Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.
Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, yola salmağa hazırlaşdığımız 2013-cü il Azərbaycanda bir sıra mühüm ictimai-siyasi proseslərlə zəngin olub. Ən əsası isə bu il daha çox seçki ili kimi yadımızda qalacaq. Seçkiyə qədər və seçkidən sonra baş verən proseslərə bir daha aydınlıq gətirərdiniz.
- 2013-cü il sözsüz ki, Azərbaycanın siyasi həyatında prezident seçkilərinin keçirilməsilə əlamətdar oldu. Seçkilər ərəfəsində bir qədər gərginlik yaşandı. Çünki ilk dəfə idi ki, Rusiya seçki ərəfəsində açıq-açığına Azərbaycana təzyiqlər edirdi. Ancaq sonradan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bu vəziyyəti köklü şəkildə dəyişdi və ölkədə stabil, sakit şəraitdə seçkilər keçirildi. Bu seçkilər həm də onu göstərdi ki, Azərbaycanda nə iqtidar, nə də Azərbaycan xalqı ciddi, köklü radikal dəyişiklik istəmir. İndi aparılan siyasət həm iqtidarı, həm də xalqı qane edir. Bu il, eyni zamanda, onunla yadda qaldı ki, Azərbaycan həm Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə, həm də ilin sonunda "Şahdəniz-2" qaz yatağının istismarına dair sazişlərə imza atdı. "Şahdəniz-2" qaz yatağının istismarına dair saziş Azərbaycan üçün çox önəmlidir. Hətta mən deyirdim ki, "Əsrin müqaviləsi"nə bərabər bir layihə idi. 2013-cü il ölkəmiz üçün müsbət mənada bu hadisələrlə yadda qaldı. 2013-cü ildə torpaqlarımızı işğaldan azad edə bilməməyimizi isə uğursuzluğumuz hesab edirəm. Həm də torpaqlarımızın 2014-cü ildə azad olunacağının perspektivlərini də görmürəm.
- Siz hər zaman hakimiyyəti islahatlara çağırmısınız. Hecə düşünürsünüz, islahatlar aparılacaqsa birinci nədən başlamaq lazımdır?
- Mən hər zaman söyləmişəm, Azərbaycanı irəli aparmaq yalnız ölkənin siyasi elitasının üzərinə düşən böyük bir mənəvi və siyasi məsuliyyətdir. Çünki xalqımızın cəmiyyəti dəyişmək, yeni bir mərhələyə keçirmək üçün yetərincə gücü və potensialı yoxdur. Xalqımızın bəxti o zaman gətirə bilər ki, islahatlar yuxarıdan aparılsın. Bunu düşünən insanların isə iqtidardan gözləntiləri çox böyükdür. Təəssüf ki, iqtidar bu islahatları sürətləndirmir. Prosesləri sanki təbii axarına buraxıb. Əlbəttə düşünürəm ki, Azərbaycanda sabitliyin qorunub saxlanması, bu sabitlik dinamik olmasa da belə, müsbət qiymətləndirilməlidir.
Hər zaman söyləmişəm, seçki kampaniyası zamanı partiyamızın cəmiyyətə təqdim etdiyi platformada da var ki, Azərbaycan tipli ölkələrdə, xüsusilə də müsəlman və şərq aləmində yüz illər ərzində insan haqları, demokratiya və qanunun aliliyilə bağlı bir mentalitet formalaşıb. Əlbəttə qısa müddət ərzində bu dünyagörüşü dəyişmək çox çətindir. Bu baxımdan yaranmış vəziyyətə görə bütün günahları iqtidarın üzərinə qoymaq istəmirəm. Yalnız islahatlar bizi qarşıda qoyulan hədəflərə yaxınlaşdıra bilər. Ancaq dediyim kimi, iqtidar da bu islahatlarda maraqlı görsənmir.
- Bu gün bölgədə baş verən proseslər necə, Azərbaycanın xeyrinəmi inkişaf edir? Eyni zamanda, xarici siyasət kursumuzu uğurlu hesab etmək olarmı?
