Milli Şura "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin səs yazısının yayaılmasıyla bağlı bəyanat qəbul edərək tanınmış ziyalının müdafiəsinə qalxıb.
Bəyanatda bildirilir: "Azərbaycan hakimiyyəti tənqidi mövqedə olan ictimai fəallara, gənclərə, müxalifət nümayəndələrinə və jurnalistlərə qarşı repressiv fəaliyyətini gücləndirməkdədir. Həbslər, hədələr və böhtan kampaniyaları yenə də davam edir. Bu arada tanınmış jurnalist və vətəndaş cəmiyyətinin nüfuzlu nümayəndəsi Mehman Əliyevə qarşı böhtan kampaniyasına cəhd edilmişdir. Mehman Əliyevə gələn müəmmalı zəngdən sonra onunla edilən telefon söhbəti dinlənilmiş, qeydə alınmış və səs yazısı anonim şəkildə KİV-lərə paylanılmışdır. Daha sonra bu söhbət Qərb ölkələrinin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq planının qurulması kimi qələmə verilmişdir. Halbuki səs yazısına qulaq asanlar da görürlər ki, söhbətdə Mehman Əliyev tərəfindən qanuna və mənəviyyata zidd heç bir fikir səsləndirilməyib. Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb. Bəlli olur ki, cəmiyyətdə böyük nüfuz və etimad sahibi olan bir şəxsi gözdən salmaq üçün təxribat planlaşdırılıb, lakin düşünülmüş plan uğursuzluqla başa çatıb və daha sonra bundan ləkələmə cəhdi kimi istifadə edilib. Halbuki vətəndaşların telefon danışıqlarını dinləmək, yazmaq və yaymaq qanunsuz bir əməldir və dövlət bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır. Mehman Əliyev uzun illər sabit və güzəştsiz demokratik mövqeyi ilə seçilən bir ictimai xadimdir. Onun peşəkar və müstəqil jurnalist mövqeyi isə cəmiyyətdə örnək kimi göstərilir. İctimaiyyətin ən fərqli təbəqələrində çox böyük etimada və nüfuza sahibdir. Həmçinin Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və qurumun rəhbərliyində təmsil olunur. Biz hesab edirik ki, bu amillər antidemokratik hakimiyyəti narahat edir və Mehman Əliyevə qarşı qaralama kampaniyasının səbəbi də bunlardır. Milli Şura Mehman Əliyevə qarşı təxribatı və böhtan kampaniyasını pisləyir, ona qarşı qanunsuz addımları dayandırmağı tələb edir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?