Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəmə prosesi bu gün davam etdirilib. Bugünkü məhkəmədə MTN əməkdaşı Azər Məcidov ibtidai istintaqa verdiyi ifadəsi elan olunduqdan sonra şahid hakimin, vəkillərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırdı.
Azər Məcidov 3 aprel, 2013-cü ildə istintaqa verdiyi ifadəsində göstərib ki, MTN-ə NİDA-nın ölkədə qarşıdurma və xaos yaratmaq arzusunda olmaları, qanunsuz aksiya keçirmək istəmələri barədə məlumat daxil olub: “Rəhbərliyin göstərişi ilə Məmməd Əzizovun evinə baxış keçirmişik. Baxışa hal şahidləri dəvət etdik. Mənzildən 29 ədəd “Ünvan: Azərbaycan. Telefon +994...” yazılmış vərəqələri, 14 ədəd SD və DVD diskləri, “Yalquzaq” qəzeti, “Hakimiyyətin qanunu” kitabı, noutbuk və üzərində “NİDA” yazılan mayka, dəhlizdəki ayaqqabını içərisindən isə qurudulmuş ot aşkar edilərək götürüldü.
Məmmədi izahat vermək üşün MTN-ə dəvət etdim. İmtina etmədi. Əvvəlcə otun ona məxsus olmadığını desə də sonradan ona məxsus olduğunu bildirdi. 10 mart, 2013-cü ildə qanunsuz aksiya zamanı istifadə edəcəklərini dedi”.
Məmməd Əzizovun zalda əyləşən atası Rasim Əzizov yerindən dilləndi: “Yalan deyir hamısını. Üç gün əvvəl getmişdim yanına”.
Vəkil Elton Quliyev şahidə sualla müraciət edərək ifadəsinin yadına düşüb-düşmədiyini soruşdu:
-İfadəniz yadınıza düşdümü? İbtidai istintaqa verdiyiniz ifadəni, yoxsa dünən məhkəmədə verdiyiniz ifadəni təsdiq edirsiniz?
Azər Məcidov:
-Aradan çox vaxt keçib. Amma demirəm ki, dünənki ifadəm düz deyil. Burada ziddiyyət yoxdur. Ziddiyyətli hesab etdiyiniz məqamları deyin, mən cavab verim.
E.Quliyev:
-Dünən məhkəmədə dediniz ki, Məmmədin yaşadığı evdəki baxış istisna olmaqla NİDA üzvləri haqqında heç bir məlumatınız olmayıb. Amma ifadənizdə konkret adlar çəkir, xaosdan, qarşıdurma yaratmaqdan danışırsınız.
A.Məcidov:
-Üstündən uzun müddət keçdiyindən xatırlamamışam.
E.Quliyev:
-Dünən Rəşad Həsənov sizdən soruşdu ki, məni tanıyırsınızmı, mənim adımı çəkmisinizmi. Dediniz ki, yox.
A.Məcidov:
-Onu şəxsən tanımamağı nəzərdə tutmuşam.
Məmməd Əzizovun atası Rasim Əzizov şahidin bu cavabına dözməyərək yerindən qalxıb etirazını bildirdi:
-Ermənistandan keçən diversantı əlinizin içində saxlayırsınız. Amma Azərbaycan vətəndaşını təkərin altına atırsınız. İnsana vicdan lazımdır, vəzifə yox. Belələri vəzifədən ötrü hər şeyindən keçir. Mənim övladımı sürüyüb maşının altına atmısınız. Övladım ölümdən dönüb. Allah balalarınızın başına gətirsin.
E.Quliyev:
-Deyirsiniz ki, Məmmədi şəhərdə saxlamısınız. Baxış keçirmək üçün adamı tutub zorla evə aparırlar? Siz onu hansı qisimdə saxlamısınız?
A.Məcidov:
-Evə baxış keçirmək üçün.
E.Quliyev:
-Bu adam evinə baxış keçirilməsinə razı olmayıb. Özünüz dediniz ki, müqavimət göstərirdi. Məmməd Əzizov özü də bildirdi ki, onu döyə-döyə aparmısınız.
A.Məcidov:
-Bir az aqressivlik elədi. Sonra sakitləşdi.
E.Quliyev:
-Onu saxladığınıza görə müdafiəçi ilə təmin etmək imkanı yaratdınızmı?
A.Məcidov:
-Bu, əməliyyat tədbiri idi, vəkilə ehtiyac yox idi. Hər şey izah olunub ona.
E.Quliyev:
-İfadənizdə yazmısınız ki, baxış qərarı ona evdə elan olundu. Belə olan halda onu saxlayanda, maşına qoyub aparanda ona nəyi izah etmisiniz? Konkret vəkillə təmin olunmaq imkanı yaratmısınız?
A.Məcidov:
-O məqamda təklif olunmayıb.
E.Quliyev:
-Baxış qərarında konkret ünvan göstərilməyib. Sonradan o kağıza əllə yazılıb.
A.Məcidov:
-Mən yazmışam.
E.Quliyev:
-Siz o sənədin tərtib olunmasında iştirak eləməmisiniz, onu imzalamamısınız. Ona necə düzəliş etmisiniz?
