Mehman Cavadoğlu: “Azadlıqları boğmaqla deyil, genişləndirməklə nələrəsə nail olmaq mümkündür” Ötən gün Azərbaycan ictimaiyyəti və jurnalist camiyəsi üçün çox tanış olan bir sima-Mehman Cavadoğlu 58 yaşını qeyd edib. Mehman Cavadoğlu son 25 ildə müstəqil mövqedən çıxış edən azsaylı jurnalist və siyasətçilərdən biridir. Müsavat Partiyası başqanının müavini postunda olan Cavadoğlu əç çətin dövrlərdə belə susmayıb və haqq səsini qaldırmaqla gerçək jurnalist olduğunu ortaya qoyub. Elçibəy hakimiyyəti dövründə “Azərbaycan” qəzetinin baş redaktou vəzifəsini tutan bu təvazükar insan haqda hər zaman xoş sözlər deyilib. Doğum günü ərəfəsində Mehman Cavadoğlu “Gündəm xəbər”in suallarını cavablandırıb. - Mehman bəy, siz həm jurnalist, həm də siyasətçisiniz. Üstəlik Müsavat kimi iri partiyanın ictimaiyyətlə əlaqələr sahəsinə rəhbərlik edirsiniz. Bəs niyə siz daima mətbuatın gündəmində olmur və baş verən proseslərə münasibət ifadə etmirsiniz? - Əslində sizin fikrinizlə razı deyiləm. Mən özüm də jurnalist olduğumdan jurnalistlərin suallarını daima cavablandırmışam. İndiyə qədər elə hal olmayıb ki, jurnalistlər mənə zəng eləsin və mən onun suallarına cavab verməyim. Dediyimin doğru olduğunun şahidlərindən biri də siz özünüzsünüz. Çünki mənimlə əlaqə saxlayıb məsələlərə münasibətimi öyrənən jurnalistlərdən biri də sizsiniz. - Azərbaycanın ən dəyərli jurnalistlərindən olan Mehman Cavadoğlu neçə yaşı haqlayır? -Hə, artıq qocalırıq, 58 yaşı haqlayırıq. - Maraqlıdır, 58 ilin neçəsini mətbuata həsr etmisiniz? - Demək olar ki, mən ömrümün hamısını jurnalistikaya və ictimai-siyasi fəaliyyətə həsr etmişəm. Müsavat Pariyası yaranana qədər faktiki olaraq jurnalistika ilə məşğul olmuşam. Müsavatda da işim demək olar ki, jurnalistika ilə bağlıdır. - Mətbuatda olmaq, siyasi fəaliyyətlə məşğul olmaq Azərbaycan şəraitində nə deməkdir? -Fikrimcə, istənilən fəaliyyət növünün müsbət və mənfi tərəfi var. Əsas odur ki, insan istədiyi işdə olsun. Əgər sən bu işi görürsənsə, onu sevərək edirsənsə və ona bağlısansa, bu işdən ləzzət alacaqsan. Yox, əgər zorla bu işi görməyə məhkumsansa, sözsüz ki, sən ləzzət ala bilməyəcəksən və daima işi ağır yük hesab edəcəksən. - Azərbaycan şəraitində mövqeyini qoruyaraq jurnalist və ya ictimai-siyasi fiqur olmaq asandırmı? - Asan deyil. Əksinə, olduqca çətindir. Cəmiyyətdəki mövcud münasibətlər sistemi bütün sahələrə, o cümlədən də jurnalistikaya təsir göstərir. Bu da çox vaxtı insanların öz istəyi ilə fəaliyyət göstərməsinə mane olur. Odur ki, reallığın acı nəticələri yaranır. Jurnalist və eləcə də digər peşə sahibləri bu cür münasibətlər sisteminin pis nəticələrini görür. Cəmiyyətin bu cür idarə olunması kənd təsərrüfatında çalışan insanlardan tutmuş cəmiyyətin zirvəsində olan insanların fəaliyyətinə qədər çətinlik törədir. Eləcə də normal fəaliyyətə mane olur. - Bəy, siz təcrübəli insansınız. Azərbaycan cəmiyyətində balans niyə pozulub? - Əslində qanunlar ona görə kəşf edilib ki, cəmiyyətdə balans yaratsın. Qanunlar işləməyən, qanunun aliliyi təmin edilməyən ölkələrdə, o cümlədən də Azərbaycanda balans pozulmalıdır. Bunu başqa vasitələrlə təmin etmək də mümkün deyil. Yalnız qanunların işləməsi cəmiyyətdə normal durum yarada bilər. Nə qədər parodoksal olsa da, cəmiyyətdə ən pis qanunlar