“Bu ədalətsiz savaşda mənə yardımçı olun” ABU-nun sabiq rektoru Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev və daha dörd nəfər qohumunun keçən həftədən etibarən başladığı aclıq aksiyası davam edir. A.Mürsəliyev keçirdiyi aksiya və irəli sürdüyü tələblərlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.
Müraciətinə özü ilə bağlı məlumat verməklə başlayan A.Mürsəliyev bildirib ki, Baş Prokurorluq nəzdində şəxsən İ.Əliyevin göstərişinə əsasən, 105157 saylı cinayət işinin obyektiv araşdırılması məqsədilə Baş Ədliyyə Müşaviri Elmar Camalovun rəhbərliyi altında yaradılmış Müstəqil İstintaq Komissiyası Mahir Abdullayevin aqibətinə aydınlıq gətirmək əvəzinə hər hansı hüquqi zərurət olmadan ölkədən getmək hüququnu məhdudlaşdırıb: “Baş Prokurorluq mənim ölkədən getmək hüququmu əsassız olaraq məhdudlaşdırmaqla Azərbaycan Konstitusiyasının 228-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququmu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3 - cü hissəsinə əsasən, qanuni sürətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Eyni zamanda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hər bir vətəndaşı xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst sürətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz”.
A.Mürsəliyev aclıq aksiyasını keçirməyə onu vadar edən səbəbləri sadalayandan sonra bildirib ki, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin ofisində aclıq aksiyası keçirməklə aidiyyəti qurumların, şəxsən İ.Əliyevin və insan haqları təşkilatlarının diqqətini qarşılaşdığı problemlərə yönəltməyə qərar verib: “Aclıq aksiyasında 3 (üç) tələb irəli sürdüm : 1. Əsassız olaraq mənim ölkədən çıxışıma qoyulan qadağa götürülsün. 2. Müstəqil İstintaq Komisiyası Mahir Abdullayevin istintaqı ilə bağlı zərərçəkmişə, ailə üzvlərinə hər hansı bir məlumat versin. 3. Prokurorluq orqanları tərəfindən Mübariz Abdullayevin simasında ailəmizə qarşı aparılan təzyiqlərə son qoyulsun”.
A.Mürsəliyevin yazdığına görə, 27 yanvat 2014-ci il tarixində keçirdiyi mətbuat konfransında ailənin daha 4 (dörd) üzvü - Abdullayev Tehran, Abdullayeva Nəzakət, Abdullayeva Göyçək və Abdullayeva Pərvizə ona dəstək məqsədilə müddətsiz aclıq aksiyasına qoşulublar: “Hal hazırda səkkizinci gündür ki, aclıq aksiyası keçirirəm. Lakin bu günə kimi, əgər mətbuat nümayəndələrini, ziyalıları və bir sıra hüquq nümayəndələrini saymasaq, bir nəfər olsun belə rəsmi şəxs mənim və digərlərinin tələbləri ilə maraqlanmayıb, prokurorluq açıq şəkildə atdığı qanunsuz hərəkətlərə görə tərəfimizdən ittiham olunmasına baxmayaraq heç bir açıqlama verməyib. Son vaxtlar onlarla Qarabağ qazisinin və yaxud ümumiyyətlə Azərbaycan vətəndaşlarının özlərinə qıymaları, sui-qəsd etmələrinə səbəb dövlət strukturlarında çalışan bəzi məsuliyyət hissi bilməyən məmurlarımızdır, şəxsən mənim misalımda isə Elmar Camalovun simasında Baş Prokurorluğun bir sıra əməkdaşlarıdır. Qeyd olunan şəxslərin, Azərbaycan vətəndaşlarının, xüsusilə Qarabağ qazilərinin hansı səbəblərə görə özlərinə sui-qəsd etmə səbəblərini Elmar Camalovdan fərqli olaraq mən artıq dərk etmişəm. Bu insanlar həyatda üzləşdikləri bir sıra sosial problemlər ucbatından deyil, aidiyyəti orqanların, məmurların onların dərdlərinə şərik olmadıqlarından, onları dinləmədiklərindən, hətta bəzi hallarda mövcud cəmiyyətimizin tam hüquqlu üzvü hesab etmədiklərindən sonuncular etiraz əlaməti olaraq özlərinə qəsd edirlər. Belə bir nəticəyə gəlirəm ki, elə Elmar Camalov da heç bir etik normalara sığmayan hərəkətləri ilə məndən aclıq aksiyasından fərqli olaraq daha ciddi addımlar atmağı səbirsizliklə gözləyir”.
A.Mürsəliyev sonda bir daha İ.Əliyevdən xahiş edib ki, bu ədalətsiz savaşda ona yardımçı olsun.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?