- İranda 2013-cü ildə prezident seçkiləri keçirildi. Ancaq bu seçkilərin İranın siyasətinin dəyişməsində rolu olmadı. Rusiyanın siyasətində də Azərbaycana yönəlik müsbət dəyişikliklər baş vermədi. Bilirsiniz ki, Ermənistan həm Avrasiya, həm də Gömrük İttifaqına qoşulur. Bu isə Ermənistanı yenidən Rusiyaya daha da yaxınlaşdıracaq. Sözsüz ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxlamağa daha da şirnikləşdirəcək. Azərbaycanın xarici siyasət kursunu heç də uğurlu hesab etmirəm. Çünki faktiki surətdə müharibə vəziyyətində olan bir ölkə özünə müttəfiq tapmalıdır. Biz isə "Qoşulmayanlar Hərakatı"nın üzvü olmuşuq və özümüz özümüzü müttəfiqsiz qoymuşuq. Türkiyədəki molla rejimi Azərbaycanın dünyəvi dövlət olmasından qıcıqlanır. Yəni, bu gün hakimiyyətdə olan Ərdoğan hökuməti qıcıqlanır ki, niyə Azərbaycan onlardakı kimi dini dövlətlə çulğalaşdırmır. Və Azərbaycanda hakimiyyət dinin siyasətə bulaşmasına imkan vermir. Biz bilirik ki, onların siyasi elitasının-fərqi yoxdur dindarı, ateisti, dünyəvi dövlət tərəfdarı olsun-Qərb ölkələrilə sıx ilişkiləri var. Ona görə də Qərb Türkiyəni Azərbaycana ciddi dəstək verməyə imkan vermir. Əksinə, Türkiyənin Ermənistanla iqtisadi, ticari əlaqələri gündən-günə genişlənir. Hətta onlar diplomatik əlaqələr də qurmaq istəyirlər. Baxmayaraq ki, Ermənistanın özünün Türkiyəyə qarşı ərazi və soyqırım iddiaları var. Yəni, bu baxımdan bizə qardaş olan ölkə ilə münasibətlərimizdə də problemlər mövcuddur.
İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Və bu ölkə Şimali Azərbaycanın çiçəklənməsindən qorxur ki, burada dünyəvi dövlətin qurulması Cənubi Azərbaycan üçün bir nümunə ola bilər. Bu baxımdan İran da Dağlıq Qarabağ münaqişəsinin qorunub saxlanmasında maraqlıdır və Rusiya ilə bacardıqları səviyyədə Ermənistana dəstək verirlər. ABŞ və Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Bu ölkələrdə islamafobiya var və xristian həmrəyliyi mövcuddur. Belə faktorlar da bizim əleyhimizədir. Üstəgəl bizdə qanunun aliliyi və demokratiya ilə bağlı beynəlxalq təşkilatların verdikləri mənfi rəylər vəziyyətimizi bir qədər də çətinləşdirir. Ona görə də fikrimcə, 2014-cü ildə Azərbaycan iqtidarı, xalqı və siyasi qüvvələri ciddi düşünməlidirlər ki, mövcud vəziyyəti necə dəyişmək olar. Çox ümid edirəm və istərdim ki, 2014-cü il Azərbaycanın tarixində böyük islahatlar ili kimi qalsın.
- Ukraynada baş verən son proseslərlə bağlı fikirlərinizi bilmək istərdik. Artıq bilirsiniz ki, dekabrın 17-də Moskvada Rusiya və Ukrayna prezidentləri görüşdülər. Və hər iki ölkə arasında investiya və qaz tariflərinə dair saziş bağlandı. Həmin sazişə görə, Rusiya qazının min kubmetri Ukraynaya 268,5 dollara satılmalı və Rusiya Ukrayna hökumətinin qiymətli kağızlarına 15 milyard dollar yatırmalıdır. Əldə olunan razılıq və bağlanan saziş narazı elektoratı sakitləşdirə biləcəkmi?
