Bakı Avropa Şurasına üzv olan ölkələrin baş şəhərləri arasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır.
Azərbaycan Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürsə də, indiyədək icra etməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb.
2014-cü ilin dekabrında baş tutacaq bələdiyyə seçkisinə qədər Bakının böyük bələdiyyəsi yaradıla və mer seçkisi keçirilə bilərmi?
Virtualaz.org-un məlumatına görə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə “Media forum” saytına deyib ki, Bakıda mer seçkisinin nə zaman olacağı məlum deyil: “Hər bir ölkədə hakimiyyət bölgüsü konstitusiyaya uyğun həyata keçirilir. Azərbaycanda da bu məsələ konstitusiya və bələdiyyə qanunvericiliyi əsasında icra olunur. Başqa ölkələrdə olan təcrübəni dərhal tətbiq edə bilmərik. Gərək məsələni dərindən araşdıraq, mənfi və müsbət tərəflərini öyrənək. Yalnız bundan sonra qərar verilə bilər. Yəqin ki, aidiyyəti orqanlar bununla bağlı düşünürlər”.
“Bakının böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi Azərbaycanda bələdiyyələrin nüfuzunun artmasına səbəb ola bilərmi” sualına Mehdi Səlimzadə belə cavab verib: “Böyük şəhər bələdiyyəsi olacağı halda bələdiyyələrin nüfuzunun, hörmətinin artacağını, yaxud azalacağını deyə bilmərəm. Bələdiyyələrin hörmətli, nüfuzlu olması böyük-kiçiklikdən asılı deyil. Bu, görülən iş, əhali ilə münasibətlər, fəaliyyətin qanunvericiliyə uyğun təşkil edilməsindən asılıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?