Nurəddin Məmmədli: “Azərbaycan xalqının müsavatı girovuna çevirən bir neçə nəfərlə problemi var”
Müxalifət daxilində baş verən proseslərə bu dəfə AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli münasibət bildirib. Müsahibimiz əsasən AXCP-Müsavat münasibətlərindən, Milli Şuranın gələcək taleyindən danışıb, eləcədə qarşılıqlı ittihamların dayandırılmasının zamanının çatdığını elan edib.
- Nurəddin bəy, özünüzün təmsil olunduğunuz müxalifət cəbhəsində mövcud olan ictimai-siyasi durumu, baş verənləri, qarşılıqlı ittihamları necə qiymətləndirirsiniz?
- Kimin nə düşünməsindən asılı olmayaraq mən belə bir vəziyyətin yaranacağını əvvəlcədən bilirdim. Mən bunu proqnozlaşdırmışdım və partiya daxili müzakirələrdə belə bir vəziyyətin yarana bilmə ehtimallarının kifayət qədər yüksək olduğunu vurğulamışdım. Ona görə də, bu hadisələr mənim üçün gözlənilməz olmadı. Əslində mən belə bir hadisənin seçkiöncəsi baş verəcəyini gözləyirdim. Bunun seçki ərəfəsində baş verəcəyi təqdirdə müxalifətə və Azərbaycan xalqına dəyəcəyi zərbələr daha təsirli və ciddi olacaqdı. Ancaq Müsavat Partiyasını yönəldən insanlar fakt qarşısında qaldılar. Və Milli Şura ilə bağlı bütün bəhanələrini ortaya qoyaraq son onda əsassız şəkildə Milli Şuranı tərk etdilər. Hələlik seçkilərə kifayət qədər vaxt var. Hesab edirəm ki, gələcək seçkilərə qədər həm müxalifət, həm də xalq toparlana biləcək. Mən bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Biz AXCP olaraq hər zaman müxalifətin birliyi üçün çalışmışıq. AXCP heç zaman müxalifətdaxili intrriqaların yaranması və şişirdilməsinin tərəfdarı olmayıb. Bunu həm cəmiyyət, həm də mətbuat lazımı şəkildə dəyərləndirir. Amma bu gün vəziyyət elə həddə çatıb ki, artıq mövqelər müəyyəndir. Əks qütbdə olanlar açıq şəkildə İlham Əliyevi dəstəklədiklərini ifadə edirlər. Həm də mandat qazanmaq istəklərini çılpaqlığı ilə ortaya qoyaraq AXCP-yə, xüsusilə Əli Kərimliyə böhtan yağdırmaqdan çəkinmirlər. Şəxsən mən hesab edirəm ki, indi baş verənlər son 10 ildə müxalifət daxilində ən geniş təmizlənmə əməliyyatının mühüm mərhələsidir. Artıq mövqelər bəllidir, insanların nə istədikləri ortadadır. “Hər şərdə bir xeyr var” prinsipini əsas tutaraq çoxdan gözlənən bu yükdən xilas ola bildik. Bu həm Azərbaycan xalqının, həm də müxalifətin müəyyən mənada qələbəsidir.
- Sizin bundan sonra Müsavat Partiyası ilə münasibətləri necə təsəvvür edirsiniz?
- Ümumiyyətlə siyasətdə əbədi düşmənlər və əbədi dostlar olmur. Siyasətdə konkret situasiyada münasibətlər həmin situasiyaya verilən qiymətlə müəyyən edilir. Əlbəttə, mən desəm ki, AXCP Müsavata qarşı öz mövqeyini birdəfəlik orata qoyur, bu tamamilə yanlış ola bilər. Çünki Müsavatda ideya transformasiyası, rəhbərlikdə dəyişiklər ola, tarixi situasiya dəyişə bilər. Belə halda təbii ki, biz Müsavatla əməkdaşlıq edə bilərik. Bu gün bizim onlara qarşı davranışımız məhz onların yaratdığı situasiya ilə bağlıdır. Onlar İlham Əliyevi dəstəkləyirik ideyasını ortaya ataraq bizə qarşı hücuma keçirlərsə, Azərbaycanın son dövrlər ən böyük qələbəsi olan, Azərbaycan xalqının ümid yeri olan Milli Şuranı baltalayırlarsa, ona qarşı ittihamlarla çıxış edirlərsə, bizim mövqeyimizə də təbii yanaşmaq lazım gəlir. Amma gələcəkdə nələrin baş verəcəyi Müsavat Partiyasının aparacağı siyasətdən asılı olacaq.
- 2015-ci il Milli Məclis seçkilərində yenidən AXCP-Müsavat bloku yarana bilərmi?