- Hazırda bizim daha sıx əməkdaşlıq etdiyimiz ölkələrdən biri Ukraynadır. Bu gün Ukrayna uğrunda Avropa ilə Rusiya arasında açıq savaş gedir. Yanukoviç Rusiyanın dəstəyilə hakimiyyətə gəlmiş bir şəxs kimi Ukraynanın Avropaya inteqrasiyasında böyük bir əngələ çevrilib. Və Rusiya ilə əməkdaşlığa daha çox meyl edir. Bu da Ukraynada böyük xalq etirazlarına yol açdı. Ancaq bu etirazlar bir nəticə vermədi. Bundan sonra da ciddi nəticələr verəcəyi az gözlənilir. Bilirsiniz, xalqın seçkilər yoluyla hakimiyyəti dəyişməyi və yaxud prezidentin seçkilər yoluyla hakimiyyətə gəlməyi hələ o ölkənin demokratik ölkə olmasına dəlalət eləmir. Türkiyənin timsalında biz bunu gördük. Yəni, demokratik ölkə o ölkədir ki, bəli, orada ilk öncə hakimiyyət seçkilər yoluyla dəyişilir. Ancaq bununla yanaşı hakimiyyətə gələn iqtidar da xalqın ona səs verməyən digər hissəsinin-xüsusən ümummilli və dövlət əhəmiyyətli məsələlərdə-maraqlarını nəzərə alır. Yəni, demokratik ölkələrdə ümummilli və dövlət əhəmiyyətli məsələlər müzakirəyə çıxarılmamışdan və müəyyən qərarlar qəbul olunmamışdan əvvəl müxalifətlə razılaşdırılır. Ancaq Ukrayna demokratik ölkə olmadığına görə iqtidar xalqın etirazlarına heç bir əhəmiyyət vermədi. Rusiya isə əhalinin bir hissəsini sakitləşdirmək məqsədilə onların böyük məbləğdə qiymətli kağızlarının alınması öhdəliyini götürdü, qazın qiymətini az qala iki dəfə aşağı saldı. Bunlar sözsüz ki, Ukrayna xalqını sakitləşdirməyə hesablanmış qərarlardı. Əvvəl də söylədiyim kimi, iqtidarlar, dövlət başçıları ya prosesləri sürətləndirə bilərlər, ya da tormozlayıb gecikdirə bilərlər. Ancaq proseslərin qarşısını almaq mümkün deyil. Ona görə də əminəm ki, həm Ukrayna, həm də gələcəkdə Rusiyanın özü belə demokratikləşəcək. Çünki bu, ümumbəşəri bir prosesdir. Və insanın inkişafına bağlı olan bir məsələdir. İnsanın şüuru, dünyagörüşü, həyatı inkişaf edirsə, dəyişirsə, mütləq daha şüurlu insanlar daha demokratik, ali dəyərlərə sadiq ölkədə yaşamaq istəyəcəklər. Bu baxımdan Ukraynanın yolu Avropayadır. Bu gün Avropa dəyərlərin daha çox qorunduğu bir məkandır. Düzdür mən demirəm ki, Avropada hər şey idealdır. Ancaq müqayisədə, bu belədir.
- Sizin Avroasiya və Gömrük ittifaqlarına Azərbaycanın qoşulmasıyla bağlı fərqli mövqeyiniz var. Bu gün də həmin mövqedə qalırsınızmı?
