Qələndər Muxtarlı: “Azərbaycanda hakimiyyətin dəyişməsi protest elektoratının demokratiya uğrunda hərəkata başlamasından keçir” “Gündəm xəbər”in suallarına Milli Demokrat (Bozqurd) Partiyasının sədri, Milli Şuranın üzvü Qələndər Muxtarlı cavab verib. Müsahibimiz əsasən müxalifət düşərgəsində mövcud olan durumu və yaşanan son prosesləri şərh edib. - Qələndər bəy, müxalifət düşərgəsində, ələlxüsus Milli Şurada baş verən prosesləri necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, son günlərin ən mühüm hadisəsi Cəmil Həsənlinin Milli Şuraya sədr seçilməsidir. Bunu ölkədə yeni situasiyanın mühüm təzahürü kimi qiymətləndirirəm. Fikrimcə, Cəmil müəllimin sədr olması müxalifət düşərgəsinin təmərküzləşməsi, mövqelərin uzlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Buna inanım həm də ondan qaynaqlanır ki, Cəmil müəllim alimdir, milli azadlıq hərakatında iştirak edib, sonradan bu hərakatı alim kimi yazıb. Həm də siyasət adamıdır, dünyanın müasir siyasət tarixini çox gözəl bilən insandır. Bundan başqa, Cəmil müəllim həm də mənim müəllimim olub deyə onun şəxsiyyətini yaxşı tanıyıram. Açıq şəkildə qeyd edirəm ki, Cəmil müəllimin müxalifət düşərgəsində siyasi posta gətirilməsi yeni situasiya yaradacaq, bu hakimiyyəti də narahat edən məqamlardan biridir. İkinci mühüm səbəb Rüstəm İbrahimbəyov kimi tanınmış ziyalının Milli Şurada fəaliyyətini davam etdirməsi, siyasi proseslərdə iştirakı, xalqımızla bir cəbhədə olması hakimiyyət üçün həm narahatlıq, həm də hakimiyyət-müxalifət münasibətlərində yeni dəngə yaradır. Və müxalifət daxilində müxalifətçilik adı altında hakimiyyətlə hər zaman münasibətlərdə olan şəxslər də ənənəvi rollarındadır və onlar da narahat olmağa başlayıblar. Bu mənada mən prosesləri pozitiv hesab edirəm. - Rüstəm İbrahimbəyovun indiki durumda vəziyyətini necə qiymətləndirirsiniz? - Ona münasibət normal olmalıdır. Ən azından İbrahimbəyov son bir neçə illər ərzində bir araya gələ bilməyən, böyük güc nümayiş etdirmək imkanında olmayan, siyasi dərnək səviyyəsində fəaliyyətlə məşğul olan müxalifətin ciddi biçimdə siyasi arenaya gətirilməsində mühüm rol oynadı. Həm də xalqın ziyalısı kimi sözünü dedi, xarici səfərlərdə oldu, ürək-dirək verdi? Aktivliyin yaranmasında əməyi oldu. Bu gün də onun siyasətdə qalması, müxalifətlə birgə olması çox yaxşı haldır. Baxmayaraq ki, hazırda onun əleyhinə müxalifət düşərgəsində ciddi fəaliyyət olub. Bütün bunların hamısını xalqın mənafeyi baxımdan doğru dəyərləndirən İbrahimbəyovun yenidən bu düşərgədə qalmasını müsbət hadisə hesab edirəm. Həmçinin Milli Şura üzvlərinin onu fəxri sədr seçməsi də çox təqdirəlayiq addımdır. Bununla onun əməyinə verilən qiymət nümayiş etdirilir. - Onun fəxri sədr seçilməsinə etirazlar da var. Bu Milli Şuranın fəaliyyətinə əngəl yarada bilərmi? - Əslində fəxri sədr böyük səlahiyyətlərə malik post deyil. Faktiki olaraq real sədr və səlahiyyətlər Cəmil Həsənlidədir. Əgər müəyyən qüvvələrin bundan narazı qalmasına, ona səs verməməsini nəzərdə tutursunuzsa, onlar Azərbaycan xalqının qarşısında duran problemlərlə müqayisədə güzəştə getməyi bacaran və bunu nümayiş etdirən şəxslərdir. Konkret söhbət İsa Qəmbərdən gedirsə, fikrimcə, ola bilsin ki, onun mövqeyi bəlkə də daxili münaqişədən törənən bir haldır. Əslində mən məsələnin mahiyyətini dəqiq bilməsəm də, belə