzərinə düşür. Və o 95 faizin az qala 89 faizi qeyri-rus ölkələri ilədir. Bunun da böyük hisssəsi Avropanın payına düşür. Bu aspektdə Azərbaycanın Rusiyadan asılılığı kifayət qədər azdır. Əgər ixrac prosesində hətta idxalda belə Rusyanın çəkisi üstün olsaydı, Azərbaycana təsir imkanlarını saxlaya bilərdi. Rusiya olsa-olsa burada etnik problemləri qabarda bilər. Rusiyada yaşayan azərbaycanlıların deportasiyası ilə bağlı problem yarada bilər. Digər problem isə uzun illərdir həll edə bilmədiyimiz Ermənistan Azərbaycan konflikti ilə bağlıdır. Bu gün Rusiyanın ölü nöqtədən tərpənib Azərbaycanın ərazilərini işğal edə bilmə faktı çox gülünc görünə bilər.
- Rəsmi mövqedən çıxış olmasa da, son zamanlar mediada Ermənistanın işğal altında olan 5 rayonun qaytarması ilə bağlı razılaşdığı bildirilir. Bu nə dərəcədə realdır?
- Bunu deyənlər ya siyasəti bilmir, ya da onun məntiqini anlamırlar. Azərbaycan Rusiya ilə Avrasiya İttifaqına getmir. Ermənistan Rusiyanın ən yaxın müttəfiqi olur. Putin bəyanat verir ki, mən Cənubi Qafqazdan çıxmayacam. Ermənistan deyir ki, 5 rayonu qaytarıram. Niyə? Nə səbəbə görə? Azərbaycanın Rusiya ilə ən yaxşı münasibətləri olan dövrdə belə Rusiya bir kəndi belə qaytarmayıbsa, indi coğrafiya uğrunda Avropanın və Rusiyanın mübarizə apardığı bir dönəmdə Rusiya əlindəki imkanları Azəbaycana təslim edərmi ki, üzünü Avropa tutsun?! Bu heç bir məntiqə sığmır.
- Bu konteksdə Ümid Partiyasının irəli sürdüyü “Cənubi Qafqaz açılımı” layihəsi indiki məqamda nə dərəcədə əhəmiyyətlidir?
- Cənubi Qafqaz birliyi regiona sülhün əmin-amanlığın gəlməsinin tək yoludur. Hər ölkə çox gözəl anlayır ki, bu konflikti yaradan və ayaqda saxlayan Rusiyadır. Torpaqların kim tərəfindən işğal edilməsinə də rəvac verən də Rusiyadır. Cənubi Osetiyanın 140 minlik əhalisi var. Rusiya onun müstəqilliyini tanıyır. Heç Rusiyaya sual verən yoxdurmu ki, sən osetin xalqını bu qədər çox sevirsənsə, ərazində yaşayan 1 milyonluq şimali osetinlərə niyə müstəqillik vermirsən? 140 minin haqqını tanıyıb da, 1 milyonun haqqınımı yeyirsən? Hər kəs bilir ki, bu Rusiyanın bir oyunudur. Sadəcə bu oyundan neçə çıxmağın yolları düşünülməlidir. Bunun da ən optimal variantı Cənubi Qafqaz birliyidir. Rusiya birmənalı sürətdə Cənubi Qafqazda qalmaq üçün Azərbaycan torpaqlarını girov saxlayır. Əgər Ermənistan anlamasa ki, Rusiya sadəcə ondan maşa kimi istifadə edir, lazım olarsa, hətta Ermənistanın da torpaqlarının bir hissəsini alaraq Gürcüstana versə və onun maraqlarından çıxış etsə, o zaman Ermənistanın taleyi çox ağır olacaq. Ermənistan fundamaental olaraq coğrafiyada baş verən hadisələri düşünməlidir. Bir tərəfdən az qala yüzilliyin düşməni məsələsini Türkiyə Ermənistan həll edir, bir tərəfdən də Azərbaycan. Yəni tarixi düşmənçilikdən tutmuş bu günki işğal faktına qədər. Bir tərəfdən Gürcüstan Ermənistanın strateji müttəfiqi olan Rusiya ilə yollarını ayırmış və sərhədlərinin də bir qismində azərbaycanlılar yaşayır. İran tərəfdə isə baş verəcək proseslər gec-tez azərbaycanlıların haqqının tanınması ilə nəticələnəcək. Ermənistan istəsə belə, Rusiyanı içərisində ada kimi saxlaya bilməyəcək. Dünya görün Rusiyanı haralardan haralara sıxışdırıb gətirib. Cənubi Amerikadan, Vyetnamdan, Kubadan tutmuş sıxışdırıb gətirib Cənubi qafqazda