- Mənim fikrimcə, Azərbaycan uzun illərə hesablanmış bir strateji hədəflər haqqında düşünməkdən daha çox, öz xarici siyasətini müəyyənləşdirərkən yaxın hədəfləri önə çəkməlidir. Azərbaycan siyasi elitası, Azərbaycan xalqı daha çox Avropaya inteqrasiya haqqında düşünmək əvəzinə, Dağlıq Qarabağı necə azad etməliyik, yəni ölkənin başlıca problemini necə çözməlikyik üzərində düşünməlidir. Bunun üçün yaxın on ildə və yaxud 50 ildə regionda proseslər necə baş verəcəyini oturub gözləyə bilmərik. Sovet imperiyası 74 il davam elədi. Biz indi oturub gözləməliyik ki, Rusiya nə vaxt dağılacaq? Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsini nəzarətində saxlayan əsas ölkədir. Bu gün regionda əsas söz sahibi nə Amerika, nə də Fransadır. Əsas söz sahibi Rusiyadır. Ona görə də mən həmişə vurğulamışam ki, Azərbaycan Rusiya ilə açıq danışmalıdır və xalqa da açıq formada deyilməlidir-biz Rusiyaya nə təklif edirik ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutsun. Hazırda biz bilmirik ki, Azərbaycan Rusiyaya nə təklif edir və Rusiyanın cavabı nədən ibarətdir. Mənim fikrimcə, biz təklif etməliyik ki, əgər Rusiya Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa söykənən ədalətli mövqe tutarsa və bəyan edərsə ki, bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, eyni zamanda, hərbi-siyasi müttəfiqindən də bunları tələb edərsə, o halda Azərbaycan Avroasiya İttifaqına da, Gömrük İttifaqına da qoşula bilər. Azərbaycan hətta özünün energetika siyasətini, yəni neft, qaz ixracatçısı kimi özünün bu sahədəki siyasətini, Rusiya ilə razılaşdıra da bilər. Həm də sərhədlərin birgə qorunmasına qədər Azərbaycan gedə bilər. Hesab etmirəm ki, bunlar bizim dövlət suverenliyinin itirilməsinə gətirib çıxaracaq. 20 faiz torpaqlarmızı itirməkdənsə, dövlət suverenliyinin hətta hansısa məqamda məhdudlaşdırılmasını mümkün sayıram. Təbii ki, Dağlıq Qarabağ naminə.
Mən güman eləmirəm ki, hazırda biz Qazaxıstandan daha çox müstəqil dövlətik. Qazıxıstan özünün reallıqlarını nəzərə aldı və prezident Nursultan Nazarbayev çox ağıllı siyasət yürütdü. O bilir ki, əhalinin 40 faizə qədəri ruslardır və onların da böyük bir hissəsi Rusiya ilə həmsərhəd ərazidə yaşayırlar. Və onlar da etnik separatizmi yaya, ölkənin sabitliyini poza bilər. Qazaxıstan çox ağıllı siyasət yürüdür və öz neftini xarici ölkələrə də satır, onlarla sıx əməkdaşlıq edir və dünyada da kifayət qədər nüfuzlu ölkələrdən biridir.
- Türkiyədə baş verən son hadisələrlə bağlı mövqeyinizi bilmək istərdik.
- Türkiyəni Qərb standartlarına cavab verən demokratik bir ölkə saya bilmərik. Bu ölkədə də həbsdə olan jurnalislər var. Və beynəlxalq jurnalist təşkilatları və insan hüquqlarını müdafiə təşkilatları Türkiyədəki real durumu kəskin tənqid edirlər. Son hadisələr də göstərdi ki, Türkiyə iqtidarının sərgilədiyi davaranış demokratik bir ölkənin davranış tərzi deyil. Belə ki, ortada real korrupsiya faktları var. Ancaq hökumət bu ittihamlara cavab vermək əvəzinə dərin dövlətin və xaricdə oturan hansısa qüvvələrin ölkədə çevriliş hazırlamasından danışır. Əlbəttə, biz də bilirik ki, bu korrupsiya faktlarının ortaya çıxmasında Türkiyənin yürütdüyü xarici siyasətin də rolu var. Mən əminəm ki, bir çox telefon danışıqlarını-hansılar ki, o xüsusi şifrələnmiş danışıqlar olub, onların kodlarını xarici ölkələr yazıb-Türkiyədəki müəyyən güc strukturlarındakı şəxslərə ötürüblər. Bunu tək güc strukturlarına deyil, paralel mətbuata da veriblər.
