4 ildir ki, Fərqanə Bayramova yaşadığı ünvanda kanalizasiya sularının aşıb daşaraq evə gətirdiyi qoxudan lap bezara gəlib
Hadisə 4 ildir ki yaşadığı ünvanda, Binəqədi rayonu 20-ci mədən, 43-cü korpusda, az qala hər gün bu əziyyəti çəkdiyini deyən Fərqanə Bayramova kanalizasiya sularının aşıb daşaraq evə gətirdiyi qoxudan lap bezara gəlib. Dediklərinə görə yağışlı günlərdə ətraf-ərazi axar çaya bənzəyir. Kustar üsullarla qazılan kanalizasiya quyularınının belə hava şəraitində daşaraq həyətyanı sahələri, yolları başına alması burda yaşayan sakinlərin hərəkətinə də maneə törədib.
Əziyyət çəkən tək uşaqlar deyil, həm də yaşlı insanlardır. Kanalizasiya sularının evlərə dolması mənzillərin taxta döşəməsini də sıradan çıxarıb. Çirkab suların qarşısını almaq üçün hətta beton daşlardan da istifadə olunub. Sakinlər dəfələrlə ərazi üzrə su kanal departamentinə də müraciət ediblər. Lakin problem bu günə kimi həllini tapmayıb.
Ərazi üzrə su departamentindən bildirirlər ki, Azərsu ASC-nin həmin ərazidə heç bir kanalizasiya şəbəkəsi yoxdur. Bu məsələyə cavabdeh qurumsa onlar yox, qəsəbə nümayəndəliyidir. Məsələdən Binəqədi rayon qəsəbə nümayəndəliyini də xəbərdar etdik. İdarəyə yeni sədr təyin olunan Elxan Əliyev artıq sakinlərlə görüşdüyünü və əraziyə baxış keçirildiyini dedi. Onu da əlavə etdi ki, yağış kəsən kimi kanalizasiya xətlərində yaranmış qəzalı vəziyyət aradan qaldırılacaq. Sakinlər yağışlı günləri salamat keçirib çirkab sulara "əsir" düşməsələr, o günü də görmək onlara nəsib olacaq.
Sorğu
Yeni dizaynımız necədir?