belə işlək olanda normal balans yaranır. Qanun işləməyəndə isə vəziyyət bizdəki kimi olur. - Siz bizim cəmiyyəti hansı cəmiyyətə daha çox oxşadırsınız? - Mən deyərdim ki, bizim cəmiyyəti çox cüzi imkanlar və azadlıqlar verilən avtoritar cəmiyyətə bənzəyir. Qanunlar yoxdur, əvəzində hakimiyyətdə olanların iradəsi cəmiyyətdə ki, prosesləri idarə edir. Bizim gördüyümüz acınacaqlı vəziyyət bundan ibarətdir. - Bəs siz cəmiyyətimizin hansı cəmiyyətlərə oxşamasını arzu edirsiniz? - Mənim fəaliyyət göstərdiyim Müsavat Partiyasının əsas prioritetlərindən və dəyərlərindən biri demokratik cəmiyyət, Avrointeqrasiya, demokratiyanın qurulmasıdır. Normal insan kimi yaşamağı mümkün edən normal bir cəmiyyət arzulayıram. Bu cəmiyyətdə insan haqları, qanunun aliliyi təmin edilsin, insanlar özlərini təhlükəsiz hiss etsin, dövlətin arxasında durdugunu hər zaman bilsin. Bəzən iddia edirlər ki, Azərbaycan cəmiyyətinə daha çox azadlıqlar verilsə cəmiyyətimizdə hansısa neqativ proseslərə səbəb ola bilər. Ancaq ağıllı insanlar da deyirlər ki, cəmiyyətdə nə qədər azadlıqlar olsa, cəmiyyətdə özünütənzimləmə prosesi gedəcək və beləcə normal demokratik cəmiyyətin inkişafına nail olunacaq. Azadlıqları boğmaqla deyil, genişləndirməklə nələrəsə nail olmaq mümkündür. Bunu dünyanın siyasi təcrübəsi və tarixi də dəfələrlə ortaya qoyub. Hərtərəfli azadlıqlar olan ölkədə işləmək problem deyil. Orada insanların təşəbbüsləri nəzərə alınır, insanların əxlaq və davranış kodeksi təbii olaraq müəyyənləşir. Onu da qeyd edim ki, bu yolu biz ilk dəfə deyil ki, kəşf edirik. Bu yolla uzun illər irəli gedən cəmiyyələr var. Bir qədər xəritənin qarşısında oturmaq, dünyanın siyasi xəritəsinə nəzər salaraq hansı ölkədə insanların güzəranının necə olduğunu bilmək olar. Əhalinin mənəvi, sosial, iqtisadi problemlərinin həll olunduğu cəmiyyətlərin hansı cəmiyyət olduğunu aydınlaşdırmaq olar. Bunlar əslində məhz demokratiyanın və azadlıqların təmin olunduğu cəmiyyətlərdir. - Siz 1988-ci ildə baş verən xalq hərəkatında iştirak etmisiniz, proseslərin içində olmusunuz. O dövrdə də Azərbaycan xalqı siz dediyiniz arzulara çatmaq istəyirdi. Həm demokratiya qurmaq, həm də Dağlıq Qarabağ problemini həll etmək əsas məqsəd idi. Bu arzular niyə puç oldu? - Fikrimcə, siz məsələyə birmənalı yanaşırsınız. Arzular puç oldu deyərkən bir qədər diqqətli olmaq lazımdır. O zaman Azərbaycanın müstəqillik əldə etməsi arzusu var idi. Açıq deyək ki, bu arzu qlobal və əlçatmaz bir məsələ idi. Ancaq buna çatmaq mümkün oldu, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində bir sıra addımlar atıldı. Eləcə də Dağlıq Qarabağ probleminin həlli məqsədilə müəyyən mənada uğur əldə olundu, müharibədə irəliləyişlər baş verdi. Onu da qeyd edim ki, buna çatmaq üçün heç də qısa bir müddət tələb olunmurdu. Fikrimcə, bu uzun bir prosesdir. İndi bəzən sui-istifadə edirlər ki, hansısa ölkədə hansısa prosesdən sonra demokratiya yarandı. Ancaq biz bilirik ki, demokratiya uzun bir yoldur və ona doğru getməklə buna çatmaq mümkündür. Amma təəssüflər olsun ki, bir çox hallarda demokratiyaya doğru irəliləməyin qarşısını kəsmək, bu yolla maneə itələmək məqsədilə deyirlər ki, demokratiya üçün 300 il lazımdır. Əlbəttə ki, bu demokratik prosesləri tormuzlamaq məqsədilə deyilən sözdür. Vacibi bu