saxlayıb. Burdan da gedəcək. Amma o zaman Ermənistan qonşularla bu düşmənçilik münasibətini yeridəcəksə, ətrafında bu qədər Azərbaycana və türkçülüyə bağlı dövlətlər olacaqsa, onda taleyi çox çətin olacaq. Ona görə də Ermənistan Rusiyanın regiondan çıxması üçün Azərbaycan, Gürcüstanla bərabər ciddi çaba göstərməlidir. Biz Cənubi Qafqazda Avropa Birliyinin mini modelini yarada bilərik. Bu model Avropa dəyərlərini yaşada bilən ölkələr ola bilər. Türkiyə ilə sərhədlərin açılmasında əsas məqsəd Rusiyanın bölgədəki dominantlığına son qoymaqdır. Rusiyanın gücünü azaltmaq üçün Türkiyə ilə sərhədlər açılmalıdır. Heç kim bunu əsaslandırmasın ki, biz Ermənistanı iqtisadi cəhətdən sıxmışıq. Ermənistanın iqtisadi imkanları tükənib və bir az da sıxsaq problem həll olunacaq. Ermənistanın imkanları 2 milyon yarım əhalini yaşatmağa yetəcəksə, orda o qədər insan qalacaq. 3 milyona dövlətin imkanları çatacaqsa, o qədər adam qalacaq. Heç bir ölkədə pulun, büdcənin miqdarından çox adam yaşamır.
- REAL hərəkatı da Türkiyə Ermənistan sərhədlərinin açılması mövqeyindən çıxış edir. Bu mövzuda müəyyən anlaşılmazlıq yaranır. Ümid Partiyası deyir ki, ideyanın müəllifi mənəm. İndi kimin bu məsələni deməsi nə dərəcədə önəmlidir, əsas olan ideyanın gerçəkləməsi deyilmi?
- Burada mənim üçün önəmli bir şey yoxdur. Araşdırma aparılsa, prosesdə kimin hansı konsepsiyadan çıxış etməsi ortaya çıxar. Biz bunun REALI-n və ya Müsavatın, Cəbhənin ideyaları olmasını istəmirik. Biz bunun Cənubi Qafqaz xalqlarının hər birinin ideyası olmasını istəyirik. Bunun uğrunda da çalışırıq. Amma ideya müəllifi deyilən bir anlayış var. Mən bu ideyanı 2006-ci ildə ilk dəfə irəli sürmüşəm. Gürcüstandan ilk müsbət reaksiya gəlib. Bunu vaxtilə iqtisadi forumda müzakirə etmişik. Kim bu istiqamətdə hə deyəcəksə, biz hesab edəcəyik ki, o da müəllifdir. Çünki bu Cənubi Qafqazın sülh və əmin-amanlıq projesidir.
- REAL hərəkatı sizə bu layihə üzərində işləməklə bağlı əməkdaşlıq təklif edibmi?
- Mən bu barədə eşitməmişəm. Bu barədə dünən mediadan məlumat oxudum ki, REAL tək qüvvə olaraq bunu deyib. Bu şəkildə yanaşma doğru deyil.
- Milli Şurada baş verən prosesləri necə qiymətləndirirsiniz? Qurumun tərkibindən istefalar var. Bunu da demokratik addım kimi dəyərləndirirlər...
- Əbülfəz Elçibəy haqqında belə bir lətifə eşitmişəm. Rəhmətlik bəy Kələkidə olanda Gəncə cəbhəçiləri onun yanına gedir. Bəy soruşur ki, nəylə məşğulsunuz? Cavab verirlər ki, təmizləmə ilə məşğuluq. Kimlər ki xəyanət edib, bizə dəstək verməyib onları sıralarımızdan təmizləyirik. Bəy soruşub ki, bəs nəticə nədir? Deyib ki, elə ikimiz qalmışıq. Milli Şuranı da bu cür təmizləməyə ehtiyac yoxdur. Əgər əvvəlcədən bəh-bəhlə hamını qoşurdunsa böyük birlik yaradırdınsa, Rüstəm İbrahimbəyovu tək sədr seçirdinsə və bu gün deyə bilirsənsə ki, Rüstəm müəllim Rusiya vətndaşıdır, ondan sədr olmaz. Sən onu prezident etmək istəyirdin, nəinki Milli Şuranın sədri. Bilmirdinmi ki, Rusiya vətəndaşıdır. Bilmirdinsə bir ayıb, bilib edirdinsə, iki ayıb. Məğlubiyyət yetim olur. Milli Şura proyekti məğlubiyyətə uğrayıb deyə sahibi yoxdur. Bir balaca qələbə olsaydı, hamı indi “bu bizimdir” demişdi. Milli Şura bayaq dediyim aspektdə təmizlənəcək. Ya Müsavat, AXCP orada qalacaq, ya da Milli Şura olmayacaq.
