2013-cü ilin martından həbs edilmiş NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün davam etdirilir.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, bu gün Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Milli Təhlükəsizlik Nazirliyi (MTN) Anti-terror Şöbəsinin əməliyyatçısı Kamal Rəsulzadə ifadə verir.
MTN əməkdaşı prokuror və vəkillərin suallarını cavablandırır. K.Rəsulzadə əsasən NİDA-çı Bəxtiyar Quliyevin həbsi ilə bağlı olan sualları cavablandırır.
B.Quliyevgilin evlərində keçirilən əməliyyatla bağlı danışan MTN əməkdaşı bunları deyib: “Kütləvi iğtişaşlarla bağlı idarəyə xəbər daxil oldu. Biz də axtarışa getdik. Onların evindən butulkalarda neft, Bəxtiyar Quliyevin otağındakı şkafdan isə qutuda narkotik aşkar etdik”.
Hazırda məhkəmə prosesində fasilə elən olunub. Saat 15:00-da MTN əməkdaşının dindirilməsi prosesi davam etdiriləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə bu ilin martında cinayət işi başlanıb və NİDA üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?