Burada sözsüz ki, yəhudi lobbisinin də çox böyük rolu olub. Ona görə ki, İsraillə Türkiyənin üz-üzə dayanması, bölgədə Türkiyə onun üçün cızılmış çərçivədən kənar daha iddialı siyasət yürütməsi, məsələn, Misirlə bağlı yanlış bir siyasət ortaya qoyması, Suriya ilə bağlı ilkin dövrlərdə gücünün çatmayacağı bir işə girişib həddindən artıq fəallıq göstərməsi və bu zaman Suriyada prosesləri dalana dirəməsi, eyni zamanda, baş nazir Rəcəb Tayyib Ərdoğanın həddindən artıq avtoritarizmə yuvarlanması, bütün bunlar Türkiyənin həm beynəlxalq imicinə, həm də iqtisadiyyatına çox böyük ziyan vurdu. Artıq Türkiyənin bu korrupsiya məsələsindən sonra itkiləri on milyardlarla dollar hesablanır. Ərdoğan bu gün nazirləri istefaya göndərir, ancaq bunu əvvəldən planlaşdırılmış bir dəyişikliklər kimi cəmiyyətə təqdim edir ki, bu da kökündən yanlışdır. Bugünkü günə qədər Ərdoğanın hələ də korrupsiya faktına münasibət bildirməməsi onu deməyə əsas verir ki, baş nazir özü də bu mövzuya toxunmaqdan çəkinir. Ancaq bütün bunlara baxmayaraq ümid edirəm ki, Türkiyə toplumu güclü bir toplumdur. Türkiyənin bu böhrandan daha güclənmiş çıxmasını, nəhayət, qardaş ölkənin öz dünyəvi dövlətçilik modelinə, kursuna qayıtmasını arzulayıram. Təmizlikdən, düzlükdən danışanlar, ancaq real olaraq həm də bu tipli əmllərlə bizim islam dinimizi gözdən salmasınlar. Ümid edirəm bu, Türkiyə ictimaiyyəti üçün sonuncu dərs olacaq ki, məscid, kilsə, senaqoq, bunların hamısı dövlətdən kənarda tutulmalıdır. Bu zaman həm dinin təmizliyini qoruyub saxlamaq olar, həm də insanların dini dəyərlərə sevgisi, sayğısı daha çox artar. Ancaq insan görəndə ki, bu adam Allahdan, dindən danışır, ibadətlə məşğul olur, sonra haqsız qərarlar qəbul edir, korrupsiyaya qurşanır, bir çox bəd əməllərlə məşğuldur, o zaman insanların dəyərlərə də inamı itir. Onun üçün din mütləq siyasətdən kənarda saxlanmalıdır. Hesab edirəm ki, Türkiyə cəmiyyəti son hadisələrdən nəticə çıxaracaq və din pərdəsinə bürünmüş siyasi qüvvələri bir daha hakimiyyətə buraxmayacaq.
- Azərbaycan xalqına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il arzularınız.
- Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Xalqımıza müdriklik arzulayıram. Bu müdriklik də sözsüz ki, ilk növbədə təhsillə, mütaliə ilə gəlir. İnsanların elmə marağıyla, dünyada baş verən prosesləri öyrənməsilə gəlir. Yalnız belə olan halda insanlar müdrik ola bilər. Təkcə yaşamaqla həyatda müdrik olmaq mümkün deyil. Mariflənməklə, özümüzün fərdi inkişafına çalışmaqla cəmiyyəti irəliyə apara bilərik. Öz intellektimizi artırmaqla cəmiyyətin intellektini artıra bilərik. İntellekti güclü olan cəmiyyət də qarşısında duran problemləri həll etmək gücündə olur.
Allah bizə kömək olsun ki, torpaqlarımızı azad edək və insanlar üçün layiqli həyatı təmin edə biləcək bir dövlət quraq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?