Atası Orxan Alıyevin əsgər yoldaşları tərəfindən qətlə yetirildiyini iddia edir Azərbaycan ordusunda əsgər qırğını səngimək bilmir. Hərbi hissələr sanki düşmənə yox, bir-birinə qarşı müharibə batalyonuna çevrilib. Ordudakı əsgər ölümləri sabiq nazir Səfər Əbiyevdən sonra da davam etməkdədir. Belə ki, dekabrın 10-dan 11-nə keçən gecə Naftalan rayonunda yerləşən 157 N saylı hərbi hissədə əsgər Orxan Alıyev qətlə yetirilib.
Atası Şirazi Alıyev oğlunun ölüm təfərrüatları ilə bağlı pia.az-a deyib ki, oğlu əsgər yoldaşlarının qurbanı olub: “Hadisə dekabrın 10-dan 11-nə keçən gecə səhər saatlarına baş verib. Hadisədən bir neçə saat öncə oğlum qardaşı Rövşənlə əlaqə saxlayıb. Aralarında bir saata yaxın telefon danışığı olub. Orxan qardaşına öz arzularından, hərbi xidmətini başa vurandan sonra nə işlə məşğul olacağına dair planlarından danışıb. Telefon danışığına əsgər yoldaşları müdaxilə edib və onun hədələməyə başlayıblar. Əsgər yoldaşları ilə mübahisə edib. Səhərə yaxın də yatdığı yerdə qətlə yetirilib. Onu əsgər yoldaşları öldürüb”.
157 N saylı hərbi hissədə özbaşınalıq hallarının hökm sürdüyünü deyən valideyn artıq 3 ildir Orxanın qulluq etdiyi hərbi hissədə tağım komandirinin olmadığını bildirib: “Əsgərlər özbaşına, yiyəsiz durumdadır. Onlara çavuşlar rəhbərlik edirdi. Çavuş da əsgərdir və onların hərbi strategiyadan anlayışı ola bilməz. Orada əsgərlər səhərə qədər pivə içib, əyyaşlıqla məşğul olsa da, onlara "dur" deyən olmayıb və yoxdur. Bir başqa qohumumuz da yaxın vaxtlarda hərbiyə getməlidir. Orxan deyirdi, çalışın Naftalana düşməsin, burda vəziyyət kritikdir. Əsgərlik çəkiləsi yer deyil. Hətta özü də neçə dəfə demişdi ki, hərbi hissəni dəyişin, burda qala bilmirəm".
Hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı cinayət işinin açıldığını söyləyən Ş.Alıyev istintaqın obyektiv qərar verəcəyinə inanır: “Ortada kifayət qədər tutarlı dəlillər və faktlar var. Onu hansı əsgər yoldaşlarının öldürüldüyünü tapmaq da çətin deyil. Mən oğluma vətənə xidmətə yollamışdım, amma özünü yox, meyitini geri aldım”. Əsgərin ölümü haqda qeyri-rəsmi mənbədən “Yeni Müsavat”a məlumat daxil olub. Qaynaq iddia edir ki, onu boğub öldürüblər. Ancaq xəbərin nə dərəcədə səhih olduğu açıqlanmır.
Hərbçi jurnalist Üzeyir Cəfərov isə “Yeni Müsavat”a bildirdi ki, sağlam bir gəncin yatıb durmaması inandırıcı səslənmir.
Onun sözlərinə görə, O.Alıyevin əsgər yoldaşları ilə yaxşı münasibəti olub: “Hərbi Prokurorluq bu işi ən xırda detallarına kimi çözməli, günahkar şəxsləri mütləq mənada aşkarlamalıdır. Cüssəli, sağlam gəncin yuxuda öldüyünə inanmaq olmur”.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, hazırda araşdırma aparılır: “Əsgərin ölümü ilə bağlı məhkəmə - tibbi və trosoloji ekspertiza təyin olunub. Hazırda ibtidai araşdırma aparılır. Əsgərin valideynləri Hərbi Prokurorluqda qəbul olunub, izahatları alınıb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?