deyirəm. Hər halda İsa Qəmbər yeni yaranan situasiyanı doğru qiymətləndirməyi bacaran çox nadir siyasətçilərdən biridir. Yeni yaranan situasiyanı və fürsəti ziddiyyətlərə qurban verəcək şəxs deyil. Ona görə də, bütün bunlar boş şeylərdir. Gələcəyə nikbin baxmaq lazımdır. İsa Qəmbər, Əli Kəimli, Cəmil Həsənli bir masa arxasında dəyişən dünya tələblərinə uyğun şəkildə prosesləri düzgün qiymətləndirib birgə addımlamağın yollarını tapa biləcəklər. Belə halları onlar dəfələrlə adlada biliblər və bunu yaxın aylarda baş verən siyasi proseslər də göstərib. - Düşünürsünüz ki, Müsavatla bağlı yaranan problem həll ediləcək, yoxsa Milli Şurada deqradasiya prosesi yaranacaq? - Mən bu mövqelərlə tanışam. Amma yenə də hesab edirəm ki, məsələlər bununla bağlı deyil. Yəni, tərəflər sona qədər bu cür düşünsə belə, qarşıdan gələn proseslərin miqyası buna imkan verməyəcək. İsa Qəmbər də Milli Şurada birlikdə olacaq və bütün bu məsələlər müakirələr nəticəsində öz həllini tapacaq. - Siz qeyd etdiniz ki, müxalifətin içində olan hakimiyyətin əli narahatdır. Söhbət hansı əllərdən gedir ? - Sizcə, müxalifətin zəif olmasının səbəbi ancaq hakimiyyətin bu qədər repressiya aparmasında, təzyiqləri davam etdirməsindədirmi? - Başqa səbəblər də var? - Əlbəttə var. Müxalifət adına iddia edib, amma bundan yararlanan adamlar var. Onlar lazın olan məqamda real müxalifətin və xalqın mənafeyinin əksinə addımlar atırlar, ümidsizlik sindromu yaradırlar. Belə hallar var. Mən bunu gizlətməyi də doğru hesab etmirəm. - Bu əllər Milli Şuranın içindədirmi? - Milli Şuranın içində də ola bilər. Əgər bir qism Milli Şuradan gedibsə, bir qism onun fəaliyyətində əngələ çevrilibsə, bir qism fəaliyyətsizdirsə, deməli bunlar ciddi araşdırılmalı və baş verənlərə adekvat münasibət sərgilənməlidir. Sonda isə hər kəsin hərəkətə gətirilməsini təmin eləmək lazımdır. Əgər Azərbaycan cəmiyyəti tam olaraq hərəkətə gəlməsə dəyişiklik məsələsi baş tutmayacaq. Müxalifətdə olub hakimiyyətin dəyirmanına su tökənlərin olması şübhə doğurmur. Bunun olmaması anormallıq olardı. Əslində buna təbii baxmaq lazımdır. - Sizə elə gəlmirmi ki, seçkidən sonra yaşanan məğlubiyyət sindromu qarşılıqlı ittihamları qaçılmaz edir? - Əvvəla, mən müxalifətin məğlub olması düşüncəsini qəbul etmirəm. Siz də nəzərə alın ki, müxalifət seçkiyə gedərkən mənəvi qələbə çalacağını düşünürdü və buna da nail oldu. Mənəvi qələbə artıq təmin olunub. İndiki hakimiyyətin dəyişməsi mexanizmini isə Qərb də, Avropa da bizdən yaxşı bilir. Bunun seçkilərlə dəyişməsi mümkün olmayan bir şeydir. Burada hər şey dəyişə bilər, amma hakimiyyətin seçkilər yolu ilə dəyişməsi ehtimalı yoxdur. Belə olan təqdirdə müxalifətin məğlubiyyəti haqda iddialar irəli sürmək doğru olmazdı. Amma mən daha çox hesab edirəm ki, əgər bu sarıdan kiminsə narazılığı varsa, bu daha çox siyasi mənfəətlərin əldən çıxması səbəbindən yaranan fikirlərdir. Əslində hamıya bəlli idi ki, hakimiyyət bu şəkildə dəyişmir. Azərbaycanda hakimiyyətin dəyişməsi üçün prostest elektoratın demokratiya uğrunda hərəkata başlamasından keçir. Bu ortada yoxdursa, xalqı seçki yolu ilə hakimiyyət dəyişikliyinə inandırmaq da mümkün deyil. Çünki hamı bilir ki, bu məğlubiyyət ola bilər. Heç olmasa xalqa bu istiqamətdə sözlər demək, hakimiyyətin inkişafı prosesini aparmaq lazımdır. Hesab edirəm ki, Cəmil