- Bu ehtimal çox azdır. Amma Müsavat Partiyası normal qurultay keçirsə, partiya rəhbərliyinə sağlam qüvvələr gəlsə və onlar müxalifətin birliyi məsələsini ciddi dəyərləndirsə, bu gün ortaya qoyulan İlham Əliyev Əli Kərimlidəm yaxşıdır, Əli Kərimlinin hakimiyyətə gəlməsi bizim üçün faciədir ritorikasından uzaqlaşsa, əlbəttə, siz dediyiniz variant mümkündür. Bu gün Müsavatın daxilində gedən proseslər , baş verən narazılıqlar birmənalı şəkildə olmasa da, müəyyən qədər ümidlər yaradır ki, Müsavat Partiyasında xalqımızın mübarizəsində əməyi keçən, xalqın xilası üçün mübarizə aparan insanlar ortaya müəyyən iradə qoyaraq dəyişikliklərə nail ola bilərlər. Bu zaman təbii ki, biz 2015-ci ildə əməkdaşlıq edə bilərik.
- Sizə elə gəlmirmi ki, hazırda hökm sürən qarşılıqlı ittihamlar insanların ürəyini bulandırmaqla yanaşı, böyük bir potensialın müxalifətə meyl etməsinin qarşısına ciddi sədlər çəkir?
- Bu məsələyə birmənalı münasibət bildirmək olmaz. Birincisi, nəzərə alın ki, bu bizim yaratdığımız problem deyil. Bunu cəmiyyətimizin sağllam qüvvələri bilir. Nəzərə alın ki, cəmiyyətdə, xüsusilə müxalifətin apardığı siyasətdə nələrin baş verdiyini hamı bilir. Hazırda gördüyünüz kimi mən bir neçə yoldaşla oturmuşam. Bu insanlar uzun illərdir ki, AXCP-nin Müsavat Partiyası ilə bir yerdə olmasına görə, bizi qınayırdılar. Bu insanlar Müsavat Partiyasını özünün girovuna çevirən bir neçə adamın ortaya belə bir mövqeyini qoyacağını, belə hadisələrin yaşanacağını deyərək bizi ciddi sürətdə tənqid edirdilər. Bu gün həmin insanlar prosesin baş verdiyini xüsusilə qeyd edərək yaşananları alqışlayırlar. Amma ümumilikdə şübhəsiz ki, müxalifət daxilində yaranan təzadlar və tendensiyalar bizi narahat edir və biz bunun fərqindəyik. Amma bir daha təkrar edirəm ki, baş verən olaylar AXCP-nin və ya bizimlə birlikdə Milli Şurada fəaliyyətini davam etdirmək istəyən qrupların, partiyaların və şəxslərin günahı üzündən baş vermir.
- Milli Şuranın gələcəyi, talayi haqqında nələr düşünürsünüz, istefalar davam edə, hansısa partiyalar bu qurumu tərk edə bilərmi?
- Mən müəyyən qüvvələrin Milli Şuradan gedəcəyini istisna etmirəm. Öz daxili müzakirələrimiz zamanı da bu haqda fikrimi açıq ifadə etmişəm.Bu gün və ya gələcəkdə kimlərinsə bu addımı atacağı istisna olunmur. Ancaq hesab edirəm ki, bu hadisələrdən faciə düzəldərək Milli Şuranı dəfn etmək cəhdində bulunmaq olmaz. Hər halda Azərbaycan xalqı bu gün Milli Şuraya inamını itirməyib. Sizdə bilirsiniz ki, Milli Şurada sağlam qüvvələr mövcuddur. Daha çox ziyalıların, vətəndaş cəmiyyəti sektorunun, gənclər təşkilatlarının, zamanında bizə Müsavatla birgə olduğumuzu irad tutan, habelə Müsavat Partiyasına görə Milli Şuranı tərk edən qüvvələrin əməkdaşlığının tərəfdarıyıq. Yəni bizim siyasi xəttimizdə müxalifətin geniş koalisiyası son illərdə ən çox gündəmə gətirdiyimiz məsələlərdən olub. Siz 2005-ci ildən bu yana siyasi prosesləri təhlil etsəniz görərsiniz ki, AXCP daha çox müxalifətin geniş koalisiyasının yaranması üçün iş aparıb. Və bu işimizi bundan sonrada aparmaq niyyətindəyik. Təbii ki, bu istiqamətdə işlər davam etməlidir. Mən inanıram ki, Milli Şura yeni transformasiya vəziyyətində fəaliyyətini davam etdirəcək. Burada xüsusi olaraq bir məqamı vurğulamaq lazımdır. Milli Şura orada təmsil olunan qüvvələrin birliyi deyil. Milli Şura həmdə geniş xalq kütlələrinin, müxtəlif kateqoriyaya daxil olan insanları öz ətrafında birləşdirmək məqsədilə yaradılan qurumdur. Ona görə də, xalqımızın Milli Şuraya dəstəyini təmin etmək əsas məsələdir. Əgər biz bunu təmin edə bilsək hesab edirəm ki, bizim şanslarımız olacaq. Bu zaman Milli Şurada kimlərin təmsil olunduğu ikinci məsələyə çevriləcək.
