“Mənin oğlum döyülərək öldürülüb. İndiyədək aparılan istintaqı da, məhkəmə-tibbi ekspertizanın rəyini də rədd edirəm. Ekspertiza oğlum hipertrafik kardiomiopatiyadan öldüyü barədə rəy verib. Allan belə diaqnozu Sizə və balalarınıza qismət etsin”. Bu bəyanatla bu gün RATİ-nin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında ötən il dekabrın 10-dan 11-nə keçən gecə Naftalandakı hərbi hissələrin birində dünyasını dəyişmiş əsgər Orxan Alıyevin atası Şirazi Alıyev bildirib.
2013-cü ildə Naftalanda yerləşən hərbi hissələrin birində Bakının Suraxanı rayonundan əsgəri xidmətə çağırılmış Orxan Alıyev dünyasını dəyişib. Hərbi tibbi eksperiza əsgərin yataqdan durmadığını, onun hipertrafik kardiomiopatiyadan öldüyü rəyini verib. Ailə tibbi eksperizaya inanmır, övladlarının öldürüldüyünü deyir.
Ş.Alıyevin sözlərinə görə, əsgərliyə getməmişdən iki gün öncə oğlu Mərkəzi Neftçilər Xəstəxanasında tibbi müayinədən keçib. Ata xəstəxananın tibbi müayinənin nəticələri ilə bağlı tibbi arayışını nümayiş etdirib. Arayışda Orxan Alıyevin tam sağlam olduğu göstərilib. “Orxan polkda qaçış üzrə birinci yeri tutub və polk komandiri tərəfindən mükafatlandırılıb. Oğlum fiziki cəhətdən tam sağlam, idman yarışlarının qalibi, pəhləvan cüssəli idi”, deyə ata qeyd edib.
O, hərbi prokurorluğun məktubunu və Bakcell-dən çıxardığı telefon nömrələrinin siyahısını nümayiş etdirib. Prokurorluğun ailəyə ünvanladığı məktubda Orxan Alıyevin dekabrın 11-də saat 00.10-da yatağında olduğu zaman öldüyü qeyd olunub. “Amma Bakcell şirkətinin arayışında oğlum dekabrın 11-də saat 00.25-də qardaşı ilə telefonla danışıb. Hadisə 32 nəfərin yaşadığı kazarmada hamının gözü qarşısında baş verib. Oğlumun qardaşı ilə telefon danışığı zamanı mübahisə yaranıb və bundan sonra onu öldürüblər. Öldürən də orada, ölən də, şahidlər də. Amma indiyədək heç kim həbs edilməyib”, deyə Şirazi Alıyev bildirib.
Ata hadisə yerinə prokurorluq orqanları dəvət edilmədən, ailəsinə xəbər verilmədən oğlunun dərhal Tərtər rayonuna tibbi ekspertizaya aparıldığını bildirib. “Orada buz qoyaraq oğlumun bədənində zərbədən yaranmış qançırları götürüblər. İstintaq üçün əhəmiyyət kəsb edən alt köynəyi götürülüb. Oğlumun daxili orqanlarını da satış məqsədi ilə götürüblər. Oğlumun cəsədinə özümüz baxış keçirmişik. Qanunvericiliyə görə, məhkəmə tibbi ekspertizası zamanı valideynlər orada olmalı idi. Amma ailəyə ölümlə bağlı belə çox gec xəbər veriblər”, deyə Ş.Alıyev qeyd edib.
Ailə ölkə prezidentinə, baş prokurora müraciət edib. “Oğlumun qatillərinin həbs edilməsi, onun daxili orqanlarını satış məqsədi ilə götürənlərin, saxta istintaq aparanın və saxta ekspert rəyi verənlərin cəzalandırılması, cəsədin ekshumasiya edilməsi, təkrar tibbi ekspertiza keçirilməsi, istintaqın düzgün aparılması üçün ailəmizə kömək etməyinizi xahiş və tələb edirik. Biz Azərbaycan vətəndaşıyıq və vətənimizi çox sevirik”, deyə ata media vasitəsi ilə müraciət edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?