Həsənli bunun öhdəsindən uğurla gəldi və heç kəsin gözləmədiyi bir mövqe ortaya qoydu. - Sizə elə gəlmirmi ki, separat danışıqlar ola, kimlərsə hakimiyyətlə razılaşa, müxalifəti dalana soxmaq müqabilində 2015-ci il Mili Məclis seçkilərində 2-3 mandat əldə edə bilər? - Hesab edirəm ki, bu çox real məsələdir. Bu hakimiyyətin pulu Avropanın nüfuzlu qurumlarını belə separat danışıqlara, özlərinin minilliklərlə həyata keçirdikləri demokratik ənənələrə xəyanat etməsinə səbəb olursa, deməli ölkə içində kimlərisə özünə cəlb edə bilər. Odur ki, müxalifətin içində də separat danışıqlara hazır olan, belə bir təklifi məmnuniyyətlə gözləyənlər var. Amma bu bütövlükdə demokratik düşərgəyə aid məsələ deyil. Kimlərsə belə addım ata bilər. Bu mənada dediyiniz fikirlərdə həqiqət var və çox adamlar bu yoldadır. Fikrimcə, dəyişiklik ab-havasını hamı duyur. Hiss edir ki, 2014-2015-ci illər hakimiyyət üçün heç də asan keçməyəcək. Üstəlik 2014-cü il bələdiyyə seçkilərində müxalifət ciddi uğur əldə edə bilər. Eləcə də 2015-ci ildə müxalifətin küçələrdən parlamentə daxil olması məsələsi baş verə bilər. Avropa və ABŞ üçün ən məqbul variant odur ki, burada toqquşmalar olmadan dəyişikliklər həyata keçirilsin. Hakimiyyət də istər ki, daha çox ləkəli olan qüvvə parlamentə düşsün ki, sabah onunla da rahat danışmaq imkanı olsun. Bu mümkün olan haldır və hazırda bunun üzərində ola bilsin ki, işləyənlər də var. - Yaxın dövr üçün nə gözləntiniz var? - Hakimiyyət müəyyən addımlar atmalıdır. 2014-cü ildə dövlət büdcəsi məsələsi ortaya qoyulanda enerji daşıyıcılarının və xidmət sahələrində qiymət artımı nəzərdə tutulurdu. Çünki büdcə kəsirini məhz qiymət artımı ilə konpensasiya etmək istəyirlər. Xalq bilməlidir ki, qarşıdan fəlakət gəlir, yəni qiymət artımı hökmən baş verəcək. Fikrimcə, bu ölkədə narazılıqları bir qədər də artıracaq. Hazırda ətrafımızda maraqlı hadisələr yaşanır. Məsələn, Ukraynada demokratiya uğrunda böyük mücadilə gedir. Orada müxalifətin qələbəsi olduqca müsbət hal olar və MDB məkanında təsirsiz ötüşməz. Bizim ölkənin siyasi inkişafı isə bərbad durumdadır. Ölkədə monopolist mühit var, iqtisadiyyatda rəqabət mühiti mövcud deyil. İnhisarçılıq isə baş alıb gedir. Azad seçkilər, hakimiyyətin xalqın iradəsi ilə formalaşması kimi məsələlər artıq mövcud deyil. İlham Əliyev hakimiyyətin Azərbaycan xalqına ən pis zərbəsi demokratik ənənələrin ləğv edilməsi oldu. Böyük problemlərin olduğu halda, xalqın bu proseslərə aydın münasibətinin formalaşmasından sonra işlər yaxşıdır, xalq oyanır, nələrin baş verdiyini görür. Qərb də artıq anlayır ki, MDB-dəki müstəqil dövlətlərin başında duranlar Rusiyaya bağlı insanlardır. Moskvada bu ölkələrdə hansısa siyasi proseslər hazırlayır. Mən bir daha qeyd edirəm ki, 2014-cü ildə iki məqamı xüsusilə unutmaq lazım deyil. Birincisi, artıq Qarabağ münaqişəsinin üzərindən 25 il müddət keçir. Eyni zamanda əsrin müqaviləsinin 20 illiyi tamam olur. Həm də Ermənistanda və Azərbaycanda siyasi hakimiyyətlərin qalması müddəti başa çatır. Və bu hakimiyyətlərə əlavə şansların verilməsi məqbul edilən deyil. Odur ki, gələcəyə nikbin baxmaq lazımdır. Azərbaycan xalqı özünün gələcəyinə diqqət etməli və buna laqeyid yanaşmamalıdır. Arzum budur ki, bizdə inkişaf dinc və şəkildə həyata keçirilsin. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?