- Lalə Şövkət Hacıyevaya və ya Rəsul Quliyevə yenidən Milli Şuraya qayıtması üçün təklif veriləcəkmi?
- Həmin məsələ bu gün müzakirə obyekti deyil. Mən şəxsən hesab edirəm ki, adını çəkdiyiniz insanlar məhz Müsavat Partiyası ilə konfliktlrinə görə, Mili Şuradan gediblər. Onların heç birinin AXCP ilə problemi olmayıb. Mən bildiyim qədər Sülhəddin Əkbərin sədri olduğu partiya Milli Şurada fəaliyyətini davam etdirəcək. Hər halda Sülhəddin Əkbərin son dövrlər söylədiyi fikirlər buna ciddi əsaslar verir. Qalan qüvvələrin də Milli Şurada təmsilçiliyində problem görmürəm. Bir daha təkrar edirəm ki, nə Lalə Şövkətin, nə də digərlərinin Milli Şurada olan qüvvələrlə problemi olmayıb.
- Müsavat Partiyası Milli Şuranı tərk edib. Siz bunu nədən dramatikləşdirir və qarşılıqlı ittihamlar həddinə gətirirsiniz, bu partiyanı bildiyi yolla getməsini sadəcə müşahidə etmək olmazmı?
- Bilirsinizmi necədir, biz bu kontingenti yaxşı tanıyırıq. Mən bir daha qeyd edirəm ki, bizim Müsavat Partiyası ilə problemimiz yoxdur. Sadəcə olaraq bu partiyanı özünün girovuna çevirən bir neçə nəfərlə Azərbaycan xalqının problemi var. Cəmiyyətin hamısı yekcins deyil və hamı nələrin yaşandığını bilmir. Ona görə də, biz çalışırıq ki, həqiqəti ortaya qoyaq, kimin kim olduğu görünsün. Və məsələyə cəmiyyətimiz “hamısı bir birinin tayıdır” ritorikası ilə məsələyə yanaşılmasın. Şəxsən mən hesab edirəm ki, bu istiqamətdə çox ciddi işlər görüldü və yaxın günlərdə qarşılıqlı ittihamları dayandırmaq lazımdır. Çünki kimə nə çatmalı idisə artıq çatıb.
- AXCP-nin sabiq mətbuat katibi İsaq Əvəzoğlu elan edib ki, 2013-cü ildə Avropada Demokratiya İnkişaf Fondu AXCP-yə 200 min dollara qədər yardım edib. Sizin bundan xəbəriniz varmı?
- Birincisi, mənim bundan xəbərim yoxdur. İkincisi də, bu ciddi informasiya deyil. Baxın, bu gün “Azadlıq” qəzetini onlarla məmur məhkəməyə verib.Məhkəmələr qəeti yüz min manatlarla məbləğində cərimələyib. Mətbuatın vəziyyəti olduqca acınacaqlıdır. Müstəqil qəzetlər basqı altındadır. “Azadlıq” qəzeti haqda onlarla məhkəmə qərarı var. Biz öz vəsait hesabına aldığımız qərargahın qapısını bağlayıblar. Belə bir yardım partiyaya ola bilməz. Qanunvericiliyə görə, siyasi partiyanın xaricdən maliyyələşməsi qeyri mümkündür. Belə yardımlar “Azadlıq” qəzetinə ola bilər. Çünki qəzet yüz min manatlarla məbləğində cərimə edilib. Partiyaya yardım edilsə, bundan mənim xəbərim olar. Partiyaya bu qədər maliyyə yardımı edilibsə, mən nədən ehtiyac içində olduğum təqdirdə təqaüdümün xeyli hissəsini partiyaya üzvülük haqqı verir, “Azadlıq” qəzetinə yardım edirəm. Belə bir fakt yoxdur. İsaq Əvəzoğlunun bu məlumatı hardan götürdüyünü bilmirəm.Bu dəqiq informasiya deyil. Əgər bu fakt olsaydı, həmin fond bu haqda məlumat verərdi. Xarici fondlar şəffaf işləyir və bunu açıq şəkildə həyata keçirir. Bu iddialar AXCP-yə yeni hücumlar üçün əsaslar yaratmaqdan başqa bir şey deyil.
Sorğu
Yeni dizaynımız necədir?