- Ölkədə benzin bahalaşıb. Bununla bağlı Milli Məclisdə çıxışınızda hökumətdən əsaslandırma tələb etdiniz. Tarif Şurası bahalaşmayla bağlı mövqeyi açıqladı. Bu əsaslandırma nə dərəcədə qənaətbəxşdir?
- Tarif Şurasının əsaslandırması çox absurddur. Ölkələrin siyahısını verir ki, bu ölkələrdə benzinin qiymətləri filan qədərdir. Onun yanına bir maaşları da yazaydı. Əgər bizi Ermənistanla müqayisə etmək istəyirlərsə, yanılırlar. Əgər Avropayla müqayisə olunursa, yenə yanılırlar. İdarəetmədə, demokratiyada, seçkilərdə, yaşam tərzində , milli mentalitetdə, dövlətçilikdə Avropa ilə müqayisə etmə, gəl benzində müqayisə et. Yəni hansı sərf edirsə, onunla müqayisə et. Sən əgər bu şəkildə müqayisə edirsənsə, onda Türkmənistanla müqayisə et. Bütün müqayisələr qüsurludur. Amma Tarif Şurasının müqayisəsi olduqca qüsurludur. Bu gün Azərbaycanın sosial iqtisadi imkanları yanacağın qiymətinin bu qədər qaldırılmasını şərtləndirmir. İnsanlarımızən vəziyyəti olduqca ağırdır. Bunlar deyirlər ki, biz kənd təsərrüfatına dotasiya veririk. Ona təsir etməyəcək. Çox yanlışdır. Kənd təsərrüfatı təkcə sənin dotasiya verdiyi sahələrdən, fermer təsərrüfatlarından ibarət deyil. Azərbaycan əhalisinin 46 faizi kənd rayonlarında yaşayır. 46 faizinin məşğulluğu bundan çıxır. Məhsul təkcə satmaq üçün deyil. Eyni zamanda yemək üçündür. Əgər kəndli görsə ki, bunun əkdiyi kartof artıq 1 manata başa gəlir. O kartof əkməyəcək. İran kartofunu 60, ya da 40 qəpiyə alacaq. Daxili bazar zədələnəcək. Ya sən süni idxal ixrac siyasətinin yaratmalısan ki, bu da ölkəni təcrid edəcək. Daxildə qiymətlər bahalaşacaq. Ya da ölkədə istehsal oluna məhsullar yavaş-yavaş sıxışdırılıb bazardan çıxarılacaq. Bu il 30 faizə qədər qiymətlər qalxacaq. Gələn ilin sentyabrından bu rəqəm 90 faiz olacaq. Bundan heç kim sığortalanıb.
- İddia olunur ki, benzinin qiymətinin qalxması digər kommunal tariflərin də qiymətinin qalxmasına səbəb olacaq. Sizcə, əhalinin reaksiyası necə olacaq?
- Bilirsiz, bir xəstə yataqda yatırsa və müqaviməti yoxdursa və güclü onu döyürsə və biz deyiriksə ki, bunun onsuz da reaksiyası olmayacaq, onu döyüb öldürməli deyilik ki. Lap heç Azərbaycan əhalisi ayağa qalxmır. Vəziyyətindən dolayı etiraz hüququnu, anlayışını itirib. Bəs dövlət, hökumət hara baxır? Niyə bunu əhalinin yanaşması ilə ölçürlər? Bu idarəetmə ilə ölçülməlidir ki, mən dövləti necə yönəldirəm. Heç mənim müqavimətim gücüm qalmayıb. İndi sən qaldırmalısan qiyməti, məni də ayaqlayıb əzməlisən? Əhalinin reaksiyası ilə dövlət idarə olunmur. Dövlət əhali üçün idarə olunur.
Sorğu
Yeni dizaynımız necədir?