yola daxil olmaqdır. Eybi yox, qoy 20-30 ildən sonra buna nail olaq. Amma bunun üçün bu yolu getmək vacibdir. İndi bu yolun qabağına daşlar atılır. Siz də bilirsiniz ki, şərqdə ilk demokratik proseslər məhz bizim məmləkətimizdə baş vermişdi. İndi bəzən demokratik prosesləri gözdən salmaq üçün deyirlər ki, biz bir millət olaraq demokratiyaya hazır deyil. Ancaq bu günün özündə də, şərq xalqları arasında demokratiyaya hazır olan bir xalq varsa, bu da bizim xalqımızdır. Vacib odur ki, Azərbaycanda demokratik proses getsin. Prosesin qarşısına daş girlədirlər və deyirlər ki, xalqımız buna hazır deyil... Bir daha qeyd edirəm ki, şərq xalqları içərisində Azərbaycan xalqı qədər buna hazır olanını görmürəm. - Sizə elə gəlmirmi ki, Azərbaycan cəmiyyətinin bir hissəsi demokratiyaya hazır olsa da, bir qismi indiki vəziyyətin davam etməsini arzulayır? - Fikrimcə, indiki vəziyyətin davam etməsində müəyyən bir qrup razıdır. Çünki bu onlara sərf edir. Bu vəziyyətin davam etməsi onları hədsiz varlandırır və s. Ancaq bütövlükdə bu vəziyyət millətin marağına uyğundurmu, xalqımız bundan razıdırmı? Məsələnin əsas kökünü bunda axtarmaq lazımdır. Biz bu məsələyə diqqətlə yanaşsaq görərik ki, indiki durum əksəriyyəti qane eləmir. Bu da, təbiidir. Çünki cəmiyyətdə sosial ədalət belə mövcud deyil. - Azərbaycanda demokratik cəmiyyətin yaranması gözlənilirmi və bu baş verəcəkmi? - Təbii ki, bu baş verəcək. Buna şübhəm yoxdur. Bu dünyada gedən qarşısıalınmaz prosesdir. Bizim ölkəmiz də gec-tez bu səviyyəyə gəlib çıxacaq. Nəzərə almaq lazımdır ki, artıq biz XXI əsrdə yaşayırıq. İnsanlar əvvəlki qanun və qaydalarla yaşamaq istəmirlər. Və yaşamamalıdırlar. Nə qədər uzun olsa da, bizim xalqımız digər millətlərin səviyyəsinə çatacaq. - Müxalifətin durumu, Müsavatın Milli Şuradakı rolunu necə qiymətləndirirsiniz? - Bu məsələ Müsavat Partiyasında müzakirə olunur. Hansı formatın olacağı, hansı qərarın veriləcəyi haqda son qərar yoxdur. Hazırda müzakirə ərəfəsində olan məsələ haqqında mətbuata danışmaq da etik qaydaya uyğun gəlməzdi. Əsas məsələ odur ki, bu, prosesin pozitiv istiqamətdə inkişafına səbəb olsun. İstər birlik fomatı olsun, istərsə də ayrı-ayrılıqda fəaliyyət olsun. Müxtəlif formatlar mümkün ola bilər. Konkret məqamda və konkret siyasi situasiyada bu məsələlər müzakirə olmalıdır. Fikrimcə, siyasətdə heç nə əbədi deyil, nöqtəni qoyub demək olmaz ki, ancaq birlik və ya ayrı-ayrılıqda fəaliyyət lazımdır. Bunlar siyasi şəraitin diktəsi əsasında baş verən situasiyalardır və şəraitə uyğunda qərarların verilməsi lazımdır. - Mehman bəy, gəlin qayıdaq sizin ad gününüzə. Sizi ilk təbrik edən kim olub? -Məni ilk təbrik edən həyat yoldaşım olub. Sonra bir dostum zəng edib, təbrik etdi. Daha sonra bir neçə təbriklər gəldi. Az sonra isə sizdən təbrik aldım və özünüz də görürsünüz ki, bu təbrik uzun oldu. - Ad gününüzü necə qeyd edəcəksiniz? - Hələlik planım yoxdur. Bu mənim üçün adi ad günüdür. İnanın ki, bu ana qədər heç bir niyyətim yoxdur və mən ümumiyyətlə planlı şəkildə ad günü qeyd etməmişəm. Ad günü məni harada və hansı şəraitdə yaxalayıbsa orda da qeyd etmişəm. Bəzən 3, bəzən 5, bəzə 2 nəfərlə ad günümü qeyd etmişəm. Yəni ad günü məsələsi ilə öncədən məşğul olmamışam. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?