A.Məcidov:
-Həmin ünvana gedəndən sonra qeyd eləmişəm.
E.Quliyev:
-Belə çıxır ki, Məmməd sizi bizim evə gətirsəydi, bizdə axtarış edəcəkdiniz? Niyə özünüzə aid olmayan qərara ünvan yazırsınız, korrektə edirsiniz?
A.Məcidov:
-Həmin vaxt belə olmalı idi. Belə də oldu.
E.Quliyev:
-Dünən bildirdiniz ki, Məmmədi MTN-ə aparıb ifadə verəndən sonra onun verdiyi izahatlardan xəbəriniz olmayıb. Amma istintaqa ifadənizdə Məmmədin sonradan necə ifadə verdiyi barədə danışmısınız.
A.Məcidov:
-Uzun dövr keçib deyə müəyyən məqamları xatırlamıram.
E.Quliyev:
-Xatırlamırdınızsa, dünən konkret deyəydiniz ki, xatırlamıram. Amma siz konkret cavab verdiniz. Hətta təqsirləndirilənlər sizə təşəkkür də etdilər.
Şahid suallara cavab verərkən bildirdi ki, Məmməd saxlanılarkən ona yaxınlaşaraq konkret sənədlə özlərini təqdim ediblər. Amma Məmməd Əzizov şahidin dediklərinin yalan olduğunu bildirdi:
-Mənə sənədlə müraciət etsəydi, niyə aqressivlik edirdim? Məni vurub yıxdılar, sonra da sürüyə-sürüyə apardılar. Axşam saat 9-10 radələrində Fəvvarələr meydanında, “Araz” kafesinin yaxınlığında, qəzet köşkünün arxasında məni tutublar. Təxminən 40-50 metr sürüyə-sürüyə maşına apardılar. Qışqırırdım ki, məni oğurlayırlar. Camaat laqeyd idi, heç kim yaxın gəlmədi. Həmin vaxt kafedə olanlar və ətrafdakı insanlar bunu görmüşdülər. Hətta bu barədə facebookda status yazmışdılar. Başımı oturacağın altına əyib apardılar. Az qalırdı ki, nəfəsim kəsilə. Dedim ki, heç yana qaçası deyiləm, imkan verin, başımı qaldırım. Mənə dedilər ki, evdən narkotik axtaracağıq. Evə girəndə bunlarla birlikdə iki nəfər də var idi ki, onları hal şahidi kimi təqdim etdilər. Telefonumu əlimdən almışdılar. Amma söndürülməmişdi. Zaur zəng eləmişdi. Onun zəngini gördüm, amma cavab verməyə qoymadılar. Dedim ki, imkan verin, Zaur gəlsin bura. Dedilər, yox, hal şahidi sənin tanıdığın adam ola bilməz. Evdə 8-9 nəfər adam var idi. Narkotik qapının ağzındakı ayaqqabı şkafından ona görə çıxıb ki, mən otağa keçəndə bunların hamısı gəlmirdilər. Bir hissəsi qalırdı. Qapı da tez-tez açılıb-örtülürdü, girib-çıxırdılar.
MTN əməkdaşı daha sonra təqsirləndirilən şəxslərin suallarını cavablandırdı.
Rəşadət Axundov:
-Mənzildən üzərində “Təcili demokratiya tələb olunur. Ünvan Azərbaycan” yazılmış vərəqələr götürmüsünüz. Burda təhlükəli, xaos nə var?
A.Məcidov:
-Onu istintaq müəyyənləşdirir. Zəruri bilib götürmüşük.
R.Axundov:
-Zərurəti nədə görürdünüz? Siyasi şüarlar olduğuna görə?
A.Məcidov:
-Hazır plakatdırsa...
R.Axundov:
-Plakat deyil, adi vərəqlərdə yazılıb.
A.Məcidov:
-Bir dənə deyil, çox olduğuna görə götürülüb.
R.Axundov:
-Belə çıxır ki, Azərbaycan qeyri-demokratik ölkə olduğuna görə götürmüsünüz.
Hakim sualı xaric etdi.
R.Axundov:
-“Anarşizm üzərinə” kitabını götürmüsünüz. Anarxizm bilirsizmi nədir? Birdən evdə Qənirə Paşayevanın “Onun sevgi məktubları” kitabını görsəydiniz, onu da götürəcəkdinizmi?
Hakim isə “olmayıb da, olsaydı başqa məsələ” cavabını verdi.
Bundan sonra vəkil Elton Quliyev vəsatət qaldırdı. Bildirdi ki, iş üçün əhəmiyyətli olan bütün əməliyyat tapşırıqlarının hamısı cinayət işinin materialları arasında olmalıdır. Amma bu materiallar arasında şahidin istinad etdiyi əməliyyat tapşırığı yoxdur. Bu səbəbdən də vəkil məhkəmənin MTN-ə sorği göndərməsini istədi. Sorğuda həmçinin gənclərin izlənilməsi, dinlənilməsi barədə fevralda məhkəmə qərarı çıxarılandan martın 7-də onların evlərinə baxış keçirilənə qədərki müddətdə həmin mənzillərə gizli daxil olunub-olunmaması barədə sual qoyulsun.
Sorğu
Yeni dizaynımız necədir?